Mayın 13-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2018”ə start verilib.
AZƏRTAC xəbər verir ki, marafonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak edirlər.
“Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonu ardıcıl üçüncü ildir təşkil olunur. Builki marafonda iştirak üçün 18 000-dək şəxs qeydiyyatdan keçib.
Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometr məsafəni əhatə edəcək və Bakı Olimpiya Stadionunda başa çatacaq.
Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi ilə təşkil olunur.
Bakı marafonunda Azərbaycanın regionlarının – Gəncə, Sumqayıt, Mingəçevir, Quba, Qusar, Lənkəran, Astara, Naxçıvan, Qəbələ, Şamaxı, Zaqatala, Şəki, Oğuz və digər bölgələrin sakinləri də iştirak edirlər.
Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, İtaliya, Fransa, Rusiya, Türkiyə, İran, Gürcüstan, Ukrayna, Belarus, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İraq, ABŞ, Çin, Malayziya, Hindistan, Yaponiya, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Kolumbiya, Litva, Latviya, Almaniya, Çex Respublikası və digər ölkələrin təmsilçiləri qoşulublar.
Marafonda İtaliya, Rusiya, Türkiyə, Çin, Malayziya, Hindistan, Yaponiya, Özbəkistan, Türkmənistan, Kolumbiya, BƏƏ, Litva və Latviyanın Azərbaycandakı səfirliklərinin nümayəndələri də iştirak edirlər.
“Bakı Marafonu 2018”in qalibləri iki kateqoriya üzrə müəyyən olunacaq. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaqlar.
“Bakı Marafonu 2018”də toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.