İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri keçirilib

Çinin elmi jurnalında dahi Nizami Gəncəvi haqqında məqalə dərc olunub
“Arsax respublikası”nı tanımağa çağıran qərara etiraz əlaməti olaraq Amerika Azərbaycanlıları Şəbəkəsi (USAN) məktub kampaniyasına start verib
Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağa gəliblər

Xəbər verildiyi kimi, mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri keçirilib.

Müzakirələri açan Dünya Bankının sabiq vitse-prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Seragəldin çıxış edərək dedi:

– Cənab Prezident, Zati-aliləri, xanımlar və cənablar! Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri və dostları!

Bu, mərkəz üçün böyük bir gündür. Biz çox şadıq ki, Prezident İlham Əliyev bizim dialoqa qoşulur və Azərbaycan, eləcə də regionla bağlı öz planları və istəklərini bizimlə bölüşür. Cənab Prezident, səkkiz il öncə, Siz dahi Azərbaycan şairi Nizami Gəncəvinin irsini tanıtmaq üçün Beynəlxalq Mərkəzin yaradılmasına dair tapşırıq verdiniz. Bu quruma beynəlxalq üzvlər qoşuldu, onun İdarə Heyəti yaradıldı. Daha sonra Mərkəzin işini və proqramını müəyyən etmək üçün həmsədrlər seçildi və baş katib təyin olundu.

Cənab Prezident, Siz bizə etimad göstərdiniz və ümid edirik, biz Sizin etimadınızı doğrulda bildik. Səkkizillik dövrdə çox işlər görülüb, Siz də onlara böyük dəstək vermisiniz. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi beynəlxalq səviyyədə get-gedə daha çox tanınır. Bakı Qlobal Forumu regionda birinci dərəcəli tədbirə çevrilib və beynəlxalq təqvimdə xüsusi yer tutmağa nail olub. Dünyanın bir çox tanınmış şəxsləri tədbirlərdə iştirak edib. Forumdan başqa, Mərkəz bir çox digər tədbirləri də təşkil etdi, Balkanları, Cənubi Qafqazı və Avropanı müzakirəyə çıxartdı. Daha sonra, təşkilatımız beynəlxalq fəaliyyətini genişləndirərək, ABŞ və BMT ilə əlaqələr qurmaq strategiyasını qəbul etdi və daha da inkişaf edən Çinə də diqqət yetirməyə başladı.

Cənab Prezident, bütün sahələrdə biz Nizaminin irsini və Azərbaycanın zəngin mədəniyyətə malik ölkə kimi mövqeyini təşviq etmişik. Biz bəşəriyyətin üzləşdiyi çağırışların müzakirə edildiyi platformaya çevrilmişik. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tədris, dözümlülük, dialoq və anlaşma ünvanı kimi tanınmağa başladı. Lakin bundan sonra pandemiya baş verdi. Biz 2020-ci ildə keçiriləcək Bakı Qlobal Forumunu təxirə salmaq məcburiyyətində qaldıq. Bununla belə, yəqin Siz məmnunluqla qəbul edərsiniz ki, 2021-ci ilin sonrakı aylarında Bakı Qlobal Forumunun çox uğurla keçirilməsində israrlıyıq. Biz İdarə Heyətinin təlimatları ilə və baş katib Rövşən Muradovun rəhbərlik etdiyi katibliklə birgə “Bakı Qlobal Forumu 2021”in məzmunu və təşkili sahəsində Hikmət Hacıyev və Sizin Protokol xidmətinizlə sıx işləyirik ki, tədbirimiz təqvimə və istəklərimizə uyğun keçsin.

COVID-19 pandemiyasına, məhdudiyyətlərə və səfərlərin təxirə salınmasına baxmayaraq, mərkəzimiz çox fəal işləyir. Biz yeni texnologiyalardan tam yararlanmaqla öz səylərimizi göstəririk. Biz 28 konfransa, 90 sessiyaya ev sahibliyi etdik. Tədbirlərimizdə 370 məruzəçi çıxış edib, 60 ölkədən iştirakçılar bizə qoşulub. İstənilən mövzuları əhatə etmişik: pandemiya qarşısında qlobal həmrəylikdən tutmuş, formalaşan dünya nizamı və multilateralizmin gücləndirilməsi yollarına qədər. Ərzaq təhlükəsizliyi, təhsil məsələləri, sülhün əldə olunmasında qadınların rolu da müzakirəyə çıxarılıb. Bütün bu işləri görərkən biz mötəbər təşkilatlarla, tanınmış laureatlarla və şəxslərlə tərəfdaşlıq qurmuşuq. Dostlarımız və tərəfdaşlarımızın sayını iki dəfə artırmışıq. Biz Çindən olan nümayəndəyə – elmlər doktoru Şana bizim beynəlxalq dostlar şuramıza həmsədrlik etdiyinə görə minnətdarıq.

Bütün bu tədbirlərlə yanaşı, biz pandemiyaya və onun fəsadlarına qarşı mübarizədə göstərilən səylərdə və həmrəylik təşəbbüslərində çox fəalıq. İnanırıq ki, Zati-aliləriniz, bu işlə əlaqədar çox yerlərdən müsbət rəy alıb. Biz, həmçinin bir çox materialları çap edib yaymışıq. Bu işə bir çox yerli tanınmış şəxsləri cəlb etmişik. Fəaliyyətimiz media tərəfindən də dəyərləndirilib. Bir ildə 12 təşəkkür məktubu almışıq. Onların əksər hissəsi “Ehtiyacı olan insanlara yardım” təşəbbüslərinə görə təqdim edilib. Hazırda İngiltərənin sabiq Baş naziri Qordon Braun bizim adımızdan 7-lər və 20-lər Qrupuna təqdim ediləcək məktubun yekun variantı üzərində çalışır.

Ötən ilə nəzər saldıqda, deyə bilərik, bu dövr mərkəzin artan beynəlxalq nüfuzu ilə yadda qalan, çox intensiv iş ilə seçilən, mühüm beynəlxalq təşkilatlarla və dünyanın elmlər akademiyaları, elmi təsisatları ilə əməkdaşlığın genişləndiyi il olub. Dünya mətbuatında da mövqeyimizi gücləndirdik. Ümid edirik ki, sonuncu görüşdə Zati-alinizə haqqında danışdığımız işləri gələn həftələr ərzində başa çatdıracağıq.

Cənab Prezident, mən nitqimi çox davam etdirə bilərdim. Lakin, bilirəm ki, hamı məhz Sizi dinləməyi çox arzulayır. Söz verirəm ki, yaxın vaxtlarda işimiz barədə hesabatı yekunlaşdırıb diqqətinizə təqdim edəcəyik və onu bu il Qlobal Forumda paylayacağıq. Ümid edirik ki, Zati-aliniz Mərkəzin həm pandemiyadan əvvəlki, həm də sonrakı fəaliyyətindən tam razı qalacaq.

İndi isə icazənizlə mən sözü hörmətli xanım həmsədr Vayra Vike-Freyberqaya verirəm.

Sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa çıxış edərək dedi:

– Zati-aliləri, cənab Prezident! Xanımlar və cənablar!

Biz bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev arasında dialoqda iştirak etməkdən böyük iftixar hissi duyuruq. Bu görüşə Prezidentin nitqi ilə başlayacağıq. Sonra isə sual-cavablara keçəcəyik. Biz dəvətimizi qəbul etdiyinə görə cənab Prezidentə minnətdarıq.

Cənab Prezident, dünyanın bu çətin durumunda Azərbaycanın mövqeyi, ölkənin gələcəyinə dair planlarımızla və onların dünya gündəliyinə necə uyğunlaşması ilə əlaqədar Sizin mülahizələrinizi səbirsizliklə gözləyirik. Cənab Prezident, şərhlərinizi eşitməyi səmimiyyətlə arzulayırıq.

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış etdi.Prezident İlham Əliyevinçıxışı

– Çox sağ olun. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin hörmətli həmsədrləri, xanım Vike-Freyberqa və cənab Seragəldin.

İlk öncə, mən bu gün keçirilən müzakirələrin bütün iştirakçılarını salamlamaq istərdim. Fürsətdən istifadə edərək, Nizami Mərkəzinin həmsədrinə və üzvlərinə bu müzakirələri başlatdığına görə təşəkkürümü bildirmək istərdim. Çünki hesab edirəm ki, bu, çox yerinə düşən tədbirdir. Təklif etdiyiniz mövzuya gəldikdə isə, “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri”, fikrimcə, qlobal gündəlikdə duran mühüm məsələlərdəndir, çünki bu yaxınlarda Cənubi Qafqaz regionunda kəskin dəyişikliklər oldu. Əlbəttə ki, yeni vəziyyət yeni yanaşmaları tələb edir.

Lakin, əvvəlcə, mən pandemiya dövründə çox yaxşı fəaliyyətinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzini təbrik etmək istəyirəm. Bu Mərkəz yeni şəraitə özünü çox müdrik formada uyğunlaşdırdı. Pandemiya ilə bağlı vəziyyətdən asılı olmayaraq, öz fəaliyyətini yeni formada davam etdirdi. Eyni zamanda, bu fəal işin aparıldığı səkkiz il ərzində Mərkəz dünyada aparıcı beynəlxalq təsisatlardan birinə çevrilmişdir. Onun geniş fəaliyyəti, əslində, dünyada sülh, əməkdaşlıq, təhlükəsizlik və sabitlik işinə xidmət edir. Mərkəzin üzvləri ölkələrinə, yaxud beynəlxalq təşkilatlara uzun illər rəhbərlik etmiş məşhur dünya siyasətçiləridir. Sizin təcrübəniz həqiqətən unikaldır. Bir sözlə, bu cür təcrübənin bir araya toplanması, hesab edirəm ki, bugünkü dünyada nadir hadisədir.

Nəyin baş verdiyi və nəyin baş verəcəyi ilə bağlı Azərbaycanın mövqeyinə gəldikdə, əlbəttə ki, əvvəlcə, demək istərdim ki, regionda son hadisələr, İkinci Qarabağ müharibəsi vəziyyəti tam dəyişdi. Bu səbəbdən, Cənubi Qafqaz üçün yeni yanaşmaya, yeni gündəliyə ehtiyac duyulur.

“Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda müzakirəni yüksək dəyərləndirirəm, çünki bizim məhz buna ehtiyacımız var. Demək olar ki, 30 il çəkən işğal faktı səbəbindən, Azərbaycan öz mövqeyini birmənalı şəkildə bəyan etdi ki, biz ərazilər azad olunmayana qədər Ermənistanla əməkdaşlıq etməyəcəyik. Hesab edirəm, Ermənistanın özü də başa düşür ki, onlar çox böyük səhvə yol veriblər. Onlar vaxt itirdilər. Əgər bugünkü Ermənistandakı vəziyyətə nəzər salsaq, görərik ki, Ermənistan müstəqilliyi qazanan zaman ilə müqayisədə vəziyyət daha ağırdır. Çünki bu gün Ermənistanın ordusu belə yoxdur. O, tamamilə məhv edilib. Ölkə altı aydan çoxdur ki, daimi siyasi böhran içindədir. Cəmiyyətdə böyük dərəcədə inamsızlıq yaranıb, qarşılıqlı ittiham irəli sürülür. Bəzi siyasi liderlərin ritorikası hər hansı bir qəbul edilən çərçivədən tam uzaqdır.

Bir sözlə, onlar vaxt itirdilər. Onlar Azərbaycanın enerji və daşımaların inkişafı təşəbbüslərindən məhrum oldular. Nəhayət, onlar işğal etdikləri əraziləri itirdilər. O ərazilər ki, onlara nə tarixi nöqteyi-nəzərdən, nə də ki, beynəlxalq hüquq baxımından məxsus deyildi. İndi isə, münaqişə başa çatdıqdan sonra, Dağlıq Qarabağ münaqişəsi, ilk növbədə, Azərbaycan tərəfindən, sonra isə ötən ilin 10 noyabr tarixli birgə Bəyanat ilə artıq həll olunub.

Biz indi gələcəyə baxmalıyıq. 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Ümid edirik ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq. Biz artıq çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış etmişik və yeri gəlmişkən, onlar 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda da əks olunub. Bu, xüsusən də, kommunikasiyaların və yeni daşımalar dəhlizlərinin açılması ilə bağlıdır. Sizə deyə bilərəm ki, bu layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq. Bu səbəbdən, bildirmək istəyirəm ki, Azərbaycan əməkdaşlığa və ümumi gələcəyimizin planlaşdırılmasına açıqdır, çünki biz istəsək də, istəməsək də qonşuyuq və yanaşı yaşamalıyıq və bir daha bu birgə yaşamanı öyrənməliyik. Bu, asan deyil. Burada emosiyalar var. Xüsusən də, Azərbaycan xalqı azad edilmiş torpaqlara səfərlər etdiyi zaman və tam yerlə-yeksan olunan yerləri görəndə, siz yəqin ki, təsəvvür edə bilərsiniz, hansı hissləri keçirirlər. Lakin siyasətçilərin rolu öz gündəliklərini müdafiə etməkdən və yalnız qarşılıqlı fəaliyyət sayəsində regionda dayanıqlı inkişafın, sülhün və təhlükəsizliyin olacağını izah etməkdən ibarətdir.

Bəlkə də, yaxşı olardı mən burada çıxışımı dayandırım. Çünki siz bilirsiniz, bir neçə Bakı Qlobal Forumu zamanı mən bütün tədbirlərdə Dağlıq Qarabağ haqqında danışmışam. Ona görə siz dəqiq bilirsiniz nə baş verib, necə baş verib, nəticələr nədir. Hesab edirəm ki, bunu təkrar etməyə ehtiyac yoxdur. Daha yaxşı olardı ki, dialoqumuza çox vaxt ayıraq.

Çox sağ olun, istədiyiniz suala cavab verməyə hazıram.

Vayra Vike-Freyberqa: Təşəkkür edirəm cənab Prezident. Aydın giriş nitqiniz, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri və dostları ilə dialoq qurmaq fikrini dəstəklədiyiniz üçün Sizə təşəkkürümüzü bildiririk. Bu, çox əlamətdar bir tədbirdir, ona böyük maraq var. Auditoriyamızın şəxsən Sizə sual ünvanlamaq imkanına malik olması onları çox sevindirir. Nəticə etibarilə biz bu dialoqda iştirak etmək üçün bugünkü tədbirə qatılmış çoxlu sayda iştirakçıdan müraciət almışıq. Bu tədbirin moderatorluğunu üzərimə götürməklə mənim auditoriyadan və bütün iştirakçılardan birinci xahişim bundan ibarətdir: sualınızı mümkün qədər yığcam ifadə etməyə çalışın ki, sizdən sonra gələnlərin də Zati-aliləri cənab Prezident tərəfindən səxavətlə ayrılmış vaxt cədvəlinə uyğun olaraq sual vermək imkanı olsun.

Mən sual verən şəxsləri maraq göstərdikləri mövzulara uyğun olaraq iki və ya daha çox şəxsdən ibarət qrupa daxil etmişəm. Hər bir ümumi mövzu üçün mən birinci natiqi təqdim edəcəyəm və ondan suallarını verməyi xahiş edəcəyəm. Sonra ikinci natiqi təqdim edəcəyəm və ona da sual vermək imkanı yaradacağam. Yalnız bundan sonra Zati-aliləri cənab Prezident sualları cavablandıracaq. Bu, bizə dialoqumuzu sürətləndirməyə və mövcud vaxt çərçivəsində mümkün olduğu qədər çox sualın verilməsinə imkan yaradacaq. Gəlin, sual-cavab sessiyasını açıq elan edək. İlk sual önəmli regional tərəf olaraq Azərbaycanın əhəmiyyətli geostrateji ölkə kimi rolu haqqındadır. Birinci sual üçün sözü Ağ evdə 2005-2007-ci illərdə ABŞ-ın Milli Təhlükəsizlik Şurasında Cənubi və Mərkəzi Asiya Məsələləri üzrə direktor, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq köməkçisi və Nazarbayev Universitetinin İdarə Heyətinin üzvü cənab Deyvid Merkelə vermək istəyirəm. Cənab Merkel, söz sizindir.

Deyvid Merkel: Çox sağ olun, cənab Prezident, Sizi görmək çox xoşdur. Sizinlə tezliklə Bakıda şəxsən görüşməyi səbirsizliklə gözləyirəm. Sizin və Azərbaycanın böyük heyranı olan mərhum Zbiqnev Bzejinski Azərbaycanı böyük şahmat lövhəsində mühüm strateji mərkəz adlandırmışdı və müstəqil Azərbaycanın Xəzər dənizinin enerji resurslarını Qərbə gətirəcəyini demişdi. Bunun əksinə Azərbaycanın müstəqil siyasət yürüdə bilməyəcəyi təqdirdə Mərkəzi Asiya regionunda Rusiyanın dominantlığına gətirib çıxaracağını da söyləmişdi. O vaxtdan bəri çox şeylər baş verib və böyük şahmat lövhəsinə yenidən nəzər salmaq vaxtı yetişib. Dağlıq Qarabağ müharibəsinin həllini, Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü nəzərə alaraq Azərbaycanın enerji resurslarının Avropaya çatdırılmasındakı rolu, Asiyanın logistik nöqteyi-nəzərdən geostrateji cəhətdən mühüm ərazi sayılan Avropaya birləşməsinin mümkünlüyü və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə çoxtərəfli inkişaf banklarının oynaya biləcəyi rolu haqqında danışa bilərsinizmi? Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Təşəkkür edirəm, çox sağ olun. Əslində, cənab Merkel tərəfindən üç sual verilib və mən onları cavablandırmağa çalışacağam. Enerjinin Avropaya çatdırılması məsələsinə gəlincə, tarixi layihə olan Cənub Qaz Dəhlizinin tamamlanması nöqteyi-nəzərdən ötən ilin sonuncu günü əlamətdar bir gün olmuşdur. Sərbəst inteqrasiya olunmuş 3.5 min kilometr uzunluğunda qaz boru xətləri birləşdirilmiş və bir layihə kimi bir-birinə bağlanmışdır. İlk dəfə Azərbaycan qazı Avropaya çatdırılmışdır. Bu, həqiqətən də tarixi hadisə idi. Çünki layihə bütün nöqteyi-nəzərdən – maliyyə, siyasi və texniki baxımdan böyük bir çağırış idi. Biz həqiqətən də yaxşı bir komanda, bir neçə ölkəni təmsil edən komanda olaraq çalışırdıq. Bu ölkələrin bəziləri Avropa İttifaqının üzvüdür. Biz Avropanın enerji təhlükəsizliyinə həqiqətən də mühüm töhfə verdik. Azərbaycanda yeni yataqların kəşf edilməsini və təbii qazın hasilatının yeni səviyyəsini nəzərə alaraq bu, gələcək onilliklər ərzində davam edəcək layihədir. Azərbaycan qazı Avropa qitəsi üçün yeni qazdır, hazırda Avropaya qazın yeganə yeni mənbəyidir və cəlb olunmuş ölkələr arasında böyük dərəcədə ikitərəfli və çoxtərəfli əlaqələri gücləndirib. Beləliklə, bu məsələ tamamlanmış kimi hesab olunur.

Asiyanı Avropa ilə birləşdirmək üçün logistik dəstəkdən və Çinin “Bir kəmər, bir yol” təşəbbüsündən danışanda deməliyik ki, bunlar da beynəlxalq gündəliyin mühüm hissəsidir. Azərbaycan öz ərazisində bütün zəruri nəqliyyat layihələrini tamamlayıb və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində bizim Asiya və Avropadakı tərəfdaşlarla mühüm bağlantımız var. Bu önəmli layihənin bir hissəsi olmaq üçün biz öz infrastrukturumuzu, o cümlədən dəniz limanını, Xəzər hövzəsində ən böyük gəmi parkını və dəmir yolu imkanlarını təmin edirik. Beləliklə, biz bu layihəyə maliyyə və siyasi cəhətdən investisiya yatırmışıq. Ümid edirəm ki, bu iki mühüm sahə – enerji təhlükəsizliyi və nəqliyyat təhlükəsizliyi nəinki təkcə Azərbaycanın gələcək iqtisadi inkişafı üçün önəmli rol oynayacaq, – çünki bu, əlavə gəlirlərin yaranmasına səbəb olacaq, – həm də regional sabitliyə ciddi şəkildə töhfə verəcək. Çünki ölkələr bir-birindən asılı olur, ölkələr bir gəmidə olduğu üçün bir komandanın üzvü olur və əlbəttə ki, qarşılıqlı dəstəyin səviyyəsi artacaq.

Cənab Merkelin beynəlxalq banklarla bağlı sonuncu sualına gəldikdə, Sizə deyə bilərəm ki, biz Cənub Qaz Dəhlizi layihəsini həyata keçirəndə bütün əsas beynəlxalq maliyyə institutları bizim tərəfdaşlarımız idi. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Çin tərəfindən təsis olunmuş İnfrastruktur və İnvestisiya Bankı. Bütün aparıcı beynəlxalq maliyyə institutları layihədə iştirak edirdi və bu, layihəyə dəstək olmaq üçün kommersiya banklarına ünvanlanmış açıq-aydın bir mesaj idi. İşğaldan azad edilmiş ərazilərdə layihələrə gəldikdə, biz builki yenidənqurma işlərinə büdcəmizdən 1.3 milyard ABŞ dolları ayırmışıq və səmimi söyləsəm biz banklardan kredit almaq istəmirik. Bizim dəyərləndirdiyimiz investisiya yatırmaq imkanlarıdır. Çünki işğaldan azad edilmiş ərazilərdə investisiya yatırmaq üçün çoxlu imkanlar var. Bizim böyük yenidənqurma planlarımız var. Buna görə bankların Azərbaycana, əslində, lazım olmayan birbaşa maliyyə dəstəyi verməsi əvəzinə, əcnəbi və yerli investorlara işğaldan azad edilmiş ərazilərdə layihələri həyata keçirməyə kömək göstərməsi bizi sevindirmiş olardı. Təşəkkür edirəm.

Vayra Vike-Freyberqa: İkinci iştirakçımızdan, 2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini, 2008-ci ildə Gürcüstanın xarici işlər naziri olmuş xanım Eka Tkeşelaşvilidən sual verməsini xahiş etmək istərdim. Eka, buyurun.

Eka Tkeşelaşvili: Hər vaxtınız xeyir, cənab Prezident.

Prezident İlham Əliyev: Hər vaxtınız xeyir.

Eka Tkeşelaşvili: Zati-aliləri, Azərbaycan regionda transformasiya xarakterli layihələrdə mərkəz rolunu oynamışdır. Bu, Qafqazın Avropanın ümumi enerji təhlükəsizliyi üzrə önəmli büro ölkəsinə çevrilməsinə, qlobal miqyasda beynəlxalq ticarətin və bağlılığın inkişafına imkan verir. İndiyədək bu istiqamətdə cərəyan edən hadisələri necə qiymətləndirərdiniz? Sizcə, tərəqqinin miqyasını artırmaq anı yetişibmi? Lakin həm də tərəfimizdən nəzərə alınmalı bəzi çatışmayan bəndlər və çağırışlar da var.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Azərbaycanın oynadığı rola verdiyiniz qiymət üçün sizə təşəkkür edirəm. Deyə bilərəm ki, yalnız təkcə biz özümüz bu vacib layihələri tamamlaya bilməzdik və buna görə də bütün bu layihələrin icrası zamanı bizim Gürcüstanla əməkdaşlığımız strateji əhəmiyyətə malik idi. Bildiyiniz kimi, müstəqillik illərində Azərbaycandan çəkilmiş ilk boru xətti Gürcüstana gedən Bakı-Supsa boru xətti idi. Bu kəmər 1990-cı illərin axırında istismara verilmişdir və Azərbaycan neftinin beynəlxalq bazarlara ixracına başlamağa imkan yaratmışdır. Bakı-Tbilisi-Ceyhan kəməri 6-7 il sonra çəkilmişdir. Bu, həqiqətən də inkişafın bir mərhələsi idi. Bu, Cənubi Qafqaz regionunda tamamilə yeni bir vəziyyəti yaratmaq üçün bizim birgə iradəmizin təcəssümü idi.

Tam aydındır ki, enerji və nəqliyyat layihələri Cənubi Qafqazı transformasiyaya uğradıb, regionun iki ölkəsinə – Gürcüstan və Azərbaycana əlavə maliyyə ehtiyatları əldə etməyə imkan verib, ölkələrimizin beynəlxalq tərəfdaşlar qarşısında əhəmiyyətini artırmağa imkan yaradıb. Sonradan bizə nəqliyyat layihələrinə, elektrik enerjisi istehsalı sistemlərinin birləşdirilməsi layihələrinə investisiya yatırmaq üçün güclü tərəfdaşlıq yaratmağa imkan verib. Bu gün Cənubi Qafqazda əlimizdə olanların təməli bizim birgə səylərimiz sayəsində qoyulub. Çatışmayan bəndlərə gəlincə, hesab edirəm ki, Cənub Qaz Dəhlizi layihəsinin sonuncu hissəsi olan Trans-Adriatik boru xəttinin tamamlanmasından sonra bütün bəndlər bir-birinə bağlanıb. Eyni zamanda, bir neçə il bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun tamamlanması Xəzər regionu, Qafqaz və Türkiyə regionunda bütün bəndləri bir-birinə bağlayıb. Buna görə də biz yeni bəndlərin yaradılması baxımından gələcək planlar haqqında düşünə bilərik. Məsələn, hazırda üzərində işlədiymiz layihələrdən biri Qərbi Balkan ölkələrinin infrastrukturuna qoşulmaqla, Avropanın enerji bazarında iştirakımızın genişləndirilməsindən ibarətdir. Biz hazırda həmin ölkələrə qazın çatdırılması üçün sabiq Yuqoslaviyanın bir neçə ölkəsi ilə fəal danışıqlar mərhələsindəyik. Bilirsiniz, bir mühüm layihəni bitirdikdən, missiyanı yerinə yetirdiyinizi düşündükdən sonra bəzi yeni ideyalar yaranır və tərəqqi özünü belə nümayiş etdirir. Əminəm ki, biz faydalı əməkdaşlığın başqa sahələrini də tapacağıq, ölkələr komandasını və dostluğumuzu genişləndirəcəyik.

Vayra Vike-Freyberqa: Təşəkkür edirəm, cənab Prezident. Növbəti iki sualda Azərbaycanın konkret ölkələrlə əlaqələrindən bəhs olunacaq. Birinci sual üçün xanım Tzipi Livniyə söz vermək istəyirəm. Xanım Livni 2002-2010-cu illərdə İsrailin xarici işlər naziri olub.

Tzipi Livni: Təşəkkür edirəm. İlk növbədə, mən İsraildə Turizm və Ticarətin İnkişafı üzrə Nümayəndəliyin açılmasına görə təşəkkürümü bildirmək istəyirəm. Bunun üçün minnətdaram. Mənim sualım ABŞ, ABŞ-ın yeni administrasiyası və Rusiya ilə bağlıdır. Sizin bu ölkələrin regionla və regionun üzləşdiyi çağırışlarla əlaqəli siyasəti ilə bağlı gözləntiniz nədir?

Vayra Vike-Freyberqa: Cənab Prezident, indi isə gəlin sualını vermək üçün sözü 2005-2010-cu illərdə Ukraynanın Prezidenti olmuş Viktor Yuşşenkoya verək.

Viktor Yuşşenko: Hörmətli cənab Prezident İlham Heydər oğlu. İlk növbədə, mən Sizi Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ən mühüm məsələlərdən biri olan Dağlıq Qarabağ münaqişəsinin həlli münasibətilə təbrik etmək istəyirəm. Bu, həyata keçirilməsi 30 il çəkən bir arzu idi. Bildiyiniz kimi, 2006-cı ildə biz dörd ölkədən ibarət olan beynəlxalq GUAM təşkilatını yaratdıq. Bu təşkilat təhlükəsizlik, iqtisadiyyat, əməkdaşlıq, humanitar əməkdaşlıq və infrastruktur məsələləri ilə məşğul olmalı idi. Bu təşkilatın gələcək fəaliyyəti üçün yol xəritəsini nədə görürsünüz?

Vayra Vike-Freyberqa: Cənab Prezident, Sizin cavabınızı səbirsizliklə gözləyirik.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Birinci sual ABŞ və Rusiyanın regiondakı siyasətindən gözləntilərimizlə bağlıdır. Rusiya və ABŞ Minsk qrupunun həmsədrləri kimi demək olar ki, 30 il ərzində Azərbaycanla Ermənistan arasında fəal danışıqlar prosesinin bir hissəsi olublar. Əfsuslar olsun ki, bu danışıqlar heç bir nəticə vermədi. Lakin, eyni zamanda, indi ABŞ-la Rusiya arasında əlaqələrin çox aşağı səviyyədə olduğu bir vaxtda xüsusilə aydın görünür ki, münaqişənin həlli məsələsi bəlkə də Rusiya və ABŞ-ın çox fəal və çox açıq şəkildə əməkdaşlıq etdiyi yeganə məsələ idi. Beləliklə, müəyyən mənada Azərbaycan öz münaqişəsi ilə ən azı bu iki supergücün səmimi şəkildə əməkdaşlıq edə biləcəyi bir sahəyə malik olmaqla mühüm rol oynayır. Eyni zamanda, demək istərdim ki, pandemiyadan əvvəl Rusiya və ABŞ-ın ən yüksək rütbəli hərbi rəsmiləri, hər iki ölkənin ordularının baş qərargah rəisləri Bakıda mütəmadi görüşlər keçirirdilər. Rusiya ordusunun baş qərargah rəisi və NATO-nun hərbi komandiri də bir neçə dəfə Bakıda silsilə danışıqlar aparıblar. Onlar hər hansı başqa bir məkan seçə bilərdilər. Lakin Bakının seçilməsi, ilk növbədə, Azərbaycanın müstəqil xarici siyasətinin həqiqətən də yaxşı göstəricisi, həmçinin ölkəmizə yüksək səviyyəli hörmətin və etimadın təzahürüdür. Biz bunları Azərbaycanın məkan kimi seçilməsində əsas amil hesab edirik.

Bizim ABŞ-la əlaqələrimiz Rusiya ilə əlaqələrimizdən daha az çoxşaxəlidir. Bu da aydın məsələdir, çünki bizim Rusiya ilə uzun tarixə malik əlaqələrimiz var və biz qonşuyuq. Ona görə də bizim Rusiya ilə münasibətlərimiz çoxşaxəlidir, demək olar ki, hər bir sahəni əhatə edir. ABŞ-la əməkdaşlığımızın əsas sahələri terrorizmlə mübarizə, istər İraqda, istərsə də Əfqanıstanda sülhməramlı əməliyyatlar, hazırda enerji təhlükəsizliyi və bəzi başqa sahələrdir. Hər iki ölkənin Azərbaycanla bağlı siyasəti, eləcə də bizim bu ölkələrlə bağlı siyasətimiz hər zaman sabit və proqnozlaşdırılan olub. Hər iki ölkə ilə bizim strateji əhəmiyyət kəsb edən münasibətlərimiz var. Sözsüz ki, gündəlik fərqlidir, lakin çox açıq, çox aydındır və gözlənilməz heç bir hal baş vermir. Çünki biz hər zaman nəzərdə tutduğumuzu deyirik və hər zaman dediyimiz sözün arxasında dayanırıq. Düşünürəm ki, bir çox ölkələrlə yaxşı əlaqələr qurmağa nail olmağımızın səbəblərindən biri məhz budur və onların arasında bir-biri ilə yaxşı əlaqələri olmayan yeganə ölkələr Rusiya və ABŞ deyil. Zənnimcə, ABŞ və Rusiyanın Azərbaycanla bağlı siyasəti sabit olmağa davam edəcək və mənim yüksək rütbəli rəsmilər, Rusiya Prezidenti, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri, eyni zamanda, Rusiyanın xarici işlər naziri ilə son təmaslarım onu göstərir ki, biz həqiqətən də əməkdaşlığımızı genişləndirmək istəyirik və hər iki tərəf bu əlaqələri strateji əhəmiyyət kəsb edən münasibətlər hesab edir.

Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra düşünürəm ki, gələcəyi planlaşdırmaq daha asan olacaq. Çünki bu münaqişə bizim çox fəal əməkdaşlıq formatına sahib ola biləcəyimiz, lakin bu və ya digər səbəbdən sahib ola bilmədiyimiz bəzi əməkdaşlıq sahələri üçün müəyyən mənada əngəl törədirdi. Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin həlli tamamilə yeni mühit yaradır və ümid edirik ki, Rusiya və ABŞ ölkəmizə böyük əhəmiyyət verməyə davam edəcək.

Mən, həmçinin hörmətli Prezident Yuşşenkonun GUAM-la bağlı sualına cavab vermək istərdim. O, bu təşkilatın dəyişildiyi və ona yeni ad – Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat adı verilən vaxtları xatırladı. Viktor Andreyeviçin doğru qeyd etdiyi kimi, GUAM-ın gündəliyi çox geniş idi və o, çox yaxşı xatırlayır ki, onun Ukraynada prezidentliyi dövrü bəlkə də GUAM-ın ən fəal dövrü idi. Biz hər il mütəmadi olaraq müxtəlif paytaxtlarda sammitlər keçirirdik, qeyri-rəsmi müzakirələrimiz olurdu. Biz, həqiqətən də bu təşkilatın çox fəal inkişaf dövrünü yaşayırdıq. Bir çox hallarda bəzi başqa ölkələrin prezidentləri də bizə qoşulurdu, bu isə təşkilatın cəlbedici olduğunu göstərirdi. Lakin əziz dostum Viktor da çox yaxşı bilir ki, GUAM-da aparıcı rolu məhz Ukrayna oynayıb. Ona görə də o, hakimiyyətdən gedəndən sonra siyasi gündəlikdə baş verən dəyişikliklər faktiki olaraq təşkilatın vəziyyətinin bir qədər pisləşməsinə gətirib çıxardı. O, Ukraynanın xarici siyasətinin prioritetlərindən biri olmağı dayandırdı. Bu səbəbdən də biz yavaş-yavaş GUAM-ın əvvəlki dinamikasını itirdiyini görməyə başladıq. Daha az görüş keçirilir, təmaslar və birgə layihələr daha azdır. Buna baxmayaraq, bizim həmin vaxt müzakirə etdiyimiz məsələlər, xüsusilə Azərbaycan neftinin Ukraynaya nəqli baş tutdu və təkcə bu, deyil.

Bu gün Azərbaycan Ukraynada çox geniş paylayıcı şəbəkəyə malikdir. Bizim cənab Prezident Yuşşenko ilə fəal şəkildə işlədiyimiz məsələ – Azərbaycandan Ukraynaya neft təchizatı indi reallıqdır. GUAM-ın hələ də onların xarici siyasətinin prioriteti olub-olmaması yenə də əsasən, Ukrayna hökumətinin gündəliyindən asılı olacaq. Əlbəttə ki, bu, təşkilatın özünü fəallaşdırması və ya bir növ gözləmə mövqeyində qalmasında əsas amil olacaq. Sözsüz ki, üzv ölkələrdə bir sıra daxili məsələlər də müəyyən mənada bəzi çətinliklər yaratdı. Çünki bəzi ölkələrdə hökumət dəyişikliyi elə sürətlə baş verdi ki, onların hətta öz xarici siyasət gündəliklərini formalaşdırmağa vaxtı olmadı. Lakin Azərbaycan bu mənada hər zaman sabit ölkə olub və əgər bütün üzv ölkələrdən belə bir tələb olsa, biz doğru düşündüyümüzü edəcəyik.

Eyni zamanda, Ukrayna ilə, Gürcüstanla ticarət əlaqələri inkişaf edir, enerji sahəsində əməkdaşlıq inkişaf edir. Hazırda isə nəqliyyat… Ukrayna bəzən Mərkəzi Asiyaya mallar göndərmək üçün Azərbaycanın logistik və nəqliyyat şəbəkəsindən istifadə edirdi. Beləliklə, bütün bunlar mümkündür. Bizim, sadəcə olaraq, praqmatizmə, GUAM ölkələrinin bir-birinə qarşı hər zaman nümayiş etdirdiyi qarşılıqlı dəstəyə əsaslanaraq gələcək addımları planlaşdırmağa ehtiyacımız var. Demək istəyirəm, təşkilatın ən mühüm elementlərindən biri odur ki, biz ölkələrimizin ərazi bütövlüyü məsələsində hər zaman BMT-də bir-birimizi dəstəkləmişik və bu vahid mövqe ölkələrimizin ağrılı məsələlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqda həqiqətən də mühüm əhəmiyyət kəsb edirdi.

Vayra Vike-Freyberqa: Təşəkkür edirəm, cənab Prezident. Siz bir qədər əvvəl söylədiniz ki, Dağlıq Qarabağdakı vəziyyətlə bağlı fikirlərinizi dəfələrlə dinləmək şərəfinə nail olacağıq. Lakin bugünkü mövzu Sizin qonşunuz Ermənistanla əlaqələrinizin gələcəyi ilə bağlıdır. Bizə bu ümumi məsələ ilə bağlı 4 sual ünvanlanıb. Biz onları iki-iki cavablandıra bilərikmi? Sual üçün söz ABŞ-ın Azərbaycan Respublikasındakı sabiq səfiri Robert Sekutaya verilir. Cənab səfir, buyurun.

Robert Sekuta: Hər vaxtınız xeyir, cənab Prezident.

Prezident İlham Əliyev: Hər vaxtınız xeyir.

Robert Sekuta: Burada olmaqdan və Sizi virtual da olsa, görməkdən çox məmnunam. Mən Xəzər Siyasət Mərkəzinin İdarə Heyətini təmsil edən nümayəndə heyəti ilə birlikdə Bakıdayam. Buraya Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş ofisindən gəlirəm. Sizə deməliyəm, mən və bir sıra sabiq ABŞ səfirləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə işləyirik ki, dünya liderlərini “Çatam Hauz” qaydalarına uyğun olaraq Qarabağla bağlı müzakirələrə cəlb edə bilək. Deyə bilərəm ki, xüsusilə Sizin administrasiyanız, Hikmət Hacıyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə iş baxımından bizə çox yardımçı olub, biz buna görə həqiqətən də minnətdarıq. Cənab Prezident, söylədiklərinizin davamı olaraq demək istərdim ki, Azərbaycanla Ermənistan arasında əlaqələrin qurulmasına kömək etmək üçün ABŞ-ın hansı rolu oynamasını, hansı addımları atmasını istəyərdiniz. Təşəkkür edirəm, cənab Prezident.

Vayra Vike-Freyberqa: Cənab Prezident, Siz bu suala cavab verməzdən əvvəl biz 2002-2004-cü illərdə, həmçinin 2008-2011-ci illərdə İtaliyanın xarici işlər naziri, 2004-2008-ci illərdə Avropa İttifaqının komissarı olmuş cənab Franko Frattininin də sualını eşidə bilərikmi? Cənab Frattini, biz sizin sualınızı dinləməyə hazırıq.

Franko Frattini: Təşəkkür edirəm, cənab Prezident. İlk növbədə, virtual da olsa, Sizi görməkdən məmnunam. Mən, əvvəlcə, bir daha demək istərdim ki, Sizin bir qədər öncə qeyd etdiyiniz kimi, biz birlikdə bir sıra maneələri dəf edəndən sonra İtaliya Trans-Adriatik boru kəmərinin mükəmməl fəaliyyətindən tam məmnundur.

Mənim Ermənistanla bağlı sualım var. Siz o ölkəni qeyd etdiniz. Məndə belə bir təəssürat var ki, Ermənistanda yaşayan sadə insanların daxili siyasi təbliğat səbəbindən təcrid olunmalarından, Qafqazın qalan hissəsi və onun hüdudlarından kənarında yaxşı əlaqələrin onların maraqlarına tam uyğun olmasından bəlkə də xəbərləri yoxdur. Sizcə, Ermənistanda bəlkə də siyasətçilərin başa düşmədiyini erməni xalqının anlaması üçün dost əlini uzatmaq məqsədilə ən konkret təklif nə olardı?

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması üçün ABŞ-ın hansı addımlar ata biləcəyinə gəlincə, düşünürəm ki, ABŞ çox iş görə bilər. O, ilk növbədə, dünyada aparıcı ölkədir, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Yeri gəlmişkən, mən başa düşdüyüm və hiss etdiyim qədərilə indi ATƏT bir növ yeni fəaliyyət formatı axtarışındadır. Çünki bir qədər əvvəl dediyim kimi, münaqişə həll olunub. Ona görə də Minsk qrupu üçün yeni gündəlik olmalıdır və əlbəttə ki, üç ölkə, ilk növbədə, öz aralarında razılığa gəlməlidir. Mən Minsk qrupu səfirləri ilə sonuncu dəfə görüşəndə və biz gələcək barədə müzakirələr aparanda dedim ki, onlardan təkliflər gözləyirəm. Çünki həll yolunu tapmaq üçün həmişə təklifləri verən, hər iki ölkəni yaxınlaşdırmağa çalışan onlar olub. Bu səbəbdən də bu gün başa düşdüyüm qədərilə Minsk qrupu müəyyən mənada yeni kimlik olmasa da, ən azı yeni fəaliyyət sahəsi axtarışındadır. ABŞ həmsədrlərdən biri kimi sözsüz ki, çox mühüm rol oynayır. Eyni zamanda, biz bilirik ki, ABŞ dünyanın hər bir regionunda mühüm rol oynayır. Ona görə də düşünürəm ki, münasibətləri normallaşdırmağa kömək etmək və icmalara bizim yanaşı yaşamalı olduğumuzu başa salmaq istiqamətində səylər yüksək qiymətləndiriləcək.

Ermənistan cəmiyyətinin daha yaxşı başa düşməsi üçün hansı təklif verə biləcəyimizlə bağlı cənab Frattininin sualına cavab olaraq, mən hər iki suala cavab verməyi üstün tutardım, çünki onlar bir-biri ilə əlaqəlidir. Uzun illər ərzində Ermənistan siyasi isteblişmenti Azərbaycanı iblisləşdirirdi, onlar ictimai rəyi çaşdırırdı, Azərbaycanla və bizim nə istədiyimizlə bağlı tamamilə qeyri-real mənzərə yaradırdı. Biz, sadəcə, ərazi bütövlüyümüzü bərpa etmək istəyirdik, tarixə və beynəlxalq hüquqa əsasən bizə məxsus olmuş ərazilərimizi geri qaytarmaq istəyirdik. Biz bir milyon azərbaycanlının öz evlərinə geri qayıtmasını istəyirdik və bizim tələbimiz legitim idi. Beynəlxalq hüququ pozan və bizim ərazilərimizi işğal edən ölkə Ermənistan idi. Lakin Ermənistan cəmiyyətində Azərbaycana qarşı olan nifrətin səviyyəsi, azərbaycanofobiya, Azərbaycanın iblisləşdirilməsi o qədər yüksək idi ki, erməni cəmiyyətinin bir hissəsi haqlı olduqlarına inanmağa başladı. Ona görə də indi baş verənlər mən deyərdim ki, Ermənistan cəmiyyətində çox ciddi psixoloji dramdır. Onlar başa düşürlər ki, 30 ildir bu ölkəni idarə edən liderlər xalqa yalan danışıblar. Onlar hətta 44 günlük İkinci Qarabağ müharibəsi zamanı da yalan danışırdılar. Deyirdilər ki, döyüşü udurlar, deyirdilər ki, yeni əraziləri nəzarətə götürürlər və de-fakto hamı bilirdi ki, döyüş meydanında bunun tam əksi baş verirdi. Beləliklə, birincisi, onlar reallığı çox aydın şəkildə başa düşməlidirlər. Regionda yeni reallıq yaranıb, daha dəqiq desəm, Azərbaycan tərəfindən yaradılıb və Ermənistan, onun cəmiyyəti bu reallığa uyğunlaşmalıdır. Onlar öz liderlərindən başqa heç kimi günahlandırmamalıdırlar. Müstəqilliklərinin əvvəlindən bütün liderlər ölkələrini fəlakətə sürükləyirdi.

Müharibə vaxtı baş verənlər ədalətin qələbəsi, beynəlxalq hüququn qələbəsi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi idi. Ona görə də onlar, ilk növbədə, nə etməlidir, onlar Azərbaycanı iblisləşdirməyə son qoymalıdırlar. İkincisi, onlar qisas almaq üçün hətta sözdə olsa belə, hər hansı cəhddən tamamilə çəkinməlidirlər. Əfsuslar olsun ki, Ermənistan siyasi dairələrində bu revanşist hisslər geniş yayılıb. Hazırda onlar parlament seçkiləri ərəfəsindədirlər. Biz gərginliyin yüksəldiyini görürük və bir-birini aradan qaldırmağa hazır olan bütün siyasi qüvvələri birləşdirən yeganə amil azərbaycanofobiyadır. Onlar tamamilə əks təsir göstərən, Ermənistanın həqiqətən də müstəqil olmasına imkan verməyən bu siyasəti davam etdirirlər.

Ermənistan siyasi cəhətdən, iqtisadi cəhətdən, hərbi cəhətdən tamamilə asılı ölkədir və səbəb işğaldır. Əgər işğal olmasaydı, Ermənistanın müstəqil və ya yarımmüstəqil xarici siyasət qurmaq üçün daha çox təsir vasitələri, daha çox imkanları olardı. Lakin nə baş verməsindən asılı olmayaraq, biz bir daha gələcəyə baxmalıyıq. Mən dəfələrlə açıq şəkildə demişəm ki, biz səhifəni bağlamalıyıq, gələcəyə baxmalıyıq. Biz artıq təklif vermişik, lakin əfsuslar olsun ki, Ermənistan rəhbərliyi cavab verməyib. Mən dəfələrlə demişəm ki, biz Ermənistanla sülh razılaşması üzərində işə başlamağa hazırıq. Müharibəyə son qoymaq, istənilən potensial hərbi qarşıdurma riskini minimuma endirmək və ya aradan qaldırmaq üçün bizim Ermənistanla sülh razılaşmasına, sərhədlərin delimitasiyasına ehtiyacımız var. Bütün bunlar üçün birgə səylərə ehtiyac var, biz bunu birtərəfli qaydada edə bilmərik. Eyni zamanda, müharibə dayanandan – noyabrın 10-dan sonra hazır olduğumuzu, mühüm məsələlər üzərində birlikdə işləməyə hazır olduğumuzu nümayiş etdirmək üçün bir neçə dəfə mühüm jest etdik. Onlardan biri humanitar məsələ idi. Biz müharibə zamanı saxlanılanların hamısını, o cümlədən Ermənistan qoşunları qaçıb gedərkən tərk edilən mülki şəxsləri dərhal azad etdik. Biz çox sayda yaşlı erməninin qayğısına qaldıq, onları xəstəxanaya yerləşdirdik və Qırmızı Xaça təhvil verdik, onlar sağ-salamat geri qayıtdılar.

Onlar 1990-cı illərin əvvəlində bizim torpaqları işğal edəndə bunun eynisini etməmişdilər. Biz meşələrdə, dağlarda cəsədləri axtarırdıq. Biz təxminən 1600 əsgərin cəsədini Ermənistana qaytardıq. Müqayisə üçün deyim ki, Birinci Qarabağ müharibəsindən sonra demək olar 4000 Azərbaycan hərbçisi hələ də itkindir, onların əksəriyyəti qətlə yetirilib və onlar bizə heç bir cəsəd qaytarmayıb. Fərq budur. Bundan əlavə, müharibə dayanandan sonra bizdə 100-dən çox adam minaya düşərək həlak olub və ya ağır yaralanıb. Ermənistan bizə minaların xəritəsini verməkdən imtina edir. Biz dəqiq bilirik ki, onlarda bəlkə də azı bir milyon minanın basdırıldığını göstərən xəritə var. Onlar bunu bizə verməkdən imtina edir. Bilirsiniz ki, minaların təmizlənməsi çox çətin, çox bahalı bir prosesdir və çox vaxt aparır. Biz əraziləri bərpa etməliyik, minalar təmizlənmədən bu, mümkün deyil.

Hazırda biz Ermənistan vətəndaşlarına bizim işğaldan azad etdiyimiz ərazilərdən keçərək Ermənistan şəhərlərini birləşdirən magistral yolun 21 kilometrindən istifadə etməyə icazə veririk. Bu, xoş məramın daha bir göstəricisidir. Biz Rusiyanın “Qazprom” şirkətinə Azərbaycan ərazisindən Ermənistana təbii qaz nəql etməyə icazə verdik, çünki Rusiya tərəfdə təmir işləri gedirdi. Bir aydan çox müddətdə erməni istehlakçılar qazı Azərbaycandan əldə edirdilər. Bəs, Ermənistan hökuməti öz xalqını bu barədə məlumatlandırdımı? Xeyr. Hətta bu yaxınlarda bizim könüllü şəkildə azad etdiyimiz həmin saxlanılan 14 hərbçiyə görə onlar təşəkkür belə etmədilər. Onlar hər kəsə təşəkkür etdi. Rusiyalı sülhməramlılara təşəkkür etdi. ABŞ administrasiyasına təşəkkür etdi. Amma bizə, həmin şəxsləri azad edənlərə təşəkkür etmədilər. Bu, onu göstərir ki, onlar normal davranışa hazır deyillər. Onlar Azərbaycanı iblisləşdirməyə son qoymağa hazır deyillər. Bu gün “azərbaycanlı” erməni siyasi lüğətində ən pis təhqirdir. Onlar bir-birini təhqir etmək istəyəndə, bir-birini azərbaycanlı adlandırırlar. Bu, ölkəni idarə etmək istəyən şəxslər üçün qəbuledilməzdir. Lakin yenə də biz nə təklif etmişik. Biz nəqliyyat məsələlərində, xüsusilə Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılması məsələləri ilə bağlı əməkdaşlıq təklif etmişik. Eyni zamanda, Ermənistanın iki yaxın dostu ilə – Rusiya və İranla dəmir yolu əlaqəsi olacaq. Bu dəmir yolu əlaqəsi mövcud deyil. Beləliklə, biz bunu təklif etdik və sizə deyə bilərəm ki, proses gedir. Proses başlayıb, bu, asan deyil, lakin başlayıb.

Cənab səfir Sekutanın sualına qayıdaraq deyim ki, bizim dəstəyə ehtiyacımız var. Bizim Minsk qrupunun, həmsədr ölkələrin, o cümlədən ABŞ-ın dəstəyinə ehtiyacımız var, region ölkələrinin, həmçinin hər zaman regionda müsbət inkişafı dəstəkləyən Türkiyənin dəstəyinə ehtiyacımız var və əlbəttə ki, bizim Avropa İttifaqının dəstəyinə ehtiyacımız var. Çünki düşünürəm ki, bu, nadir əməkdaşlıq formatı olacaq və Ermənistan bu şansı əldən versə, peşman olacaq. Bu, son şansdır. Otuz il keçib, qeyd etdiyim kimi, onların hazırkı vəziyyəti 1991-ci ildə olduğundan daha pisdir. Beləliklə, bu, son şansdır, onlar bunu əldən versələr, bəlkə də daha çətin olacaq.

Vayra Vike-Freyberqa: İcazə verin, sözü 2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti olmuş cənab Rosen Plevneliyevə verim.

Rosen Plevneliyev: Cənab Prezident, hər kəsin adından bildirmək istəyirəm ki, biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olmağımızdan böyük fərəh hissi keçiririk. Sizin rəhbərliyinizlə və Mərkəzin katibliyinin gənc əməkdaşlarının səyləri nəticəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal əhəmiyyətli, güclü və səmərəli bir təsisat olaraq fəaliyyət göstərir. Biz bir çox qurumların üzvüyük, ancaq Nizami Gəncəvi Beynəlxalq Mərkəzi digərlərdən həqiqətən də fərqlənir. Bundan əlavə, Sizin rəhbərliyinizlə İkinci Qarabağ müharibəsindəki Qələbəniz bizi çox məmnun etdi. Siz qanunun aliliyini təmin etdiniz, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiniz və xalqa ədalət bəxş etdiniz. Mənim sualım Dağlıq Qarabağ bölgəsinin iqtisadiyyatı ilə bağlıdır. Bütün bu illər davam edən işğal nəticəsində həmin bölgədə vəziyyət nə dərəcədə çətindir və iqtisadiyyata hansı ziyan dəyib? Biz – Sizin dostlarınız və beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ bölgəsinin iqtisadiyyatının bərpasına yardım etmək üçün nə edə bilər?

Vayra Vike-Freyberqa: Sözü 1987-2015-ci illərdə Anti-Diffamasiya Liqasının direktoru olmuş cənab Abraham Foksmana verirəm.

Abraham Foksman: Cənab Prezident, Sizi virtual olsa da, görmək imkanına görə təşəkkür edirəm və tezliklə şəxsən görüşməyə ümid edirəm. Cənab Prezident, Azərbaycanın İsrail Dövləti ilə münasibətləri haqqında nə deyə bilərsiniz, xüsusilə də hazırda yaşanan böhran fonunda?

Prezident İlham Əliyev: Əvvəlcə, cənab Plevneliyevin sualına cavab vermək istəyirəm. Cənab Prezident, Azərbaycanın Qələbəsi və qanunun aliliyinin bərqərar olması ilə bağlı xoş sözlərinizə və dəstəyə görə sizə dərin minnətdarlığımı bildirirəm. Biz mənim sizin gözəl ölkənizə səfərlərim və sizin Azərbaycanda olduğunuz vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin həllini dəfələrlə müzakirə etmişik. Mən hər zaman sizin ədalət və beynəlxalq hüquqa əsaslanan açıq mövqeyinizi yüksək qiymətləndirmişəm. Səmimi təbriklərinizə görə sizə dərin minnətdarlığımı bildirirəm.

Artıq qeyd etdiyim kimi, işğaldan azad olunmuş ərazilər tamamilə dağılmış vəziyyətdədir. Mənim azad olunmuş ərazilərə çoxsaylı səfərlərim olub və avtomobillə hərəkət edərkən 400-450 kilometr yolboyu yalnız dağıdılmış şəhər və kəndlər görünür. Son altı ay ərzində mənin azad olunmuş ərazilərə bir çox səfərlərim olub, şəhər və kəndlərin 90 faizi tamamilə dağıdılmış vəziyyətdədir. Həmin dağıntılar Birinci Qarabağ müharibəsi zamanı baş verməyib. Bu şəhərləri bombardman etməklə bu hala salmaq mümkün olmazdı. Bunlar sonrakı dönəmdə baş verib. Əvvəlcə, onlar bizim inşa etdiyimiz evlərin və məktəblərin tikinti materiallarını, dam örtüklərini və pəncərələrini oğurlayırdılar. Daha sonra isə onlar işğal olunmuş torpaqlarda Azərbaycanın mədəni irsini silməyə çalışırdılar – işğal altındakı torpaqlarda 60-dan artıq məscid dağıdılıb.

Erməni işğalçılarının digər məqsədi şəhər və kəndlərimizi dağıtmaqdan ibarət idi ki, azərbaycanlılar heç vaxt oraya geri dönə bilməsinlər və əslində, bu gün geri dönmək üçün heç bir şərait yoxdur. Təsəvvür edin ki, sovet dövründə Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biri olan, yalnız şəhər əhalisi 40 min nəfərdən ibarət Ağdam tamamilə dağıdılıb. Müharibədən əvvəl 25-30 min sakini olmuş Füzuli şəhəri darmadağın edilib. Füzulini oktyabr ayında azad edəndən sonra mən hərbçilərimizə göstəriş verdim ki, binaların birinin üzərində Azərbaycan bayrağını dalğalandırsınlar. Onlar isə bunun üçün bir dənə olsun belə salamat bina tapa bilmədilər və bayrağı açıq ərazidə yüksəltdik. Digər şəhərlərdə də vəziyyət eynidir, bütün infrastruktur dağıdılıb və beləliklə, görüləcək işlər çoxdur. Lakin biz artıq işlərə başlamışıq. Bu ilin sonunadək azad olunmuş ərazilər 100 faiz elektrik enerjisi ilə təmin ediləcək. Biz magistral yolların inşasına başlamışıq. 10 noyabr Bəyanatının imzalanmasından sonra orada yaşayan ermənilərə əraziləri tərk etmək üçün 20 gün vaxt verildi. Söhbət üç rayondan gedir ki, biz onları 10 noyabr Bəyanatının imzalanması nəticəsində azad etdik. Əslində isə bu, Ermənistanın kapitulyasiyası sənədi idi. Həmin 20 gün ərzində onlar özlərinin yaşadıqları, lakin oralardan qovulan azərbaycanlıların tikdiyi evləri yandırırdılar. Onlar ağacları kəsir və yandırır, evlərə od vurub və vandalizm aktları törədirdilər. Yəni, bütün işlər sıfırdan görülməlidir. Biz artıq işlərə start vermişik. Bizim inkişafla bağlı baş planımız artıq hazırdır. Biz dəymiş zərərin hesablanması üçün beynəlxalq şirkətləri dəvət etmişik və işğalçıları beynəlxalq məhkəmələrə verəcəyik. Onlar qanunsuz olaraq bizim sərvətlərimizi talayıb, xüsusilə də qızıl yataqlarımızı. Artıq bu işlə məşğul olan həmin şirkətlərlə bağlı hüquqi prosedurlara başlanılıb. İnfrastruktur layihələrinə artıq start verilib. Mən azad olunmuş əraziləri “yaşıl enerji” zonası elan etmişəm və orada əsasən bərpaolunan enerji mənbələrindən – su, günəş və külək enerjisindən istifadə ediləcək. Daha dolğun təsəvvür yaratmaq üçün qeyd etmək istəyirəm ki, azad olunmuş ərazilər sahəsinə görə Livanın ərazisinə bərabərdir.

Biz bir milyondan çox insan üçün yaşayış evləri tikməli və infrastruktur yaratmalıyıq. Livan boyda ərazilərdə işlər görülməlidir, bunların böyük hissəsi də dağlıq ərazilərdir ki, bu da işləri bir qədər çətinləşdirir. Biz bu işə sadiqik və bunu edəcəyik. Lakin, ilk növbədə, biz əraziləri minalardan təmizləməliyik, çünki onlar çox təhlükəlidir.

İsraillə əlaqələrimizə dair suala cavab olaraq bildirmək istəyirəm ki, münasibətlərimiz kifayət qədər çoxşaxəlidir. Biz fəal ticarət tərəfdaşlarıyıq və ticarətin həcmi artmaqdadır. Əməkdaşlığımızın vacib sahələrindən biri turizmdir. Pandemiyadan əvvəl Azərbaycan ilə İsrail arasında müntəzəm gündəlik uçuşlar həyata keçirilirdi, qarşılıqlı səfərlər mövcud idi. Çünki İsraildə böyük yəhudi-azərbaycanlı icması var, Azərbaycanda isə regionda ən çoxsaylı fəal yəhudi icması mövcuddur. Azərbaycanın yəhudi icması Azərbaycan-İsrail ikitərəfli münasibətlərində çox önəmli rol oynayır. Azərbaycanın fəal yəhudi vətəndaşları iki ölkə arasında daha sıx münasibətlərin olması üçün böyük işlər görürlər.

Əməkdaşlığımızın vacib sahələrindən biri müdafiə sənayesidir. Bu əməkdaşlıq uzun illərdir davam edir. Sirr deyil ki, Azərbaycan İsrailin müdafiə xarakterli məhsullarına tam çıxışa malikdir. Biz artıq həmin sahədə yeni irəliləyiş mərhələsindəyik. Perspektivli sahələrdən biri kənd təsərrüfatıdır. Bilirsiniz ki, olduqca çətin iqlim şəraitində İsrail dünyada ən müasir kənd təsərrüfatı sahəsi yaratmağa müvəffəq olub. Bu, bizim üçün çox yaxşı nümunədir və biz həm azad olunmuş ərazilərdə, həm də ümumiyyətlə, ölkəmizdə bu texnologiyadan istifadə edə bilərik. Beləliklə, texnologiya bizim əməkdaşlığımızın mühüm amilidir. Bu, sizin sualınıza olan cavabımdır.

Vayra Vike-Freyberqa: Sözü CNN telekanalında “Farid Zakariya GPS” verilişinin aparıcısı, məşhur amerikalı jurnalist Farid Zakariyaya vermək istəyirəm. O, Bakı Forumuna dəvət olunub və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən müxtəlif tədbirlərin iştirakçısıdır.

Farid Zakariya: Çox təşəkkür edirəm. Bu tədbirdə iştirak etməkdən məmnunam. Son iyirmi il ərzində böyük inkişafın şahidi olan Bakı kimi möhtəşəm şəhər üçün darıxıram və təəssüf edirəm ki, Zati-aliləri, Sizinlə şəxsən görüşə bilmədim. Cənab Prezident, ABŞ-ın yeni, Bayden administrasiyası ilə bağlı fikriniz nədir? Bu administrasiyanın region və Azərbaycanla bağlı siyasətindən gözləntiləriniz nədən ibarətdir?

Prezident İlham Əliyev: Təşəkkür edirəm, cənab Zakariya. Mən də sizi görməyə şadam və ümid edirəm ki, bu il Bakıda təşkil olunacaq Qlobal Forumda siz də iştirak edəcəksiniz. Sizinlə Bakıdakı görüşümüzü və uzun müzakirəmizi xatırlayıram, Azərbaycanın müstəqillik illərində keçdiyi inkişaf yolunun belə aydın təhlilinə görə də sağ olun. ABŞ-ın yeni administrasiyası bizim üçün o qədər də yeni deyil. Biz Obama-Bayden administrasiyası ilə yaxından əməkdaşlıq etmişik. Mən 2016-cı ildə Vaşinqtonda o zaman vitse-prezident vəzifəsində çalışan cənab Baydenlə görüşümüzü, ikitərəfli gündəliyimizə daxil olan mövzuların geniş dairəsi, beynəlxalq məsələlər ilə bağlı çox yaxşı və səmərəli müzakirəmizi xatırlayıram. Yadımdadır ki, Prezident Baydenin o zaman regionun problematikasına dair dolğun məlumatı var idi və o, ABŞ ilə Azərbaycan arasında münasibətlərə böyük dəyər verirdi. Bizim artıq təmaslarımız olub. Bu yaxınlarda mənim ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri cənab Sallivanla telefon danışığım olub. Biz regionda münaqişədən sonrakı vəziyyət və ikitərəfli münasibətlərlə bağlı məsələləri müzakirə etdik. Biz terrorçuluqla mübarizə və Əfqanıstanda sülhməramlı əməliyyatlar sahəsində əməkdaşlıq edirik. Biz ilk günlərdən Əfqanıstanda əməliyyatlarda iştirak edirik və hazırda orada mövcudluğumuzu davam etdiririk. Bizim hərbçilər oradadır və bu yaxınlarda biz hətta onların sayını artırmışıq.

Əməkdaşlığımızın daha bir vacib sahəsi enerji təhlükəsizliyidir. ABŞ hər zaman iri enerji layihələrinin icrasında yardımçı olub, neft-qaz kəmərləri və ya Amerika şirkətlərinin sərmayə qoyuluşu məsələlərində hər zaman Azərbaycanı dəstəkləyib. Qeyd etdiyim sahələr üzrə bizim çoxşaxəli münasibətlərimiz var, lakin biz bu əlaqələri daha da şaxələndirmək istəyirik. Xüsusilə buraya müasir texnologiyalar və ticarət daxildir, çünki ticarət dövriyyəsinin səviyyəsi çox aşağıdır. Digər mövzular da var və əlbəttə ki, biz ABŞ hərbi avadanlığına çıxış əldə etmək istəyirik. Bu günədək təəssüf ki, bizim belə bir imkanımız yoxdur. Bu, yəqin ki, Ermənistanla münaqişə ilə bağlı idi. Ancaq artıq münaqişə öz həllini tapıb və beləliklə, ABŞ-la müdafiə sənayesi sahəsində əməkdaşlıq etməmək üçün səbəb görmürəm.

Yeni administrasiya ilə bağlı gözləntilərə gəldikdə, bu, yeni administrasiyanın bizim regionla bağlı gündəliyindən asılı olacaq. Bizim ilkin təmaslarımız olduqca müsbətdir. Bu, bizə nəticələrlə bağlı müəyyən təhlil aparmağa imkan verir. Ancaq zənnimcə, bir az zaman tələb olunacaq ki, administrasiya tam gücü ilə işə başlasın. Hər şey Cənubi Qafqazın prioritetlər siyahısında harada yer almasından asılı olacaq. Bu, bizim münasibətlərimizin aparıcı qüvvəsi olacaq. Siz anlayırsınız ki, Azərbaycan ilə ABŞ arasında əlaqələrə gəldikdə aparıcı rol ABŞ-a məxsusdur və hər şey qarşı tərəfin gündəliyindən asılı olacaq. Ancaq biz strateji tərəfdaş olaraq yaxından çalışmağa və əməkdaşlığımızı genişləndirməyə hazırıq. Hesab edirəm ki, ABŞ regionda münaqişədən sonrakı inkişaf sahəsində mühüm rol oynaya bilər. Bilirik ki, ABŞ-da çox fəal erməni diasporu var və əfsuslar olsun ki, onlar Ermənistan dövlətinə qarşı dağıdıcı rol oynadılar. İşğalın bu qədər uzun sürməsi onların radikal mövqeyi ilə bağlı olub. Onlar bunun əbədi davam edəcəyini düşünürdülər, lakin yanıldılar. Hazırda onlar bütün səylərini səfərbər edərək Azərbaycanı təcavüzkar kimi qələmə verməyə çalışırlar. Halbuki biz yalnız öz ərazilərimizi azad etmişik. Bu, bizim hüququmuz idi və biz bunu etmək üçün təqribən 30 il gözləməli olduq. Təsəvvür edin ki, 1992-ci ildən 2020-ci ilədək biz danışıqlar mərhələsində olmuşuq. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistan qoşunlarının çıxarılmasını tələb edən qətnamələr qəbul etdi, lakin onlar kağız üzərində qaldı. Beləliklə, əminəm ki, ABŞ administrasiyası ilə təmaslarda növbəti irəliləyişin şahidi olacağıq.

Münaqişədən sonrakı inkişaf sahəsi vacibdir. Bununla yanaşı, hesab edirəm ki, ümumilikdə Cənubi Qafqazda təmasların sınaqdan keçirilə bilməsi vacib sahə ola bilər. Bu günə qədər Azərbaycanın Gürcüstanla əlaqələri vardır, Ermənistanın da Gürcüstan ilə münasibətləri var, lakin Azərbaycan ilə Ermənistan arasında hər hansı bir təmas və ya əməkdaşlıq yox idi. Bəlkə də artıq üçtərəfli əməkdaşlığın mümkün olub-olmamasına baxmağın vaxtı çatıb. Biz buna hazırıq. Bir az əvvəl qeyd etdiyim kimi, biz Ermənistanla sülh sazişi üzərində işləməyə hazırıq. ABŞ öz potensialından istifadə edərək Ermənistanı inandıra bilər ki, bu, irəli getməyin yeganə yoludur və revanş məsələsinin hətta ağıllarına belə gətirilməsi onlar üçün olduqca təhlükəli olacaq. Yəni, çoxlu imkanlar və gözləntilər var, ancaq biz ABŞ administrasiyasının tam olaraq işə başlamasını gözləyir və mesaj almaq istəyirik ki, onlar bizimlə münasibətləri necə qurmaq istəyirlər.

Vayra Vike-Freyberqa: İstərdim bu toplantıya qatılan çox vacib və dəyərli qonağı təqdim edim. Bu qonaqla Nizami Gəncəvi Beynəlxalq Mərkəzi səmərəli əlaqələr və əməkdaşlıq qurub. Qonağımız bu gün dünyada çox mühüm rol oynayan ölkəni təmsil edir. Cənab Vanq Çao 2013-2019-cu illərdə Çinin xarici işlər nazirinin müavini olub, hazırda isə Çin Xalq Xarici Əlaqələr İnstitutunun prezidentidir. Cənab Çao, söz sizindir.

Vanq Çao: Xanım Prezident, çox sağ olun. Zati-aliləri cənab Prezident, Çin Xalq Xarici Əlaqələr İnstitutunun prezidenti olaraq bugünkü videokonfransda iştirakdan, Zati-alinizin giriş nitqi və suallara cavablarını dinləməkdən şərəf duyuram. Çin ilə Azərbaycan arasında dostluğun uzun tarixi var və Zati-aliniz Çinlə dostluq münasibətlərinə hər zaman böyük əhəmiyyət verir. Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulan ilk ölkələrdən olub. Bu gün dünya dərin dəyişikliklərə məruz qalır və COVID-19 pandemiyası ilə üz-üzə qalıb. Hesab edirik ki, dünyanın heç bir ölkəsi bu çağırışlarla bağlı sığortalı deyil və həmin çağırışların öhdəsindən təkbaşına gələ bilməz. İkitərəfli və çoxtərəfli əməkdaşlığın əhəmiyyəti daha da artıb və heç vaxt olmadığı qədər həlledici rol oynayır. Bu kontekstdə Zati-alinizdən soruşmaq istərdim ki, ölkələrimiz mövcud olan yaxşı ikitərəfli münasibətləri və əməkdaşlığı birlikdə hansı sahələrdə və necə daha da yüksək səviyyəyə qaldıra bilər? Bundan əlavə, bir neçə il öncə Zati-aliniz tərəfindən Böyük İpək Yolunun bərpası ilə bağlı inkişaf strategiyası təqdim edilib ki, bu, infrastruktur, nəqliyyat, energetika və xalqlar arasında mübadilə kimi sahələrdə inkişafı təşviq edəcək. Çinin “Bir kəmər, bir yol” təşəbbüsü də həmin sahələri əhatə edir. Zati-alinizin fikrini bilmək istərdim ki, bizim ölkələr xalqlarımızın rifahı naminə Azərbaycanın strategiyası və Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü necə bir araya gətirə bilər? Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun. Biz Çinlə ikitərəfli münasibətlərimizə böyük önəm veririk. Qeyd etmək istəyirəm ki, ötən il bu münasibətlər çox uğurla inkişaf edib. Sizin də düzgün qeyd etdiyiniz kimi, Azərbaycan Prezident Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsünü ictimai şəkildə dəstəkləyən birinci ölkələrdən olub və biz artıq həmin təşəbbüsün fəal iştirakçısına çevrilmişik. Bu da öz növbəsində münasibətlərimizdə yeni bir istiqamət yaradır. Mən bir neçə dəfə Çində səfərdə olmuşam və Prezident Si Cinpinlə bir sıra görüşlər keçirmək imkanım olub. Hesab edirəm ki, aramızda konstruktiv dostluq münasibətləri var. Çinə son səfərim zamanı Pekində Prezidentlə görüşümdə o, məni ictimai şəkildə Çinin dostu adlandırdı. Düşünürəm ki, bu, bizim münasibətlərimizin bariz göstəricisidir və biz də Prezident Si Cinpini Azərbaycanın dostu hesab edirik.

Azərbaycan ilə Çin arasında siyasət, ticarət, sərmayə qoyuluşu sahələrində çoxsaylı sənədlər imzalanıb. Bu fürsətdən istifadə edərək Prezident Si Cinpinə Azərbaycanın “Sinovak” peyvəndi ilə təmin olunmasında nəzakətli dəstəyinə görə təşəkkürümü ifadə etmək istəyirəm. Bizim istəyimiz dərhal yerinə yetirildi və məhz buna görə bu gün Azərbaycan pandemiya ilə mübarizədə öndə gedən ölkələrdəndir. Bunun sayəsində bu gün biz 1,9 milyon insanı peyvənd etməyə müvəffəq olmuşuq. Bu, bizim ümumi əhalimizin təqribən 20 faizini təşkil edir və istifadə olunan peyvəndlər 99,99 faiz Çin istehsalıdır. Biz milyonlarla vaksin sifariş etmişik, o cümlədən digər istehsalçılardan. Lakin bu gün həmin o dostluq jesti olmasaydı, biz çox çətin vəziyyətdə qala bilərdik. Biz bunu dostluq jesti, yaxın və səmimi münasibətlərin göstəricisi olaraq çox yüksək qiymətləndiririk.

İpək Yolu məsələsinə gəldikdə, biz Azərbaycanda ev tapşırığımızı yerinə yetirirdik. Türkiyə və Gürcüstandakı tərəfdaşlarımızla birlikdə dəmir yolu şəbəkələrimizi birləşdirdik və əlaqələrimizi gücləndirmək üçün Xəzər dənizində müasir liman inşa etdik. Yükaşırma qabiliyyəti artırıldıqda bu liman 25 milyon ton yük qəbul edə bilər. Ölkəmiz “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” şirkətinə sərmayə yatırıb və bu gün Xəzər dənizində ən böyük donanmaya malikdir. Bununla yanaşı, ümid edirik ki, hazırlıq işləri yekunlaşacaq və dəniz limanı ilə qonşuluqda Beynəlxalq Azad Ticarət Zonasının təməli qoyulacaq. Ümid edirik ki, Çin və digər dost ölkələrdən olan şirkətlər oraya sərmayə qoyuluşu imkanını nəzərdən keçirəcək.

Bundan başqa, azad olunan ərazilərdə yenidənqurma işlərinə cəlb edilən beş ölkədən şirkətlər sırasında Çin şirkəti də var. Bu yaxınlarda başladığımız “ağıllı kənd” layihəsi çərçivəsində Çinin “Huawey” şirkəti öz texnologiyasını təqdim edəcək. Biz azad olunan ərazilərdə yenidənqurma işlərində Çin şirkətlərinin daha geniş şəkildə iştirakını arzulayırıq.

Nəhəng potensialın olduğu sahələr haqqında danışarkən sizin də düzgün qeyd etdiyiniz kimi, nəqliyyat sahəsinin birinci yerdə durduğunu düşünürəm. Bu gün biz bir çox Çin şirkətlərinə tranzit imkanlarımızı təqdim edirik. Həmin şirkətlər orta dəhlizdən istifadə edərək Xəzər dənizi vasitəsilə Azərbaycandan keçərək Avropaya yüklərini nəql edir. Yəni, bu marşrutun böyük potensialı var.

Çin şirkətləri bizim enerji sektoruna sərmayə yatıranlardandır. Hesab edirik ki, enerji sektorumuzda Çin şirkətləri daha da geniş təmsil oluna bilər. Azad edilmiş ərazilərdə infrastruktur layihələri bir nömrəli prioritetdir və ümidvaram ki, bir çox Çin şirkəti bizimlə çalışmaq arzusunda olacaq.

Sizin qeyd etdiyiniz kimi, xalqlar arasında təmaslar da əhəmiyyətlidir. Yəqin bilirsiniz, Çin vətəndaşlarına Azərbaycana səyahət etmək üçün vizaya ehtiyac yoxdur və pandemiyadan əvvəl biz Çindən olan qonaqların sayında sürətli artım müşahidə etdik.

Əlavə edim ki, Çinlə ticarət dövriyyəsinin artımı ilə bağlı da gözləntilərimiz var. Biz şadıq ki, belə imkanlar yaranmaqdadır. Biz artıq Çinin bir neçə şəhərində ticarət nümayəndəlikləri və Azərbaycan evləri açmışıq. Bizim dünyanın 3-4 ölkəsində ticarət nümayəndəliyimiz var ki, bunlardan biri də Çindir.

Beləliklə, mən deyərdim ki, münasibətlərimiz əladır və potensialımız daha da böyükdür. Sizin instituta və şəxsən sizə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlığa görə təşəkkür edirəm. Mən bunu yüksək qiymətləndirirəm və bunun hamımız, mərkəzin fəaliyyəti, tərəfdaşlığımız və əməkdaşlığımız üçün vacib olduğunu düşünürəm. Sağ olun.

Vayra Vike-Freyberqa: Sağ olun, cənab Prezident. Biz coğrafi baxımdan indi böyük addım atmalıyıq və yenidən Qərbə qayıdaq. Biz Cənub-Şərqi Avropa bölgəsinə keçirik. Birinci sual 2015-2020-ci illərdə Xorvatiyanın Prezidenti olmuş Zati-aliləri xanım Kolinda Qrabar-Kitaroviçdəndir. Kolinda xanım, buyurun.

Kolinda Qrabar-Kitaroviç: Çox sağ olun. Günortanız xeyir, cənab Prezident. Virtual olsa da, Sizi görməkdən çox məmnunam. Avropa İttifaqı, əgər belə demək olarsa, Qərbi Balkanlardan ibarət bizim qonşuluğumuzda müstəsna əhəmiyyətli rol oynayıb və oynamaqda davam edir. Bir növ “avropalaşdırma” prosesi hamımıza demokratik təsisatların qurulmasında və bazar iqtisadiyyatının inkişafında yardımçı oldu. Bundan əlavə, sabitləşmə və assosiasiya prosesi açıq qalan regional məsələlərin həllinə böyük töhfə verdi. İnanıram ki, Avropa İttifaqına qonşu ölkələrimizin gələcək üzvlüyü bütöv regionda sülh, sabitlik və təhlükəsizlik üçün əsas ilkin şərtdir. Cənab Prezident, Avropa İttifaqının rolunu öz regionunuzda necə görürsünüz? Avropa İttifaqı sülh prosesinə necə dəstək verə bilər və Sizcə, Avropa İttifaqı sülh səylərinizdə Azərbaycanı dəstəkləmək üçün nə etməlidir? Avropa İttifaqı ilə münasibətlərinizin inkişafını necə görürsünüz və Avropa İttifaqının cəlb edilməsi nə səbəbə görə bu qədər əhəmiyyətlidir? Sağ olun.

Vayra Vike-Freyberqa: Cənab Zlatko Laqumdziya, İdarə Heyətinin üzvü. O, 2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş naziri və 2012-2015-ci illərdə xarici işlər naziri olub.

Zlatko Laqumdziya: Əvvəlcə, cənab Prezident, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsində öz legitim hüququndan çıxış edərək, eləcə də beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə tam uyğun şəkildə Dağlıq Qarabağın qaytarılmasında rəhbərlik keyfiyyətlərinizə görə Sizi təbrik etmək istəyirəm. Mən, həmçinin COVID-19 böhranı zamanı Bosniya və Herseqovinaya verdiyiniz şəxsi və konkret dəstəyə, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qərbi Balkanlarda olması və apardığı fəaliyyətə rəhbərliyiniz və sadiqliyinizə görə Sizə təşəkkürümü və minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, bu, o faktla da bağlıdır ki, Srebrenitsa və Xocalı kimi dəhşətli hadisələri görmüş insanlar və əsl liderlər hər zaman birgə cəmiyyətlərdə ortaq gələcək kimi dəyərlərə və öhdəliklərə eyni tərzdə önəm verir, bu cür cəmiyyətlərdə fərqli özünəməxsusluq zənginliyimiz kimi götürülür. Bu baxımdan, mən istərdim ki, Siz Avroatlantik məkanın bir hissəsi kimi Qərbi Balkanlara aid düşüncələrinizi bölüşəsiniz, Qərbi Balkanların liderlərinə və regionumuzda əsas qlobal iştirakçılara öz məsləhətlərinizi verəsiniz. Bu halda, verəcəyiniz istiqamətlərin bir hissəsi bizə əvvəllər verildiyindən və bizim onları gözəçarpan dərəcədə həyata keçirdiyimizi nəzərə alaraq, Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən gözləntilərinizi bilmək bizim üçün maraqlı olardı. Yekun olaraq, Mərkəz adından etdiyimiz müxtəlif səfərlərə verdiyiniz şəxsi dəstəyinizə görə təşəkkürümü bildirmək istəyirəm. Katibliyimizdə çalışan gənclər də müdrik həmsədrlərimizin göstərişi ilə böyük iş görüblər. Ümid edirik, çətin anlar artıq geridə qalıb və dahi Nizaminin ünsiyyət prinsipi öz təzahürünü tapır. Pandemiya şəraitində biz bir daha onun şahidi olduq ki, Mərkəz bizi gələcəkdə istiqamətləndirməyə davam edəcək. Çox sağ olun, cənab Prezident və Sizi təbrik edirəm. Bizimlə olduğunuza, Mərkəzə dəstək verdiyinizə görə minnətdaram. Biz yenidən təlimatlarınızı gözləyirik. Sağ olun.

Prezident İlham Əliyev: Əvvəla, mən xanım Prezidenti salamlamaq istərdim. Xorvatiyaya səfərim zamanı mənə və nümayəndə heyətimə göstərilmiş qonaqpərvərliyə görə bir daha təşəkkürümü bildirirəm. Eyni zamanda, biz sizin, xanım Prezident, Azərbaycana səfərinizi xatırlayırıq. Sizi yenidən bu ilin ikinci yarısında Bakıda Qlobal Forumda görməyimə, çox məhsuldar və mehriban müzakirələri davam etdirməyə ümid edirəm.

Avropa İttifaqının regionda roluna gəldikdə, biz bu rolu yüksək dəyərləndiririk. Avropa İttifaqı hər zaman Azərbaycanın yaxşı tərəfdaşı olub. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Əsas ixracımız Avropa İttifaqının üzv ölkələri ilə bağlıdır və üzv dövlətlərin üçdəbir hissəsi ilə Azərbaycan Strateji Tərəfdaşlıq adlanan sənədləri və bəyannamələri imzalamışdır və ya qəbul etmişdir. Hesab edirəm ki, Azərbaycan lap əvvəlcədən qoşulduğu “Şərq tərəfdaşlığı”na üzv ölkələr arasında bu mövqedə olan yeganə ölkədir. Avropa İttifaqının 9 üzv ölkəsi ilə Strateji Tərəfdaşlıq sənədlərinin imzalanması göstərir ki, biz həqiqətən yaxşı və strateji tərəfdaşıq. Bir neçə il əvvəl biz Azərbaycanla Avropa İttifaqı arasında Tərəfdaşlıq Prioritetləri haqqında razılaşmanı parafladıq. Bu isə mühüm mərhələdir. Hazırda biz Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzərində çalışırıq. Pandemiya və İkinci Qarabağ müharibəsi səbəbindən bu işlər bir az təxirə salındı. Daha sonra əlbəttə ki, Avropa Komissiyasının tərkibində dəyişiklik baş verdi. Bu da müəyyən vaxt aldı. Lakin ümid edirəm ki, yaxın vaxtlarda biz danışıqların yekun mərhələsinin fəal fazasını bərpa edəcəyik. Bildirmək istəyirəm ki, sazişin 90 faizdən çoxu artıq razılaşdırılıb. Qarşımızda həllini gözləyən bir neçə məsələ qalır. Ümid edirik ki, qısa müddətdə biz onlarla bağlı razılığa gələcəyik.

Bildiyiniz kimi, Avropa İttifaqı və Azərbaycan enerji təhlükəsizliyi məsələlərində çox yaxın tərəfdaşlardır. Xorvatiya hər il fevral ayında Avropa İttifaqı ilə Azərbaycanın Bakıda təşkil etdiyi Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantılarında hər zaman yüksək səviyyədə fəal iştirak edir. Əlbəttə ki, Cənub Qaz Dəhlizinin başa çatdırılması Avropa İttifaqı ilə əməkdaşlığımız üçün yeni imkanlar açır. Çünki Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyi məsələlərində artıq mühüm rol oynamağa başlayıb. Əvvəl söylədiyim kimi, növbəti gündəliyimizdə və planlarımızda biz Cənub Qaz Dəhlizinin sizin regiona doğru genişləndirilməsini nəzərdə tuturuq. Söhbət xüsusən İon-Adriatik boru kəmərindən gedir. Bildiyim qədər, bu, artıq Avropa İttifaqının enerji portfelinin bir hissəsinə çevrilməkdədir. Bu, olduqca vacibdir, çünki bu layihənin icrası Azərbaycana Avropa İttifaqının və bəzi qeyri-üzvlərin, yəni, bəzi qonşularınızın, Bosniya və Herseqovina və Monteneqronun qaz bazarında öz iştirakını genişləndirmək imkanı verəcək. Bu, Azərbaycandan gələn qaz təchizatında alternativ mənbə olacaq.

Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra hesab edirəm ki, daşımalar məsələsində daha çox imkanlar açılacaq. Bəli, Azərbaycan-Gürcüstan-Türkiyə dəmir yolu layihəsinin icrasından sonra bizim Avropa ilə artıq birbaşa dəmir yolu bağlantımız var. Ümid edirik ki, əgər Ermənistan süni maneələr yaratmasa, bizim Ermənistan ərazisindən keçən digər dəmir yolu xəttimiz də ola bilər. Beləliklə, Ermənistan da regional inkişaf proqramının bir hissəsi ola bilər və əlavə təhlükəsizlik imkanları yaranacaq.

Avropa İttifaqının regionda dinc inkişafa verəcəyi dəstək çox vacibdir. Hesab edirəm ki, Avropa İttifaqı regionda münaqişədən sonrakı inkişafda çox mühüm rol oynaya bilər, çünki Cənubi Qafqazın üç ölkəsi ilə Avropa İttifaqının çox geniş əməkdaşlıq gündəliyi var. Fikrimcə, ən səmərəli proqramlardan biri Tvinninq layihəsidir. Bu, çox səmərəli proqramdır və biz bunu yüksək qiymətləndiririk. Eyni zamanda, əlbəttə, Birləşmiş Ştatlar, Rusiya, Çin və Türkiyə ilə yanaşı, Avropa İttifaqı dünyada aparıcı beynəlxalq iştirakçılardan biridir. Fikrimcə, Avropa İttifaqı dünyanın müxtəlif hissələrində təsir potensialına malik beş aparıcı beynəlxalq iştirakçılar, ölkələr və təsisatlar sırasındadır. Bu səbəbdən, əlbəttə ki, biz Avropa İttifaqı ilə Azərbaycan arasında daha fəal əməkdaşlıq görmək istərdik. Avropanın bizim ərazidə olmasının artıq uzun tarixi var. Bir halda ki, dünyada ilk neft hasilatı XIX əsrin ortalarında məhz Bakıda başlayıb, həmin vaxtdan etibarən Avropa biznesi Azərbaycanda çalışıb və ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra yenidən buraya qayıdıb. Bir sözlə, qısası, mənim əməkdaşlıqdan çox vədedici gözləntilərim var.

Cənab Laqumdziyanın sualına gəldikdə, mən İkinci Qarabağ müharibəsində Qələbə münasibətilə təbriklərə, COVID-19-la bağlı verdiyimiz dəstəyi yüksək dəyərləndirdiyinizə görə təşəkkürümü bildirmək istəyirəm. Biz dünyanın 30-dan artıq ölkəsinə maliyyə və humanitar dəstək göstərdik. Təbii ki, Bosniya və Herseqovina dost olaraq həmin ölkələr sırasında idi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qərbi Balkanlarda daha fəal işləməsi, fikrimcə, tamamilə təbiidir. Çünki hesab edirəm ki, bu gün Qərbi Balkanlar Avropanın və dünyanın işlərində əvvəlkindən daha mühüm rol oynayır. Balkanlarla Qafqaz arasında böyük oxşarlıq var. Bu oxşarlıq tarixdə, ölkədə müstəqilliyin qazanılmasında görünür. Demək olar ki, eyni vaxta təsadüf edir. Hazırda bizim ərazi bütövlüyümüzün müdafiəsində və bərpasında Xorvatiya ilə böyük oxşarlığımız var. Xalqlar arasında və ya ənənələrə baxsanız, bir çox digər oxşarlıqlar mövcuddur. Dünyanın həmin hissəsində olduğum vaxt mən özümü hər zaman evimdəki kimi hiss etmişəm. Bu, belədir və böyük zənginlikdir. Qərbi Balkan ölkələrinin hazırkı rəhbərlərinin demək olar ki, hamısını tanıyıram. 2004-cü ildən bəri bütün əvvəlki liderləri tanıyıram. Bilirəm ki, onlar çox bacarıqlı və məsuliyyətli şəxsiyyətlərdir. Buna görə mən hər hansı təlimatları vermək arzusunda deyiləm. Onlar ölkələrini necə idarə etməyi və xalqları üçün ən yaxşı nəyin olduğunu özləri bilirlər. Lakin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə Qərbi Balkanlar üzrə verəcəyim təlimatlara dair təklifinizə gəldikdə, mən bir daha sadəcə, Mərkəzi təbrik edə bilərəm ki, o, bu məsələləri diqqət mərkəzində saxlayır. Çünki dünyanın gündəliyində Qərbi Balkanlarda istər təhlükəsizlik, istər multikulturalizm və ya hər hansı potensial risklər, radikallaşma ilə bağlı məsələlərin hamısı, fikrimcə, çox vacibdir və onlar hər zaman gündəlikdə olmalıdır. Ümid edirəm ki, Qərbi Balkan ölkələrinin xalqları sülh və rifah şəraitində yaşayacaqlar. Azərbaycanın onların hamısı ilə dost münasibətləri var. Mən əlimdən gələni edəcəyəm ki, gələcəkdə bu münasibətlər daha da güclənsin. Sağ olun.

Vayra Vike-Freyberqa: Cənab Prezident, yaxın qonşularınızla bağlı iki sual var. Birinci sualı 2004-2012-ci illərdə Serbiyanın Prezidenti olmuş Boris Tadiç, ikinci sualı isə 1999-2001-ci illərdə İsrailin Baş naziri olmuş Ehud Barak verəcək. Cənab Boris Tadiç, söz sizindir.

Boris Tadiç: Sağ olun. Cənab Prezident, əvvəlcə, Sizinlə bu cür mühüm regional və qlobal məsələlər haqqında danışmaq fürsətinə görə təşəkkürümü bildirmək istəyirəm. Eyni zamanda, mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Katibliyinə və həmsədrlərə təşəkkürümü bildirmək istəyirəm ki, onlar Sizinlə söhbət etmək imkanı yaratdılar. Cənab Prezident, bu baxımdan, mən Sizdən vacib hesab etdiyim məsələni soruşmaq istərdim. Qərbi Balkanlarda münaqişəyə və münaqişədən sonrakı hallarda bizim təcrübəmizi nəzərə alaraq, bəzən barışıq prosesi daha ağır gedir və həssas olur. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələrinin Ermənistanla regionda barışıq prosesində hər hansı rolunu görürsünüzmü? Fikrimcə, Azərbaycanın mədəni irsi ilə məşğul olan beyin mərkəzi kimi Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən maraqlı addımlar atıla və tədbirlər görülə bilər. Lakin bu qurumun praktiki təyinatı da ola bilər. İkincisi, Cənubi Qafqaz Rusiyanın, ABŞ-ın və Çinin geostrateji marağı olan çox həssas məkandır. Lakin buraya həm Türkiyəni, həm də İranı əlavə etmək lazımdır. Türkiyə və İranın həmin böyük güclərlə olan problemli məsələlərinin Cənubi Qafqaz regionuna mənfi təsiri ola bilərmi? Bu fürsətə görə bir daha təşəkkürümü bildirirəm.

Ehud Barak: Cənab Prezident, ilk növbədə, Dağlıq Qarabağda Qələbə münasibətilə sizi təbrik edirəm.

Prezident İlham Əliyev: Sağ olun.

Ehud Barak: Sualım İranla bağlıdır. Nəzərə alsaq ki, nüvə razılaşması yenidən qüvvəyə minəcək və kimin Prezident seçilməsindən asılı olmayaraq, Ayətulla gələn illərdə qərarlar səlahiyyətində qalacaq, İranla qonşuları arasında münasibətlər və bütövlükdə onun regiondakı rolu haqqında nə düşünürsünüz?

Prezident İlham Əliyev: Çox sağ olun. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin barışıqda rolu ilə bağlı məsələyə gəldikdə, hesab edirəm ki, bu rol yüksək dəyərləndirilə bilər. Çünki bu Mərkəzin qlobal siyasi məsələlərdə, multikulturalizmdə, münaqişə məsələlərində böyük təcrübəsi var. Qlobal Bakı forumları zamanı və bu illər ərzində Mərkəzin apardığı fəaliyyətdə qlobal gündəlikdə duran ən mühüm məsələlərdə Mərkəz hər zaman öz üzvlərinin və həmsədrlərinin müdrikliyini nümayiş etdirib. Barışıq vaxt tələb edəcək, çünki yaralar hələ ki, sağalmayıb. Xüsusən də təcavüzdən, ədalətsizlikdən əziyyət çəkmiş Azərbaycan xalqı üçün bu, belədir. İşğal zamanı biz təsəvvür edə bilərdik ki, vəziyyət həmin vaxt işğal altında olmuş ərazilərdə necədir, çünki jurnalistlər və qonaqlar vaxtaşırı həmin ərazilərdə olurdular. Bizdə müəyyən dərəcədə məlumat var idi, lakin biz təsəvvür edə bilmirdik ki, dağıntıların miqyası və ədavət nə qədər böyükdür. Birinci Qarabağ müharibəsində Ermənistan bizə hücum edirdi. Ermənistan Xocalı soyqırımını törədib. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib və onlar 1 milyon azərbaycanlını didərgin salıblar. Biz bu cür addım atmamışıq. Buna görə mənim üçün başa düşmək çox çətin idi ki, onlar bunu nəyə görə ediblər? Heç bir zərər vurmamış insanlara qarşı onların nəyə görə bu qədər böyük nifrəti var? Əksinə, onlar bizim regiona XIX əsrin ortalarında Anadolu və İrandan gətirildikdə, həmin insanlar onları açıq ürəklə qəbul etmişdilər. Buna görə barışıq vaxt tələb edəcək. Yaralar hələ sağalmayıb. Lakin hesab edirəm ki, bu haqda danışmaq, inkişafın düzgün paradiqmasını seçmək vacibdir. Hər şey ondan asılı olacaq. Gündəlik nədən ibarət olacaq? Bu vaxta qədər biz Ermənistanın siyasi spektrində nə müxalifətdən, nə hökumətdən hər hansı müsbət şərh görmürük. Azərbaycan xalqının hisslərini təhqir etmək adi hal alıb və dediyim kimi, bizə yarıdüşmən libasını geyindirmək. İyun seçkilərindən sonra nə olacağını bilmirik. Hansı məfkurə üstün gələcək? Lakin bu vaxta qədər azərbaycanofobiya məfkurəsi, nifrət, ekspansionizm onların cəmiyyətini məhv olmağa sürükləyən meyarlara çevrilib. İndi onların düşdüyü vəziyyətə görə özlərindən və liderlərindən başqa heç kəs günahkar ola bilməz. Lakin hesab edirəm ki, Mərkəz erməni tərəfinə düzgün yolun seçilməsində kömək etməkdə mühüm rol oynaya bilər. Əgər onlar düzgün seçim etsələr, bu, müəyyən irəliləyişi əldə etmək üçün vaxt tələb edəcək. Lakin biz hazırıq. Otuz il ərzində əziyyət çəkmiş tərəf olmağımıza baxmayaraq, biz hazırıq və mən dəfələrlə demişəm ki, səhifə çevrilsin və yeni fəsil başlasın, gələcək haqqında danışılsın, keçmiş haqqında danışılmasın.

Ermənistan hökumətinin ən böyük səhvi və problemi ondan ibarətdir ki, onlar yalnız keçmiş haqqında danışırlar. Bir çox hallarda bu keçmişlə onlar oyun oynayır, siyasi məqsədlər üçün istifadə edir, siyasi divident qazanmaq üçün özlərini təcavüz qurbanı kimi göstərməyə çalışırlar. Əslində, onlar əksər hallarda sıfırdan yaratdıqları tarixdən sui-istifadə edirlər. Onlar gələcək haqqında düşünmürlər. Biz gələcək haqqında düşünürük. Bəli, biz işğala məruz qalmışıq. Bir milyon insan evsiz qalıb. İqtisadiyyatımız tamamilə dağılıb. Amma gələcək, doğma torpaqlarımıza, Qarabağ torpağına qayıdacağımız haqqında düşünürdük. Bunun üçün hər şey etdik. Müharibədə məhz bu cür qalib gəldik. Əsas amil bu idi. İndi onlar gələcək haqqında düşünməlidirlər. Keçmiş haqqında fikirləşməli, bu məsələlərdən sui-istifadə etməli deyillər. Lakin hesab edirəm ki, gələcək toplantılarımızın birində, ola bilsin növbəti Forumun mövzularından biri postmünaqişə vəziyyəti ola bilər. Çünki bu, çox çətindir. Biz bu vəziyyətdə olmamışıq. Bu, yeni vəziyyətdir. Bu, Ermənistan üçün yenidir. Bu, dünya üçün yenidir. Yeni tarixdə baş verənlərə oxşar halı tapmaq da çox çətindir. Uzun illərdən sonra 44 gün ərzində ərazi bütövlüyünü bərpa etmək, Şuşa qalasında bayrağı ucaltmaq, elə bir şəhərdə ki, onu götürməyi, əlbəyaxa döyüşlə şəhəri götürməyi təsəvvür etmək belə çətin idi. Bir sözlə, yekun olaraq, Ermənistan nümayəndələrinin də bəzi tədbirlərdə necə iştirak edəcəyi və öz mövqeyini müdafiə etmək üçün fikir söyləyəcəyi barədə düşünməliyik və mən bu düşüncələri dəyərləndirərdim. Hesab edirəm ki, bu, çox faydalı olardı.

Prezident Tadiçin Rusiya, ABŞ və Çinlə, qonşular Türkiyə və İranla bağlı digər sualına gəldikdə, belə başa düşdüm ki, hansısa çətinliklər münaqişələri və ya ziddiyyətləri yaradacaqmı? Mən belə düşünmürəm, çünki həmin ölkələrlə münasibətlərimiz uzun illərdir yaxşı qurulub. Onların hər biri ilə bizim öz gündəliyimiz var və bu, müsbət gündəlikdir. Prezident Tadiçin qeyd etdiyi bütün həmin ölkələrlə bizim əla ikitərəfli münasibətlərimiz var. Bəzi hallarda bizim üçtərəfli formatımız var: Türkiyə-İran-Azərbaycan. Bizim üçtərəfli əməkdaşlıq formatımız var. Xarici işlər nazirləri mütəmadi olaraq görüşürlər. Lap əvvəldən siyasətimiz hər zaman belə olub və biz aydın şəkildə anlamışıq ki, Azərbaycanın böyük təbii sərvətləri, mühüm yerləşməsi var. Ölkəmiz Avropa ilə Asiyanın arasında yerləşir. Xüsusən də inkişafın son illərində ölkə iqtisadi sahədə özünü tam təmin etməyə başlayıb. İqtisadi müstəqillik əldə olunub. Biz tam anladıq ki, maraqlar ola bilər və onlar bir-biri ilə toqquşa bilər. Lakin bizim siyasətimiz ondan ibarətdir ki, Azərbaycan toqquşma məkanı deyil, əməkdaşlıq yeri olmalıdır. Bu, əslində, belə də baş verir. Buna görə mən Azərbaycanla qonşular və ya böyük güclər arasında gələcəkdə hər hansı çətinliklər görmürəm.

Baş nazir Barakın sualına gəldikdə, cənab Baş nazir, ilk növbədə, Qələbə münasibətilə təbrikinizə görə çox minnətdaram. Mən söylədiyiniz sözləri yüksək dəyərləndirirəm. Qeyd etdiyiniz kimi, İranda növbəti ayda prezident seçkiləri olacaq. Biz hazırkı İran hökuməti ilə çox məhsuldar ikitərəfli əməkdaşlıq, çox fəal dialoq qurmuşuq, çoxsaylı sənədlər imzalanıb. Hazırda ərazilərin azad olunmasından sonra biz İranla dövlət sərhədimizin 132 kilometrini bərpa etmişik. Həmin ərazi Ermənistanın işğalı altında olub. Əslində, hərbi əməliyyatlarımızın istiqamətlərindən biri Araz çayı boyunca İranla sərhəd yaxınlığında olub. İranla sərhədin 132 kilometri bərpa olunub və əlbəttə, bu, yeni imkanlar açır. Ümid edirik ki, seçkidən sonra yeni hökumət də Azərbaycanla sıx əlaqələr siyasətini davam etdirəcək, çünki iqtisadi əməkdaşlığımız artır. Nəqliyyat layihələri də yeni fürsətlər yaradır. Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra, fikrimcə, bütün region ölkələri özləri üçün yeni imkanları, iqtisadi imtiyazları tapa bilər. Biz, sadəcə, birgə addımlarımızı düzgün planlaşdırmalıyıq. Bu addımlar sabitliyə, təhlükəsizliyə və iqtisadi inkişafa aparmalıdır.

Vayra Vike-Freyberqa: Cənab Prezident, biz indi beynəlxalq qurumların suallarına keçirik. Gəlin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin köhnə dostu və İdarə Heyətinin üzvü cənab Amr Musadan başlayaq. O, 2001-2011-ci illərdə Ərəb Liqasının Baş katibi və 1991-2001-ci illərdə Misirin xarici işlər naziri olub. Cənab Musa, söz sizindir.

Amr Musa: Cənab Prezident, bu görüşdə söylədiyiniz nitqə görə çox sağ olun. Eyni zamanda, icazə verin, Sizi ötən həftə qeyd edilən Ramazan bayramı münasibətilə təbrik edim. Birbaşa suala keçirəm. Birinci sual beynəlxalq vəziyyətlə və iki supergüc – ABŞ ilə Çin arasında artan gərginliklə və bu gərginliyin qarşısının alınmasında digər ölkələrin oynayacağı rolla bağlıdır. Hesab edirəm ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzində bizim üçün vaxt artıq yetişib ki, nə etməli və necə töhfə verməli olduğumuzu düşünək. Həmçinin inanıram, XXI əsr üçün Qoşulmama Hərəkatına oxşar yeni model tapılmalıdır ki, biz hamımız bir araya gələk və hər hansı digər gərginliyin aradan qaldırılması üçün səylə çalışaq – çoxtərəfli sistemin yeniləşməsində səylərin ön cərgələrində olaq, pandemiyaya və iqlim dəyişməsinə qarşı mübarizə aparaq. Qoşulmama Hərəkatı ilə bağlı fikirlər vacibdir. Avropaya gəldikdə, bu, ötən əsrdə olduğu kimi deyil. Yeni tərkib lazımdır, çünki şimaldan cənuba, zəngindən yoxsula qədər hamımızın toqquşma ilə nəticələnə biləcək beynəlxalq münasibətlərdə gərginliyin olmamasında marağımız var. Bu haqda nə düşünürsünüz, cənab Prezident?

İkinci sualım Qüdslə bağlıdır. Yaxın Şərqdə və bir çox yerlərdə insanlar hesab edirlər ki, Qüdsdə yaranan vəziyyətə gəldikdə, beynəlxalq ictimaiyyət gərginliyin azaldılması və Qüdsün iki dövlətin bir paytaxt şəhəri olması üçün çalışmalıdır. Bu həll variantı irəli sürülməli, yəhudilər və fələstinlilər bundan yararlanmalıdırlar – bir şəhər iki dövlətin paytaxtı olsun. Bu barədə nə düşünürsünüz, cənab Prezident?

Vayra Vike-Freyberqa: Cənab Prezident, cənab Musa tərəfindən Sizə bir neçə sual ünvanlanmışdır, lakin biz BMT-nin 73-cü Baş Assambleyasının prezidenti, 2017-2018-ci illərdə Ekvadorun xarici işlər naziri, 2012-2014-cü illərdə isə Ekvadorun milli müdafiə naziri olmuş xanım Mariya Fernanda Espinozanın da sualını dinləyə bilərikmi? O, başqa qitədəndir və sualı da çox qısadır. Xanım Espinoza, buyurun.

Mariya Fernanda Espinoza: Təşəkkür edirəm, xanım həmsədr, təşəkkür edirəm cənab Prezident. Çox qısa bir sualım var. Birincisi, mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, bizim həmsədrlər və Baş katibimiz tərəfindən görülmüş mükəmməl işi diqqətdən kənarda qoya bilmərəm. Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olmaqdan qürur duyuram. Çox qısa bir qeydim var. Cənab Prezident, Sizi dinləyərkən mən 50 illik müharibədən, sərhəd müharibəsindən sonra bizim Peru ilə sülh prosesimizi xatırladım. Etimadın yaradılması və barışığın olması baxımından dialoq və diplomatiya irəliləmək üçün yeganə yoldur. Xüsusilə Siz ərazilərin minalardan təmizlənməsi ilə bağlı böyük çağırışdan danışarkən sülh prosesindən sonra mən müdafiə naziri olaraq minaların təmizlənməsinə görə şəxsən məsuliyyət daşıyırdım. Mənim sualım postmünaqişə dövründə etimadın yaradılmasında BMT-nin rolunu necə gördüyünüzlə bağlıdır. İqtisadi dirçəliş prosesində də qarşıda duran çağırışlarda bu təşkilatın rolunu nədə görürsünüz? Siz iqtisadi çağırışların nədən ibarət olduğunu cavablandırdınız, lakin bu prosesə dəstək olmaq üçün BMT-nin rolunu necə görürsünüz? BMT-nin sülhün yaradılmasında böyük təcrübəsi var və hesab edirəm ki, bununla bağlı qeydlərinizi bildirsəydiniz yaxşı olardı. Sizinlə dialoq aparmaq fürsəti yaratdığınız üçün Sizə təşəkkür edirəm, Prezident Əliyev. Ümid edirəm ki, Sizi tezliklə Bakıda şəxsən görə biləcəyəm. Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Sizi bu il, bir az sonra Bakıda görmək çox xoş olardı. Birincisi, cənab Musanın supergüclər arasında qlobal gərginliklər və Qoşulmama Hərəkatının burada hansı rolu oynaya biləcəyi ilə bağlı sualından başlamaq istəyirəm. Əlbəttə, Qoşulmama Hərəkatı hərəkatdır, bu, hətta təşkilat belə deyil. Azərbaycan Bakıda keçirilən sammitdə, – bizdə sammit keçirilmişdir, – Hərəkata sədrliyi qəbul edəndə mən dedim ki, biz ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik. Biz buna sadiqik, biz beynəlxalq hüququn əsas prinsiplərini əks etdirən Bandunq prinsiplərinə sadiqik. O vaxtdan bəri Azərbaycan sözünə əməl etmişdir. Çünki biz Qoşulmama Hərəkatında daha çox konsolidasiyanı görmək istəyirik. 120 ölkə var və onların heç də hamısı bir-biri ilə yaxşı münasibətdə deyil. Lakin qeyd etmək istəyirəm ki, onların hamısı Azərbaycanın sədr olması üçün səs verib. Bu onu göstərir ki, bizim səmimi, açıq və mehriban siyasətimiz həqiqətən də geniş beynəlxalq birlik tərəfindən qiymətləndirilir. Çünki bu, üzv ölkələrinin sayına görə BMT-dən sonra ikinci beynəlxalq təşkilatdır. Qoşulmama Hərəkatı böyük supergüclər arasında gərginliklərin azaldılması məsələlərinə heç vaxt cəlb olunmayıb. Hesab edirəm ki, sədr olaraq bizim bu prosesə müdaxilə etməyimiz düzgün olmazdı. Biz əlbəttə ki, gərginliyin azaldılmasını görməyə şad olardıq. Bildiyimiz kimi, ABŞ və Rusiya administrasiyaları arasında xarici işlər nazirlikləri səviyyəsində dialoqa başlanılıb. Bizim bu dialoqun gərginliklərin azalmasına gətirib çıxaracağı ilə bağlı böyük ümidlərimiz var. Çünki gərginliyin artması beynəlxalq birliyin marağında deyil. Bizə proqnozlaşdıra bilən, təhlükəsiz dünya lazımdır, təhlükəsizlik və sabitliyin prioritet məsələ olacağı bir dünya lazımdır və əlbəttə ki, biz buna görə öz töhfəmizi verməyə hazırıq. Lakin hesab edirəm ki, indiki məqamda biz supergüclər arasındakı münasibətlərdə nəyin baş verdiyini nəzərdən keçirməli və müşahidə etməliyik.

Eyni zamanda, Qoşulmama Hərəkatının sədri olaraq biz bir neçə təşəbbüsə start vermişik. Birincisi, bizim COVID-19-la bağlı onlayn sammitimiz olub. Sonra biz BMT Baş Assambleyasının COVID-19-la bağlı Xüsusi Sessiyasının keçirilməsinin təşəbbüskarı olduq. Təşəbbüsümüz 190-dan çox ölkə tərəfindən dəstəkləndi və ötən ilin dekabrında həmin sessiya keçirildi. Bu, çox vacib idi, çünki biz peyvəndərin paylanılmasında çətinliklə bağlı çox aydın mesaj göndərdik və peyvənd millətçiliyi artıq beynəlxalq liderlər, beynəlxalq təşkilatların rəhbərləri tərəfindən istifadə olunan termindir. Biz ehtiyac olduğundan bir neçə dəfə çox peyvənd sifariş etmiş və faktiki olaraq inkişaf etməkdə olan ölkələri peyvənd vurmaq, öz sağlamlığını və həyatını qorumaq hüququndan məhrum etmiş bəzi ölkələrin hərəkətlərinə qarşı ciddi etirazımızı bildirmişdik. Biz inkişaf etməkdə olan ölkələrə peyvəndlərlə bağlı daha çox dəstəyin göstərilməsini də təşviq edirdik. Qoşulmama Hərəkatının əksər üzvləri inkişaf etməkdə olan ölkələrdir. Peyvəndləri almağa imkanı olmayan ölkələrə beynəlxalq donor təşkilatlarından dəstəyin göstərilməsini təşviq edirdik. Beləliklə, Qoşulmama Hərəkatı öz səylərini davam etdirəcək.

Cənab Musanın Yaxın Şərqdə son gərginliklərlə bağlı ikinci sualına gəlincə, bizim mövqeyimiz həmişə aydın olub. Yenə də biz beynəlxalq ədaləti, beynəlxalq hüququ, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin icrasını təşviq edirik. Biz Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına münasibətdə bu selektiv yanaşmanın qurbanı olmuşuq. Bəzi hallarda, bildiyiniz kimi, bu qətnamələr bir neçə günə icra olunur. Bizə gəldikdə isə onlar 27 il ərzində, ümumiyyətlə, icra olunmadı. Biz ərazi bütövlüyümüzü bərpa edərək onları özümüz icra etdik. Əlbəttə ki, biz həmişə mübahisələrin sülh yolu ilə həllini təşviq edirik. Əlbəttə, Yaxın Şərqdə gərginliyin azaldılması hesab edirəm, beynəlxalq birliyin marağındadır. Qüds şəhəri ilə bağlı bizim mövqeyimiz çox aydındır. Bizim mövqeyimiz İsrail-Fələstin münaqişəsinin iki dövlət əsasında olan həlli üzərində qurulub. Bir neçə il bundan əvvəl biz fələstinlilərə dəstək olmaq üçün Bakıda donor konfransını keçirdik. Hesab edirəm ki, bu mövqe beynəlxalq hüquqa tamamilə uyğundur. İki dövlət əsasında həll, gərginliyin azaldılması, sülh danışıqları və həlli tapmaq üçün səmimi istək. Həlli tapmaq çətindir. Bizim vəziyyətdə də həlli tapmaq çətin idi. Lakin hesab edirəm ki, beynəlxalq birliyin və əlbəttə ki, supergüclərin birgə səyləri… Əlbəttə ki, Azərbaycan böyük ölkələr arasındakı münasibətlərə təsir göstərə bilən ölkə deyil, lakin Qoşulmama Hərəkatının sədri olaraq biz üzv ölkələrinin konsolidasiya olunmuş mövqeyini müdafiə edəcəyik. Baş Assambleyanın sammitində mən Qoşulmama Hərəkatının sədri olaraq çıxış etdim və mənim nitqim bütün üzv dövlətlərlə razılaşdırılmışdı. Odur ki, bu məsələdə yanaşma eyni olacaq.

Xanım Espinoza tərəfindən qaldırılmış məsələ – postmünaqişə dövründə BMT-nin rolu. Əvvəla qeyd etmək istərdim ki, bu, artıq sirr deyil, Birləşmiş Millətlər Təşkilatında islahatlara ehtiyac var. Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrası ilə bağlı aydın baxış olmalıdır. Çünki qətnamələrin icrası selektiv olmamalıdır, ikili standartlara əsaslanmamalıdır. Bizim vəziyyətdə Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş dörd qətnamə var idi. Minsk qrupunun 3 həmsədr ölkəsi Təhlükəsizlik Şurasının üç daimi üzvüdür. Onlar özlərinin qəbul etdiyi qətnamələrin icrası üçün əllərindən gələni etməli idilər. Bu qətnamələrdə açıq-aydın deyilirdi ki, erməni qoşunları işğal olunmuş ərazilərdən tam və qeyd-şərtsiz çıxmalıdır. Lakin onlar işləmirdi. Beləliklə, əvvəlcə islahatlar aparılmalıdır, öncə dünyanın bu aparıcı təşkilatına etimadı artıracaq Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin icra mexanizmi qəbul olunmalıdır. Əlbəttə ki, biz postmünaqişə dövründə mübahisələrin həlli ilə bağlı BMT-nin strukturları ilə yaxından işləyirik. BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Nümayəndəliyi həmişə bizimlə yaxın təmasda olub. Çünki o vaxt səkkiz milyon əhalidən bir milyondan çoxu qaçqın və məcburi köçkün idi. İndi də biz bu təşkilatla işləyirik.

Biz BMT-nin digər strukturu olan UNESCO ilə də yaxın təmasdayıq. Biz uzun illər ərzində UNESCO-nu işğal edilmiş ərazilərə səfərə dəvət etməyə çalışmışıq. Bizə verilən cavab isə belə olub ki, UNESCO siyasi mübahisələrlə bağlı olan məsələlərlə məşğul deyil. Beləliklə, bütün bu işğal illəri ərzində UNESCO-dan olan heç bir nümayəndə heyəti işğal altında olmuş ərazilərə səfər etməyib. Lakin İkinci Qarabağ müharibəsi dayanan kimi bizə UNESCO-dan əraziləri ziyarət etməklə bağlı müraciətlər daxil olmağa başladı. Çox şadam ki, bu dəyişiklik baş verib və biz indi UNESCO ilə onların səfərinə dair logistik məsələləri razılaşdırmağın yekun mərhələsindəyik. Ümid edirəm ki, onlar növbəti ay missiya ilə təşrif buyuracaqlar. Biz onların ermənilərin mədəni və milli irsimizə nə etdiklərini görmələrini istəyirik.

Etimadın gücləndirilməsi tədbirlərinə gəldikdə, biz Ermənistan ilə Azərbaycan arasında etimadın gücləndirilməsi tədbirlərinə töhfə vermək üçün bizə kömək edəcək istənilən təşkilatın fəaliyyətinə minnətdar olardıq. İstər ATƏT, Avropa İttifaqı, UNESCO olsun, istərsə də milli mövqedən çıxış edən ölkələr. Bu, tərəfimizdən yüksək qiymətləndirilərdi. Çünki bu olmadan, hətta bizim sülh razılaşmamız olsa belə, bu razılaşmanı xalq dəstəkləməyəcək. Xalq da öz iradəsini ifadə etməlidir. Xalqlararası təmaslar olmadan postmünaqişə vəziyyətini həll etmək olmaz. Odur ki, hesab edirəm, BMT iki ölkəyə müharibə yaralarını sağaltmağa kömək etmək üçün zəruri olanı edəcək.

Vayra Vike-Freyberqa: Cənab Prezident, həmkarımız, Latviyanın sabiq Prezidenti Valdis Zatlersin konfransımıza qoşulması bizi məmnun edir.

Valdis Zatlers: Zati-aliləri, Sizi təbrik edirəm. Siz Ermənistan tərəfindən işğal olunmuş ərazilərin geri qaytarılması ilə bağlı səylərinizdən heç vaxt vaz keçmədiniz. Gəlin, bir az gələcəyi təsəvvürümüzə gətirək. Siz bir gün Ermənistan ilə Azərbaycan arasında hərtərəfli sülh sazişinin, ola bilsin regionun bütün ölkələri ilə təhlükəsizlik sazişinin olacağını təsəvvürünüzə gətirə bilərsinizmi? Nə vaxtsa bütün Qafqaz ölkələri arasında azad ticarət razılaşmasının olacağını təsəvvür edə bilərsinizmi? Bu, mümkün olarsa, Sizin baxışınıza uyğun olaraq, bunun yol xəritəsi necə olardı?

Prezident İlham Əliyev: Cənab Zatlers, təbriklərinizə görə təşəkkür edirəm. Qlobal Bakı forumlarında siz həmişə münaqişənin həlli ilə bağlı beynəlxalq hüququ və ədaləti açıq-aydın dəstəkləyən bəyanatlarla çıxış etmisiniz. Biz bunu bilirik və yüksək qiymətləndiririk. Mən tamamilə əminəm ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişi mümkündür. Bundan əlavə, sizə deyə bilərəm ki, nisbətən qısa müddətdə buna nail olmaq da mümkündür. İndi çatışmayan məsələ Ermənistan tərəfindən siyasi iradənin olmamasıdır. Çünki mən dəfələrlə açıq şəkildə demişəm ki, Azərbaycan Ermənistanla sülh sazişi üzərində işləməyə hazırdır və əlbəttə, bu saziş imzalansa, təhlükəsizliklə, gücün tətbiq edilməməsi, cari vəziyyətlə əlaqədar reallıqların qəbul olunması ilə bağlı məsələlər bu sülh sənədinin ayrılmaz tərkib hissəsi olacaq. Nə etmək lazımdır? Hesab edirəm ki, Ermənistanda parlament seçkiləri keçirələnədək gözləmək lazımdır və biz bu dövrün Ermənistanda həssas bir dövr olduğunu anlayırıq. Hesab edirəm ki, əgər bu gün kimsə Ermənistanda Azərbaycanla sülh sazişi haqqında danışsa, bu, həmin şəxsə populyarlıq qazandırmaz. Lakin yenə də ölkənin rəhbərləri siyasi karyeraları haqqında yox, öz dövlətləri haqqında düşünməlidirlər. Bu baxımdan, biz ümid edirik ki, seçkilərdən sonra bizdə bu məsələ ilə bağlı daha çox aydınlıq olacaq. Sülh sazişi əlbəttə ki, hər iki ölkənin ərazi bütövlüyünün tanınmasını nəzərdə tutur və biz bunu etməyə hazırıq. Biz açıq şəkildə Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırıq və sözsüz ki, Ermənistan da öz növbəsində Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanımalıdır. Sizin də bildiyiniz kimi, Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir və bununla bağlı heç bir şübhə yoxdur. Dağlıq Qarabağ işğal dövründə və indi də Azərbaycanın bir hissəsidir və bu, həmişə belə olacaq. Buna görə də onlar Dağlıq Qarabağın statusu haqqında bütün səylərdən vaz keçməlidirlər. Bu, müzakirə predmeti olan məsələ deyil. İndi bizdə olan məlumata görə, rus sülhməramlılarının nəzarəti altındakı ərazidə otuz min insan yaşayır. Orada yaşayan insanlar bizim vətəndaşlarımızdır. Biz onları erməni təbliğatı tərəfindən beyinləri yuyulmuş vətəndaşlarımız hesab edirik. Əgər sülh sazişinə nail olunarsa, onda əlbəttə ki, sizin dediyiniz kimi, ikinci mərhələ olan üç Cənubi Qafqaz ölkəsi arasında azad ticarət aparıla bilər və bu da mümkündür. Beləliklə, biz buna hazırıq. Biz Ermənistan tərəfindən müsbət cavab gözləyəcəyik.

Vayra Vike-Freyberqa: Cənab Prezident, Siz bizimlə çox səbrlisiniz və bizə saatlarla vaxt sərf etməyiniz çox təqdirəlayiq bir addımdır. Hələ də ilkin siyahımızda cavablandırılmalı olan suallar var. Bunları cavablandırdığınız kimi, mən sizdən başqa və sonuncu sualı cavablandırmağa hazır olduğunuzu soruşacağam. İndi isə gəlin davam edək və 2008-2009-2011-ci illərdə Belçikanın Baş naziri olmuş İv Letermə keçid alaq. Cənab Leterm, söz sizindir.

İv Leterm: Çox sağ olun. Ümid edirəm, məni eşidirsiniz. Cənab Prezident, Sizi Brüsseldən salamlayıram. İcazə verin, onlayn görüşmək fürsətinə görə Sizə təşəkkürümü bildirim. Həmçinin Sizin liderliyinizə və düzgün arqumentlərdən istifadə edərək bu gün hamımızın müzakirə etdiyi əraziləri geri qaytarmaq üçün tarixi dəyişdiyinizə görə Sizi təqdir edim. Vaxtı və gündəliyi nəzərə alaraq, sualım qısa olacaq. Xanım Kitaroviç artıq Avropa İttifaqı ilə əlaqələrin bəzi aspektlərinə, enerji təhlükəsizliyi və bu əməkdaşlığı dərinləşdirmək üçün Azərbaycanın oynadığı mühüm rola diqqət çəkdi. Mən Brüsselin diplomatik səhnəsinə qısaca da olsa diqqəti çəkmək istəyirəm. Mən qısa və ola bilsin çox açıq və səmimi deyəcəyəm. Məncə, Siz məndən daha yaxşı bilirsiniz ki, beynəlxalq siyasətdə həmişə reallıq, beynəlxalq hüququn Sizin tərəfinizdə olması və davranış arasında fərq var. Xarici siyasətin mənsubiyyəti baxımından davranış əfsuslar olsun ki, bəzən üstün rol oynayır. Söhbətimizin əvvəlində Siz erməni diasporunun dinamik fəal mənfi təsirini qeyd etmişdiniz. Burada dostlar arasında olduğumuzu nəzərə alaraq, bu diasporun hələ də Avropa İttifaqına üzv olan müxtəlif ölkələrin siyasi rəhbərliyinə təzyiq göstərdiyini və reallığı öz xeyrinə dəyişməyə cəhd etdiyini demək düzgün olardı. Mənim sualım çox qısadır. Avropa İttifaqına üzv olan ölkələrin dövlət və hökumət başçılarına, həmçinin Brüsseldəki insanlara təzyiq göstərən çox fəal erməni diasporu ilə reallıq və Sizin irəli sürdüyünüz tutarlı arqumentlər arasında daha yaxşı tarazlığı yaratmaq üçün səxavətlə dəstəklədiyiniz Nizami Gəncəvi Beynəlxalq Mərkəzi olaraq hansı təşəbbüslərlə çıxış edə bilərik və hansı rolu oynaya bilərik? Hesab edirəm ki, bu tarazlığın həqiqətən bərpasına kömək etmək istəyən və müəyyən mənada reallığı bərpa etmək istəyən bir çox həmkarlarımın adından çıxış edə bilərəm. Reallıq isə ondan ibarətdir ki, beynəlxalq hüquq Sizin tərəfinizdədir və işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması ədalət məsələsi idi. Beləliklə, sualım çox qısadır, Sizin təklifləriniz varmı, təşəbbüsləriniz varmı, Avropa İttifaqının paytaxtı olan Brüsseldə Azərbaycanı təmsil edən şəxslərlə əlaqə yarada bilərikmi? Avropada ictimai rəyə və rəhbər dairələrə təsir göstərməyə cəhd etmək üçün biz nə dərəcədə birlikdə işləyə bilərik? Çox sağ olun.

Prezident İlham Əliyev: Təşəkkür edirəm, cənab Baş nazir. Sualınız üçün təşəkkür edirəm. Siz çox önəmli məsələyə toxundunuz. Əslində, bu məsələ bizim və Ermənistan üçün ən böyük problemləri törədir. Çünki siz tamamilə haqlı buyurdunuz reallıq və davranış arasında fərq işimizi müdafiə etmək və mesajımızı çatdırmaq üçün üzləşdiyimiz və hələ də İkinci Qarabağ müharibəsindən sonra qarşılaşdığımız ən böyük çağırışlardan biridir. Ermənistan həmişə hesab edir ki, onların diasporu var və bu diaspor onlara kömək edir. Lakin İkinci Qarabağ müharibəsinin nəticəsinə baxsaq görərik ki, onların alçaldıcı məğlubiyyətinə səbəb olan əsas amillərindən biri də onların diasporu idi. Çünki bir santimetr belə ərazinin geri qaytarılmaması iddiası erməni diasporunun ideoloji mahiyyəti idi. Hamımız yaxşı bilirik ki, onlar əksər hallarda yaşamaq üçün ən yaxşı şəhərləri seçirlər. Bu, istər ABŞ-da Kaliforniya olsun və ya cənubi Fransa olsun, yaxud Rusiyanın cənubu və Latın Amerika olsun. Onlar çox rahat mühitdə yaşayırlar. Onların əksəriyyəti özlərinə yaxşı biznes qurub. Onlar çoxsaylı diaspor təşkilatları yaradır və həyatlarından zövq alırlar. Qarabağda yaşayanların həyat standartları onları heç o qədər də maraqlandırmır. Biz əraziləri işğaldan azad etdikdən sonra, – bu ərazilərin bəzi hissələrində ermənilər qanunsuz məskunlaşmışdı, – erməni əhalisinin yaşadığı yerlərə getdikdə mən şoka düşdüm. Çünki bu ərazilər sanki gecəqondular idi. Bu, XXI əsrin yaşayış standartları ilə bağlı hər hansı normal anlayışdan kənar bir şey idi. Tam yoxsulluq var idi. Tam yoxsulluq, işsizlik və bu insanlar fransız rivyerasında və ya Kaliforniyada yaşayan diasporun bəzi iddiaları, emosiyaları və ya məqsədləri xatirinə girov kimi saxlanılmışdır. Buna görə Ermənistanın indi bu vəziyyətdə olmasının səbəblərindən biri diaspordur.

Digər bir müşahidəm də var. Biz düşünürdük və əmin idik, ən azından mən belə düşünürdüm ki, diaspor işğal olunmuş ərazilərə çoxlu pul xərcləyir. Çünki hər il onlar vəsait toplamaq üçün marafonlar təşkil edirdilər. Onlar ildə ola bilsin yüz milyondan çox vəsait toplayırdılar. Demək istəyirəm ki, bu, kiçik ərazi üçün, kiçik əhali üçün böyük bir vəsaitdir. Lakin biz bu vəsaiti görmədik. Ermənilərin işğal etdiyi və onların dediyinə görə, “erməni şəhəri” olan Şuşa tamamilə dağıdılmışdı, tam yoxsulluq içində idi. Onların yaşadığı regionlarda biz bu investisiyanı görmədik. Ya bu vəsait toplanmayıb, ya da başqa yerlərə yönləndirilib. İndi də diaspor çox qeyri-məhsuldar rol oynayır. Çünki müharibənin nəticəsi aydındır. Müharibə noyabrın 9-dan 10-na keçən gecə dayanmasaydı, Ermənistanın vəziyyəti hətta lap çətin olardı. Biz doğru vaxtda müharibəni dayandırdıq və planlaşdırdığımıza nail olduq. İndi isə barışmaq vaxtıdır, indi Qarabağda yaşayan ermənilər üçün öz baxışlarını müdafiə etmək və ya gələcəklərini qurmaq üçün yeganə şansın azərbaycanlılarla yaxşı qonşuluq münasibətlərində yaşamaqdan ibarət olduğunu anlamaq vaxtıdır. Odur ki, hesab edirəm, ilk növbədə, diaspor reallığı başa düşməlidir. Onlar başa düşməli və öz siyasətinə bəzi dəyişikliklər etməlidirlər. Bunu edə bilib-bilməməkdən asılı olmayaraq, onların siyasəti uğursuzluğa düçar oldu. Düşünürəm ki, ola bilsin, ilk mesaj Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən də bildirilə bilər: “Sizin siyasətiniz yanlış idi, uğursuzluğa düçar olub və bu, Ermənistanda artıq altı aydan çoxdur davam edən böhrana gətirib çıxarıb” mesajları göndərilməlidir. İkincisi isə, əlbəttə, əks-tarazlıq yaratmaq üçün bizim öz mesajımızı çatdırmaq fürsətimiz olmalıdır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi reallıqla bağlı mesajın çatdırılması üçün ən əsas strukturlardan biridir. Ümid edirik ki, bu, belə də davam edəcək. Ermənistanın tərəfində diaspor idi, bizim tərəfimizdə isə beynəlxalq hüquq və ədalət var idi. Hadisələrin inkişafı onu göstərdi ki, biz tarixin düzgün tərəfini tutmuşduq.

Vayra Vike-Freyberqa: Cənab Prezident, Siz bizimlə çox nəzakətli və səbrlisiniz. Bizim Sizinlə bu məlumatlandırıcı, parlaq və ilhamlandırıcı dialoqa həddən artıq böyük marağımız var. Lakin bizdə hələ də Sizinlə danışmaq istəyən insanların böyük bir siyahısı var. Lakin bizim Sizinlə razılığımız var və biz Sizin səbrli olmağınızdan sui-istifadə etmək istəmirik. Mən bunu Sizin öhdənizə buraxıram.

Prezident İlham Əliyev: Bəli. Əvvəla, bu razılıq mənimlə yox, mənim administrasiyamdan olan bəzi insanlarla olub. İkincisi, mən özüm çox məhsuldar və faydalı olan bu müzakirələrdən zövq alıram. Buna görə də mən davam etməyə hazıram. Buyurun, davam edin.

Vayra Vike-Freyberqa: Möhtəşəm. Rumıniyadan xanım Ana Birçalın sualı var. O, 2016-2019-cu illər arasında Baş nazir vəzifəsini tutub. Ana Birçal, buyurun.

Ana Birçal: Rumıniyadan axşamınız xeyir, cənab Prezident. Sizinlə bir daha görüşmək mənim üçün həqiqətən də böyük məmnunluq və şərəf hissidir. Biz mümkün olan kimi Sizinlə şəxsən görüşməyi səbirsizliklə gözləyirik. Bildiyiniz kimi, Rumıniya ilə Azərbaycan arasında güclü strateji tərəfdaşlıq var və biz bununla qürur duyuruq. Biz, həmçinin onunla fəxr edirik ki, Avropa İttifaqına üzv olan ölkələr sırasında Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan birinci Avropa dövləti olub. Bundan başqa, Azərbaycanla strateji tərəfdaşlıq haqqında sənədi imzalayan Avropa İttifaqına üzv olan ilk Avropa dövləti olmuşuq. Bunu nəzərə alaraq, Sizcə nəinki təkcə mövcud strateji tərəfdaşlığımızı gücləndirmək və dərinləşdirmək üçün, həm də bu tərəfdaşlığı yeni bir müstəviyə qaldırmaq, o cümlədən məsələn, strateji nəqliyyat, enerji təhlükəsizliyi və digər məsələlərlə bağlı nə edə bilərik? İcazə verin, sözümü forumun üzvü olmaqdan qürur duymağımla bitirim və həmişə hamımıza qarşı nəzakətli olan iki həmsədri təbrik edim. 2020-ci ilin çətin vaxtları da daxil olmaqla, həmişə bizimlə təmasda olan Baş katibə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Bir daha təşəkkür edirəm və hamınızı mümkün qədər tez görmək ümidi ilə.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Mən də sizi Bakıda tezliklə görəcəyimə və dialoqumuzu davam etdirməyə ümidvaram. Siz tamamilə haqlısınız, Rumıniya bizi müstəqil dövlət kimi tanıyan ilk dövlətlərdən biri olub və strateji tərəfdaşlıqla bağlı razılaşmanı imzalayan ilk ölkə olub. Bu da bizə digər ölkələrlə eyni sənədi imzalamaq üçün yol açdı. Mən sizinlə görüşlərimizi xatırlayıram və Baş nazirin müavini vəzifəsində siz iki ölkənin bir araya gəlməsində çox mühüm rol oynamışdınız. Siz xatırlayırsınız, biz dəfələrlə tərəfdaşlığın necə qurulması ilə bağlı birgə planlarımızı müzakirə etmişik. Biz Rumıniyadan gələcək yüksək səviyyəli qonaqların səfərlərini müzakirə edirdik. Siz yüksək səviyyəli qonaq idiniz, lakin sizdən daha da yüksək vəzifə tutan qonaqları nəzərdə tuturduq. Sonra yəqin pandemiya bu işlərə müdaxilə etdi və bizdə əməkdaşlığın bu fəal fazasında sanki bir növ fasilə yaranıb. Biz bu prosesləri bərpa etmək istəyirik. Siz mənim mövqeyimi bilirsiniz. Mən bu haqda sizə söyləmişəm. Hesab edirəm ki, biz çox faydalı əməkdaşlıq sahələrini müəyyən edə bilərik. Sizin dediyiniz kimi, enerji təhlükəsizliyi. Çünki bu gün Cənub Qaz Dəhlizinin tamamlanmasından sonra Rumıniya məsafə nöqteyi-nəzərindən bizim boru xətti sistemimizə çox yaxındır. Həmçinin postmüharibə dövrünün inkişafında nəqliyyatla bağlı yeni imkanlar bağlantı üçün həqiqətən də nadir bie vəziyyət yaradır. Bu, həm bizim üçün, həm də Rumıniya üçün önəmli olacaq. Odur ki, biz hazırıq. Ümid edirəm ki, siz bizi qlobal forum çərçivəsində ziyarət etdikdə bununla bağlı daha təfərrüatı ilə danışmaq imkanı olacaq. Lakin bizim mövqeyimiz həmişə çox açıq və aydın olub. Biz Rumıniya ilə əməkdaşlığımızın fəal fazasını bərpa etmək istəyirik.

Vayra Vike-Freyberqa: Cənab Prezident, növbəti sualı 2015-ci ildə Moldovanın Baş naziri olmuş Çiril Qaburici verir. Cənab Qaburiçi, sizin növbənizdir.

Çiril Qaburici: Hər vaxtınız xeyir, Zati-aliləri cənab Prezident Əliyev. Mən bu konfransda iştirak etməyə şadam. Onlayn formatda keçirilsə də, Bakı üçün çox darıxmışam. Məlumdur ki, COVID-19-un bütün dünyaya böyük təsiri olub. Normal dünyada sabitlik pozulub. Biz öyrəşdiyimiz normal həyatdan yeni normaya uyğunlaşmalıyıq. Digər tərəfdən, bəşəriyət hələ də hər hansı ölkənin, xüsusilə də mənim ölkəm Moldova kimi kiçik dövlətin təkbaşına həll edə bilməyəcəyi problemlərlə üzləşməkdədir. Mən burada qlobal istiləşmə, havanın çirklənməsi kimi ətraf mühit problemlərini qeyd edirəm. Cənab Prezident, Siz dediniz ki, Dağlıq Qarabağda su, günəş, külək enerjisindən istifadə etməyi planlaşdırırsınız. Zati-aliləri, necə düşünürsünüz, bu problemlər bizim hamımızı elə birləşdirə bilərmi ki, biz yeni qlobal balans yaradaq və bununla üzləşməyə hazır olmaq üçün nə etmək lazımdır? Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Mənim üçün qlobal miqyasda səylərin necə nəticələnəcəyini düşünmək çətindir. Hələ ki, proses nisbi uğurla gedir. Lakin düşünürəm ki, hər bir ölkənin milli səviyyədə əhaliyə bununla bağlı doğru mesajlar verməsi, iqlim dəyişikliyi məsələlərinə sözdə deyil, əməldə töhfə verməsi vacibdir. Çünki çoxlu sözlər deyilib, sessiyalar keçirilib, çoxlu alqışlar, təbriklər olub, qələbə qeyd edilib, lakin sonda biz əvvəl olduğumuz yerdəyik. Bizə gəlincə, Azərbaycan bəlkə də hazırda bərpa olunan enerjiyə investisiya yatırmaq ehtiyacı olmayan ölkədir, çünki, bizim böyük təbii qaz yataqlarımız var. Hazırda biz enerji istehsalımız üçün təmiz enerji kimi təbii qaz və sudan istifadə edirik. Biz kömürdən, neftdən istifadə etmirik, ona görə də ekologiyaya dəyən ziyan minimumdur. Lakin məsuliyyətli ölkə və gələcək barədə düşünən hökumət kimi biz bərpaolunan enerji üçün investorlar cəlb etməyə başlamışıq. Mənim Qarabağ və “yaşıl zona” barədə dediklərim bəyanat deyil, plandır və bu plan artıq icra mərhələsindədir. İşğaldan azad edilmiş ərazilərdə – Laçın rayonunda ilk su elektrik stansiyasının açılışı bir neçə ay bundan əvvəl oldu. Ərazilər işğaldan azad olunandan 3-4 ay sonra mən artıq orada idim, düyməni basdım və biz başladıq. Biz Qarabağ ərazisində 10-dan çox su elektrik stansiyası yaratmağı planlaşdırırıq. İkincisi, İranla Azərbaycan sərhədindəki iri su anbarında böyük potensial var. Su anbarı işğal dövründə artıq İran tərəfindən tikilib. İndi biz birlikdə 240 meqavat gücündə su elektrik stansiyası tikmək barədə düşünürük. Ötən il müharibədən əvvəl biz 2 elektrik stansiyası – ümumi gücü 440-480 meqavat olan 1 günəş və 1 külək enerji stansiyası tikmək üçün bərpa olunan enerji üzrə dünyanın iki aparıcı şirkəti – Səudiyyə Ərəbistanın “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkələri ilə 2 investisiya razılaşması imzaladıq. İnvestisiyalar 100 faiz şirkətlər tərəfindən qoyulacaq və indi biz artıq Qarabağ üçün baş planın, “yaşıl enerji” zonasının icrası mərhələsindəyik. Biz bunu Yaponiyanın ən məşhur şirkətlərindən biri ilə edirik. Onlar hazırlıq görürlər, müqavilə imzalanıb. Onlar baş planı hazırlayırlar ki, biz bu layihəni nizamsız şəkildə deyil, sistemə, resurslara və tələbata əsaslanaraq icra edək. Bu, köçkünlərin geri qayıtmasının vaxt cədvəlinə uyğun olmalıdır. Beləliklə, Enerji Nazirliyimizin hesablamalarına görə, işğaldan azad edilmiş ərazilərdə günəş enerjisi potensialı 5 min meqavatdır. Bu, bizim bütün ölkədə hazırda istehlak etdiyimizdən çoxdur. İndi elektrik enerjisi ixracatçısı olduğumuzu nəzərə alaraq, bizim ehtiyacımız olandan bəlkə də təxminən 1000 meqavat artıq hasilat imkanımız var. Bizim Rusiya, İran, Gürcüstan, Türkiyə ilə xətlərimiz var, biz hər tərəfə ixrac edirik. Elektrik enerjisi ixracı artıq on milyonlarla dollar gəlir gətirir, lakin yüz milyonlarla gəlir gətirəcək. Bu, həqitətən də, reallıq olacaq. Bundan əlavə, mən deyərdim ki, bizim 4 Lüksemburq və 1 Livan boyda olan həmin ərazidə etməyi planlaşdırdıqlarımız dünyada nadir hal olacaq. Heç kim buna bənzər bir iş görməyib. “Ağıllı şəhər”, “ağıllı kənd”, infrastrukturun düzgün qurulmasının inkişaf üçün yaxşı model olacağını planlaşdırırıq. Biz baş planın hazırlanması üçün məşhur beynəlxalq şirkətləri dəvət etmişik. Ağdam şəhərinin baş planı demək olar ki, hazırdır, tezliklə təsdiqlənəcək, digər şəhərlərin baş planı icra mərhələsindədir. Yenidən bu məsələyə qayıdaraq düşündük ki, neft-qaz kimi təbii ehtiyatlara malik olaraq biz bərpaolunan enerjiyə investisiya yatırmalıyıq, bərpaolunan enerji üçün investorlar cəlb etməliyik, bu, bizim məsuliyyətimizin nümayişi olacaq.

Vayra Vike-Freyberqa: Cənab Prezident, bizim daha 3 sualımız var. Biz 2004-2014-cü illərdə İslam Əməkdaşlıq Təşkilatının baş katibi olmuş cənab Ekmələddin İhsanoğlunun sualı ilə başlayacağıq. Ondan sonra 2 sual birdən veriləcək. Gəlin Cənab İhsanoğlu ilə başlayacaq.

Ekmələddin İhsanoğlu: Təşəkkür edirəm, xanım sədr. Cənab Prezident, şəxsən olmasa belə, Zati-alinizlə bir daha birlikdə olmaq şərəfdir. İcazə verin, ilk növbədə, Sizin rəhbərliyinizlə Azərbaycanın tarixi uğuru, Qarabağda ərazilərin işğaldan azad edilməsi münasibətilə təbriklərimi çatdırım. Mən, həmçinin ümidvar olduğumu bildirmək istəyirəm ki, Sizin fəal xarici siyasətiniz sayəsində bu regionda və onun hüdudlarından kənarda mühüm strateji dönüş nöqtəsi kimi, dünyanın bu güşəsində sülh və sabitlik yenidən bərqərar olacaq. Cənubi Qafqazın gələcəyi üçün regional inkişaf, əməkdaşlıq baxımından hansı perspektivlər var? Zati-aliləri əməkdaşlığın perspektivini necə görür? Bu, MDB, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi mövcud təşkilatlar vasitəsilə olacaq, yoxsa sabitlik paktı və ya yeni təşəbbüslər vasitəsilə olacaq? Sualımı yekunlaşdıraraq mən, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və bizim hörmətli həmsədrlərimiz, dinamik katiblik və onun heyəti tərəfindən görülən böyük işləri yüksək qiymətləndirmək istərdim. Təşəkkür edirəm, cənab Prezident.

Prezident İlham Əliyev: Təşəkkür edirəm, cənab Baş katib. Təbrikləriniz üçün təşəkkür edirəm. Siz Azərbaycanın haqq işini, işğala son qoymaq naminə səylərini hər zaman fəal şəkildə müdafə etmisiniz və biz sizin səylərinizi yüksək qiymətləndiririk. Mən sizin yaxanızda dövlət ordenini görürəm. Bu, Azərbaycan xalqının sizə olan hisslərinin, bizim tərəfdaşlığımız, əməkdaşlığımız üçün etdiklərinizin göstəricisidir.

Cənubi Qafqazda inkişafa gəlincə, yenə də hər şey Ermənistanın siyasi iradəsi və gündəliyindən asılı olacaq. Çünki bu gün Cənubi Qafqazda Azərbaycanla Gürcüstan arasında çox səmərəli əməkdaşlıq formatı mövcuddur. Bütün müstəqillik illəri ərzində, bəlkə də erkən illərdə bəzi istisnalarla, əməkdaşlıq çox sabit, proqnozlaşdırılan və dostyana olub. Bu gün artıq müzakirə etdiyimiz kimi biz xalqlarımız və ölkələrimiz üçün mühüm birgə layihələr həyata keçiririk. Mən Ermənistanın bu əməkdaşlıq formatına qoşulmağa hazır olub-olmayacağını bilmirəm. Əgər ehtimal etsək ki, bəli, qoşulacaqlar, onda əlbəttə, bu, mümkündür. Biz etiraz etməyəcəyik, çünki düşünürəm ki, Cənubi Qafqazda regional əməkdaşlıq üçün, məsələn, enerji ilə bağlı sahələrdə böyük potensial var. Biz bilirik ki, potensial olaraq Azərbaycan Ermənistana enerji resurslarının təchizatçısı ola bilər. Bu, mümkündür və Sovet İttifaqı dövründə bu, olub, yeri gəlmişkən, Azərbaycan Ermənistanı enerji resursları ilə təchiz edib. Şübhəsiz ki, Zəngəzur dəhlizi tikilib tamamlanandan sonra Ermənistanın biznesi inkişaf etdirmək üçün çoxlu imkanı olacaq. Çünki bu gün daxili bazarın həcminin kiçik olması və çox mürəkkəb logistik infrastruktur səbəbindən, – çünki Gürcüstanla Rusiya arasında yol qar səbəbindən bağlı olsa onlar batarlar, -çünki onların açıq dənizə çıxışı yoxdur. Onların heç kimlə dəmir yolu əlaqəsi yoxdur. Onların beynəlxalq bazarlarla dəmir yolu əlaqəsi yoxdur – proqnozlaşdırmaq mümkün olmayanda, investorlar nə gözləyəcəklərini bilməyəndə, heç kim investisiya yatırmaz. Ona görə də heç kim investisiya qoymur. Bu, onlar üçün imkanlar açacaq. Amma onlar öz seçimlərini etməlidirlər. Onlar təkcə Azərbaycana deyil, həm də Türkiyəyə ərazi iddialarına son qoymalıdırlar. Düşünürəm ki, Nizami Mərkəzinin çox üzvü bilmir ki, Ermənistan konstitusiyasında onların Türkiyəyə ərazi iddiaları var. Mən dəfələrlə bu barədə danışmışam. Bu, gülüncdür. Ərazisi kiçik, əhalisi az olan ölkənin, böyük ölkəyə və NATO-da ABŞ-dan sonra ikinci orduya sahib olan Türkiyəyə qarşı ərazi iddiaları var. Bu, gülüncdür. Bu, onların əllərindədir, onlar bu ərazi iddialarına son qoymalıdır və onda bəlkə onların kommunikasiyaları açmaq imkanı olacaq. Çünki əgər onlar Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmasalar, onların vəziyyəti hətta müharibədən əvvəl olduğundan da pis olacaq. Çünki ikinci müharibədən əvvəl, onların “məğlubedilməz orduları, cəsur əsgərləri, qələbələri” ilə bağlı bəzi saxta ideologiyaları var idi, lakin bu, feyk idi. Biz bunu 44 gündə çox çətin ərazidə, 5-6 müdafiə xəttinin olduğu yerdə göstərdik, biz o ordunu tamamilə məğlub etdik və məhv etdik. Onlar realist düşüncəli olmalı, bizimlə, Türkiyə ilə münasibətləri normallaşdırmalı, gürcü kilsələrinə iddialar irəli sürməyə son qoymalıdırlar. Siz bəlkə də bilmirsiniz, lakin onlar rəsmi olaraq iddia edir ki, Gürcüstandakı kilsələrin əksəriyyəti erməni kilsələridir. Onların hər kəsə iddiaları var. İkinci Qarabağ müharibəsində onlar hər kəsə – Fransaya, ABŞ-a, Rusiyaya, digərlərinə müraciət edirdilər. Siz yəqin ki, sərhəddə bir insident baş verdiyini eşitmisiniz. Bilirsiniz onlar nə ediblər? Ermənistanın baş naziri Rusiya Prezidentinə, Fransa Prezidentinə, digər dövlət başçılarına zəng vurur. Ermənistan sərhəddəki bu kiçik epizodu beynəlmiləlləşdirməyə çalışaraq rəsmi olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının münaqişəyə cəlb olunması üçün məktub göndərir. Eyni zamanda, onlar NATO-ya məktub göndərir və o məktub dərc olunmuşdu. Bu, tamamilə əks təsir yaradır və onların hər kəsə iddialarının olduğunu göstərir. Onlar hesab edirlər ki, bütün dünya yalnız onlara necə kömək etmək barədə düşünməlidir. Lakin əgər onlar özlərini müstəqil dövlət hesab edirlərsə, öz qayğılarına özləri qalmalıdır. Biz hazırıq, bildiyim qədərilə Türkiyə tərəfi də hazırdır. Lakin bir daha Baş nazir Letermin Nizami Mərkəzinin necə yardımçı ola biləcəyi ilə bağlı qaldırdığı məsələyə qayıdaraq, düşünürəm ki, bu mesajı görkəmli siyasətçilər, mərkəzin üzvləri, fikri qiymətləndirilən insanlar vasitəsilə çatdırmaqda, onları tarixin yanlış tərəfində olduğuna və müstəqillik arzularına, həqiqi müstəqil ölkə olmaq arzularına çatmaq üçün bu gün bəlkə də son şanslarının olduğuna inandırmaqda çox yardımçı ola bilər.

Vayra Vike-Freyberqa: Cənab Prezident, bizim sonuncu iki sualımız var. Birincisini Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və əlbəttə ki, Azərbaycanın yaxın dostu, ICESCO-nun sabiq baş direktoru cənab Əbdüləziz əl-Tüveycri verir. Cənab əl-Tüveycri sizin sual vermək imkanınız var.

Əbdüləziz əl-Tüveycri: Zati-aliləri Prezident İlham Əliyevlə birlikdə müzakirlərdə iştirak etmək mənim üçün böyük şərəfdir. Mən Zati-alilərini və Azərbaycan xalqını müharibədə Qələbə və Ermənistan işğalından azad edilmiş ərazilərin bərpası münasibətilə bir daha səmimi qəlbdən təbrik edirəm. Cənab Prezident, Siz hər zaman sülh, dialoq, əməkdaşlıq tərəfdarı olmusunuz. Onlar dəfələrlə şansı əldən verib, lakin bu dəfə Siz təşəbbüsü ələ aldınız. Beynəlxalq ictimaiyyət təcavüzə son qoya bilmədi, Azərbaycan xalqı bunu etdi. İndi məqsəd işğaldan azad edilmiş əraziləri yenidən qurmaq, ora sülh və əmin-amanlıq gətirməkdir. Cənab Prezident, mənim sualım belədir: Ermənistan hər zaman öz inadkarlığını göstərib, Sizin və dünyada müdrik insanların razılığa gəlib bu işğala son qoymaq çağırışlarına məhəl qoymayıb. İndi ərazilər işğaldan azad ediləndən sonra düşünmürəm ki, onlar ağıllarını başlarına yığıb Azərbaycana qarşı düşmənçiliyə son qoyacaqlar. Siz təsəvvürünüzə gətirirsinimi ki, bir gün onlar vaxtı boş yerə itirdiklərini, regiona sülh və rifah gətirilməsində iştirak etməli olduqlarını başa düşəcəklər? Ermənistan, Azərbaycan, Türkiyə, Qafqazın bütün üzvləri həqiqətən də əməkdaşlıq edə və regionda hamı üçün sülh, əməkdaşlıq və rifahı təşviq edən çox güclü blok yarada bilər. İkincisi, Zati-aliləri mən ICESCO-nun baş direktoru kimi fəaliyyətim zamanı şəxsən Sizin, Azərbaycan hökumətinin və Azərbaycan xalqının dəstəyinə görə minnətdarlığımı bildirmək istərdim. Mən səylərini, fəaliyyətini, uğurlarını yüksək qiymətləndirdiyim Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olmaqdan qürur duyuram. Bu, Sizin himayəniz, dəstəyiniz və Mərkəzin fəaliyyətinə nəzarətiniz sayəsində olub. Bəli, Nizami Gəncəvi Mərkəzi regionda sülh və təhlükəsizlik şəraitinin yaradılmasında iştirak edə və belə bir prosesdə iştirak etmək istəyənləri inandıra bilər. Mən Azərbaycana və Zati-alinizə uğurlar arzulayıram.

Müdaxilə: Mən Prezident Əliyevə bir neçə söz deyə bilərəmmi? Danışan Rumıniyanın sabiq baş naziri Petre Romandır. Mən Prezident Əliyevə bir neçə söz deyə bilərəm?

Vayra Vike-Freyberqa: Buyurun.

Petre Roman: İcazə verirsiniz?

Prezident İlham Əliyev: Əlbəttə.

Petre Roman: Təşəkkür edirəm Preziden Əliyev. Deməliyəm ki, Sizin münasibətiniz məndə böyük təəssürat yaradıb. İndi Siz müzəffər lidersiniz, ölkənizin müzəffər, layiqli liderisiniz. Müzəffər lider olmağınıza baxmayaraq, Siz erməni xalqı üçün təəssüflənirsiniz. Bu, həqiqətən də bir körpüdür. Bu, barışıq istiqamətində körpü rolunu oynaya bilər. Biz bilirik ki, barışıq başlayanda müharibə sona çatır. Sualım çox sadədir. Cənab Prezident, Sizcə dünyanın bu qədər liderini bir araya gətirən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi olaraq biz bəzi erməni siyasətçilərini bizimlə, – mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin liderlərini nəzərdə tuturam, – dialoqa dəvət edə bilərik? Bu, bir qədər əvvəl İv Letermin sualına uyğundur. Düşünürəm ki, erməni siyasətçiləri bizimlə söhbətə dəvət etmək bir növ dialoq üçün ilk addım ola bilər. Sualım bundan ibarətdir və bir daha təbrik edirəm.

Vayra Vike-Freyberqa: Buyurun, Cənab Prezident.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Çox sağ olun, minnətdaram. İlk öncə cənab Tuvecriyə minnətdarlığımı bildirmək istərdim. ICESCO-nun Baş katibi olaraq, işğal edilmiş ərazilərin azad olunması işində o, hər zaman Azərbaycanı dəstəkləmişdir. Biz cənab Tuveycrinin Bakıda keçirilən bir çox forumlarda, o cümlədən multikulturalizmə həsr olunmuş forumlarda parlaq çıxışlarını xatırlayırıq. O, Azərbaycanda pandemiya öncəsi keçirilən bir çox beynəlxalq tədbirlərdə iştirak üçün tez-tez ölkəmizə səfər edir, qonağımız olurdu. Onun Ermənistanın boş yerə vaxt itirdiyini nə zaman anlayacağı ilə bağlı sualına gəldikdə, buna cavab vermək bir qədər çətindir. Belə ki, uzun illər ərzində Ermənistanın liderləri özləri haqqında, öz tarixləri haqqında bir mifologiya quraraq vətəndaşlarının beyinlərini zəhərləyirdi. Onlardan bəziləri, bəlkə də bir çoxu bu miflərə həqiqətən də inanmağa başladılar. Orada baş verənlərə yaxından nəzər saldıqdan sonra gördük ki, indiki Ermənistan cəmiyyətinin faciəsi ondan ibarətdir ki, onların bir çoxu Qarabağın onların olmasına həqiqətən də inanmağa başlamışdır. Onların heç biri özlərinə sual vermirdi ki, bəs niyə onda bu ərazi “Qarabağ” adlanır? Hansı ki, bu söz erməni dilində heç bir məna kəsb etmir. Əgər bu qədim erməni torpağıdırsa, niyə Sovet dövründə Qarabağın, o zamankı Dağlıq Qarabağın əsas şəhərinə, bolşevik-terrorçu Stepan Şaumyanın şərəfinə Stepanakert adı verilmişdi? Əgər ora qədim erməni şəhəri idisə, onlar niyə onun adını dəyişdirmədilər? Onların heç tarixdən xəbərləri yoxdur. Şuşanın Azərbaycan xanı Pənahəli xan tərəfindən 1752-ci ildə əsası qoyulduğunu bilmək üçün təkcə “Wikipediya”ya baxmaq yetərlidir. İşğaldan öncə orada həmişə azərbaycanlılar yaşamışlar. İşğaldan sonra onlar bizim şəhərlərin adlarını dəyişdirmişdilər. Onlar Şuşanın adını dəyişdirib, “Şuşi” etmişdilər. Yenə də, “Şuşi” sözünün erməni dilində heç bir mənası yoxdur. Lakin Şuşanın mənası var. Şuşa “şüşə” deməkdir. Şüşə, çünki orada hava şüşə kimi təmizdir. Ağdamın adını dəyişdirib, Akna adlandırmışdılar. Fizulinin adını dəyişdirib Varandi və ya buna bənzər bir şey etmişdilər. Onlar hər şeyi dəyişmişdilər və inanmağa başlamışdılar ki, bu ərazilər həqiqətən də onlara məxsusdur. Bu, faciədir. Ermənistan cəmiyyətinin faciəsi. Vaxtlarını boşa sərf etdiklərini anlamaları üçün onlar həqiqətən də öz ideoloji doqmalarını dəyişməlidirlər, müalicə almalıdırlar. Mən kobudluq etmək, kimisə təhqir etmək istəməzdim. Lakin, doğrudan da, onlar psixologiyalarını dəyişməli və özlərinin yaratdıqları və inanmağa başladıqları mifik ideoloji doqmalara son qoymalıdırlar. Bu xüsusda, bir müddət keçəndən sonra, düşünürəm ki, onlar bunu başa düşəcəklər və ümid edirəm ki, Nizami Mərkəzi öz səyləri ilə onlara bu işdə köməklik göstərə bilər.

Rumıniyanın Baş naziri cənab Romanın sualına gəldikdə, artıq qeyd etdiyim kimi, münaqişə sona çatmışdır. Dağlıq Qarabağ münaqişəsi mövcud deyil. Azərbaycanda “Dağlıq Qarabağ” deyilən bir məfhum-qurum yoxdur. Hazırda biz bir-birimizlə əməkdaşlığa əngəl yarada biləcək bir problem görmürük. Əslində, biz artıq əməkdaşlıq edirik. Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri hazırda Zəngəzur dəhlizi ilə bağlı konkret məsələlər üzərində birgə iş aparırlar. Buna görə də, prinsipcə, düşünürəm ki, erməni siyasətçilərin Nizami Mərkəzində təşkil olunan tədbir və müzakirələrdə iştirakları mümkündür. Lakin bir məsələ də aydındır ki, Nizami Mərkəzi, bu nadir beynəlxalq institut eyni dəyərləri paylaşan insanlar sayəsinə yaranıb. Nizami Mərkəzindəki böyük şəxsiyyətlərın sayı artıq insani keyfiyyətlər və baxış nöqteyi-nəzərdən meyarları müəyyən edir. Hamınızı əməkdaşlıq, təhlükəsizlik, yaxşı qonşuluq siyasəti və digər nəcib fikirlər birləşdirir. Buna görə də, əgər bəzi erməni siyasətçilərin Mərkəzə qatılmalarından söz gedirsə, mən etiraz etmirəm. Lakin həmin şəxs Nizami Mərkəzini qarşıdurma, iddia və iddialar məkanına çevirməmək üçün bu meyarlara cavab verməlidir. Əgər cənab Roman və digər dostlarımız Ermənistanda belə bir siyasətçini tapa bilsələr, onun kimliyini bilmək çox maraqlı olardı. Lakin, çox güman ki, belə bir adam var və mənim buna münasibətim tamamilə normal olacaq.

Petre Roman: Sadəcə dialoqu başlamaq üçün…

Prezident İlham Əliyev: Amma bu, dialoq olmalıdır…

Vayra Vike-Freyberqa: Təşəkkür edirəm Cənab Prezident. Bu, çox heyrətamiz dialoq idi. Mən hətta deyə bilərəm ki, burada iştirak edən ölkələrin coğrafi əhatə dairəsi baxımdan tarixi bir dialoq idi. Yaxın keçmişdə onların tutduğu yüksək səviyyəli vəzifələri nəzərə alaraq bunu söyləmək olar. Ən çox da açıq-aydınlığı, bizim üçün faydalı ola biləcək informasiyanın zənginliyi ilə seçilən cavablarınız cəhətdən bunu görmək olar. Tədbirdə çıxışçıların sayından əlavə iştirakçı sayının da çoxluğunun şahid oluruq. Bu, belə bir tarixi tədbiri təşkil etmək üçün ciddi hazırlıqların aparılmasından xəbər verir. İcazənizlə, sonda mən Sizə, cənab Prezident, səbr, iradənizə, xüsusən də, xoş niyyətinizə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ideyalarına və onların həyata keçirilməsinə daimi dəstəyinizə görə dərin minnətdarlığımı ifadə etmək istərdim. Bu, ən başlıcası Sizin arzunuz idi və bu arzuya qoşularaq bir dialoq məkanı yaratmaqda biz əlimizdən gələni etmişik. Zənnimcə, bugünki tədbir Sizin və mərkəzə qoşulmuş üzvlərin arzularına nə dərəcədə nail olunduğunu dəqiqliklə özündə əks etdirdi. Biz, həmçinin baş katib Rövşən Muradova da öz dərin minnətdarlığımızı ifadə etmək istərdik. O, bu cür mötəbər tədbirin təşkilat yükünü öz üzərinə götürmüşdü. Xüsusən də, cənab Prezidentin iştirakını nəzərə alaraq. Ümid edirəm, həmkərlarım inciməzlər, çünki, biz sabiq məmurlarıq, bizim vəzifədə vaxtımız bitib. Lakin Siz vəzifədə olan Prezidentsiniz, həm protokollar, həm təhlükəsizlik, həm ehtiyat tədbirləri cəhətdən, bu tədbirin təşkilinə görə Sizə, Sizin heyətinizə təşəkkür edirəm. Katiblikdə azasaylı olmalarına baxmayraq, son dərəcə fəal, ağıllı, çalışqan və əzmkar gənclərə təşəkkür etmək istərdim. Cənab Prezident, icazənizlə, yekunlaşdıraraq, Sizə cansağlığı, tükənməz enerji arzu edirəm. Azərbaycanın Birinci vitse-prezidenti, xanım Əliyevaya bizim salamlarımızı çatdırmağı Sizdən xahiş edirəm. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və ölkələrimizdə tutduğumuz vəzifələr çərçivəsində onunla birgə təmasları olan hamımız onu çox sevirik. Bu çox əlamətdar tədbir oldu və tarixdə qalacaq. Çox sağolun, bütün iştirakçılara və onların gözəl suallarına görə təşəkkür edirəm. Bir daha, cənab Prezidentə, verdiyi heyrətamiz cavablarına görə minnətdarlığımı bildirirəm.

Prezident İlham Əliyev: Təşəkkür edirəm əziz dostlar. Xanım Prezident, sizə, mənim haqqımda, gördüyümüz birgə işlər haqqında söylədiyiniz fikirlərə və xoş sözlərə görə minnətdarlığımı bildirirəm. Bizim tərəfdaşlığımız və dostluğumuz bütün bu illər ərzində artıq dəfələrlə sınaqdan keçib. Bir daha, mən sizə və cənab Seragəldinə mənə bu mesajı hamıya çatdırmaq üçün imkan yaratdığınıza görə öz minnətdarlığımı bildirmək istərdim. Biz bir sıra məsələlər barədə çox danışmışıq. Mən dedim ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ən başlıca cəhətlərindən biri odur ki, bu mühüm beynəlxalq təşkilat vasitəsilə Azərbaycanın səsi indi bütün dünyada eşidilir. Müstəqilliyimizin ilk illərində obyektiv səbəblərdən biz bundan məhrum idik. Bu təşəbbüsə, bu məsələləri qaldırmağıma imkan yaratdığınıza görə sizə minnətdaram. Həmişə olduğu kimi, biz bir-birimizə böyük qarşılıqlı hörmət bəsləyərək, səmimi olduq. Mən bütün iştirakçılara öz minnətdarlığımı bildirmək istərdim. İlk öncə, əlbəttə ki, həmsədrlərə təşəkkürümü bildirirəm və demək istərdim ki, mən sizi gözləyirəm. Sizin üçün darıxmışam. Biz mütləq bu il bir araya gəlməliyik.

Vayra Vike-Freyberqa: Biz orada olacağıq.

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Uğurlar. Bakıda görüşənədək.

Vayra Vike-Freyberqa: Bakıda görüşənədək.

AZƏRTAC