Azərbaycanda könüllülk təcrübəsi həm MDB dövlətləri, həm də türkdilli dövlətlər arasında seçilən fəaliyyət sahəsidir və üst pillələrdə yer alır. Yeganə dövlətlərdəndir ki, Azərbaycanda könüllülük qanunvericilik əsasında nizamlanır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azəbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev “Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu” çərçivəsində keçirilən bugünkü mətbuat konfransında deyib.
V.Əliyev Azərbaycan Könüllülük Həftəsi çərçivəsində keçiriləcək tədbirlər barədə məlumat verərək bildirib ki, dekabrın 13-dən 16-dək Gənclər və İdman Nazirliyinin əsas tərəfdaşlığı ilə Şəki şəhərində Azərbaycan könüllülərinin həmrəylik düşərgəsinin keçirilməsi nəzərdə tutulub. Düşərgə çərçivəsində Beynəlxalq Könüllülər Mərkəzinin ikinci konfransı keçiriləcək. Həmçinin MDB-yə üzv dövlətlərdən gələn qonaqların iştirakı ilə tədbir təşkil olunacaq. Həftə çərçivəsində, eyni zamanda, “ASAN xidmət”lə birgə TÜRKSOY-un layihəsi icra olunacaq və üçüncü beynəlxalq konfrans keçiriləcək.
Onun sözlərinə görə, bu il Könüllülük Həftəsi çərçivəsində Azərbaycan Könüllü Təşkilatları İttifaqı Mərkəzi Asiya ölkələrinin də üzv olduğu Beynəlxalq Könüllülük Mərkəzində təmsil olunaraq 2025-ci ildə sədrliyi öz öhdəliyinə götürəcək. Qazaxıstan tərəfindən 2025-ci il üçün ölkəmizin rəsmi təmsilçisi Azərbaycan Könüllü Təşkilatları İttifaqına sədrlik veriləcək. COP29 çərçivəsində Bakıda gedən yenidənqurma bə bərpa işləri çərçivəsində yollarda velosiped zolaqları salındı. Könüllülər olaraq həmin zolaqların təbliği ilə bağlı “Yaşıl zolaq” layihəsinin həyata keçirilməsi planlaşdırılır.
“Başqa bir layihəmiz tarixi irsimizi qoruyub saxlamaq məqsədilə xalçaçılıq sahəsini əhatə edir. Belə ki, region və Bakı könüllülərinin yer aldığı “Bir ilmə bir könüllü” layihəsinə start vermişik. Hər könüllü bir ilmə toxuyaraq xalça ərsəyə gətirəcək. Demək olar ki, biz bu xalçanı ərsəyə gətirmişik. Bununla yanaşı, Xankəndi şəhərindəki Qarabağ Universitetində “COP29 Azərbaycan könüllülərinin gözündə” konfransının keçirilməsi planlaşdırılıb”, – deyə o əlavə edib.
AZƏRTAC
azertag.az