Gürcüstan azərbaycanlılarının xüsusi mənəvi atmosferə, daxili düzənə malik Qaraçöp mahalı-III Hissə

Ermənistanın işğal etdiyi Qarabağdan xaricə daşıdığı dəyərli tarix və mədəniyyət nümunələrinin qaytarılma problemi…
Dövlət Komitəsi 510 məcburi köçkünlə bağlı məhkəməyə müraciət edib
IRENA-nın baş direktoru: COP29 iqlim dəyişikliyi ilə mübarizə üçün həlledici mərhələdir

Asif Hacılı. Xalqın sözlərinin sahibi olmuş belə mərd öndərləri gürcü xalqı ilə dostluğa da sadiq qalmışlar, Gürcüstanın müstəqilliyi yolunda mərdanə döyüşmüşlər. Ermənilər isə, məlum olduğu kimi, işğalçı bolşeviklərlərlə əlbir olaraq, Gürcüstanla müharibəyə başlamışlar. Bu məqamda da Borçalı və Qaraçöp əhalisi birlikdə Gürcüstanın istiqlaliyyəti uğrunda döyüşüb namərd erməniləri məğlub etmişlər.

Nəriman Əbdürrəhmanlı. Azərbaycan 1918-ci ilin yazında öz müstəqilliyini elan edəndən bir az sonra Qaraçöpdə xalq yığıncağı keçirilmiş, camaat Demokratik Cümhuriyyətin qurulmasını alqışlamış, əllərinnən gələn yardımı göstərəcəklərini söyləmişdilər. Belə bir vaxtda daşnaklar və qanıqarışıqlar Gürcüstanı Rusiyanın ağuşuna sürükləyən bolşeviklərlə birləşib 15 minlik dəstə ilə Gürcüstana, o cümlədən, Qaraçöpə hücuma keçdilər. Qandour (Kandauri) yalında qoyulan toplar gecə-gündüz mahalı atəşə tuturdu. Qaraçöplülər yağıların həmləsinə mərdlik sinə gərir, təpədən-dırnağacan silahlanmış düşməni bir addım irəli gəlməyə qoymurdular. O döyüşlərdə Dəfçi oğlu Dəli Hasan, Söyünalı kişi, Yetim Cəfər, Murğuzların Paşası və Əsgər xüsusilə igidlik göstərirdilər. Əsgərin gözaltısı Reyhan da güllədən-mərmidən qorxmadan müdafiəçilərə sursat, çörək-su daşıyır, ürək-dirək verirdi.

Asif Hacılı. Borçalı bəyləri də gürcülərlə çiyin-çiyinə ermənilərə qarşı döyüşmüş, Gürcüstanın ermənilər tərəfindən işğalına yol verməmişlər. Soydaşlarımız bolşeviklərlə döyüşlərdə də gürcülərlə təkrarlanmış, Abxaziyada ermənilərin gürcülərə qsrşı ayaratdığı Baqramyan batalyonu gürcülərə qarşı şərəfsiz hərbi cinayətlər törətmişdir. Azərbaycan türkləri isə yedə də gürcülərlə birlikdə ölkənin ərazi bütövlüyünü qorumuşlar.  Nəriman müəllim, belə qədim ağalar-bəylər yurdu təhsilsiz, alimsiz, üləmasız olmaz, bildiyimizə görə Qaraçöp öz üləmaları, dini və dünyəvi təhsillə məşğul olan müəllimləri və məktəbləri ilə də tanınınb.

Nəriman Əbdürrəhmanlı. Asif müəllim, haqlısınız.Qaraçöpdə maarifin vəziyyəti ilə bağlı yaddaşımızın çatdığı ötən yüzilliyin sonları, əsrimizin başlanğıcıdı. Bu zaman kəsiyində qaraçöplülər oxuyub-yazmağın qədrini biliblər, elmə, savada can atıblar. Həmin vaxtlarda, əsasən, mollaxana təhsili üstünük təşkil edib. Türkiyədən, Tiflisdən və Borçalıdan dəvət olunan axundlar, mollalar və yerli din xadimləri bu mollaxanalarda oxuyanlara ərəbcəni öyrədiblər. Türkiyəli Xoca Molla, Borçalıdan Axund Ələsgər, qaraçöplü Ağbaş Molla,  Molla Qasım, Molla Söyün, Molla Nəbi, Molla Mahmud… uşaqlara ibtidai təhsil veriblər.

Asif Hacılı. Sovet dönəmi bütün mənfilikləri ilə bərabər, təhsilə xüsusi diqqət yetirirdi və yəqin ki, bu diqqət Qaraçöpdən də yan keçməyib.

Nəriman Əbdürrəhmanlı. Haqlısınız.1921-ci ildə Şura hökuməti qurulandan sonra Ləmbəli, Tüllərdə də Düzəyrəmdə ibtidai təhsil verən dördsinifli məktəblər açılır. Tüllərdə Hacı Usufun oğlu Məlikqasımın  dükanı ibtidai məktəbə çevrilir, sonra Hacı Cəfər oğlunun və Coda Alının, Əyrəmdə Abbasəli oğlu Qiyasın evləri məktəb binası üçün alınır. Bu məktəblərdə Tiflisdən gələn müəllimlər uşaqlara ibtidai təhsil verirdilər. Natamam orta təhsil almaq üçün isə Qarayazıya, Borçalıya, Tiflisə getmək lazım gəlirdi. 30-40-cı illərdə Qaraçöpdə – Tüllərdə, Ləmbəlidə və Düzəyrəmdə yediillik məktəblər açıldı. Bu məktəbləri bitirənlərin böyük bir hissəsi – Səməd Qayıbov, Ağakişi Xəlilov, Xəliddin Osmanov, Sərdar İlyasov, Abbas Məmmədov, Nəsib Xeyirxəbərov, Səməd Gülgəzov, Mayıl Xıdırov, Alirzə Mirzəyev, Əşrəf Talıbov, Mustafa İsmayılov, Abdulla Abdullayev, İslam Xocayev, Xəlil Talıbov, Abdulla Cəlilov, Mahmud Təzəxanov, Yusif Təzəxanov və başqaları Tiflis və Marneuli pedaqoji texnikumlarının Azərbaycan bölməsini və İkiillik Müəllimlər İnstitutunu bitirərək Qaraçöpün pedaqoji kadrlara olan ehtiyacını xeyli ödədilər.

40-50-ci illərdə Qaraçöpdə orta məktəb olmadığından cavanlar təhsillərini davam etdirmək üçün yenə də Borçalıya, Tiflisə, Qarayazıya, Qabala gedirdilər. Həmin illərdə Azərbaycanın ali məktəblərində təhsil alan qaraçöplülərin sayı xeyli artmışdı. Habil Məmmədov, İsa Piriyev, Alı Alıyev, Ağabala Mahmudov, Mahmud Namazov, İsa İsayev məhz bu illərdə pedaqoq kimi yetişdilər. 60-cı illərdə Yor-Muğanlıda və Düzəyrəmdə orta məktəb binalarının tikilməsi ilə maarifin vəziyyəti xeyli yaxşılaşdı. Bu məktəblərlə yanaşı, Tüllərdə, Muğanlıda, Qarabağlıda, Baldoyda, Qazlarda natamam orta və ibtidai məktəblər fəaliyyət göstərməyə başladı, Azərbaycanın, Gürcüstanın, eləcə də, Rusiyanın ali məktəblərində təhsil alanların sayı artdı.

60-70-ci illərdə ali təhsil alanların peşə yönümünün çeşidi də çoxaldı. Həmin vaxtdan təkcə pedaqoji  deyil, həm də texniki sahəyə maraq çoxaldı, həkim, mühəndis, aqronom, zootexnik, rəssam, jurnalist, rejissor, aktyor peşəsinə yiyələnənlər oldu, Ləmbəli orta məktəbinin binası  tikildi. İndi Qaraçöpdə üç orta (Düzəyrəm, Yor-Muğanlı, Ləmbəli), bir natamam orta (Muğanlı) fəaliyyət göstərir. Bu məktəblərin məzunları arasında onlarla ailim, rəssam, şair, yazıçı, jurnalist, həkim, mühəndis, idmançı… var.

İndi iqtisadi və mənəvi çətinliklərlə bağlı maarif çətin günlər keçirsə də, Qaraçöpdə elmə, biliyə həvəs hələ qalıb…

      Asif Hacılı. Qaraçöp əhalisi din-imanı uca tutan mömin insanlardır. Bu faktı mahalda olan dini ibadədgahlar, o cümlədən məscidlər də təsdiqləyir. Demək olar ki, kəndlərin hamısında məscid tikilib. İmanlı və imkanl insanlar Allah yolunda xeyriyyəçilik edirlər. Kəndərdə kollektivçilik də güclüdür və xeyriyyə işləri, o cümlədən məscid tikintisi elliklə də həyata keçirilir.

Nəriman Əbdürrəhmanlı. Asif müəllim, həmkəndlilərimizi dolğun səciyyələndirdiniz. Qaraçöp ta bineyi-qədimnən Tanrıya inam gətirib, dinini – etiqadını uca tutub, əmin-amanlıq içində olanda da, çətin günlər keçirəndə də əlini Allahın ətəyinnən üzməyib. Halal zəhmətiylə var-dövlət qazananlar imkansızlara səxavət əli uzatmaqla yanaşı, Allahın və Peyğəmbərin buyruqlarını uca tutublar, su çəkdirib, yol saldırıb, məscid tikdiriblər. Qaraçöp məscidlərinin yaddaşımız çatanı, gözümüz görəni uzun illərdir ki, qaraçöplülərə Tanrı işığı paylayır. Onu da  qeyd edək ki, bu məscidlərin hamısı təxminən eyni vaxtda – ötən yüzilliyin sonlarında – bu yüzilliyin başlarında tikilib.

Asif Hacılı. Ağır elli Qaraçöpün, ulu türk-islam yurdunun həmin məscidləri hansılardır?

Nəriman Əbdürrəhmanlı. Qaraçöp məscidləri əsasən kəndlərin adı ilə adlanır və aşağıdakılardan ibarətdir:

TÜLLƏR  MƏSCİDİ. Kəndin ağsaqqallarının başçılığı ilə tikildiyini Molla Alı və 115 yaşlı Vəli kişi də təsdiq edir. Minarəsi isə 1914-cü ildə qaldırılıb.

LƏMBƏLİ KÖHNƏ MƏSCİDİ. Deyilənə görə, bu məscidi Cəlillilərin Hacı Rəşidi inşa etdirib. Məkkə ziyarətinə gedəndə əhd eləyibmiş.

LƏMBƏLİ YENİ MƏSCİDİ – 1998-ci ildə Mollamusalardan Fəxrəddin Yasin oğlu tikdirib.

KEŞƏLİ MƏSCİDİ. Deyilənə görə, rəhmətlik Hacı Osman tikdirib. Bu məscid onu tikdirənin səxavətinin və xeyirxah əməllərinin nişanəsidir.

MUĞANLI MƏSCİDİ – Məscidi 2003-2004-cü illərdə savab əməllər sahibi İlham Dursun oğlu tikdirib.

DÜZƏYRƏM MƏSCİDİ. Var-dövləti boyda səxavəti və imanı olan Hacı Qəhrəman tikdirib. Uzun illər bağlanıb klub kimi istifadə olunsa da, yenidən dindarların ibadət yerinə çevrilib və xeyriyyəçilərin yardımı ilə təmir edilib.

Asif Hacılı. Nəriman müəllim, ağır elli tarixi yurdlarımız, o cümlədən Qaraçöp haqqında danışmaqla bitməz. Qaraçöpün adət və mərasimləri, mətbəxi, xalçaçılığı, aşıq sənəti, el şairləri, müasir ədəbiyyat, sənət, elm, mədəniyyət xadimləri xalqımıza başucalığı gətirir. Bu barədə müşahidə və xatirələrinizi bölüşməyinizi istərdik.

Nəriman Əbdürrəhmanlı. Əvvələn onu deyim ki, Qaraçöp bu gün çiçəklənmə dövrünü yaşayır. Əhalimiz Gürcüstanın sosial həyatında fəal işçtirak edir. Milli adət və ənənələrimiz qorunur. Gənclərimiz aydın şəkildə anlayır ki, Torpaq təkcə üstündə yaşamaq, yetirdiyi nemətlərdən bəhrələnmək, gözəlliklərindən zövq almaq üçün deyil. Gərək məqamı gələndə torpağı sinənlə qoruyasan, ora düşmən ayağı dəyməsinə imkan verməyəsən, ehtiyac duyulanda canını belə əsirgəməyəsən.

Qaraçöplülər də yurdun ağır məqamlarında Azərbaycanlı soydaşları və gürcülərlə çiyin-çiyinə yadellilərə qarşı döyüşüblər, çarizmin zülmündən eyni zilləti görüblər, Birinci və İkinci Dünya müharibələrində oxşar ağrıları yaşayıblar, Gürcüstanın müstəqilliyinə sevinib, onun bəhrələrini canları ilə qorumağa çalışıblar, Böyük Vətən müharibəsi cəbhələrində sinələrini faşistlərə sipər ediblər.

20 Yanvar və 9 Aprel qaraçöplülərin ortaq yarasıdır, həm Ermənistanın Azərbaycan torpaqlarına, həm də Rusiyanın Gürcüstən ərazilərinə təcavüzü onları eyni dərəcədə hiddətləndirir.

Qaraçöpdə, Borçalıda doğulub-böyümüş və ya əsli buradan olan gənclər indi Gürcüstan dövlətinin Silahlı Qüvvələrinin əsgəritək doğma torpaqlarının əmin amanlığını qoruyurlar. Taleyin gərdişilə Azərbaycanda yaşayan qaraçöplülər isə mənsub olduqları xalqa nümunəvi xidmət etmək üçün əllərindən gələni əsirgəmirlər. Qarabağ döyüşlərində də qaraçöplülər iştirak edərək, vətən torpaqlarının işğaldan azad edilmıəsində iştirak ediblər.

Qaraçöplülər üçün yaşadıqları torpaq ana kimi əzizdir. Onu qorumaq hamının müqəddəs borcudur…

Asif Hacılı. Nəriman müəllim, qaraçöplüləri döyüşçü ruhu ilə bərabər, sənətkarlıq, incəsənət, gözəllik hissi də səciyyələndirir…

Nəriman Əbdürrəhmanlı. Tamamilə doğrudur.Qararaçöpün adlı-sanlı xalçaçıları, misgərləri, nalbəndləri, dülgərləri, bənnaları, sınıqçıları, türkəçaraçıları, sərracları… olub, hamısı da xalqın yaddaşında yaşayır, söyləmələrlə nəsildən-nəsilə ötürülür.

Zamanla ayaqlaşan, yenilənən Qaraçöp yaddaş saxlancıyla yanaşı, dövrün nəbzini tutmağa da can atır. 2016-ci ilin oktyabrında əhalinin ictimai fəallığını artırmaq məqsədilə “Radio İvrisi” fəaliyyətə başlayıb, Azərbaycan və  gürcü dillərində fəaliyyət göstərir. Radio İvrisinin qurulması təşəbbüsünü “Spektri” qəzeti ilə tanınan qeyri-hökümət təşkilat “Mesenati” irəli sürüb. Layihəyə “Açıq Cəmiyyət – Gürcüstan” fondu maliyyə dəstəyi verir. Tozu Gülməmmədova, Cəfər Haqverdiyev, İlqarə Məmmədova, Hüseyn Hüseynov, Kənan Əliyev, Qalibiyyət Hacıyev kimi istedadlı və perspektivli gənclər çalışırlar.

Qaraçöp – təkcə yer-yurd, məkan deyil, həm də yaddaşdı… O yaddaşı qurdalayırsan, illərin külü altından əfsanələr, rəvayətlər, şəbədələr, deyimlər, alxışlar, qarğışlar, bayatılar, oxşamalar, düzgülər, tapmacalar, inamlar, … və bu elin özünəməxsus adət-ənənələri çıxır… Hələ nə qədəri də dünyasının dəyişmiş ağsaqqalların, ağbirçəklərin yaddaşında əbədiyyətə qovuşub.

Qaraçöp folklor örnəkləri ötən yüzilin 70-80-ci illərindən toplanmağa başlayıb, qəzet-jurnallarda, antologiyalarda çap etdirilib, radio-televiziya verilişlərində  (xüsusilə Azərbaycan radiosunun “Bulaq” və televiziyasının “Ozan” verilişlərində) səsləndirilib. Amma hələ ki, bu mahalın şifahi yaradıcılıq mirası əsaslı, sistemli şəkildə araşdırılmayıb və öz qədirbilən, təəssübkeş tədqiqatçısını gözləyir…

Asif Hacılı. Qaraçöpün el yaddaşının mühüm bir hissəsi də adət-ənənə, mərasimlər, mətbəxdir. Dünyamızın müasir texnologiyalar vasitəsilə xeyli daralıb kiçildiyi bu zamanda Qaraçöpün etnoqrafiyası haqqında nə demək istərdiz.

Nəriman Əbdürrəhmanlı. Qeyd etdiyim kimi, Qaraçöp zəngin etnik mədəniyyəti, xüsusən, aşıq sənəti, xalçaçıları, misgərləri, nalbəndləri, dülgərləri, bənnaları, sınıqçıları, türkəçaraçıları, sərracları, son dövrlərdə həm də Səməd Qaraçöp, Fərhad Xubanlı, Hacan Hacısöy, İlqar İlkin kimi yazarları ilə tanınınb.

Qaraçöpün yazılı söz adamlarının daha geniş meydanlara çıxması, daha dəqiq desək, şifahi ədəbiyyatdan yazılı ədəbiyyata keçidi, ötən əsrin 70-ci illərində baş verib, nasir Həmzəli İlyasın və tədqiqatçı Fərhad Xubanlının yazılsarı “Sovet Gürcüstanı” (indiki “Gürcüstan”) qəzetində çap olunub, “Çeşmə” və “Dan ulduzu” almanaxlarında oxuculara çatıb. Bir qədər sonra Səməd Qaraçöp, Zülfü İlyasov, Nəriman Əbdülrəhmanlı, Məmməd Xəlilovun… bədii əsərləri, ədəbi yazıları qəzet-jurnallarda işıq üzü görüb, Səməd Qaraçöpün ilk kitabı nəşr olunub. 90-cı illərdən İlqar İlkinin, Həvillək Bayramlının və Salman Murğuzlunun, bir qədər sonra Vahid Məhəmmədoğlunun, İsmixan Məmmədlinin, Sərxan Zülfüqaroğlunun, son illərdə isə Bəxtiyar Abdullayevin, Asif Osmanın şeirləri oxucuların diqqətinə yetişib, belə demək mümkünsə, yazılı ədəbiyyata keçid prosesi başa çatıb. Artıq kitab dükanlarında Səməd Qaraçöpün, Fərhad Xubanlının, Hacan Hacısöyun, İlqar İlkinin və bir çox başqalarının qələmindən çıxmış əsərlərə  rast gəlmək kimsəyə təəccüblü götünmür.

Asif Hacılı. Bu sıraya görkəmli ədib, tərcüməçi, yazıçı, publisist Nəriman Əbdürrəhmanlını da əlavə edərdim.

Nəriman Əbdülrəhmanlı. Təşəkkür edirəm.

Asif Hacılı. Qaraçöplu ədiblər artıq yazılı ədəbiyyatımızın gerçək və əhəmiyyətli faktıdır. Lakin xalq mədəniyyəti elə  də bəlli deyil. Qaraçöpün ənənəvi etnik mədəniyyət haqqında fikirləriniz maraqlı olardı.

Nəriman Əbdülrəhmanlı. Qaraçöplülülər nikbin, şux, kəsərli, sazlı-sözlü insanlardır və bu xüsusiyyətlər onların toy mərasimində xüsusi şövqlə təzahür edir. Qaraçöp toyları uzaqdan, qız seçməkdən başlardı. Oğlan qızı su üstündə, bulaq başında, ya da toy-nişanda görərdi, meyl salardı, könül verərdi. Buna gözaltı deyərdilər. Bundan sonra kimin həddiydi ki, o qıza yaxın gedəydi. Bəxtləri gətirəndə gözləriylə görüşərdilər, kəlmə kəsərdilər, çalışardılar ki, bu körpə istəkləri elə şayan olmasın, vaxt-vədə yetişənəcən gizlində qalsın. Vaxt-vədə də su kimi axıb gedərdi, gəlib özünü yetirərdi. Novruz qabağı oğlan ürəyini açıb bacısına, ya da bacı sandığı bir ağgünnüyə deyərdi. Qız uşağının da ağzında sözmü durar? Oğlan bir də baxardı ki, bəs, ata-anası əl-ayağa düşüb. Ucunnan-qulağınnan öyrənərdi ki, qızın nəsil-nəcabətini götür-qoy eləyirlər, özlərinə yaraşıb-yaraşmadığını, bab olub-olmadığını öyrənirlər. Əgər həmin ailə bu götür-qoydan salamat çıxardısa, oğlanın anası, ya da xalası-bibisi yüz cür bəhanəynən qız evinin qapısını açardılar, əlaltdan ağız arardılar. Qız anası da nə deyəsiydi ki, üç-beş gün möhlət istərdi, deyərdi ki, bir kişiynən, qohum-əqrəbaynan, ağsaqqal-qarasaqqalnan məsləhətləşək. Nədən ki, məsləhətli don gen olar. İndi də qız evində götür-qoy elərdilər, görərdilər ki, oğlan tərəfi özlərinə taydı, oğlan da pis uşaq deyil, əl altdan xəbər yetirərdilər ki, gəlsinlər. Buna elçilik deyərdilər. Bir-iki gün qabaq xəbər yollardılar ki, bəs, filan gün gəlirik. Oğlan tərəfin sayılıb-seçilən, sözükeçən beş-altı kişisi-qadını bir axşam gedərdilər ərk elədikləri qapıya.

Asif Hacılı. Lakin türk ellərində əsas məsələ, əslində elçiliyə qədər həll olunardı və bu prosesdə əsas rolu qadınlar oynardı. Yəni Borçalıda, Qaraçöpdə əənənəvi həyat tərzi nə qədər konservativ olsa da, qadınlar ictimai həyatda böyük rol oynayıblar və bu gün də oynayırlar. Digər tərəfdən, Gürcüstan türklərinin ənənvi həyatında evlilik formal amillər – ailənin hansı zümrəyə məxsus olması, maddi imkanlarından daha çox, gənclərin qarşılıqlı istəyi ilə müəyyənləşib. 

Nəriman Əbdülrəhmanlı. Elədir, Asif müəllim, məhz dediyiniz bu xüsusiyyətə görə də bizim ellərdə toy mərasiminin rəsmi mərhələləri, o cümlədən elçilik formal xüsusiyyət daşıyıb. Məsələ elçiliyə qədər həll olunub. Qız tərəfin ağsaqqalı da qabaqcadan düzüb-qoşulmuş işə nə deyəsiydi. Qayıdardı ki, qız qapısı, şah qapısı, xoş gəlib, səfa gətiribsiniz. Nə deyirik, bir qız bir oğlanındı. Allah xoşbəxt eləsin, qoşa qarısınnar, oğullu-uşaqlı, nəvəli-nəticəli olsunnar. Bunnan da qızın «hə»si verilərdi. Adətə görə, yemək-filan olmazdı. Adama bir stəkan şirin çay içib mübarəkbadlıq elərdilər, sonrakı işlərdən danışardılar. Olardı ki, beş-üç günnən sonra elçiliyin təsdiqi kimi bəlgə aparardılar, ad elərdilər. Bəlgə də bir üzükdən, bir də baş yaylığından ibarət olardı. Çox vaxt nişan bayram günlərinə düşərdi. Qohumluğa qədəm qoyan iki ailə bir-birinin qapısını bayram günündə açardılar. Qızın barmağına nişan üzüyü taxardılar, gətirdiklərini qız-gəlinə göstərərdilər, çörək kəsərdilər.

Asif Hacılı. Türklərdə izdivac mərasiminin zirvəsi toy olub və Qaraçöp toyu da bütövlükdə ümumtürk, ilk növbədə qarapapaq-tərəkəmə tipologiyasına aid olsa da, müəyyən yerli xüsusiyyətləri ilə seçilib və seçilməkdərir. Bu ortaq və fərqli xüsusiyyətlər barədə nə deyərdiz?  

Nəriman Əbdülrəhmanlı. Əvvəlan, zaman baxımından,Qaraçöp toyları da adətən, payızda olar və üç gün-üç gecə çəkərdi. Vaxt olub ki, yeddi gün, yeddi gecəlik toylar da keçib. Başlıca hazırlıq toyun qabaqkı günləri görülərdi. Onda qohum-qardaş iş ovandlığına gələrdilər, kimin qulpunnan nə çıxardı, o işi də görərdi. Seçilənlər məhlə-məhlə düşüb toya adam çağırardılar. Həm də kişiləri kişi, qadınları da qadın. Ətliklər kəsilərdi, odun-ocaq tədarükü görülərdi, mağar qurulardı. Mağarın yaraşığı da ki, aşıq olardı. Toy günü səhər tezdən qara zurna savax sazı çalardı, toyun başlandığını elə-obaya xəbər verərdi. Belə vaxtda meydanın yiyəsi uşaqlar olardı. Sonra toya çağrılanlar mübarəkabadlığa gələrdilər. Amma toyun şovğatı axşam mağarı sayılardı. Toybabası əlində şıvırtqı ortada gəzinərdi, qayda-qanunu gözlərdi, irəli gələnin ayağına şıvırtqı çəkərdi. Şabaşı alıb zurnaçının, balabançının, dəfçinin papağının günnüyünə keçirərdi. Ortada oynayan cavan-comrulun, qız-gəlinin əlinə pul verərdilər, başına pul səpərdilər.

Asif Hacılı. Mağar nə qədər əhəmiyyətli anlayış olsa da, türk toyunun gözəlliyi xüsusi estetik dəyəri və emosional-didaktik təsiri ilə seçilən aşıq meydanı ayrıca qeyd olunmalıdır. Qədimlərdə əhali əsasən aşıqlara görə toya gələrdi.

Nəriman Əbdülrəhmanlı. Aşıq yurdu olan Qaraçöpdə, Borçalıda aşığın xüsusi mövqeyi var.

Qaraçöp toylarında da mağar qurtarandan sonra aşıq meydan açardı, dastan danışardı, deyişmə başlardı, məzəli, könül açan əhvalatlar danışardı. Ağsaqqal-qarasaqqal da huş-guşnan qulaq asardılar, razılıq bildirərdilər. Onda Qaraçöp toylarının şöyləti Aşıq Musaynan, Aşıq Teymurnan, Şair İvadnan, Şair Bağıynan, Aşıq Məhəmmədəliynən, Şair Mədədnən… bağlıydı… Toyun ikinci günü də savax sazıynan başlardı, qonaqların gəlişiynən davam edərdi. Axşamüstü qız evinin adamları iş ovandlığına gələrdilər. Onları da elə-belə buraxmazdılar ha! Qazanaçdı, qapıbasdı alardılar, meydana çəkib oynadardılar. Bir azdan toyun qız evinə köçü başlanardı ki, buna ağamət deyərdilər. Həmin axşam qız evində də toy öz qaydasıynan davam elərdi. Elə bu vaxtlarda şax bəzənərdi. Oğlan şaxını hər kəsə etibar eləməzdilər. Bu əhdnən, imkannan bağlıydı. Şaxı ailənin yaxın qız-gəlini bəzərdilər, özü də ağır, sanballı olardı. Qız şaxını da ailənin yaxınnarı bəzərdilər. Şax bəzəmə qız-gəlinin əlində nəydi ki?! Bunun yanında xınayaxdı olurdu, ağgünnülərin əlləri gün şüasını andırırdı.

Asif Hacılı. Əsasən ağac budaqlarından istifadə olunanŞax bəzəmə adəti çox qədimlərə, mifoloji düşüncəyə gedib çıxır və arxaik dünya ağacı motivi ilə sıx bağlıdır. Bu anlayış qarapapaq-tərəkəmə türklərində qədim türk mifoloji təsəvvürlərinin nəinki rəvayət və nağıllarda, həm də mərasimlərdə yaşadığını təsdiqləyir. Onu da deyək ki, aşıq ifası özü də Borçalı-Qaraçöp türklərində toyun mərhələlərinə uyğun olan emosional pafoslu mərhələlərə bölünür. Toyun bitməsinə yaxın aşıq ifasının tonallığı həzinləşir, digər məqamlardan fərqlənir.

Nəriman Əbdülrəhmanlı. Qaraçöpdə dediyiniz bu aspekt aşkar izlənilər, deyək ki, toyun sonuncu gününün savax sazı ayrı ovqat üstündə köklənərdi. Bir az həsrət, köyrəklik olardı bu səsdə. Oğlan evində nişanatma olardı. Uzun dirəyin kəlləsinə qoz, ya fındıq bərkidərdilər. Özünə güvənən cavanlar bəhsə durardılar. Kim nişanı vurub salsaydı, oğlan evinin nəmərini alardı. Nəmər də ki, bir cüt naxışlı corab olardı, ancaq nişançının ad-sanını bütün mahala yayardı. Bir də görərdin ki, özünnən deyən cavanlar atları mindilər, cıdır başlandı. Mərci udanın da nəməri, adı-sanı öz yerində.

Toyda gənclər arasında rəqabət üzərində qurulan adət və mərasimlər geniş yayılıb və bu cəhət haqqında danışdığımız Şaxçıxartma adətinə də xasdır. Şaxçıxartma Qaraçöp toylarının şöhrətini artırardı. Şaxı da elə-belə adama etibar eləməzdilər, gərək özünə güvənən, hünər yiyəsi olaydı. Bir də görərdin ki, kəndin bir dəliqanlısı kəsdi şaxın qabağını. Onda güləşmə başlanardı. Kim üstün gəlsəydi, oğlan evinin nəmərini alardı. Şax götürənin də ki, nəməri öz yerində.

Asif Hacılı. Gəlin gətirmə necə keçərdi, Axısqa türklərində bəyin müşayiətçilərin məqərlər deyərdilər…

Nəriman Əbdülrəhmanlı. Gəlingətirmədən əvvəl gəlini bəzərdilər, cer-cehiz yerbəyer elənərdi. Özü də camaatın gözünün qabağında yığılardı ki, hamı cehizin dəyər-qiymətini bilsin. sonra yengəsi, sağdış-solduşu gəlinin son hazırlığını görərdilər. Qardaşı belini bağlardı, anası, xala-bibisi axırıncı diləklərini edərdilər. Burda qara zurna bir “Atdandırma” çalardı. Onda bilərdilər ki, gəlini apardılar. Qəflə doqqazdan çıxanda oğlan tərəfinin adamlarını unnama başlardı. Bunnan inciyib-küsən olmazdı, nədən ki, bəynən-gəlinə ağ gün arzulama idi. Yolda da ta nələr olardı, oynardılar, güləşərdilər. Oğlan evinin kandarında gəlin ayaq saxlardı,  qaynana-qaynatasının xeyir-duasıın alardı, boşqab sındırardı. Başına şirniyyat səpərdilər ki, təzə ocağa şirinlik gətirsin. Beləcə qız-gəlinin bəzədiyi gəlin otağına girərdi, şaxların yanında, gərdək arxasında oturardı. Ta bundan o yanası bəynən gəlinin, bir də yengənin ixtiyarındaydı. Mağar gecənin bir vədəsinəcən davam elərdi. Qız-gəlin, cavan-comrul meydan sulardı, aşıq dastanını başa çatdırardı. Beləcə, toy axır məqamına yetişərdi. Bunu gecənin bir vaxtı güllə səsindən bilərdilər.

Toydan sonra azı qırx gün toy ovqatı qalardı., müəyyən mərasimlər icra olunardı.  Bunun savax sazı vardı, ağızaçdısı, görəlgəsi, ayaqaçdısı və s.

Beləcə, Qaraçöp toyları yüzillər boyu qurulu ənənələriynən yaşayıb. Bu ənənələrdən bu günümüzə nə qalıb, gələcəyimizə nə qalacaq?!

Asif Hacılı. Nəriman müəllim, Qarapapaq-tərəkəmə türklərinin həyat tərzinə uyğun olaraq, qaraçöplülər də əsasən heyvandarlıqla məşğul olub və yaylaq-ararn arasında dövr edən təsərrüfat tipi ilə məşğul olublar. Bu təsərrüfat növü, həyat tərzi həm də özünəməxsus etnik mətbəxin yaranmasına səsəb olub. Qaraşğp mətbəxinin dadını-duzunu nə təşkil edir?

Nəriman Əbdülrəhmanlı. Qaraçöpün bir tərəfi köçəri olub, bir tərəfi oturaq. Fəslin yarısını dağda keçiriblər, yarısını aranda. Yazbaşınnan ta payız girənəcən gözişləməz sürüləriynən yaylağa çıxıblar, dəyələrini qurublar, yatırlarını bəsləyiblər, qışa hazırlıq görüblər. Onda gün-güzəranın başlıca yeməyi ağartı olub, yemiş-qarpız olub, meyvəcat olub. Payız girənnən ta yazbaşınacan da camaatın oturaq yerləri el-elat, qışlaqlar olub. Mal-davar artırıblar, xalça toxuyublar, toy-nişan keçiriblər.

Bütün yarımköçəri tayfalarda olduğu kimi, qaraçöplülərin də özünün tərəkəmə süfrəsi araya-ərsəyə gəlib. Yaylaq yeməkləri sırasında ağartı (yağ-pendir, süd-qatıq, körəməz, qaymaq, süzmə, şor sucuq) bir də göy yeməkləri başlıca yer tutub. Ağbirçəklər, qız-gəlinlər nəhrə çalxardılar, cürbəcür ağartı nemətləri düzəldərdilər. Yemliyin, baldırğanın, quzuqulağının, əvəliyin, moşun, çiyələyin, qarağatın, gicitkənin, moruğun, göyəmin, yemişənin, qıcının, pərpətöyünün, pencərin (unnuca da deyirlər) bol vaxtı uşağın-böyüyün yadına ən yeməklərimi düşərdi. Ancaq elə ki, zamanın üzü payıza dönürdü, yeməklərin çeşidi də dəyişərdi. Nədən ki, tərəkəmələrin qış yeməkləri elə-belə qarın doydurmaq xətrinə deyildi, soyuqdan-şaxtadan qorunma vasitəsiydi. İndi  yavaş-yavaş unudulan bu yeməklər özündə camaatın xarakter cizgilərini saxlayır.

Asif Hacılı. Əminəm ki, mətbəxin ümumi cəhətləri ilə yanaşı, yerli özünəməxsusluğu da olmamış deyil. Bunlardan nələri sadalayardınız? Onu da xatırlatmaq istərdim ki, tərəkəmə hayatında mətbəx dadlı, təbii yeyinti məhsullardan, bitkilərdən, ağartıdan, mal, qoyun, keçi ətindən, dağ çaylarının balığından, müxtəlif çərəz, turşu, şirniyyat və sairədən ibarət olsa da, aran, şəhər yerlərindəki oturaq həyata xas rəngarəgliyə malik deyil. Lakin bu mətbəxin dadı, ləzzəti bütün qonaqları cəlb edir.

Nəriman Əbdülrəhmanlı. Qaraçöp də dediyiniz baxımdan istisna deyil və etnik mətbəx əsasən aşağıdakılardan ibarətdir:

Yuxa – Ən çox yayda bişirilərdi. Ağbirçəklər, qız-gəlinlər sac asardılar, yuxa salardılar. Uşaq-böyük də ki, pendir-şor, göy-göyərti dürməyini ocaq başındaca dişlərinə çəkərdilər.

Kətə – Üç-beş gündən bir bişirilərdi. İndi  adına qutab deyilən formada, amma doyumluq olardı. Kətəni pencərdən, gicitikənnən, qıcıdan, şordan-pendirdən elərdilər. Onnan bir-ikisini yeyənin yadına yeməkmi düşərdi.

Lavaş – Yuxanın bir içim su qədər ömrü olardı. Onda çörəyin qabağını tutmaq üçün lavaş bişirərdilər.

Xamralı – Ən çox qışda bişirilərdi. Orta ocağının, ya da peçin üstündə başa gələrdi. Ət yeməkləri də daha çox xamralıynan yeyilərdi.

Cad – Payız vaxtı qarğıdalı ununnan bişirilərdi. Ağartını cadnan yemək bir ayrı ləzzətiydi. O vaxtlar hardasa kasıblıq əlaməti sayılan cad sonralar delikatesə çevrildi.

Qovurma – arana enəndə yağlı erkəklərdən kəsilərdi, əti doğranıb qovrulardı, qarına yığılardı, ağzı bağlanıb tikilərdi. Qışda da beş-altı günnən bir çıxarılıb isidilərdi, həm də yeməyin içinə atılardı.

Əvəlikli isti –  Yayda əvəliyin yığıb hörük hörərdilər, qurudardılar. Qışda xırdaca-xırdaca doğrayıb umac bişirərdilər, içinə bir az qovurma da atardılar. Soyuqdəyməni adamın canından çıxardardı.

Əriştəli isti –  Novruz əriştəsinnən qışa da qalırdı. Amma qış əriştəsini xırda doğramazdılar, içinə qovurma da qatardılar. Bu da soyuqdəymənin dərmanıydı.

Əcəbsandal – Daha çox yayda bişirilərdi. Kartofun, badımcandan, pomidordan başa gələrdi. Elə indinin özündə də aradan çıxmayıb.

Pərpətöyün – Körpə pərpətöyünü yığıb bişirərdilər, üstünə də sarımsaqlı qatıq tökərdilər. Adamın ağzında körpəcə quzu ətinin tamını verərdi.

Sıxma – Pencərdən, gicitkənnən hazırlanardı. Quru-quru yağda  bişirib, üstünə sarımsaqlı qatıq tökərdilər. Bu da ayrı bir aləmiydi.

Xaşıl – Unnan bişirərdilər, ortasını çökəldib dağ olunmuş yağ tökərdilər. Mədə-bağırsağın yumşalmasına kömək edərdi.

Xəngəl – yarpaq xəngəli, ət xəngəli, gicitkən xəngəli süfrənin bəzəyi olardı. Hamısı da qurudla yeyilərdi. Elə indinin özündə də Qaraçöp süfrələrinin bəzəyidi.

Xigi –  undan bişirilərdi, xırdaca dördkünc doğranmış xəmirdən hazırlanardı. İçinə də qovurma, ya da quru lobya atılardı. Soyuqdəymənin qabağını alardı.

Hoppa –  düyüdən süddaş kimi, ancaq südsüz bişirilərdi, üstünə də dağ olunmuş yağ tökülərdi.

Şeşamadı – quru lobyadan bişirilərdi, içinə də xırdaca doğranmış kartof, ya da düyü atardılar.

Qışda Qaraçöp süfrələrinin şahı bir də qurud olardı. Yayaq vaxtı süddən qaymaq, yağ-pendir, süzmə düzəldər, yerdə qalanı da torbaya doldurub asardılar ki, suyu süzülsün. Sonra da formaya salıb günün altına düzərdilər ki, qurusun. Qışda yaylaqdan gələn ailəni qurudsuz təsəvvür eləmək olmazdı.

Asif Hacılı. Nəriman müəllim, ozanlar yurdu Qaraçöp haqqında söhbətimizdə dastan yaradıcılığını, söyləmələri unuda bilmərik.

Nəriman Əbdürrəhmanlı. Əlbəttə. Qaraçöp məclislərinin dadı-düzu həmişə dastanlar və söyləmələr olub. O ağır-salğarlı yığnaqlarda İsmayıl Mərdanoğlunun, Miskin Vəli və Aşıq Musanın, Şair İvadın, Aşıq Teymurun, Əslioğlu Məhəmmədin, Şair Bağının, Aşıq Şaxəsənin, Aşıq Dursunun, Aşıq Cavanşirin… söylədikləri söyləmələr hələ də yaddaşlarda qalır. O söyləmələrin əksəriyyəti də dönə-dönə söylənirdi, ammas nə sirr idisə, sehrindən çıxmaq olmurdu, Aşıq Musaya qoşulub elbə el dolaşırdın, saz-söz adamlarıyla döş-döşə gəlirdin, həmişə də üstün gəlirdin… Ötən yüzilin 60-70-ci illərinəcən davam eləyən yeddigün-yeddigecəlik, üçgün-üçgecəlik Qaraçöp məclislərini bəzən uzaq ellərdən gəlmiş adlı-sanlı saz-söz ustaları aparsalar, klassik dastanlarımızı danışsalar da, mütləq o yığnaqlarda Qaraçöp söyləmələrinə yer verilirdi. Bu da yəqin, məclis-ədəb-ərkanı, yerli saz-söz adamlarına hörmət əlaməti idi. Həm də ağır dastanlardakı fasilələrdə, sanki nəfəslik rolunu oynayır, məclis əhlinin ovqatını dəyişirdi. Qaraçöp söyləmələri kiçik dastanları xatırladır, baş vermə məkanları, süjetləri, iştirakçıları, meydana çıxanları, üstün gələnləri, məğlub olanları var. Bununla yanaşı, o söyləmələrdə incə yumor da nəzərə çarpır, bu da təbii ki, məclis əhlinin əhvalını yaxşılaşdırmağa hesablanıb…

Asif Hacılı. Hörmətli Nəriman müəllim, Qaraçöp, Borçalı, Qarayazı, Baş keçid xalqımızın qədim məskənləri, zəngin türk mədəniyyətinin beşiyi olan ana yurdlarımızdır və bu yurdlar haqqında günlərlə danışsaq da bitməz.Hesab edirəm ki, bu söhbətimiz ərənlər yurdu Qaraçöp haqqında müəyyən təsəvvür yaradacaq, bu yurdumuza müvafiq dövlət orqanlarının, elm və mədəniyyət müəssisələrinin, ziyalılarımızın, alimlərimizin diqqətini vətənəin “qıraqda qalmış bu obalarına” yönəldəcək, əzəli yurdlarımızı şenləndirməyə müəyyən vəsilə olacaq. Dəvətimizi qəbul etdiyinizə və məzmunlu məılumata görə Sizə bir daha təşəkkür edirəm, yaradıcılığınızda yeni uğurlar arzulayıram.

Nəriman Əbdürrəhmanlı. Hörmətli Asif müəllim, tanınmış ictimai-siyasi xadim Elxan Süleymanova və Sizə bu mühüm Layihəyə görə təşəkkür edirəm, bu dəvətə görə ayrıca minnətdarlığımı bildirirəm.