HÜSEYNOV Sadıq Dayandur oğlu

NURİYEV Elnur Eyvaz oğlu
HACIYEV Fikrət Əli oğlu
HƏSƏNOV Məhəmməd Ələsgər oğlu

(29.7.1961, Ağcabədi r-nunun Xocavənd k. – 13.4.1992, Şuşa) – Azərbaycanın Milli Qəhrəmanı (8.10.1992, ölümündən sonra).

29 iyul 1961-ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində doğulmuşdur. 1968-ci ildə burada birinci sinifə getmiş və 1978-ci ildə orta məktəbi bitirmişdir. 1980-ci ildə Xankəndi Pedaqoji İnstitutunun İbtidai Metodika fakültəsinin qiyabi şöbəsinə daxil olmuşdur. Elə həmin il ordu sıralarına çağırılmışdır. O, hərbi xidmətini başa vurduqdan sonra yarımçıq qalmış təhsilini davam etdirmiş, 1987-ci ildə institutu bitirərək doğma kəndlərinə qayıtmışdır. Sadıq vaxtilə oxuduğu məktəbdə əvvəl pioner baş dəstə rəhbəri, sonra isə müəllim işləmişdir. O, 1989-cu ildə DİN-nin sərəncamı ilə Şuşa rayon Daxili İşlər Şöbəsində sahə müvəkkili vəzifəsinə təyin edildi. Erməni quldurları Şuşaya hücum edəndə Sadıq da digər polis əməkdaşları kimi şəhərin müdafiəsində yaxından iştirak etmiş, düşmənə ağır zərbələr endirmişdir. Onun başçılıq etdiyi dəstənin səyi nəticəsində onlarla erməni yaraqlısı məhv edilmiş, xeyli silah-sursat ələ keçirilmişdir. O, 29 mart 1992-ci ildə ağır yaralanır. Buna baxmayaraq o, yenə də silahı yerə qoymur, döyüşə atılır.
13 aprel 1992-ci ildə erməni silahlı birləşmələri Şuşanı ağır raket atəşinə tutmuşdu. Sadıq Hüseynov yaralı yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak oldu.
Ailəli idi. Bir qızı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 08 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Hüseynov Sadıq Dayandur oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Ağcabədi rayonunun Xocavənd kəndində dəfn edilmişdir.
Xocavənd kənd orta məktəbinə onun adı verilmişdir.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 126