Gəncədə Azərbaycanın dövlətçilik tarixinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans işə başlayıb

Füzulinin “Ərəb divanı” Sankt-Peterburqda yerləşən kitabxanadan tapılıb
TANAP-ın baş direktoru: Əldə edilən gəlirin 58 faizi Azərbaycana düşəcək
Prezident İlham Əliyev Bakı Paylayıcı Şəbəkəsinin yeni inzibati binasının və yarımstansiyalarının açılışında iştirak edib

İyunun 28-də Gəncə şəhərində “Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsi” mövzusunda üçgünlük beynəlxalq elmi-praktik konfransın açılışı olub.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzi, Türkiyənin Azərbaycandakı səfirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdikləri konfrans Heydər Əliyev Mərkəzində keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi – Prezidentin köməkçisi Dilarə Seyidzadə, AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Məclisin deputatları, respublikamızda fəaliyyət göstərən bir çox elm və təhsil müəssisələrinin rəhbərləri, tanınmış elm xadimləri iştirak edirlər. Həmçinin 20 ölkədən (Rusiya, Pakistan, Hindistan, Gürcüstan, Misir, Özbəkistan, Şimali Kipr, Ukrayna, Belarus, Moldova, Polşa, Albaniya, Qazaxıstan və sair) ümumilikdə 40-a yaxın tarixçi-alim də beynəlxalq konfransda təmsil olunur.

Konfrans iştirakçıları və qonaqlar əvvəlcə Heydər Əliyevin adını daşıyan park-kompleksdə Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Sonra qonaqlar Heydər Əliyev Mərkəzində Ümummilli Liderin zəngin həyat və çoxşaxəli siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərini, xüsusən Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafı istiqamətində vaxtilə həyata keçirdiyi bir çox layihələri əks etdirən fotolar və sənədlərlə tanış olublar.

Konfransdan əvvəl, həmçinin Mərkəzdə AMEA-nın Tarix İnstitutunun nəşr etdiyi 4 min 500 elmi əsər və kitabın sərgisi nümayiş olunub.

Beynəlxalq konfrans Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin tarixini özündə əks etdirən qısa metrajlı tarixi film göstərilib.

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev beynəlxalq konfransın Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutan, qədim tarixə malik, zəngin elm, təhsil və mədəniyyət mərkəzlərindən olan Gəncədə keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib.

Gəncənin dünyanın ədəbiyyat xəzinəsini özünün epik poeziya nümunələri ilə zənginləşdirən, dahi şair və filosof Nizami Gəncəvinin, Şərqin ilk şairə qadını, lirik-fəlsəfi ruhlu rübailər müəllifi Məhsəti Gəncəvinin, yadelli işğalına və əsarətə qarşı mərdlik və dönməzlik rəmzinə çevrilmiş Cavad xan Ziyadoğlunun, eləcə də neçə-neçə mütəfəkkirin, elm və mədəniyyət xadiminin vətəni olduğunu deyən Elmar Vəliyev bildirib ki, bu şəhər tarixboyu Azərbaycanın ictimai-siyasi və mədəni həyatında böyük rol oynayıb. 1918-ci il mayın 28-də Yaxın Şərq, müsəlman və türk dünyasında qurulan ilk demokratik respublikanın birinci paytaxtı olduğu üçün konfransın bu şəhərdə keçirilməsi təsadüfi deyil.

Gəncədə Azərbaycan Xalq Cümhuriyyəti qurucularının böyük ehtiramla anıldığını deyən icra hakimiyyətinin başçısı Nizami yurdunda onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. Məlumat verilib ki, hazırda Gəncədə Cümhuriyyətin şərəfli tarixini özündə əks etdirən İstiqlaliyyət Parkı və İstiqlaliyyət Muzeyi fəaliyyət göstərir. Həmçinin vaxtilə Gəncədə yaşayan Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nağı bəy Şeyxzamanlı, Xudadat bəy Rəfibəyli, Aslan bəy Səfikürdlü, Əhməd bəy Ağayev, İsmayıl xan və Adil xan Ziyadxanov qardaşlarının yaşadıqları binalar təmir olunub, evlərinin qarşısına onların barelyefləri və xatirə lövhələri vurulub.

Ümummilli Liderin vaxtilə böyük uzaqgörənliklə ifadə etdiyi “Müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər çətindir” kəlamını xatırladan Elmar Vəliyev hazırda dünyada böyük hörmət və ehtirama layiq olan Azərbaycanın bütün uğurlarının əsasında vaxtilə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu düşünülmüş daxili və xarici siyasətinin dayandığını vurğulayıb.

AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova Azərbaycan Xalq Cümhuriyyətinin qısa dövrdə çətin, lakin çox şərəfli bir yol keçdiyini diqqətə çatdırıb. Bildirilib ki, hələ 100 il bundan əvvəl qəbul edilmiş qərarlar və bir çox dövlət atributları tariximizdə silinməz izlər qoyub. Azərbaycan 1991-ci il oktyabrın 18-də yenidən dövlət müstəqilliyini bərpa etdikdən sonra özünü Cümhuriyyətin siyasi varisi elan edib.

Akademik Nərgiz Axundova Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi və həmin Sərəncamdan irəli gələrək ölkəmizdə keçirilən çoxsaylı tədbirləri dövlətçilik ənənələrinin bərpasına verilən yüksək qiymət olduğunu deyib. Həmçinin bildirilib ki, konfransda yüksək elmi əhəmiyyətə malik çoxsaylı məruzələr dinləniləcək və indiyədək araşdırılmamış mövzular diqqətə çatdırılacaq.

Sonra AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov “Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsi” mövzusunda geniş məruzə ilə çıxış edib. Azərbaycanın çoxminillik dövlətçilik tarixinə diqqət çəkən akademik Cümhuriyyətin qurulmasını ölkəmizin dövlətçilik ənənəsinin davamı kimi səciyyələndirib.

Akademik Yaqub Mahmudov Qafqaz regionunda, eləcə də ölkəmizdə maraqları olan böyük imperiyaların Azərbaycanı parçalamaq və xalqımızın dövlətçilik ənənələrinə son qoymaq məqsədilə apardıqları mürtəce siyasətin əsl mahiyyəti haqqında konfrans iştirakçılarına real tarixi faktlar əsasında məlumat verib. Qeyd edilib ki, uzun illər boyu davam edən yadelli əsarəti, yaxud böyük imperiyaların heç bir təzyiqi Cümhuriyyət qurucularını apardıqları mübarizədən çəkindirməyib. Daxili problemlərə, eləcə də beynəlxalq təzyiqlərə baxmayaraq, Azərbaycan özünün istiqlaliyyətini elan etməyə nail olub.

Tarix İnstitutunun direktoru Cümhuriyyət liderlərinin Tiflis, Gəncə və Bakıdakı fəaliyyətini ayrı-ayrılıqda şərh edib, onların hər birinin xatirəsinin xalqımız tərəfindən böyük hörmət və ehtiramla anıldığını vurğulayıb. Məlumat verib ki, hazırda İnstitutda Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tarixinin araşdırılması, eləcə də yazılmış elmi əsərlərin bir sıra xarici dillərə tərcümə edilərək dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər görülür. Xalqımızın dövlətçilik tarixinin parlaq səhifəsini təşkil edən həmin dövrün bundan sonra da araşdırılması istiqamətində işlər davam etdiriləcək.

Sonra dünyanın bir sıra aparıcı elm-təhsil müəssisələrinin alimlərinin konfransa ünvanladıqları məktublar oxunub, tədbirdə iştirak edən xarici ölkə alimlərinin məruzələri dinlənilib.

Daha sonra konfrans işini bölmə iclasları ilə davam etdirib.