“Heydər Əliyev. Təltiflər” adlı miniatür kitabın təqdimat mərasimi keçirilib

Azərbaycanda mayın 1-dən maska tələbi ləğv edilir
Azərbaycanda Vergi Ombudsmanı institutu fəaliyyətə başlayır
Bütün təhsil səviyyələri üzrə təqaüdün miqdarı artırılıb

Mayın 4-də Miniatür Kitab Muzeyində “Heydər Əliyev. Təltiflər” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən muzeyin təsisçisi və yaradıcısı, Əməkdar Mədəniyyət İşçisi Zərifə Salahova təqdimatı keçirilən kitabın ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə nəşr olunduğunu bildirib. Miniatür Kitab Muzeyinin yaradılmasında Ulu Öndərin dəstəyini vurğulayan Zərifə Salahova deyib: “Ümummilli lider Heydər Əliyevin andiçmə mərasimində söylədiyi nitq miniatür kitab kimi nəşr edildikdən sonra onun 1995-ci il iyunun 3-də Milli Kitabxanada təqdimat mərasimi keçirildi. Tədbirdə kolleksiyamdan 2000 miniatür kitabın sərgisini təşkil etmişdim. Heydər Əliyev sərgiyə baxarkən dedi: “Zərifə, bu kitabların hamısı sənindir?” Dedim ki, bəli, amma hamısı deyil, burada 2000 kitab düzmüşük, kolleksiyamda isə 4000 kitab var. Sərgidə Erix Honekkerin 10 cilddən ibarət kitabı da var idi. O zaman artıq Almaniya Demokratik Respublikası yox idi. Bildirdim ki, cənab Prezident, bu gün Almaniya Demokratik Respublikası yoxdur, amma kitablar indiyədək qalıb. Ulu Öndər mənə baxdı və dedi: “Bəli, kitablar qalır”.

Zərifə Salahova qeyd edib ki, Ulu Öndər Miniatür Kitab Muzeyinin respublika üçün əhəmiyyətini uzaqgörənliklə nəzərə alıb. Muzeyin kolleksiyasından 2913 kitabın “Ginnesin Rekordlar Kitabı”na salınması bu uzaqgörənliyi təsdiqləyir. 1995-ci ildən bəri Heydər Əliyevlə bağlı 36 miniatür kitab nəşr etdirilib. Təqdimatı keçirilən “Heydər Əliyev. Təltiflər” miniatür kitabı 2018-ci ildə Miniatür Kitab Muzeyi tərəfindən “İndigo” mətbəəsində 100 nüsxə tirajla çap olunub. Ölçüsü 55×58 millimetr olan kitab 356 səhifədən ibarətdir. Nəşrdə 135 rəngli fotoşəkil yer alıb.

Muzeyin təsisçisi və yaradıcısı qurumun filialları haqqında da məlumat verib. Qeyd edib ki, Naxçıvan filialında 1119, Gəncə filialında 1060, Şəki şəhərindəki “Marxal” müalicə-istirahət kompleksindəki filialda 650 kitab yer alıb.

“Heydər Əliyev. Təltiflər” miniatür kitabının tərtibçisi və redaktoru Asəf Həsənov çıxışında Miniatür Kitab Muzeyinin fəaliyyətini yüksək qiymətləndirib. Təqdimatı keçirilən miniatür kitabdan danışan Asəf Həsənov xatırladıb ki, Heydər Əliyevin təltif olunduğu orden və medalların, mükafatların, layiq görüldüyü fəxri adların bir yerə toplanılaraq kitab halında nəşri ideyası Ulu Öndərin vəfatından sonra Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi-Prezidentin köməkçisi Dilarə Seyidzadəyə məxsusdur. 2004-cü ildə böyük kitab-albom hazırlandı. Əlbəttə ki, kitab-albomun həcm baxımından imkanları genişdir. “Bu gün təqdimat mərasiminə toplaşdığımız miniatür kitab həmin kitab-albomun qısa məğzidir. Zərifə Salahova kitab-albomun bütün əsas məqamlarını bu miniatür kitaba yerləşdirə bilib. Bu da böyük bir sənətkarlıq, peşəkarlıqdır”, – deyə Asəf Həsənov vurğulayıb.

Kitabın məzmunundan bəhs edən Asəf Həsənov diqqətə çatdırıb ki, Heydər Əliyev hələ sovet dövründə müxtəlif ali orden və medallarla təltif edilib, habelə iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldüyü üçün doğulduğu Naxçıvan şəhərində büstü qoyulub. Müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyəti dövründə Heydər Əliyev dünyanın bir sıra dövlətlərinin orden və medallarına, habelə çoxsaylı elmi adlara, müxtəlif fəxri adlara və mükafatlara da layiq görülüb. Bu kitabda Heydər Əliyevin təltif olunduğu ali orden və medallardan, yüksək mükafatlardan bəhs edilir. Həmin informasiyalar “Heydər Əliyevin təltif olunduğu SSRİ-nin orden və medalları”, “Orden və medallar”, “Fəxri elmi adlar”, “Fəxri adlar. Mükafatlar” bölmələrində toplanıb.

Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinin sədri, Azərbaycanın Əməkdar Rəssamı, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva Naxçıvanda muzeyin filialı açılarkən Zərifə Salahovanın hər bir kitaba həssaslıqla yanaşdığını xatırladıb. Diqqətə çatdırıb ki, Miniatür Kitab Muzeyi əvvəl M.S.Ordubadi adına Mərkəzi Kitabxanada kiçik bir məkanda yerləşirdi. Muxtar respublika rəhbərliyinin diqqəti və Zərifə Salahovanın filiala yeni eksponatlar gətirməsi nəticəsində muzey layiq olduğu yerə – Heydər Əliyev adına sarayın ikinci mərtəbəsinə köçürüldü. Təqdimatı keçirilən kitab azərbaycanlı kitabsevərlərə böyük töhfədir. Zərifə Salahova böyük işlər görür.

Yazıçı-publisist, Əməkdar Jurnalist, Milli Məclisin deputatı Elmira Axundova deyib: “Zərifə Salahova qeyri-adi bir insandır. Muzeydə sərgilənən hər kitabın Zərifə xanımın ürəyində öz tarixçəsi var. O, buradakı hər bir kitab haqqında saatlarla danışa bilər. Bu kitabların hamısı onun övladıdır”.