“Hədiyyə karvanı” Şəhid və qazi övladlarını sevindirmək üçün növbəti dəfə Azərbaycandadır

Metyu Brayza: “Azərbaycanla sərhəddə təxribatlar Ermənistanın müharibədəki məğlubiyyəti qəbul etməməsi ilə bağlıdır”
Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimi olub
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə mətbuata bəyanatda səsləndirdiyi fikirlər bu ölkənin mediasında geniş işıqlandırılıb

Möhtəşəm layihə Tovuzdan başladı, yüzlərlə şəhid və qazi övladı sevindi.

Musavat.com xəbər verir ki, Türkiyə Uşaq Oyunları Federasiyasının başqanı, Türkiyənin nüfuzlu iş adamı Mehmet Mutlunun həyata keçirdiyi “Hədiyyə karvanı” növbəti dəfə Azərbaycandadır.

Tovuzdan başlayan xeyirxah layihə Uşaqların Beynəlxalq Müdafiəsi Günündə şəhid və qazi övladlarının böyük sevincinə səbəb olub.

Mərasimdə açılış nitqi ilə çıxış edən Tovuz rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov Türkiyədən gələn qonaqları və tədbir iştirakçılarını salamlayıb. İcra başçısı layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Layihənin baş tutmasında əsas pay sahibi olan Mehmet Mutlu çıxışını Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın və türk xalqının salamı ilə başlayıb.

Görüşün və layihənin önəmindən danışan Mehmet Mutlu Azərbaycan xalqı ilə birlikdə olmağın xoşbəxtliyini yaşadığını deyib: “Belə anlamlı bir gündə sizinlə birlikdə olmaq çox gözəldir. Amma burada savaşın yaralarını, acılarını sarmaq üçün yox, xoşbəxt günləri bölüşmək üçün toplaşmağı istərdik.

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda şəhid olan bütün qardaşlarımızın ruhu şad olsun. Onların ailələrinə səbir diləyirəm. Bizlər hər zaman Azərbaycanımızın yanında olduq, bundan sonra da belə olacaq”.

M.Mutlu qeyd edib ki, layihəni həyata keçirməkdə məqsədləri müharibədə şəhid, qazi olan qəhrəman övladların ailələrini ziyarət etmək, az da olsa onların yaralarına məlhəm olmaqdır: “Azərbaycanda olduğumuz müddətdə 16 şəhər və rayonda bu layihəni davam etdirəcək, prezidentimiz Rəcəb Tayyib Ərdoğan və bizim baş sağlığımızı, dəstəklərimizi şəhid və qazi ailələrinə çatdıracağıq”.

Türkiyədən gələn qonaqlar arasında olan İstanbul Universitetinin rektor yardımçısı, professor İlyas Topsakal isə çıxışında iyunda, uşaqların ən xoşbəxt günlərindən birində Tovuzda olmaqdan məmnunluğunu ifadə edib:

“Şəhidlərimizin, qazilərimizin övladlarına ən gözəl günləri arzu edirəm. Xoşbəxt yaşasınlar, dünyanı gözəlləşdirsinlər”.

İlyas Topsakal Azərbaycanın türk dünyasındakı önəmini diqqətə çatdırıb. Əlavə edib ki, iki qardaş ölkənin prezidentləri arasında olan dostluq bu gün də öz töhfəsini verir: “Bunun nəticəsini Ermənistan üzərində olan haqlı qələbədə də gördük”.

Türkiyə Ticarət Universiteti Öyrətim üzvü, 22 və 26-cı dönəmlərdə Ak Partidən millət vəkili olmuş, professor Mustafa Ilıcalı isə çıxışında Azərbaycanı daim qardaş ölkə bildiklərini, hər zaman yanından olduqlarını dilə gətirib:

“Bu gözəl və anlamlı bir gündə sizinlə olmaq çox gözəldir. Daim qardaş ölkə Azərbaycanın haqlı savaşında yanındayıq. Buradan Ermənistanın atdığı addımları, törətdiyi terroru dəstəkləyənləri, buna haqq qazandıranları şiddətli qınayıram.

Haqlı davamızda Azərbaycan və Türkiyə birlikdə böyük mübarizə apardı. Mən də bir ərzurumlu olaraq keçmişdə olanları, ermənilərin törətdiklərini yaxşı bilirəm. Bunlar siyasi məsələ deyil, tarixi məsələlərdir. Dəyərli prezidentimiz Rəcəb Tayyib Ərdoğan da çıxışında deyir ki, bu işi tarixçilərə həvalə edirik. Edirik ki, ədaləti ortaya çıxarsınlar”.

Mustafa Ilıcalı belə bir anlamlı gündə Azərbaycanda olmaqdan, belə bir xeyirli işdə yer almaqdan məmnun olduğunu deyib: “Burada olduğumuz müddətdə ancaq qardaşlıq gördük. Biz iki dövlət bir millətik. İnşallah iki dövlətimizin də başqanları birlikdə burada olan şəhid və qazi övladlarımızın gələcəyi üçün daha böyük addımlar atacaq. Birliyimiz, bərabərliyimiz bundan sonra daha da möhkəmlənəcək. Daima birlikdə daha güclü olacağıq”.

II Qarabağ müharibəsi zamanı öz canından, qanından keçən bütün şəhid qardaşlarımıza Allahdan rəhmət, qazilərə isə şəfa arzulayan tədbirin daha bir iştirakçısı, Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk də “Hədiyyə karvanı”nın Azərbaycandan keçməsindən məmnunluğunu ifadə edib:

“İndiyədək hədiyyə karvanımız Türkiyədə bir çox uşaqlarımızla görüşüb. İndi isə burada, qardaş ölkə Azərbaycanımızın balalarını sevindirmək üçün bir araya gəldik. Yolumuza Tovuzdan başladıq. Digər şəhər və rayonlara da yollanacağıq. Bu cür aksiyalar həm çox təqdirəlayiqdir, həm də qürurvericidir. Bu vəsilə ilə şəhidlərimizin, qazilərimizin də uşaqlarını sevindirmiş oluruq. Çünki onlar bizim üçün öz canlarından keçib, Qarabağımızı bizə geri qaytarıblar. Torpaq uğrunda ölən varsa, Vətəndir. Biz bir millət, iki dövlət olaraq hər zaman çiyin-çiyinə olmuşuq. Bu gün də qardaşlığımızı, gücümüzü Azərbaycan uşaqları üçün birləşdirdik”.

Tədbirdə Tovuzun rayonunun deputatı Arzu Nağıyev də çıxış edib. Millət vəkili vurğulayıb ki, belə əlamətdar gündə bütün təbriklər, xoş sözlər şəhid və qazi övladlarına ünvanlanmalıdır.

“Bu günün əsas qəhrəmanları şəhidliyi şərəf sayan qəhrəmanlarımızın övladlarıdır. Bu gün şəhid və qazi övladlarının bayramıdır. Biz bu günlərimizi onlara borcluyuq. Layihənin təşkilatçılarına, Mehmet Mutlu bəyə də dərin təşəkkürümü bildirirəm.

Tovuz Ermənistanla 69 kilometr həmsərhəddir. 1988-ci ildən bu günə qədər bu xalq, bu camaat qəhrəmanlıq göstərib. Vətən müharibəsində əldə olunan qələbə də məhz Tovuzdan başladı. Qaraqaya yüksəkliyindən başlayan hadisələr Qarabağda qələbə ilə başa çatdı. Bu gün burada- qələbənin başladığı rayonda sizləri görmək, hər zaman bizim yanımızda olan Türkiyəni, qardaş ölkədən gələn qonaqları görmək çox xoşdur”.

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu da layihənin media dəstəkçisi ev sahibi kimi qonaqları salamlayıb. Rauf Arifoğlu “Hədiyyə karavanı”nın növbəti dəfə Azərbaycana gəlməsindən məmnun olduğunu və bu layihənin icrasında pay sahibi olmaqdan böyük qürur duyduğunu dilə gətirib.

YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov da qonaqları salamlayıb və Türkiyənin bu dəstəyini yüksək qiymətləndirib.

Tədbirdə diqqət çəkən iki əsas məqamı qeyd edək. “ASAN” xidmətin mətbuat katibi Elnur Niftəliyev tədbir təşkilatçıları adından bəyan etdi ki, bu tədbirdə Şəhid və Qazi övladları öndə, əsas sıralarda oturacaq. Protokol heyəti bu dəfə onlardır.

Daha bir detal isə, tədbirin sonunda Şəhid övladlarının öz atalarına həsr olunmuş şeirləri oxumaları oldu. Bu səhnələr hər kəsi duyğulandırdı, hətta bəzilərini də ağlatdı.

Sonda mərasimdə iştirak edən şəhid və qazi övladlarına hədiyyələr paylanıb, xatirə şəkilləri çəkdirildi.

Qeyd edək ki, “Hədiyyə karvanı”nın növbəti dayanacağı Ağstafa rayonu olacaq.

Yeni Müsavat