Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin wap portalı fəaliyyətə başlayıb

ATƏT PA-nın müşahidə missiyasının rəhbəri: “Seçicilərin aktivliyindən məmnunuq”
Bolqarıstanlı müşahidəçi: Azərbaycanda prezident seçkiləri ölkənin demokratik inkişafının göstəricisidir
AVCİYA Şirvan və Sabirabadda seminarlara start verdi

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği 2004-cü il may ayının 10-da – ümummilli liderimizin ad günündə yaradılmış Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin (www.aliyevheritage.org) əsas fəaliyyət istiqamətidir.
Mərkəzin portalı vasitəsilə ulu öndər Heydər Əliyevin zəngin irsi – çıxışları, bəyanatları, məktubları və görüşlərinin mətnləri 35 dildə dünya oxucularına çatdırılır.
Mərkəzin fəaliyyətinin mühüm istiqamətlərindən biri kitab nəşridir. Mərkəzin nəşriyyat qrupu tərəfindən müxtəlif dillərdə kitablar, broşürlər və bukletlər nəşr olunur.
Ötən dövr ərzində Mərkəz tərəfindən nəşr etdirilmiş “Heydər Əliyev: Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik” (Azərbaycan, ingilis, fransız və rus dillərində), “Azərbaycan İslam Konfransı Təşkilatı sıralarında” (Azərbaycan, ingilis, fransız və ərəb dillərində), “Azərbaycan-NATO: tərəfdaşlıqdan başlanan yol” (Azərbaycan, ingilis və fransız dillərində), “Sabaha doğru” (Azərbaycan, ingilis və rus dillərində), “Azərbaycan bayrağı İst-river sahilində” (Azərbaycan və ingilis dillərində tam mətn, Çin, ərəb, fransız, ispan və rus dillərində məğzi), “Azərbaycan qadını naminə” (Azərbaycan, ingilis və rus dillərində) adlı kitablarımız ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb və geniş rezonansa səbəb olmuşdur.
wap.aliyevheritage.com ünvanında Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin wap portalının fəaliyyətə başlaması isə işimizin yeni bir sahəsidir.
WAP saytın əsas üstünlüyü ondan ibarətdir ki, belə saytlara daxil olmaq istəyən istifadəçilərin əlavə qurğuların (kompüter, modem) köməyinə ehtiyacı qalmır. GSM standartlı bütün müasir mobil telefonlardan WAP sayta daxil olmaq mümkündür.
Mərkəzimizin wap portalının yaradılmasında da bu amillər əsas rol oynamışdır. wap.aliyevheritage.com saytının yaradılması ilə oxucularımız mobil telefonlar vasitəsilə Azərbaycan xalqının ümummilli liderinin əsərləri barədə məlumat almaq imkanına malik olacaqlar.
İlkin mərhələdə sayt Azərbaycan, ingilis, rus, alman və türk dillərində olacaq. Sonrakı mərhələdə isə əlavə dil versiyaları yaradılacaqdır.
Wap portal yaradılanda web portaldakı prinsiplər saxlanılıb. Yəni sənədlər bölümlər üzrə yerləşdirilir, bu bölümlər isə alt-bölümlərə ayrılır.

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin mətbuat xidməti