FHN müharibə nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlarımıza psixoloji yardım işini davam etdirir

Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Zirvə görüşü olub 
Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı müsabiqədə qalib layihə seçilib
Türkiyə daxili polad magistrallarını Bakı-Tbilisi-Qars dəmir yoluna birləşdirəcək

Qırx dörd günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu işğalçı düşmən qüvvələrini məğlub edərək ərazi bütövlüyümüzü bərpa etdi. Birinci Qarabağ müharibəsində olduğu kimi, İkinci Qarabağ müharibəsi ilə əlaqədar şəhid ailələri, qazilər, müharibədən fiziki-mənəvi əziyyət çəkən insanlar da dövlətimizin diqqətindən kənarda qalmadı. Hər zaman ölkə başçısının qayğısı ilə əhatə olunan bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli, zəruri tibbi, o cümlədən psixoloji yardım təminatı daim diqqət mərkəzində saxlanıldı və bu proses bu gün də davam edir.

AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Türkiyədən dəvət olunmuş peşəkar klinik-psixoloq və psixoterapevtlər FHN-in mütəxəssisləri ilə birlikdə Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımızın, o cümlədən uşaq və yeniyetmələrin psixoloji reabilitasiyasını davam etdirirlər. Belə ki, Bakı şəhəri ilə yanaşı, aprelin ayının 5-dən etibarən respublikanın cənub bölgəsini əhatə etməklə Lənkəran şəhərində, aprel ayının 12-dən etibarən isə şimal-qərb bölgəsini əhatə etməklə Qəbələ şəhərində türkiyəli psixoloq mütəxəssislərin iştirakı ilə müharibədən və erməni terrorundan fiziki və mənəvi zərər görmüş vətəndaşlarımızın psixoloji reabilitasiyasına başlanılıb. Bundan əvvəl Gəncə və Bərdə şəhərlərində də FHN tərəfindən psixoloji yardım işi həyata keçirilib.

Ötən müddət ərzində ümumilikdə, 1600 nəfərə yaxın, o cümlədən 130-a yaxın uşaq və yeniyetməyə 3300-dən artıq seans psixoloji yardım göstərilib. Bu günədək şimal-qərb bölgəsi üzrə 80 vətəndaş, o cümlədən 2 uşağa 130-dan artıq seans keçirilib. Hazırda psixoloji yardım işi Bakı şəhəri, cənub bölgəsini əhatə etməklə Lənkəran şəhəri və şimal-qərb bölgəsini əhatə etməklə Qəbələ şəhərində davam etdirilir.

Ödənişsiz həyata keçirilən seanslarda iştirak etmək üçün FHN-in “112” qaynar telefon xətti ilə əlaqə saxlamaq lazımdır.

AZƏRTAC