İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib

Küveytin “Əl-Cəridə” qəzeti: Azərbaycan fərqli və möhtəşəm ölkədir
Məktəb direktorları ilə onlayn görüş keçirilib
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezidentliyə namizədlik vəsiqəsini İlham Əliyevə təqdim edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibə verib. Müsahibə avqustun 1-də “Euronews”da yayımlanıb. 

Müxbir: Cənab Prezident Əliyev, bizi burada qəbul etdiyinizə görə Sizə çox minnətdarıq. Bu bölgə Cənubi Qafqazın yeni tarixində bəzi ən zorakı epizodların cərəyan etdiyi səhnə olub. Bununla belə, 2020-ci ildəki sülh razılaşmasından sonra gərginlik hələ də tam aradan qalxmayıb. Daimi düşmənçiliyi Siz nə ilə əlaqələndirirsiniz?

Prezident İlham Əliyev: Demək çətindir. Düşünürdüm ki, İkinci Qarabağ müharibəsindən sonra vəziyyət fərqli olacaq. Biz sülh üçün hazır idik və əslində bir az gözlədik ki, beynəlxalq iştirakçılar bizə müəyyən yeni təkliflər versinlər. Anladıq ki, bu, bir növ boşluqdur. Heç kəs nə etməyi bilmirdi. 2020-ci il noyabrın 10-da Bəyanatı imzaladığımız zaman vəziyyət, əslində, dayanıqlı sülhü təmin etmirdi. O, sülh razılaşması deyildi, Bəyanat idi. Əslində, Ermənistanın kapitulyasiya aktı idi. Buna görə biz Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başladıq və ictimaiyyət qarşısında bunu açıqladıq. Elan etdik ki, sülh sazişi imzalanmalıdır. Sonra yenə boşluq yarandı. Sonra isə biz sülh sazişinin prinsiplərini müəyyən etdik. Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir. Bu təklifi biz masa üzərinə qoyduq. Biz 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olduq. Deməzdim ki, hər şey çox rəvan gedir. Biz hələ də nikbinik, çünki hazırda biz hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində çox fəal danışıqlar aparırıq.

Müxbir: Elə mən də onu soruşmaq istəyirdim. Sözünüzü kəsdiyimə görə üzr istəyirəm. Siz bu yaxınlarda Brüsseldən qayıtmısınız. Sülh danışıqlarının növbəti raundu keçirildi. Bir çox insan tərəfindən bu danışıqlar Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhə aparan ümid kimi qarşılandı. Ən sonuncu raunddan sonra ümidli olmaq bizim tərəfdən düzgün olardımı?

Prezident İlham Əliyev: Bəli, ümidli olmaq düzgün məsələdir. Lakin deməliyəm ki, sülh danışıqları xarici işlər nazirləri tərəfindən aparılır. Brüsseldəki görüşlərimiz Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən təşkil olunur. Əslində, həmin görüşlər bizə çox həssas məsələlərə toxunmaq imkanını verir.

Müxbir: Məsələn.

Prezident İlham Əliyev: Sərhədlərin gələcək parametrləri ilə bağlı məsələ, çünki Ermənistanla Azərbaycan arasında sərhəd müəyyən olunmamışdır. Sovet İttifaqının süqutu ərəfəsində biz həmin təcavüzlə üzləşdik. Onda sərhəd necə olacaq? Yerlərdə real vəziyyət necə olacaq? Kommunikasiyalarla bağlı vəziyyət necə olacaq? Çünki İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın imzaladığı sənəddə onun öhdəliyi var ki, bizim Naxçıvan kimi eksklavımıza çıxışımız olsun. Lakin bu, hələ də baş vermir. Beləliklə, sülh sazişinin əsas bəndləri nazirlər tərəfindən tərtib edilir. Bizim görüş isə hesab edirəm ki, yaxşı mühit yaradır. Lakin əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda biz tezliklə sülh variantını tapa bilərik. Bəlkə ilin sonunadək.

Müxbir: Danışıqlar haqqında sonra daha çox söhbət edəcəyik. Lakin mənim üçün soruşmaq maraqlıdır ki, vəziyyəti nizamlamağa cəhd edən çox beynəlxalq iştirakçı olub. Avropa İttifaqı danışıqlar masasına nəyi gətirir?

Prezident İlham Əliyev: Əslində, 1992-ci ildən etibarən, hələ işğal dövründə danışıqlar apardığımız zaman Avropa İttifaqı vasitəçilik prosesinin bir hissəsi olmayıb. Bu, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsüdür. O, bizi dəvət etdi və biz dəvəti qəbul etdik. Çünki düşünürük ki, Azərbaycan ilə Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının fəal olması təbiidir. Xüsusən də İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupu, əslində, fəaliyyət göstərmirdi və indi də göstərmir. Beləliklə, müəyyən beynəlxalq qurum olmalı idi. Düşündüm ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Bir sözlə, həmin təşəbbüs hazırda çox fəal dialoq formatına çevrilir, çünki biz təkcə Brüsseldə deyil, həmçinin Avropa Siyasi Birliyinin tədbiri çərçivəsində də görüşürük. Sonuncu dəfə görüş Kişineuda baş tutdu. Bunu vacib hesab edirəm, çünki vəziyyətin durğun olmasına imkan vermirik, çünki durğunluq yaranarsa, yenidən bir növ fasiləyə keçərsə, onda biz hər hansı təhlükəli ssenaridən sığortalana bilmərik.

Müxbir: Sizin fikrinizcə, Qərbin, yəni Avropa İttifaqının və həmçinin Birləşmiş Ştatların artan vasitəçiliyi bu regionda daha ənənəvi gücdə – Rusiyada qıcıq yarada bilərmi? Rusiyanın Ukrayna ilə məşğul olması faktı Azərbaycan ilə Ermənistanın ümumi razılığa gəlməsi üçün müəyyən imkan yaradırmı?

Prezident İlham Əliyev: Rusiya atəşkəs sazişinin, yəni 2020-ci il 10 noyabr tarixli Bəyanatın vasitəçisi olub. Bu, nə Birləşmiş Ştatlar, nədə ki, Avropa İttifaqı idi. Ermənistanın baş naziri ilə ilk görüşlərim Rusiya tərəfindən Rusiyada təşkil olunmuşdur. Rusiya–Ukrayna müharibəsindən sonra vəziyyət dəyişdi və biz gördük ki, Birləşmiş Ştatlar və Avropa daha fəal oldular. Əslində, prosesin kimin tərəfindən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir. Nəticəyə gəlmək vacibdir. Sülh sazişi ilə nəticələnəcək təşəbbüsü irəli sürən hər hansı tərəfi biz dəstəkləyəcəyik. Yeri gəlmişkən, xarici işlər nazirləri arasında Vaşinqtonda danışıqlar aparılıb. Hazırda biz bu ayın sonunda danışıqların raundunu Rusiyada keçirmək barədə Rusiyadan dəvət aldıq və bununla razılaşdıq. Beləliklə, əgər hər hansı digər məkan olarsa, əlbəttə ki, biz razılaşacağıq, çünki bizim üçün razılığa gəlmək və nəticə əldə etmək vacibdir. Əlbəttə, müəyyən siyasi rəqabəti, bəzi iştirakçıların daha fəal olmaq cəhdlərini anlayırıq, lakin biz bunu yalnız alqışlaya bilərik. Əgər sağlam rəqabət olarsa, onun yalnız yaxşı nəticələri olacaq.

Müxbir: Rusiya ilə uzun tarixi və əhatəli münasibətlərinizin olduğunu anlayıram. Sizin fikrinizcə, Rusiyanın hazırda bölgədəki təsiri necədir?

Prezident İlham Əliyev: Bilirsiniz, region haqqında demək mənim üçün çətindir, çünki Cənubi Qafqaz bölgəsi üç ölkədən ibarətdir. Biz Rusiyanın Cənubi Qafqazdakı qonşularımızla qarşılıqlı əlaqələrini, sadəcə, müşahidə edə bilərik. Azərbaycana gəldikdə isə çox şey dəyişməyib, çünki bizim Rusiya ilə münasibətlərimiz artıq tarazlaşdırılıb. Onlar bir-birimizin milli maraqlarının və əlbəttə ki, ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanır. Rusiya Azərbaycanın qonşusu və tərəfdaşıdır. Bizim nəzərəçarpan ticari dövriyyəmiz, daşımalar infrastrukturuna aid bir çox layihələrimiz var. Bu, xüsusən də indiki dövrə aiddir. Layihələr enerjinin inkişafına aiddir. Əlbəttə ki, mədəniyyət sahəsi də çox vacibdir.

Müxbir: Hazırda Siz məhz enerji sektorunda Qərblə bir çox razılaşmalar əldə etmisiniz. Elədirmi?

Prezident İlham Əliyev: Bəli, Qərblə var. Lakin bu, uzun müddət əvvəl əldə edilib və o vaxt biz Bakıdan İtaliyaya vahid boru kəməri sistemini qurmaq təşəbbüsünü irəli sürdük. O, mərhələli şəkildə icra olundu və onun yekun mərhələsi iki ildən çox əvvəl icra olunmuşdur. Artıq iki ildən çoxdur ki, Azərbaycan Avropanın mühüm qaz təchizatçısına çevrilib. Əlbəttə, Rusiyaya qarşı sanksiyalarla bağlı vəziyyət yeni ölçü yaradıb, çünki hazırda enerji sərvətlərimiz heç zaman olmadığı kimi zəruridir. Lakin istənilən addıma gəldikdə, biz onu bir çox il əvvəl imzalanmış müqavilələrimiz və planlarımız əsasında atırıq. Düzdür, hazırda Azərbaycandan əlavə qaz almaq üçün müraciət edən ölkələrin sayı daha çoxdur. Bunu etməyə hazırıq və artıq başlamışıq. Ötən il daha çox ölkə qazımızı almağa başladı. Bu, cari ildə də davam edəcək. Lakin yenə də Rusiya ilə münasibətlərimiz nöqteyi-nəzərindən, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra çox şey dəyişməyib.

Müxbir: Burada olan vəziyyət haqqında danışaq. Beynəlxalq Ədalət Məhkəməsi, Avropa İnsan Hüquqları Məhkəməsi, ABŞ və Avropa İttifaqı hamısı Laçın dəhlizinin bağlı qaldığı təqdirdə, əhalinin potensial qaydada girova düşmək təhlükəsini qeyd edərək, həmin dəhlizdə hərəkət azadlığına dair zəmanətləri tələb ediblər. Hazırda Laçın dəhlizində baş verənlər haqqında nə deyə bilərsiniz?

Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsinin bitməsindən təxminən iki il sonra Laçın dəhlizi adlandırılan yol işğal vaxtında işləyən qaydada fəaliyyətini davam etdirmişdir. Bir fərq var idi. O, rus sülhməramlılarının nəzarəti altında idi və bu, üçtərəfli Bəyanatın bir hissəsi idi. Fəaliyyətdə dayanma yox idi. Bizim tərəfimizdən müdaxilə etmək addımı da yox idi. Bununla belə, həmin yerdəki vəziyyət dəyişməyə başladı. Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin dəhlizə müəyyən dərəcədə nəzarət etmək səylərinin səbəbi Qarabağda ötən il noyabrın əvvəlində təbii sərvətlərin yenidən qeyri-qanuni çıxarılması faktı ilə bağlı idi. Müharibədən sonra o dayandırıldı, çünki qeyri-qanuni idi. Bu sərvət bizə məxsusdur. Bir neçə xarici şirkət qızıl və mis mədənlərimizi qeyri-qanuni olaraq istismar edirdilər. Biz işğal zamanı heç bir şey edə bilmirdik, lakin müharibə başa çatdıqdan sonra aydındır ki, bu fəaliyyət dayandırılmalı idi və dayandırıldı. Sonra isə noyabrda həmin iş yenidən başladı. Vətəndaş cəmiyyətinin nümayəndələri rus sülhməramlılarından xahiş etdilər ki, mədənlərdə nəyin baş verdiyini görmək üçün orada monitorinq keçirsinlər. Biz gördük ki, dəmir və qızıl filizi yük maşınlarında rus sülhməramlılarının müşayiəti ilə Qarabağdan Ermənistana daşınır. Həmin yerə getmək hüququmuz təmin edilmədi və beləcə vətəndaş cəmiyyətimizin nümayəndələri yola nəzarət etməyə başladılar. Amma yenə də yol bağlı deyildi. O, tam azad idi və hərəkət azad idi.

Müxbir: Yəni, o, heç vaxt bağlanmamış, hərəkət heç zaman dayandırılmamışdır?

Prezident İlham Əliyev: Xeyr, xeyr!

Müxbir: Onda fikrinizcə, həmin təsisatlar xüsusən də Azərbaycandan niyə bunları soruşurlar? Onlar qeyd edirlər ki, Siz həmin sahənin ətraf hissəsinə cavabdehsiniz. Siz hərəkət etmək azadlığını təmin etməlisiniz. Sizcə, nəyə görə onlar Sizi hədəfləyirlər?

Prezident İlham Əliyev: Əslində, Beynəlxalq Ədalət Məhkəməsi bizə öz ismarışını ünvanladı ki, hər hansı hərəkətin pozulmaması üçün biz vətəndaş cəmiyyətinin fəalları ilə danışaq. Biz bunu etdik. Biz Ermənistanla sərhədimizdə sərhəd-keçid məntəqəsini qurduqdan dərhal sonra, – bu, bizim legitim hüququmuzdur və heç kəs tərəfindən, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən mübahisələndirilmir, – biz burada Şuşadakı nümayəndəm vasitəsilə QHT nümayəndələri ilə danışdıq ki, həmin fəaliyyəti dayandırsınlar. Onlar bunu etdilər və getdilər. Hazırda da hərəkət etmək azadlığı bloklanmayıb. Aprelin 23-dən – sərhəd-keçid məntəqəsini qurduğumuz vaxtdan etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlib. İyunun 15-də Ermənistan digər hərbi təxribata əl atdı və bizim sərhədçilərimizdən birini yaraladı.

Yol araşdırmaya görə müvəqqəti olaraq bağlı idi. Sonra yol təkrar açıldı. Qırmızı Xaç Komitəsi dava-dərmanın nəqlini və Ermənistanda müalicəyə ehtiyacı olan xəstələrin təxliyəsini bərpa etdi. Lakin əfsuslar olsun ki, Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu. Qırmızı Xaç Komitəsi bunu etiraf etdi və bildirdi ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar, çünki…

Müxbir: Yük maşınları, sadəcə, sürücülər tərəfindən istifadə olunurdu…

Prezident İlham Əliyev: Bəli, lakin bu yük maşınlarının üzərində Qırmızı Xaçın emblemi var idi və sürücülərin uniformaları üzərində də emblemlər var idi. Beləliklə, yol yenidən bu şəkildə bağlanıldı və biz Qırmızı Xaç Komitəsindən buna son qoyulmasını və bizimlə daha konstruktiv işləməsini xahiş etdik. Çünki əfsuslar olsun ki, bu günə kimi onların Qarabağdakı ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir. Bu da yolverilməzdir. Çünki bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır. Hətta Ermənistanın baş naziri dəfələrlə “Qarabağ Azərbaycandır” söyləyib. Bəs nəyə görə Qırmızı Xaç Komitəsinin Xankəndidəki ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir? Bu, bizim legitim tələbimizdir.

Müxbir: Laçın dəhlizi, sərhəd-keçid məntəqəsi və bu, çox mühüm keçid yolu məsələsinin indi sülhə əngəl olan əsas maneələrdən biri olduğunu deyərdinizmi?

Prezident İlham Əliyev: Mən belə düşünmürəm. Çünki Laçın-Xankəndi yolundakı vəziyyət biz aprel ayının 23-də sərhəd-buraxılış məntəqəsi yaradanda yerində dəyişdi. O vaxta kimi bizim sülh razılaşmasına gəlmək üçün iki il yarım vaxtımız var idi. Yeganə əngəl Ermənistanın rəsmi surətdə Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanımaq istəməməsi idi. Bəli, onlar bunu bəyanatlarla, şifahi bəyanatlarla edirdilər. Bu da mövqeyin ifadə edilməsinin bir yolu idi, lakin onlar sənədə imza atmalı idilər. Odur ki, mən bu iki məsələnin bir-biri ilə bağlı olduğunu düşünmürəm. Çünki Ermənistanla aparılan sülh danışıqlarının uğurlu bir ssenari ilə yekunlaşacağına ümid edirəm və bunun yaxın aylarda baş verəcəyinə ümidvaram.

Müxbir: Düşünürəm ki, indi Sizə ünvanlayacağım suala artıq cavab vermisiniz. Amma mən istənilən halda Sizin burada olduğunuza və Sizə sual vermək üçün çoxlu imkanımın olmayacağına görə yenə bu sualı Sizə vermək istəyirəm. 2020-ci ildə hər iki tərəfdən təxminən 5 min insan tələfatı oldu. Mən burada idim, mən Dağlıq Qarabağa gəlmişdim və həlak olmuş bir çox erməni əsgərlərinin anaları ilə görüşdüm. Həmçinin Azərbaycanda işləyən həmkarlarım sayəsində digər tərəfin, Sizin tərəfin ağrısı və acısının da şahidi oldum. Lakin mən müharibəyə və oğlunun ölümünə görə siyasətçiləri günahlandırdığını deyən bir ana ilə danışdığımı xatırlayıram. O, siyasətçilərin müharibə tələsinə düşmədən məsələləri diplomatik yolla həll etməli olduqlarını deyirdi. Siz missiyanızın nədən ibarət olduğunu deyərdiniz? Missiyanız müharibədə qalib gəlmək, yoxsa dayanıqlı sülhə nail olmaqdır?

Prezident İlham Əliyev: Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi. Müharibə də uğurla başa çatdı. Biz bir çox amillərə baxmadan müharibədə qalib gəldik: siyasi amillərə, bizim hərbçilərimiz üçün bir neçə müdafiə səddinin qırılmasını çətinləşdirən işğal edilmiş ərazilərdə uzunmüddətli infrastruktur layihələrinin olması amillərinə baxmadan. Bəzi yerlərdə onların minalarla dolu beş, digər yerlərdə isə yeddi müdafiə səddi var idi. Yəqin ki, Füzulidən gələndə yolun yuxarıya doğru getdiyini görmüsünüz. Bizim hərbçilərimiz məhz bu yolla buraya gəliblər. Sizin gəldiyiniz, sonradan “Zəfər yolu” adlandırdığım bu yol mövcud deyildi. Bu, bizim hərbçilərimizin Şuşaya doğru necə irəliləməsini göstərən yol idi. Onlar bu qayalı dağlara dırmaşırdılar. Beləliklə, bu amillərə, böyük erməni diasporuna malik bir çox ölkələrin güclü siyasi dəstəyinə baxmayaraq, biz düzgün olanı etdik. Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Biz öz torpağımızda vuruşduq. Biz Ermənistanın torpağında savaşmadıq və biz Zəfər çaldıq. Beləliklə, bu, artıq tamamlanmış bir nömrəli missiya idi. İndi isə biz sülh haqqında danışırıq.

Otuzillik işğaldan əziyyət çəkmiş ölkəmizin işğal altında olan əraziləri tamamilə məhv edilmişdir. Şuşada qeyri-qanuni məskunlaşmalar olduğu üçün şəhər tamamilə dağıdılmamışdır. Onlar Orta Şərqdən olan erməniləri burada məskunlaşdırmaq istəyirdilər və burada bir neçə min erməni yaşayırdı. Məhz buna görə heç də bütün şəhərlər dağıdılmamışdır. Lakin Füzuli tamamilə yerlə-yeksan edilmişdir, Ağdamda da vəziyyət eynidir. Demək olar ki, bir milyon azərbaycanlı evindən məhrum olmuşdur. Bütün bu acıya baxmayaraq, biz qisas almadıq. Mən dedim ki, biz qisası döyüş meydanında alacağıq, lakin Ermənistan müharibənin ilk günündən mənim tələb etdiyim bütün ərazilərdən geri çəkiləcəyi tarixləri bizə təqdim edən kimi biz dayandıq və sonra da sülh haqqında danışıqlara başladıq. İndi sülh bizim gündəliyimizdədir. Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik. Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar və onlar onsuz da Azərbaycanın çox zəngin olduğu digər milli azlıqları kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Bu, onların seçimidir. Bu, bizim onları buranı tərk etməsini istədiyimizə və ya Ermənistanın bizi etnik təmizləmə siyasəti aparmaqda günahlandırdığına görə etmirik. Biz onlara seçim hüququ veririk. Çünki onlar heç bir hüquqi icazə olmadan ya Ermənistan vətəndaşları olaraq, ya da heç kim tərəfindən tanınmayan dırnaqarası “Dağlıq Qarabağ respublikası”nın vətəndaşları olaraq bizim ərazidə necə yaşaya bilərlər? Hesab edirəm ki, bu, legitim yanaşmadır. Bu yanaşma beynəlxalq təcrübəyə uyğundur. Bu yanaşma separatizmə qarşı mübarizə aparan bir çox Avropa ölkələrində gördüyümüz təcrübəyə uyğundur. İndi biz separatizmə qarşı mübarizə aparmaqda Ukraynaya kömək etmək üçün Avropa və Qərbin necə birləşdiyini görürük. Bəs bizə gəldikdə nəyə görə bizim separatizmə qarşı mübarizəmizə fərqli yanaşma sərgilənir? Nəyə görə Gürcüstanın separatçı regionlarına qarşı yanaşması Qərb cəmiyyəti və siyasətçiləri tərəfindən tamamilə anlaşılır, lakin bizim eyni mənşədən olan separatizmə son qoymaq üçün legitim istəyimiz sual atlına alınır? Nə üçün İspaniya Kataloniyaya referendum keçirməyə icazə vermir, baxmayaraq ki, onların sayı 5, yaxud 6 milyon nəfərdir və yaxınlıqda öz dövləti olan ermənilərdən fərqli olaraq, onların öz dövləti yoxdur. Nə üçün biz separatizmə dözməliyik? Biz bunu etməyəcəyik.

Müxbir: Siz artıq əhaliyə və dövlətlərə mesajlar, o cümlədən təminatlar vermisiniz ki, istəsələr onlara qalmağa icazə veriləcək, onlar qorunacaqlar və burada yaşamağa icazə veriləcək. Bu gün ola bilsin ki, bizi izləyən ermənilərə mesajınız varmı? Şərt deyil bu, hökumət olsun, mən bilirəm, Siz baş nazir Paşinyanla təmasdasınız və ona mesaj göndərmək üçün bizim kameralarımıza ehtiyacınız yoxdur. Bəs ola bilsin ki, bizi izləyən başqa ermənilərə gəlincə necə? Bu gün qarşı tərəfə mesajınız nədən ibarətdir?

Prezident İlham Əliyev: Mən bu barədə düşünməmişəm, çünki həyatımda ilk dəfədir ki, mənə bu sual verilir.

Müxbir: Həqiqətənmi?

Prezident İlham Əliyev: Bəli. Düşünürəm ki, mən sualı iki hissəyə bölərdim. Birincisi, əgər onlar mənim söylədiklərimə qulaq asırlarsa, mənim Ermənistandakı ermənilərə mesajım belədir ki, biz onların dövləti ilə sülh istəyirik, bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur, baxmayaraq ki, müharibədən əvvəl yüz minlərlə azərbaycanlı Ermənistanda yaşayıb və bütövlüklə etnik təmizləməyə məruz qalıb, onların mədəni və dini irsi tamamilə məhv edilib. Bununla belə, bizim heç bir ərazi iddiamız yoxdur. Lakin biz düşünürük ki, Azərbaycan və Ermənistan əlaqələrini normallaşdıranda və diplomatik əlaqələr quranda, Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların qayıtmaq hüququ var. Onlara digər bir mesaj ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya gələcəklər, Azərbaycan öz torpaqları uğrunda döyüşməyəcək, azərbaycanlılar artıq işğalla barışıblar. Bütün bu hekayələr tamamilə yanlış idi və təbliğatdan başqa bir şey deyildi. Beləliklə, müharibə bu hekayələri məhv etdi və bu, təkcə bununla bitmədi. O, həmçinin Ermənistan dövlətinin çox sayda ideoloji sütunlarını dağıtdı. Onlar dərk etdilər ki, müharibəni uduzublar və çox güman ki, bu, onlar üçün psixoloji cəhətdən çox ağrılı oldu. İndi biz sülh istədiyimizi deyəndə, bu, ona görə deyil ki, biz zəifik və sülh axtarırıq. Xeyr, onlar bilirlər ki, biz xeyli güclüyük. Bu ona görədir ki, biz tarixin bu qara səhifəsinin bağlanmasını istəyirik. Biz nə bu gün, nə də gələcəkdə başqa bir müharibə istəmirik.

Beləliklə, erməni icmasına gəlincə, düşünürəm ki, onlar beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamalıdırlar. Başa düşməlidirlər ki, əgər onlar Azərbaycanla sülh sazişi imzalamaq istəmirlərsə, gələcəkdə vəziyyət proqnozlaşdırılmayan olacaq. Gördüyümüz kimi, dünyada və regionda geosiyasi vəziyyət çox kəskin şəkildə dəyişir. Onların təhlükəsizliyi ilə bağlı ümidlərinin bir qismi tamamilə yoxa çıxdı. İndi onlar yeni təhlükəsizlik qarantları axtarırlar. Kim bu ərazidə döyüş meydanında Azərbaycanla qarşıdurmaya hazırdır, xüsusilə bizim müharibə zamanı nümayiş etdirdiklərimizdən və müharibədən sonra müdafiə imkanlarımızı artırdığımız bir vaxtda? Ermənilərə görə bizə qarşı döyüşməyə hazır olan kimsə varmı? Mən buna şübhə edirəm.

Mənim konkret olaraq bu vəziyyətdə Ermənistan hökumətinə artıq çatdırdığım başqa bir mesaj ondan ibarətdir ki, onlar üçün seçim ən yaxşı və qat-qat yaxşı arasında deyil. Onlar üçün seçim çox pis və qəbulolunan arasındadır ki, qəbulolunan seçim sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanır. Qarabağdakı ermənilərə xatırlatmaq istərdim ki, biz onlarla təmaslara dərhal başladıq. Faktiki olaraq biz erməni əhalinin yaşadığı bir neçə kənddən keçən yeni Laçın yolunu tikməyə başlayanda xalqlar arasında təmaslar oldu. Mənə məlumat verildi ki, yolun inşası ilə məşğul olan işçilərlə erməni icması arasında təmaslar qurulub və onlar demək olar dərhal dostlaşıblar. Əgər tikintinin birinci ayında rusiyalı sülhməramlılar hər iki tərəfin təhlükəsizliyini təmin edirdilərsə, sonradan onlar, sadəcə olaraq, çıxıb getdilər. Rusiya sülhməramlıları yox idi, onlar asanlıqla ünsiyyət qururdular. Beləliklə, bu, onu göstərir ki, sadə insanların əksəriyyətinin ürəyində bu nifrət yoxdur.

Qarabağdakı ermənilərə gəlincə, onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Bu “liderlər”, – hazırkı və bundan əvvəlki “liderlər”, – onlara bütün bu müddət ərzində – müharibədən əvvəl, müharibə zamanı qalib gəldiklərini deyəndə yalan danışıblar. Hətta biz Şuşaya nəzarəti ələ alanda onlar deyirdilər ki, Şuşa onların nəzarəti altındadır. Onlar bunu çox yaxşı bilirlər. Onlar Xankəndidə hakimiyyəti ələ keçirmiş və əsas məqsədi öz maraqlarını güdmək olan bugünkü rejimin girovuna çevrilməməlidirlər.

Burada, Şuşada işğal dövründə tikilmiş üç villa var. Maraqlanırsınızsa, sizə onları göstərə bilərlər. Bu villalar Qarabağ ermənilərinin liderləri üçün tikilmişdi. Onlar bunu özləri üçün tikmişdilər. Şəhər tamamilə xarabalıqlar içərisində idi. Sizin indi gördükləriniz, o cümlədən bu “Qarabağ” hoteli, icra hakimiyyətinin binası, mehmanxanalar və hər şey bizim yenidənqurma prosesinin başlanğıcıdır. Onlar şəhərin ən yaxşı yerində özləri üçün 3 villa tikiblər. O insanlar ki, bu gün həmin qondarma, tanınmamış respublikaya rəhbərlik edirlər. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar manipulyasiyanın girovu olmağa son qoyacaqlar. Həmçinin onlar başa düşməlidirlər ki, bizi saymamağa davam etsələr, bizim mövcud olmadığımız kimi davranmağa davam etsələr və ya “prezidenti”, “nazirləri”, “parlamentariləri” olan qondarma ölkədə yaşayırlarmış kimi davransalar, bu gün olduqları vəziyyət onların xeyrinə dəyişməyəcək. Bütün bunlar yalandır. Biz onlara normal həyat təklif edirik. Düşünürəm ki, onlar mənə qulaq assalar başa düşəcəklər və bilirlər ki, mən sözümə əməl edirəm.

Müxbir: Prezident İlham Əliyev, “Euronews”a müsahibə verdiyiniz üçün təşəkkür edirik.

Prezident İlham Əliyev: Təşəkkür edirəm.

x x x

Müsahibədən sonra Prezident İlham Əliyev “Euronews”un müxbirinə işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin heykəlləri barədə məlumat verdi.

President.az