Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Prezidenti Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə həyata keçirilən Borçalı söhbətləri layihəsində filologiya üzrə fəlsəfə doktoru, dosent, ADPU-nun kafedra müdiri Razim Məmmədovla növbəti söhbət “GÜRCÜSTANDA AZƏRBAYCAN DİLLİ MƏTBUAT ORQANLARININ NƏŞRİ TARİXİNƏ” həsr olunub.
Asif Hacılı. Mətbuat tarixçiliyimizdə yetərincə öyrənilməmiş “Al bayraq” qəzeti öz mahiyyəti ilə ideoloji bir mətbu orqan idi və həm dini-mənəvi, həm də milli-ideoloji missiya daşıyıcısı idi. Burada elan olunan siyasi, ictimai, fəlsəfi ideallar və şüarlar ümummilli əhəmiyyət daşıyır və xalqımızın gələcək təkamül yolunu işıqlandırırdı.
Razim Məmmədov. Bəli, Asif müəllim, qəzet Tiflisdəki “Müsəlman ictimaiyunları”nın orqanı kimi həftədə iki dəfə çıxmışdır. “Hürriyyət, Müsavat, Ədalət, Üxuvət” şüarını rəhbər tutan qəzetin əsas məqsədi Azərbaycanın istiqlaliyyəti, azadlığı uğrunda mübarizə olmuşdur. Onun bu məfkurə uğrunda apardığı ardıcıl mübarizəni qəzetin 1919-cu ildəki birinci nömrəsində dərc edilmiş “Sosialistlər və Azərbaycan istiqlalı” sərlövhəli məqaləsindən aydın hiss edirik: “…Azərbaycan istiqlalı də sosialistlərin ümumi prinsiplərindən doğan keyfiyyətdir. Buna görə biz, öz proqramımıza sadiq qalaraq Azərbaycan istiqlalını elan edir və onu var qüvvəmiz ilə müdafiə edirik. Bizim müdafiənin nə dərəcədə olduğunu başqa bir vaxta qoyub, şimdilik bunu deyəlim ki, bizim sosialistlərin qəvi imanları və qəvi hərəkətləri bu günkü parlamanımızın açılmasına, davam etməsinə və müstəqilliyi heyətin Avropaya getməsinə səbəb və bəlkə də yeganə səbəb olmuşdur. Tarix sözünü deyir. Biz isə bu gün bir tərəfdən Azərbaycan istıqlalını qəviləşməsi, möhkəmlənməsi yolunda çalışmaqlarla, o biri tərəfdən isə bu istiqlalımızı öz sinfi interesləri (maraqları – R.M) yolunda işlətmək və öz ağalıqlarını və istiqlalını bizim kəndli və əməlinin boynuna taxmaq istəyən xozeynlər ilə mübarizə etməkdən ibarət olacaqdır. Azərbaycan kəndli və əmələsi tam mənasilə müstəqil olmalı, həm xaricilərin boyunduruğundan, həm daxildəki “xozeyn”lərin əzabından qurtarmalıdır”. Nümunədən də göründüyü kimi “Al bayraq” qəzeti Azərbaycanı tam müstəqil dövlət kimi görmək istəmişdir. Xatırlatmaq istəyirik ki, bir il Tiflisdə nəşr olunan “Al bayraq” qəzeti 1919-cu ildən etibarən Bakıda çıxmışdı. Əhməd Cövdət (Peninov) və M.Məhərrəmov tərəfindən idarə edilən qəzetin ömrü Bakıda da uzun sürməmiş, bir neçə nömrədən sonra bağlanmışdır.
Asif Hacılı. Nəinki mətbuat, mədəniyyət, etnik kimlik, ümumən milli istiqlal mübarizəmizdə böyük rol oynamış Topçubaşov, Acalov, Eminov, Mursaqulov, Nemanzadə, Pepinov kimi yerli sülalələrin şəcərəsi, tarixi, həyat yolu, mübarizəsi, yeri gəlmişkən, öyrənilməli məsələlərdəndir.
Razim Məmmədli. Elədir, dediyiniz kimi, istiqlal dövrü mətbuatımız həm rəngarəng, həm milli məzmunlu oldu. Bu baxımdan, 1918-ci ildə Tiflisdə nəşrə başlayan və Azərbaycan xalqının səadəti və xoşbəxtliyi uğrunda ardıcıl mübarizə aparan mətbuat orqanı kimi “Gələcək” qəzetinin fəaliyyəti də diqqətəlayiqdir. Həftədə bir dəfə çıxan bu mətbuat orqanının nəşri tarixi haqqında “Yeni fikir” qəzetinin 8 may 1927-ci il tarixli nömrəsində oxuyuruq: “Tiflis türk sosial-demokrat “hümmət” firqəsinin nəşr əfkarı olan “Gələcək” qəzetəsi 1918-ci ilin iyun ayının 27-də çıxıb. Bu qəzetin baş məqalələrini çox vaxt Ağamalıoğlu yazırdı. “Molla Nəsrəddin”in müvəqqəti müdiri Əliqulu Nəcəfzadə də “Gələcək”də iştirak edirdi”. Müxtəlif səpgili yazılar çap edən qəzet dövrünün siyasi hadisələrinə də biganə qalmamış, onlara da öz münasibətini bildirmişdir. “Gələcək” qəzeti Cənubi Qafqazda hökm sürən hərc-mərcliyi və şovinizm siyasətini pisləmiş, bolşeviklərin yürütdüyü siyasəti isə qətiyyətlə lənətləmiş, onlara mənfi münasibət bəsləmişdir. S.Ağamalıoğlu və Ə.Şərifov (Şərif) tərəfindən redaktə olunan qəzet 1919-cu il aprelin birində fəaliyyətini dayandırmışdır. Onun cəmi 40 nömrəsi çıxmışdır. Xatırlatmaq istəyirik ki, həmin vaxtlar S.Ağamalıoğlu və Ə.Şərifin redaktəsi ilə Tiflisdə rus dilində “Probujdeniye” (“Oyanma” – A.H.) qəzeti də çıxmışdır. Hər iki qəzetin ideya istiqaməti eyni olmuşdur.
Asif Hacılı. Gürcüstanda dərc olunan ədəbi-mətbuat orqanlarından biri dəməcmuələr olmuşdur və bu ənənə sonralar geniş yayılmışdır. Bu haqda da, yəqin deməyə sözünün var.
Razim Məmmədli. Bəli, həmin dövrdə nəşr edilən mətbuat orqanlarından biri də “Vətən” məcmuəsidir. Gürcüstan Respublikası Milli Dövlət kitabxanasının nadir kitablar fondunda işləyərkən burada saxlanan azərbaycanca kitablar, jurnallar, məcmuələr arasında “Vətən” sərlövhəli dərgi diqqətimi cəlb etdi. Bu məcmuə haqqında ilk dəfə “Sovet Gürcüstanı” qəzetinin 2 sentyabr 1989-cu il tarixli nömrəsində ətraflı məlumat vermişdik. Burada da jurnalın bəzi məziyyətləri haqqında qısa məlumat verməyi zəruri hesab edirəm. Bəri başdan qeyd edək ki, “Vətən” məcmuəsi o vaxtlar Tiflis şəhərində fəaliyyət göstərən Müsəlman Milli Şurasının yanında yaradılmış İran və Qafqaz müsəlman gənclərinin maarifi cəmiyyətinin orqanı kimi nəşr edilmişdir. Əlimizin altında jurnalın iki nömrəsi var – 1920-ci il dekabrın 5-də çap edilmiş birinci və 1921-ci ilin əvvəllərində çıxmış ikinci nömrə. Birinci nömrə on iki səhifədən, ikinci nömrə isə səkkiz səhifədən ibarətdir. İki həftədə bir dəfə çıxması nəzərdə tutulan məcmuənin ikinci nömrəsində verilən xəbərdən aydın olur ki, qarşıya çıxan müəyyən çətinliklərlə əlaqədar jurnal ayda bir dəfə nəşr olunacaqdır: “Müsəlman Milli Şurasının təşəbbüsü ilə başlanan Ümumtürk xalq qəzetəsi xatirinə “Vətən” məcmüəsi ayda bir dəfə nəşr olunacaq. Fəqət mətbəə işçisi olmadığımdan şimdilik iki həftədə bir əvəzinə ayda bir dəfə çıxır”. Mündəricəyə nəzər salsaq görərik ki, məcmuə Gürcüstanda yaşayan azərbaycanlı əhali arasında milli mədəniyyəti və maarifi yaymağa çalışmışdır: “Məsləkimiz maarifdən başqa şey deyil? Qüsurlarımızı düzəltmək üçün əsas vasitə elmdir” – bu sözlər “Vətən”in proqramını müəyyənləşdirmişdir. Elə ilk nömrədə məcmuə oxuculara üz tutaraq yazırdı: “Yazılmış məqalələr aydın və səlis türkcədə olmalıdır”. Məcmuənin öz dili də beləcə sadə, aydın və səlisdir. “Vətən” ziyalılara müraciətlə yazırdı: “Bu qədər qeyrilərə möhtac ola-ola nə üçün elmə rəqabət bəsləmək, nə üçün milli dilimiz türkcəni bilməyək. Və nə üçün qonşularımızın dili bilməyək, onların işlərindən xəbərimiz olmasın? Şərqdə oxumuş alimlərimizin əsərlərini oxumayaq, nəşr etməyək”. Etiraf etmək lazımdır ki, bu suallar indi də aktuallığını saxlamaqdadır. 1920-1921-ci illərdə baş verən ictimai-siyasi vəziyyətlə əlaqədar olaraq “Vətən” məcmuəsi cəmi iki nömrədən sonra nəşrini dayandırmışdır.
Asif Hacılı. Bütün bu faktlar, yeni mətbuat orqanlarının mövcudluğu, az bir müddətdə mündəricəli fəaliyyəti göstərir ki, xalqlarımızın münasibəti, kənardan müdaxilə olmadıqda, ahəngdar, əməkdaşlıq, dostluq münasibəti ola bilər. Lakin sovet hakimiyyətinin gəlişi ilə mətbuat orqanlarının sayı artsa da, bu orqanlar sovet ideologiyasına uyğunlaşdırıldı. Milli mündəricə zəiflədi.
Razim Məmmədli. Gürcüstanda sovet hakimiyyəti qurulduqdan sonra burada Azərbaycan dilində “Kommunist” adlı qəzet buraxılması planlaşdırılır. Həftədə üç dəfə nəşr edilməsi nəzərdə tutulan bu qəzetin redaksiya heyətinin tərkibinə Tiflisdə yaşayan maarifpərvər ziyalılar və təcrübəli jurnalistlərdən Əlizadə, Məmmədəli Nasir və Abbasov daxil edilmişlər. Sonralar isə qəzeti M.Nasir və M.D.Rəsulzadə redaktə etmişlər. Respublikada baş verən ictimai-siyasi hadisələrin işıqlandırılmasına geniş yer verən qəzetin cəmi 19 nömrəsi işıq üzü görmüşdür.
Asif Hacılı. Belə ideoloji adına baxmayaraq, azərbaycandilli “Kommunist” adlı bu qəzet də bağlanır.Bu fakt bolşeviklərin antiturk və antiislam mahiyyətini bir daha aşkarlayır. Yəni türkdilli qəzeti saxlamaqdansa, onu bağlamaq daha səmərəli hesab edilir. Bundan sonra çıxan qəzetlər qismən məhdud səciyyə daşıyır. Lakin türk-müsəlman toplumunu kommunist ideologiyasına çəkmək üçün müəyyən mətbu orqanların mövcudluğu zəruri idi və bolşeviklər də bunu yaxşı anlayırdılar.
Razim Məmmədov. Bəli, “Kommunist” qəzeti bağlandıqdan sonra Gürcüstanda yeni Azərbaycan dilli mətbuat orqanının nəşri günün tələbi kimi ortaya çıxmışdı. Odur ki, Gürcüstanda yaşayan və məsul vəzifələrdə çalışan azərbaycanlıların ciddi səyi və tələbi nəticəsində belə bir qəzetin nəşrinə icazə verildi. Bu, 1922-ci il fevralın 18-dən nəşrə başlayan “Yeni fikir” qəzeti idi. Qəzetin nəşri ilə bağlı o vaxtlar Tiflisdə yaşayan Ə.Müsavədinin “Yeni fikir”in intişara başlaması” sərlövhəli məqaləsində ətraflı söhbət açılmışdı. Qəzetin yaranma və nəşri tarixi haqqında məlumat verən müəllif yazırdı: “Gürcüstan Kommunist firqəsinin nəşr əfkarı olaraq birinci ayda həftədə bir və ya iki nüsxədən ibarət olmaq üzrə dörd sütunlu, dörd səhifəlik türkcə bir qəzetə nəşrinə Həsən Səbri, Hüseyn Səmih və Əbdürrəhman Müsəvədi yoldaşlardan mürəkkəb “heyət təhririlə” təşkili, katib, tərcüman idarə məmuru və s. yeddi kişilik bir heyət idarə kadrosu və büdcəsi təsdiq edilmişdir. Qəzetin ilk nömrəsi 18 qanun (fevral) sayı 1922-ci il tarixində buraxıldı”.
Asif Hacılı. Hətta Kommunist firqəsinin nəşri olan bu qəzetin də ömrü çox olmadı.
Razim Məmmədov. Təəssüflə qeyd etmək lazımdır ki, bu qəzetin də fəaliyyəti çox uzun sürməmişdir. Cəmi üç aydan sonra Gürcüstan hökumətinin qəzetə yardım etməməsi və işə məsuliyyətsiz münasibət nəticəsində “Yeni fikir” qəzeti öz nəşrini dayandırmışdı. Azərbaycan xalqının böyük oğlu Nəriman Nərimanovun 1922-ci ildə Tiflisdə olması “Yeni fikir” qəzetinin yenidən nəşrini sürətləndirir. Məhz, N.Nərimanovun “məsləhəti ilə Tiflisdə yaşayan azərbaycanlı ziyalılardan Ələkbər Qərib, Əziz Şərif, Əli Yazıçı, Rzaqulu Nəcəfov, Ömər Faiq qəzetin işinə cəlb edildilər. N.Nərimanov qəzet üçün şrift və dəzgahlar gətirilməsinə yardım etdi”.
Asif Hacılı. Nəriman Nərimanovun milli ruhlu fəaliyyətinə, dövlət xadimi kimi müstəsna xidmətlərinə ictimaiyyət nə vaxtsa layiqli qiymət verəcək.
Razim Məmmədov. Nəriman Nərimanovun yaxından iştirakı və köməkliyi nəticəsində “Yeni fikir” qəzeti 1922-ci ilin avqust ayında yenidən nəşrə başlamışdı. Xatırladaq ki, qəzet müntəzəm olaraq həftədə iki, bəzən isə həftədə üç dəfə çıxmışdı. “Yeni fikir” qəzeti nəşrə başladığı ilk aylarda onu bacarıqlı ictimai xadim, istedadlı jurnalist Həsən Əbdülzadə (Səbri) redaktə etmişdir. Onun redaktorluğu ilə qəzetin cəmi 58 nömrəsi çıxmışdır. Yeri düşmüşkən xatırladaq ki, keçən əsrin 20-ci illərin əvvəllərində də Batumda da Azərbaycan dilində qəzetlər buraxılmışdır. Acarıstanda buraxılan azərbaycandilli mətbuatın nəşri haqqında “Yeni fikir” qəzetində oxuyuruq: “1921-ci ildə Nikolay zamanından bəri işçi qəzetinə möhtac olan muxtar Acarıstan cümhuriyyəti də “İştirak” adı ilə qəzet çıxarmağa başladı. “Yeni gün”, “İştirak” və ən nəhayət “Yeni həyat” adı ilə davam edən gündəlik qəzetin intişarı yenə davam etməkdədir”.
Asif Hacılı. Vacib məsələyə toxundunuz. Türkdilli mətbuat yalnız Tiflisdə deyil, Gürcüstanın başqa yerlərində də dərc olunub. Gürcüstanda XIX əsrin ilk onilliklərindən türkcə çıxan «Tiflis əxbarı» (1842), «Ziya» (1879-1880), «Ziyayi Qafqaziyyə» (1880-1884), «Kəşkül» (1883) jurnalı, «Kəşkül» qəzeti (1884-1891), «Şərqi Rus» (1903-1905), «Molla Nəsrəddin» (1906-1918), Gürcüstanın müstəqilliyi dövründə çıxan «Gələcək», «Al bayraq», «Vətən», «Yeni dünya» kimi mətbuat orqanlarından sonra sovet dövründə «Kommunist» (1921), «Yeni fikir» (1922-1927), «Yeni kənd» (1927-1938), «İşıqlı yol» (1924), «Dan ulduzu» (1926-1931), «Şərq kolxozçusu» (1931), «Qızıl Şəfəq» (1926-1930), «Yeni qüvvə» (1930-1939) nəşr olunur, eləcə də Adıgündə «Adıgün kolxozçusu» (1931), «Qızıl rəncbər» (1933), Ahıskada «Kommunist» (1930), Aspindzada «Bağban» (1933), «Sosializm kəndi» (1940) kimi mətbuat orqanları türklərin ictimai həyatında mütərəqqi rol oynayır. Nəzərə alaq ki, bütün bu ərazilərdəki qəzetlər də əsasən azərbaycanlı ədiblər, jurnalistlər tərəfindən və o dövrdə hətta gürcülərin də yaxşı anladığı Azərbaycan türkcəsində nəşr olunur, tək jurnalistikanın deyil, ədəbiyyatın, publisistikanın, ana dilinin, təhsilin, teatrın, ümumən mədəniyyətin inkişafına müsbət təsir göstərirdi.
Razim Məmmədov. Elədir, “Yeni fikir” qəzetinin 11 aprel 1923-cü il tarixli nömrəsində dərc olunmuş bir yazıda oxuyuruq ki, Acarıstanda 1920-ci ilə qədər də Azərbaycan dilində bir neçə qəzet işıq üzü görmüşdür. Burada nəşr olunan qəzetlərdən “Sədai millət”, “İslam Gürcüstanı” (xatırladaq ki, bu qəzet yarı Azərbaycan, yarı gürcü dilində çap olunmuşdur). Adlarını çəkdiyimiz qəzetlərdən birincisi Acarıstan Milli Şurasının orqanı olmuş, ikincisi isə Abaşidzelərin (xüsusilə Məmməd bəy Abaşidzenin, onun türk təxəllüsü Sancaqbəyzadə olmuşdur) vəsaiti ilə çıxmışdı. Ölkə qəzeti kimi nəşr olunması nəzərdə tutulan “Yeni fikir” qəzetinin ilk nömrəsi isə 1923-cü ilin yanvar ayının 15-də işıq üzü görmüşdür. Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin və Zaqafqaziya Xalq Komissarları Şurasının orqanı kimi nəşr olunan bu gündəlik qəzetin tirajı qısa müddət ərzində xeyli artmışdır. Əldə edilən sənədlərdən bəlli olur ki, “qəzetin ilk vaxtlar tirajı 190-200 min nüsxədən çox olmuşdur. Qəzetin dörd min nüsxəsi fərdi və kollektiv abunəçilərə göndərilir, qalan nüsxələr isə həmkarlar təşkilatlarının vasitəsi ilə zəhmətkeşlərə pulsuz paylanırdı”.
Asif Hacılı. Qəzetin uğuruna istedadlı redaktorunun – yazıçı, jurnalist Böyükağa Talıblının böyük rolu olmuşdur. Mülayimləşmə dövründə, xüsusən, keçən əsrin 60-cı illərində Gürcüstanda Azərbaycan ədəbiyyatının mühüm mövcudluq forması olan ədəbi dərnəklərin fəaliyyəti bərpa olundu, bir sıra yeniləri yarandı. Əslində bu dərnəklərin tarixi çox qədimdir, klassik mərhələni saymasaq, yeni dövrdə keçən əsrin əvvəllərindən ədəbi dərnəklər fəaliyyətə başlayıb. Gürcüstanda Azərbaycan dilli mətbuatın və ədəbiyyatın inkişafında ayrı-ayrı ədəbi dərnəklərin və ədəbi dərgilərin böyük rolu olmuşdur. Müəyyən mənada ədəbi dərnək və mətbuat müştərək inkişaf etmişlər. Hələ 1923-cü ildə “Yeni fikir” qəzetinin mətbəəsində “Əşar məcmuəsi” adlı almanax işıq üzü görmüş və elə həmin il Böyükağa Talıblının təşəbbüsü ilə Tiflisdə N.Nərimanov adına fəhlə klubunda “Ədəbiyyat dərnəyi” təşkil olunmuş və bir az sonra həmin dərnək Gürcüstan Yazıçılar İttifaqının nəzdində Azərbaycan Türk Bölməsinə çevrilmiş, 1926-1931-ci illərdə “Dan ulduzu” adlı aylıq ictimai-ədəbi və bədii jurnal, 1927-ci ildə “Qığılcım” adlı ədəbi-bədii almanax işıq üzü görmüşdür. Bölmənin 30-40-cı illərdə 22 nəfər üzvü olmuşdur. “Qığılcım” Azərbaycan dilində çap olunmuş ədəbi-bədii almanaxlar arasında ilk ədəbi məcmuədir və burada Azərbaycandan olan ədiblərin, o cümlədən Səməd Vurğunun və Rəsul Rzanın “R.Göyçaylı” imzasıyla əsərləri dərc olunmuşdur.
Razim Məmmədov. Gündəlik qəzet kimi nəşrə başlayan “Yeni fikir”in ilk nömrədən redaktorluğu yazıçı və jurnalist Böyükağa Talıblıya tapşırılmışdır. Qəzetin nüfuzunun artmasında və geniş yayılmasında B.Talıblının böyük xidmətləri olmuşdur. Təəssüflə qeyd edilməlidir ki, bədii yaradıcılığı az-çox araşdırılan B.Talıblının “Yeni fikir” qəzetindəki fəaliyyəti, ümumiyyətlə, jurnalistik fəaliyyəti demək olar ki, öyrənilməmiş, hər cür tədqiqatdan kənarda qalmışdır. Halbuki, onun dil ədəbiyyat və mədəniyyətlə bağlı bir sıra məqalələri indi də öz aktuallığını saxlamaqdadır. 1924-cü ildə B.Talıblı Tiflisdən getdikdən sonra qəzetin redaktorluğunu Zaqafqaziya Maliyyə Komissarı Mirzə Davud Hüseynova tapşırılmışdı. Maraqlıdır ki, Azərbaycan xalqına böyük mənəvi və fiziki zərbə vurmuş bu şəxs jurnalistika peşəsinə məsuliyyətlə yanaşmış, mümkün qədər qəzetin səviyyəsinin aşağı düşməməsinə çalışmışdı. Ümumiyyətlə, bu qəzetin nümunəvi mətbuat orqanına çevrilməsində onun “ilk əməkdaşları” Həsən Səbri, Böyükağa Talıblı, M.D.Hüseynov, Rzaqulu Nəcəfov (redaktorları), Ələkbər Qərib, Cabbar Cabbarov, Əli Yazıçı, Ömər Faiq, Saleh Zəki, Hüseyn Səmih, Əziz Şərif, Ələkbər Seyfi və başqalarının böyük xidmətləri və əməyi olmuşdur.
Asif Hacılı. Yanılmıramsa, türkdilli yerli qəzetlər rəsmi sovet orqanları tərəfindən dərc olunsalar da, türk mədəniyyətinə, teatrına, təhsilə, ədəbiyyata da diqqət yetirirdi. Onların ətrafında müəyyən ədəbi mühit də formalaşır və həm də çap işi, mətbəəçilik də intişar tapırdı.
Razim Məmmədov. Tamamilə doğrudur.Elə haqqında danışdığımız “Yeni fikir”in əməkdaşlarının ciddi səyi nəticəsində qəzetin tipoqrafiyasında bir sıra kitabçalar və risalələr də nəşr olunurdu. Qəzet öz mətbəəsində çap etdirdiyi “Əşar məcmüəsi”, “Hekayələr kitabçası”, “Cib təqvimi” və s. kitabçaları maarif orqanlarına, istehsalat müəssisələrinə, oxucu və müxbirlərinə pulsuz paylamışdır. “Yeni fikir” qəzeti öz tarixi rolunu yerinə yetirdikdən sonra bağlanmışdı. Onun son 1398-ci nömrəsi 1927-ci il may ayının 31-də buraxılmışdır. “Yeni fikir” qəzetinin nəşri dayandırıldıqdan bir ay sonra 1927-ci il iyul ayının 30-da Tiflisdə Azərbaycan dilində “Yeni kənd” qəzetinin nəşrinə başlamışdı. 1939-cu ildə “Yeni kənd” qəzetinin adı dəyişdirilərək “Sovet Gürcüstanı” olmuşdur. “Sovet Gürcüstanı” qəzeti “Yeni kənd”in ənənələrini müvəffəqiyyətlə davam etdirmiş, səhifələrində ədəbi və bədii yazıların nəşrinə də geniş yer ayırmışdır.
Asif Hacılı. Təəssüf ki, bu şanlı qəzetin də yolu rəvan olmamışdır.
Razim Məmmədov. Keçən əsrin 40-cı illərində İkinci Dünya Müharibəsinin başlaması Gürcüstanda yaşayan azərbaycanlıların həyatına mənfi təsir göstərmiş, soydaşlarımızın yaşadığı bölgələrdə, xüsusilə də Tiflis şəhərində Azərbaycan ədəbi-ictimai mühiti zəifləməyə başlamışdı. Bunun da məntiqi nəticəsi olaraq “Sovet Gürcüstanı” qəzeti öz fəaliyyətini dayandırmışdı. Lakin müharibə başa çatdıqdan sonra 1956-cı ildə Tiflisdə rus dilində nəşrə başlayan “Zarya Vostoka” qəzetinin azərbaycanca tərcüməsi işıq üzü görməyə başladı. 1956-1958-ci illərdə “Şərqin şəfəqi” adı ilə buraxılan bu qəzet həftədə beş dəfə çıxırdı. Qəzetin Azərbaycan variantının müdiri Murtuz Muradov olmuşdur. 1960-cı ilin avqust ayının 2-də “Sovet Gürcüstanı” qəzeti yenidən fəaliyyətə başlayır. Qəzet 1984-cü il may ayının birindən həftədə üç dəfə bir çap vərəqi həcmində buraxılmışdır. Sonralar onun həcmi böyüyərək iki çap vərəqi həcmində olmuşdur.