Həştərxanda Azərbaycan Ticarət Evi açılacaq

C.Ə.Bayramovun Azərbaycan Respublikasının Xarici İşlər naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub 
Bakıda Azərbaycan, Gürcüstan, İran və Türkiyə xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçirilib

Gələn il Həştərxanda Azərbaycan Ticarət Evi açılacaq.

AZƏRTAC Rusiya Federasiyasının Həştərxan vilayəti qubernatoru administrasiyasının saytına istinadla xəbər verir ki, bu barədə məlumat Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin iştirakı ilə vilayət Turizm Şurasının iclasında elan edilib.

Ticarət Evinin binası Həştərxanda bu il may ayında açılmış Azərbaycan İşgüzar Mərkəzinin yanında yerləşəcək. İşgüzar Mərkəzin bəzəyinə çevrilmiş geniş sərgi zonasında Azərbaycanın 30-dan çox şirkətinin malları nümayiş etdirilir. Lakin bir var bu mallara baxmaq, bir də var onları almaq. Azərbaycan İşgüzar Mərkəzinin direktoru Regina Fayzulayeva deyib: “Bizim yeni binanın yanından maşınla keçənlərin çoxu burada maşını saxlayır, İşgüzar Mərkəzə daxil olur. Onların ilk sualı belədir: “Bütün bunları nə vaxt almaq mümkün olacaq?”. Həştərxan sakinlərini narşərab, müxtəlif konyaklar, təbii kompotlar, tekstil və kosmetika malları daha çox maraqlandırır. Ona görə də Azərbaycan İşgüzar Mərkəzinin rəhbərliyi bu mərkəzin yanında ticarət evi tikilməsini qərara alıb”.

Regina Fayzulayeva daha sonra deyib: “Tikinti sənədlərinin hazırlanması işləri sürətlə davam edir. Torpaq sahəsi artıq bizimkidir. Bu, kiçik mağaza olmayacaq, burada həm topdansatış, həm də pərakəndə satış əməliyyatları aparılması nəzərdə tutulur. Ona görə anbar binaları da olan böyük sahə lazımdır”.

Qubernator Aleksandr Jilkin qeyd edib ki, Azərbaycan məhsulları həm Həştərxan sakinləri, həm də turistlər üçün cəlbedici olacaq. O deyib: “Azərbaycanın maraqlı malları çoxdur, məsələn qurudulmuş xurma çox dadlı və təbii məhsuldur”.

Xatırladaq ki, Azərbaycan Ticarət Evinin qapıları artıq gələn il müştərilərin üzünə açılacaq.