İMADƏDDİN NƏSİMİ

Eldar Səmədov: Azərbaycan Prezidentinin tapşırığı ilə Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üzrə işlər davam etdirilir
Prezident İlham Əliyev Rusiyanın xarici işlər nazirini qəbul edib
Naxçıvanda “Avropa şəhərciyi”nin açılışı olub

Birinci söhbət

 

“Kvartet” rubrikasında bu dəfə filologiya üzrə fəlsəfə doktorları Firudin Qurbansoy və Qüdsiyyə Qəmbərova ilə İmadəddin Nəsimidən danışdıq.

 

Fuad Babayev:  Bu il Nəsimi ilidir. Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə yaradılmış Şamaxı ensiklopediyası ilə birlikdə böyük Azərbaycan şairi haqqında silsilə söhbətlər edəcəyik.

Bu, bizim birinci söhbətdir və bu mövzuda özümü qətiyyən hazırlıqlı saymıram. Mən informasiya istehlakçısıyam, Nəsimi haqqında bilgilərim də  əsasən məşhur “Nəsimi” filmindən əxz olunub.

Fürudin Qurbansoy: Hərçənd ki, onun da Nəsimiyə az dəxli var.

Fuad Babayev: Demək, mənim bildiklərim təsəvvür etdiyimdən də azdır. Nəsimi kim olub, adi insanlar onun haqqında nə bilməlidirlər.

Fürudin Qurbansoy: Çalışacağam ki, qoyduğunuz suallar əhatə olunsun. Bir az da Nəsimi fəlsəfəsi haqqında, hürufilik nədir, nəyə görə Nəsiminin yaradıcılığında bu qədər parladı və o, dünyaya hürufizmi necə tanıtdı kimi məsələlərdən də bəhs etməyə çalışacam.

Nəsimi kimdir, ümumiyyətlə, nəyə görə biz Nəsimini öyrənməliyik, öyrənəndə də əsasən nəyi bilməliyik. Nəsimi Şirvanda anadan olub, Bakıda Seyid Yəhya Bakuvinin yanında irfan elmlərini mənimsəyib. Farsca divanında bir beyti var, sətri tərcüməsini deyirəm, “ey Nəsimi, Bakının hüdudları sənə darlıq edir, Allah-Təala da deyir ki, yaratdığım ərzü vadiyə genişdir, yəni, ərzim, yaratdığım dünya böyükdür. Beytin mənası belədir: mən buradan öyrəndiklərimi, ideyaları artıq Yaxın Şərqdə yaymağa hazıram. O zaman Nəsimi şerlərini “Seyid” təxəllüsü ilə yazırdı, çünki ustadı Seyid Yəhya Bakuvi də bu təxəllüs ilə yazıb.

Ümumiyyətlə, Şirvanda “Seyid” təxəllüsü ilə cəmi üç şairimiz var: Seyid Yəhya Bakuvi, Nəsimi və Seyid Əzim Şirvani. Seyid Əli Seyid Məhəmməd oğlu İmadəddin Nəsimi Şirvani 1369-cu ildə Şamaxıda anadan olub. Qətiyyətlə deyirəm ki, onun Təbrizdə və ya Şirazda,  yaxud Diyarbəkirdə anadan olması barədə iddialar heç bir elmi məntiqə söykənməyib. Çox təəssüf ki, “Azərbaycan ədəbiyyatı tarixi” kitabının üçüncü cildində Nəsiminin məqaləsində yazıblar ki, Təbrizdə anadan olub. Nəyə görə deyirlər? Təzkirələrdə birmənalı şəkildə Nəsiminin harada anadan olması  barədə bir kəlmə də yoxdur. Yəni hərə bir tərəfə çəkir. Biri yazır Şirazda anadan olub, başqası yazır Təbrizdə, Şirvanda anadan olması barədə də işarələr var və sair. Bir insan bir yerdə anadan olar, bir neçə yerdə anadan olmaz ki. Amma bir insanın bir neçə yerdə dəfn olunması faktı var. Maraqlansanız sakral mənasını izah edərəm ki, bu necə olur. Kiminsə dünyaya gəlməsi ancaq bu bir məkanda ola bilir. Bəs nəyə görə müxtəlif yerlərdə yazırlar? Hürufilik o dövrdə mövcud olan üsuli-idarəyə tam mənası ilə düşmən idi. Yəni irfan əhli deyirdi ki, bizi divlər, bizi şeytanlar idarə edir, biz bunların pəncəsindən qurtulmalıyıq, bu qəfəsdən çıxmalıyıq və bunlar siyasi bir qüvvə idilər. Təəccüblü deyil ki, Nəsimi ilə bir dövrdə yaşayan Cahanşah Həqiqi adında bir şairimiz var, Təbrizdə padşah idi, deməzdim zəif şairdir, amma onun Azərbaycan tarixində iki böyük günahı var. Bəlkə ona görə də o qədər tanınmır, amma gözəl şairdir. Birinci günahı odur ki, erməniləri indiki Ermənistan Respublikası ərazisinə qəbul etdi və ermənilər Azərbaycanın bir çox əyalətlərinə köçürüldü. Üstəlik, Alban kilsəsini də xüsusi əmrlə ermənilərin hakimiyyətinə verdi. İkinci ən böyük günahı hürufiləri edam etməsi ilə bağlıdır. Təbrizdə beş yüz hürufini edam etməsi əlbəttə Teymurilərin xüsusi sərəncamı ilə idi, amma özü də bununla onların gözünə yaxşı görünmək istəyirdi. O dövrdə vəziyyət gərgin idi və hürufilər gizli təşkilata çevrildilər, gizli fəaliyyətə keçdilər. Gizli fəaliyyətlə məşğul olan adam özü haqqında məlumatı düzgün deyə bilməz, mütləq onu təhrif edilmiş şəkildə deməlidir. Çünki  dürüst ünvanı bilinsə: haralıdır, hansı kənddəndir, kimin oğludur, o zaman gedib onun bütün şəcərəsini tapırlar və onları da ailəlikcə edam gözləyir. Keçmişdə ailəlikcə edam edirdilər. Bütün övladını, qardaşı sağdırsa qardaşını, qardaşının övladlarını, hətta atası sağdırsa atasını da kafir kimi edam gözləyirdi. Doğrudur, islamda inkvizisiya yoxdur, heç bir fiqh kitablarında rast gəlməzsiniz ki, əli kəsilsin, dərisi soyulsun, elə bir şey yoxdur, edam etdin qurtardı. Amma tutaq ki, kimsə oğurluq edirsə əlini kəsirsən ki, bu əli ilə oğurluq edib, ondan sonra adamlar ona heç salam da vermir ki, sən oğrusan, əlini oğurluğa görə kəsiblər. Əlbəttə, inkvizisiyaya aid cəza növləri islamda yoxdur və ola da bilməz. Amma çox təəssüfllər olsun ki, bunu icra ediblər. Nəsimi də təbii ki, hara gedirdisə, izi itirmək üçün deyirdi mən filan yerdənəm. Fars dilini, ərəb dilini təmiz bilirdi.

Təmkin Məmmədli: Əsərlərində haradan olması barədə heç nə yazılmayıb, yoxsa nə isə var?

Fürudin Qurbansoy: Bir işarə var, deyir “nəqşi azəri sənin üzün, sənin görünüşün azəri nəqşidirmi”. Bu ikimənalı sözdür. Azər bildiyiniz kimi  İbrahim Peyğəmbərin atası və bir büt düzəldən idi. Zərdüşt Peyğəmbərin sonra adını dəyişib İbrahim, Avraam qoydular, arvadının da adı Saray idi. “İncil”də də Saray yazıblar. “Saray xanım sarayından çıxanda”, – xalq mahnısı da var.  Saray adına indi də nə qədər istəsəniz rast gələ bilərik. Azərbaycan dilində Saray adını dəyişib Sara qoydular. Əslində o xanımın adı Saraydır. Məsələ bundadır ki, “büti azərimi” ifadəsi, yəni “sənin üzün azərinin bütüdür” özü də elə işlədib ki, həm millətə, milli topluma aid olsun, həm də azərə aid olsun. Belə işarə var.

Bizə işarə lazım deyil, Nəsimi nə yazıbsa o maraqlıdır. Onun da istər farsca, istərsə ana dilində yazdığı bütün şeirlərini tədqiq etsək, bir sıra qənaətlərə gələrik. Sentyabr ayında “Ədəbiyyat qəzeti”ndə böyük həcmdə bir məqaləm çap olundu. Məqalənin adı belə idi: “Seyid Əli Seyid Məhəmməd oğlu İmadəddin Nəsimi Şirvani”. Orada Nəsiminin Şirvandan olmadığını iddia edənlərə  tutarlı cavablar vermişəm. Hətta farsca, türkcə “Divan”ından nümunələr gətirmişəm. Ancaq Şirvanda işlənən və Təbrizdə işlənməyən sözləri göstərmişəm. Yazmışam ki, Təbrizdə bu sözlər işlənmir, yalnız Şirvan ləhcəsinə xas sözlərdir. Üstəlik, Nəsiminin farsca “Divan”ında fars dilli şeirindən fars dilində işlənməyən, ancaq Şirvanda işlənən bir sözü götürmüşəm. Bilirsiniz bu nədir? Bu o deməkdir ki, Nəsimi  farsca o sözün mənasını bilirdi, istəsəydi həmin sözü farsca yaza bilərdi. Bizim dilimizdə bayquş da deyə bilərdi, amma Şirvan ləhcəsində “kukku” deyirlər. “Nə kukku kimi tək oturmusan”, “xasiyyətini dəyiş, yoxsa kukku kimi tək qalarsan, heç kəs səni almaz”. Belə ifadələr indi də işlənir. Bu söz fars sözü deyil, Şirvana məxsus sözdür. Mən onu farsca “Divan”ından götürmüşəm və çap olunub.

Fuad Babayev: Deməli, adi insanlarımız bilməlidirlər ki, Nəsimi birmənalı şəkildə Şirvanda, konkret olaraq Şamaxıda anadan olub. Daha nəyi bilməlidirlər?

Fürudin Qurbansoy: Nəsiminin Azərbaycan şairi olmasını təkcə türkmən qardaşlarımız qəbul etmir. Çığır-bağır salırlar ki, Nəsimi türkmən şairidir.  Onlar “türkmən” sözü ilə “türkman” sözünü qarışdırırlar. “Türkmən” sözü bir xalqın adıdır, amma “türkman” qövmün adıdır.  Bütün türklərə orta əsrdə türkman deyiblər, bunlar da ona əsaslanırlar. Sentyabrda  “Ədəbiyyat qəzeti”ndə məqaləm çap olunanda bir türkmən qardaşımız redaksiyaya məktub yazıb ki, gəncliyimdə “Ədəbiyyat qəzeti”ni çox xoşlayırdım, indi də Bakıya gələndə təsadüfən Hacının məqaləsini gördüm. Mən həmişə “Hacı Qurbansoy” imzası ilə yazıram. Yazıb ki, çox təəssüfləndim ki, bizim türkmən şairimizi, filan… Niyə belə şeylərə icazə verirsiniz, məgər Nəsimi Şirvanda anadan olmuş türkdən ola bilməzdimi? Bu cür iddialları vardı. Ona cavab yazdım, baş redaktor yəqin onu çap edər.

Fuad Babayev:  O məktub qəzetdə çap olunmuşdu?

Fürudin Qurbansoy: Xeyr, redaksiyaya gəlib, oradan da mənə ünvanlanmışdı ki,  sənin məqalənə belə bir reaksiya var. Dedim cavab yazaram, yazdım da, vermişəm çap etsinlər. Onların bir akademiki var, neft üzrə böyük mütəxəssisdir, neft qazıntı işləri ilə bağlı dünyada çox yaxşı təqdiqatları var. Bu insan yaşa dolandan sonra türkmən tarixini öyrənməyə başlayıb. Yazır ki, məhz türkmənlər Türkmənistandan Amerikaya gedib oradakı astekləri, bütün o qədim mədəniyyət nümayəndələrini mədəniləşdiriblər, onlara elm veriblər. Sən demə, bütün Avropaya da mədəniyyəti türkmənlər verib. Hətta “türk” sözü də “təkkə” sözündən yaranıb. Və nəhayət, Zərdüşt də türkməndir. Bir sözlə, çoxlu cəfəngiyyat yazıb və bu yazıqlar da onu oxuyurlar, yazdıqlarını həqiqət sayırlar. Baxma, akademikdir axı…

Fuad Babayev:  O, başqa sahənin akademikidir. 

Fürudin Qurbansoy: Kimdir buna baxan, əsas odur ki, akademikdir. Üstəlik, Türkmənistanda Elmlər Akademiyası ləğv olunub. Bu qardaşımız da təbii ki, həmin o oxuduqlarının bazasında elə bilir ki, onlar həqiqətdir və mənə yazır ki, bu şair türkməndir də, nə istəyirsiniz ondan.

XVIII əsrdə bir türkmən şairi olub, XIX əsrin əvvəllərində dünyasını dəyişib. Onun Nəsimi haqqında bir poeması var. Deyir ki, Mənsuru dar ağacından “Ənəl-Həqq” dediyinə görə asdılar və yandırdılar, sonra külünü Nil çayına tökdülər. Bu külü guya Zünnun əl Misri yığıb tökdü çaya, çayda bir köpük əmələ gəldi, Misir sultanının qızı bu sudan içdi və hamilə qaldı, uşağın da adını Nəsimi qoydular. Bilmirəm, necə olur belə mənasız şeylər yaza bilirlər. Nəsimi birmənalı olaraq Azərbaycan türküdür, çünki onun bütün yaradıcılığı, yaradıcılığının semantikası, sintaksisi, morfologiyası, hamısı müasir Azərbaycan dili ilə səsləşir. Yəni, Azərbaycan dilinin qrammatikası ilə Nəsiminin bütün yaradıcılığı öyrənilə bilər.

Fuad Babayev:  Nəsimi Hələbdə edam olunub. Bu, yəqin ki, onun anadan olduğu məkandan fərqli olaraq elə də problem, şübhə yaratmır. Çox maraqlıdır, nəcə oldu Nəsimi Şamaxıda anadan oldu, Bakıda təhsil aldı, ondan sonra dünyanı, Yaxın Şərqi gəzməyə başladı.

Fürudin Qurbansoy: O, öz elmini yaymaq üçün gəzirdi.

Fuad Babayev:  Belə demək mümkünsə, təxminən dərvişlər kimi. 

Firdovsi Qurbansoy: Missionerlik edirdi.

Fuad Babayev: Bəs necə oldu gedib çıxdı Hələbə və orada edam olundu?

Fürudin Qurbansoy: Əslində niyə edam olundu. Buna səbəb onun dini görüşləri deyildi. Nəsimi Qurani-Kərimi əzbər bilirdi.

Fuad Babayev: Yəni, hafiz idi.

Fürudin Qurbansoy: Bəli, özü də ilk baxışdan adamı səksəndirən nə sözlər deyirsə, açıb baxırsan ki, “Qurani-Kərim”də də var. Onu Hələbdə həbs etdilər, altı ay dustaqxanada saxladılar, ona kafir, zındık, Allahın yolundan çıxan, Allaha şərik qoşan, müşrik ayaması verdilər ki, sən bu adla edam olunacaqsan, Nəsimi də imtina etdi ki, gətirin alimlərinizi çıxarın qabağıma, başa salım ki, zındıklık etməmişəm, “Qurani-Kərim”in ayələrinə, Məhəmməd Peyğəmbərin hədislərinə istinad etmişəm. Altı ay müddətində din xadimləri cürət etmirlər ki, sübut etsinlər bu adam zındıkdır.

Fuad Babayev: Amma o, həbsxanada qalmaqada davam edirdi.

Fürudin Qurbansoy: Həbsxanada qalmaqda davam edirdi. Yəşbək deyilən bir nəfər vardı, o dövrdə Hələbin hakimi idi. Hökmü hər yerə çatırdı. Dedi ki, Nəsimi edam olunmalıdır, vəssalam. Və Nəsimini təbii ki, dini yox, siyasi görüşlərinə görə edam etdilər.

Təmkin Məmmədli: Çünki Misir məmlükləri ilə  müxalifətdə idi.

Fürudin Qurbansoy: Ümumiyyətlə, üsuli-idarəyə müxalif idi. Çünki, insan Allahın yaratdığı ən şərəfli məxluqdur, siz onu niyə insanlıqdan çıxarırsınız, niyə kölə vəziyyətinə salırsınız.

Fuad Babayev: Qüdsiyyə xanım, gəlin razılaşaq ki, orta statistik azərbaycanlı Nəsimi haqqında informasiyanı Nəsimi kinosundan alıb. Yəqin ki, bu fikirlə razılaşarsınız və Nəsimi də dedikdə gözümüzün qabağına böyük aktyorumuz Rasim Balayevin canlandırdığı obraz gəlir. Bayaq Fürudin müəllim belə bir fikir səsləndirdi ki, Nəsimi kinosunda kifayət qədər təhriflər var. Orada ilk növbədə hansı yalnışlıqlar var? Gözəl kinodur. Nədir oradakı qeyri-dəqiqliklər?

Qüdsiyyə Qəmbərova: Hamımız öz fikrimizi deyirik, dəqiqlik məsələsinə mən bu mənada bir şey deyə bilmərəm, çünki tarixi mənbələr əslinə baxanda Nəsimi haqqında, onun həyatı barəsində o qədər də dərin fikirlər yazmırlar. Amma filmin yaradıcı heyyəti: İsa Hüseynov, Həsən Seyidbəyli, hər ikisi mənə elə gəlir ki, o filmi çəkəndə geniş kütlənin mənafeyini güdüblər. Əslində, film demək olar tərbiyə və ideoloji baxımdan çox gözəl alınıb. İndiki zaman bu qədər imkanların olmasına baxmayaraq Nəsimi barədə film çəkilsə, o effekti  verməz. Mən kinoşünas deyiləm, bəlkə də fikirlərimdə haradasa səhv ola bilər.

Fuad Babayev: Söhbət kinodan yox, oradakı tarixi qeyri-dəqiqliklərdən  gedir. Əlbəttə, əgər belə məqamlar varsa.

Qüdsiyyə Qəmbərova: Bu barədə dəqiq tarixi faktlar yoxdur. Amma son vaxtlar, Nəsimi ili ilə bağlı araşdıranda gördüm ki, üç yüz il bundan qabaq Almaniyada Nəsiminin edam səhnəsini canlandıran bir qravüra olub. Qravüranı internetdə paylaşmışdılar da. Biz bəzi məsələlərdə bəlkə də geri qalmışıq. Mənə elə gəlir ki, Nəsimini Azərbaycan, yaxud Yaxın Şərq miqyasında deyil, Avropa miqyasında öyrənmək lazımdır. Məsələn, Avropa alimi ingilis mənşəli Gib var, məncə vaxtilə Türkiyədə səfir olub, “Osmanlı ədəbiyyatı tarixi” əsərində Nəsimi haqqında böyük məlumat verir. Ola bilsin təkcə Gib yox, digər Avropa alimləri də Nəsimi ilə bağlı tədqiqatlar aparıblar. O dövrdə doğrudan da Nəsiminin ideyası, belə deyək, Nəsimi hərəkatı, daha sonra o hərəkatın davamçıları, rəğbət göstərənləri doğrudan da çox olub. Filmdə də bu yaxşı canlandırılıb. Çünki hakimin ailəsində belə hürufi var. Bunu İsa müəllim orada bir leytmotiv kimi verir.

Təmkin Məmmədli: Yəni, təhrif dedikdə, əslində, Nəsimi ilə əmir Teymur görüşməyiblər. 

Qüdsiyyə Qəmbərova: Bu olmasa da belə, məncə, onu yaradıcı heyət çox gözəl canlandırıb.

Fuad Babayev: Şübhəsiz. Açığını deyim, məsələn, həmin kinoda “həqq mənəm, həqq məndədir” sözü bəlkə də dinə qarşı çıxan, az qala “ateist” adlandırılan bir şairin dindarlar tərəfindən edam olunmasına haqq qazandırmaq kimi görsənir.

Qüdsiyyə Qəmbərova: Əslində, “həqq mənəm” sözünün mahiyyətində o durmurdu ki, Nəsimi Allahdır. Bəlkə də o dövrün ideoloqlarını mənasını bilmədən o fikir, söz maraqlandırmışdı, amma Nəsimidə Allahlıq iddiası yoxdur. Nəsimini oxuyanda mən orada onu görmürəm.

Fürudin Qurbansoy: Birinci növbədə geyimlərin heç biri düz deyil. Nəsiminin geyimi – ayyaqqabısından papağına qədər heç biri düz deyil. Onun ətrafında olan dərvişlərin geyimləri hərəsi bir təriqət tərəfdarının geyimləridir. Nəsimi də deyir ki, kisrətindən bəllidir. Yəni, dərvişin əslin sorma, onun paltarına baxanda artıq biləcəksən ki, bu hansı təriqətin dərvişidir. Dərvişlər orada müxtəlif yerlərdə zikr edirlər, ibadət edirlər, çırtıq çalıb oynayırlar, heç biri də düz deyil. Bunlar avara deyildilər, küçədə qalmamışdılar. Onlar hansısa bir bəyin yanına gedirdilər və deyirdilər ki, biz gəlmişik. Böyük bir Allahpərəst insan kimi onları qarşılayırdılar. Nəsiminin rübailərində var: bir kürd bəyinə yazır ki, bu nədir bizə göndərmisən, bilmək olmur bu qatıqdır, yoxsa su. Yəni, onlar böyüklərlə oturub dururdular, hara getsələr bunları böyük bir insan kimi, toplum kimi qarşılayırdılar. Bunlar Quranı əzbər bilirdilər, Məhəmməd Peyğəmbərin hədislərini bilirdilər, imamları bilirdilər. Onlar küçədə qalmamışdılar, bu bir. İkincisi, onlar bolşevikdilər? Allah rəhmət etsin Muğannaya, mən onu qınamıram. O, həmin dövrü bilmirdi axı. O dövrü bilmək üçün ən azı tarixin içinə girməlisən.

Fuad Babayev:  Ya da ən azından məsləhətçilər olmalıdır.

Fürudin Qurbansoy: Filmin məsləhətçiləri var idi. Şeri belə oxuma elə oxu, onu demək asandır axı. İndi bizim yavaş-yavaş Türkiyənin, İrannın, ərəblərin araşdırmalarına əlimiz çatır, müxtəlif yerlərdən topladıqlarımız zərrələrdən bir də görürük ki, nəsə bir məcmuə alınır, sonra biz deyə bilirik ki, ay qardaş o vaxt siz bizi aldatmısınız, Nəsimi belə deyil axı. İkincisi, Nəsimin dərisini doğrudan da soysaydılar Məhəmməd Peyğəmbərə şeir həsr etməzdi. Kinoda Şəms ona qoşulur və deyir ki, məni təriflə, Nəsimi də həmin şeri onun üçün oxuyur. “Qorxdular həqq deməyə, çaşdılar insan dedilər”. O, Məhəmməd Peyğəmbərə ünvanlanan şerdir. Bünövrəsi olmayan yerdə nə tiksən o davamlı olmayacaq. Filmin də bünövrəsi yoxdur. Rasim Balayev rolu dahiyanə oynayıb, ruhu da o qədər Nəsimiyə bənzəyir ki…

Fuad Babayev:  Ata-ana, qardaşdan söz düşmüşkən, onun qardaşı Şahxəndan qəbiristanlığında dəfn olunub? Onun əşarında da bu barədə varmı?

Fürudin Qurbansoy: Əşarında bu barədə yoxdur.

Fuad Babayev: Bəs harada var?

Fürudin Qurbansoy: Qardaşı Nəsimidən təxminən üç yaş balaca idi və “Julidəmu” təxəllüsü ilə yazırdı. “Julidəmu” saçları dağınıq deməkdir. O da irfan şairi idi, hətta qardaşına tez-tez xəbər göndərirdi ki, çox tanınma.

Fuad Babayev:  Nəsimiyə göndərirdi?

Fürudin Qurbansoy: Bəli. Amma Nəsimi bir vulkandır. Vulkanı gizlətmək olar? Və yaxud ətri gülün içində gizlətmək olar? Onun dili o qədər gözəldir ki. Söz onun üçün bir plastilindir, istədiyi kimi bu plastlindən heykəllər düzəldə bilir və üstəlik o dövrdə təkcə Azərbaycan ədəbiyyatına yox, ümumtürk ədəbiyyatına yeni ədəbi formalar, təzə şeir şəkilləri gətirdi. O, Bektaşilərə qoşulandan sonra XX əsrin əvvəllərinə qədər aşıqlar bu formanı işlətdilər. Aşıq Ələsgərin özündə də əlif lam var.

Fuad Babayev: Beləliklə, onun qardaşı Şamaxıda Şaxəndanda dəfn olunub.

Fürudin Qurbansoy: Bəli, qardaşı orada dəfn olunub.

Fuad Babayev: Və öz əcəli ilə ölüb.

Fürudin Qurbansoy: Bəli, öz əcəli ilə.

Fuad Babayev: Nəsiminin edamından sonra, yoxsa ona qədər?

Fürudin Qurbansoy: Xeyli sonra. Həmin yerdə də dəfn olunduğuna görə həmin yerə Şah Xəndan deyirlər. Seyid Əzimin də belə bir vəsiyyətnaməsi var: mən öləndə məni Şah Xəndanda, Şahidi Xəndanda basdırın. Bir nəfər qəzetdə yazıb ki, Nəsimi vəsiyyət edib ki, məni orada dəfn edin. Mən də zəng etdim ki, faktı dəqiqləşdirin, sonra yazın. Nəsimi ilidir deyə hamı Nəsimidən yazmaq istəyir, ancaq faktın özünə söykənməsən, o, havada qalar.

Fuad Babayev: Qüdsiyyə xanım, bir sual da vermək istəyirəm. Kinodan danışdıq. Nəsimi ilə bağlı əsas informasiya mənbəyimiz olan kinoda problemlər var, amma o problemlər böyük ssenari müəllifinin, böyük rejissorun, böyük aktyorun zəhmətini yerə vurmur, əksinə, bəlkə onlar orada elə mümkün olmayanı ediblər.

Fürudin Qurbansoy: Orada göstərir ki, guya Fəzlullahın qızı Fatma Nəsimini sevir. Elə bir şey yoxdur. Fatma Əlüyul Əlanın arvadı olub, vəsiyyətnamədə də yazılıb ki, filankəsə getsin. Nəsiminin orada adı yoxdur.

Fuad Babayev:  Bizim orta məktəb dərsliklərimizdə Nəsimi var. Sizcə Nəsimi necə təqdim olunur?

Qüdsiyyə Qəmbərova: Əslində sovet dövrünün dərsliklərində indi ilə müqayisədə Nəsiminin seçilmiş şeirləri daha yaxşı idi.

Fuad Babayev: Bu mənada geriyə getmişik?

Qüdsiyyə Qəmbərova: Yəni, əzbərləmək, onun mənimsənilməsi, həm də eyni zamanda tədrisi baxımından çətindir. Amma tutaq ki, sovet dövründə “məndə sığar iki cahan” şeiri keçilirdi, o şeirin əzbərlənməsi  daha asan idi, müəllimlər də onu gözəl izah edə bilirdilər. İndi isə tamam başqa  bir rədif verirlər.

Fuad Babayev: Yəni, həmin şeiri keçmirlər.

Qüdsiyyə Qəmbərova: İndi “dilbər, mən səndən ayrı ömrü canı neylərəm” qəzəli var, başqa qəzəllər də var, amma onlar elə də məşhur qəzəllər deyil. Bəzi qəzəllər var ki, əhali arasında sorğu keçirsən, desən ki, heç olmasa ondan bir beyt de, deyərlər. Orta məktəb dərsliklərinə Nəsiminin daha gözəl əsərlərini salmaq olardı. Sovet dövründə Nəsimi ilə bağlı dərs saatları da çox idi.

Fuad Babayev: İndi azalıb?

Qüdsiyyə Qəmbərova: Əslində yazı işləri azalıb, ali məktəblərdə dərs deyirik, görürük ki, tələbələrin yazı vərdişləri zəifdir, çünki bir zamanlar məktəbdə rabitəli nitqin inkişafına ayrılmış vaxt var idi, indi yoxdur, çünki yazı işlərinə müəllimlərin qiymətləndirməsi yoxdur. O yazı işinin özünün maaşı var, ədəbiyyat müəllimləri yazı işinə görə maaş alırlar. Ona görə də Nəsiminin tədrisi ilə bağlı problemləri bu mənada yaxşı qəbul etmirəm. Gözəl şeirlər seçilməlidir ora. Daha aşağı siniflərə belə onun şerlərini salmaq mümkündür.

Fuad Babayev: Şairin adı İmadəddindir. Bəzən İmaməddin versiyasına da rast gəlinir.

Qüdsiyyə Qəmbərova: İmadəddinin mənası “dinin dayağı” deməkdir.

Fürudin Qurbansoy: “İmad” ərəbcə “sütün” deməkdir. İmadəddin, yəni “dinin sütunu”.

Fuad Babayev: Və bizim yeniyetməlik və gəncliyimiz “ikən”, yoxsa “iki” dilemması qarşısında var-gəl etməklə keçib.

Fürudin Qurbansoy: Nun hərfi ilə ya hərfi başqa-başqa hərflərdir. Ərəb əlifbasını bilən ömründə bunu deməz. İkincisi, deyir ki, necə olur bir adama iki dünya yerləşir. İki dünya nə deməkdir? İki dünya fiziki bədənlə ruhi bədəndir. Burada mübahisəli nə var ki? İki də deyil, iki deyəndə əruz pozulur, ikkidir. Burada k-nı qoşa deyirsən. Özbək qardaşlarımız deyir ki, Nəsiminin bir sıra şeirlərində iki getmir, ikki deməlisən. “Məndə sığar ikki cahan, mən bu cahanə sığmazam, gövhəri la məkan mənəm, kövnü məkanə sığmazam”. “Müftə ürün mafa ürün müftə ürün mafa ürün”. “Məndə sığar iki cahan” deyəndə, əruz itir. “İki” yox, “ikki” olmalıdır.

Fuad Babayev: Bayaq filmdəki geyimlərdən danışdınız. Nəsiminin heykəli barədə nə demək olar?

Fürudin Qurbansoy: Allah rəhmət eləsin, Mikayıl Abdullayev akademik tədqiqatçıdır. Nə çəkirdisə, əvvəl çalışırdı zərrəsinə qədər məlumat toplasın.

Qüdsiyyə Qəmbərova: Nəsiminin əsərlərində geyim adları çəkilir. Məsələn, kəpənək indiki çobanların yapıncısı kimi bir şeydir. Deyir, “kəpənək geymişəm, əndişədən azad olmuşam”, yəni, çətinliyim gedib. Kəpənəyin yaxşı, üstün cəhəti bu idi ki, istidən, yağışdan və sairdən dərvişləri qoruyurdu. Sonra orada şal sözü işlənir. Sonra xirqə sözü var. Xirqə necə geyim idi, orta əsr geyimləri ilə məşğul olan adamlar bəlkə də yazıblar, deyə bilmərəm. Ola bilməz ki, bu geyimlər barədə yazılmasın.

Fürudin Qurbansoy: Təbii ki, yazılıb.

Qüdsiyyə Qəmbərova: Bunları bərpa etmək olar.

Fürudin Qurbansoy: Seyidlər, o cümlədən də Nəsimi birmənalı olaraq yaşıl geyiniblər, alimlər ağ geyiniblər. Əgər bunlar ağ geyiniblərsə, əba da, əmmamə də ağ olurdu. Bilinirdi ki, filankəs ustaddır, gəlirdilər əlini öpürdülər. Qalan adamlar hamısı qara geyinirdi. Bu xırda bir detaldır. Kinoda Nəsiminin geyimi ağdır. Nəsimi orada ağ geyinə bilməz axı, o seyiddir, yaşıl geyinməlidir.

Fuad Babayev: İstərdim bir məsələyə aydınlıq gətirməkdə bizə və oxucularımıza kömək edəsiniz. Nəsimi yetərincə öyrənilibmi və sizin qənaətinizcə Nəsiminin öyrənilməsində hansı boşluqlar var?

Qüdsiyyə Qəmbərova: 1973-cü ildə Milli Elmlər Akademiyasının Dilçilik İnstutuna 600 illik yubileyi ilə bağlı sərəncama əsasən Nəsiminin adı verilib. Əslinə baxanda Nəsimini bir dilçi alim də adlandırmaq olar. Çünki Nəsimi XIV əsr Azərbaycan ədəbiyyatında yazılı ədəbi dilin əsasını qoyub. Ümumiyyətlə, ədəbi dilin iki mərhələsini götürsək, birinci mərhələdə ədəbi dilin təşəkkülündə Nəsimidən böyük şair tapa bilmərik. Çünki Nəsimi dövrün dilini yaradıb və həmin dövrün dil mənzərəsi ancaq Nəsiminin şerlərinin əsasında götürülür. Dil əlahəzrət faktdır, tarix deyil. Nəsiminin də yaradıcılığı məhz XIV əsr ədəbi dilimizin əsasında dayanır. Amma hər bir ədəbi dilin əsasılnda bir məsələ var. Bu da dialektdir, şivədir. Çünki əvvəlcə canlı xalq danışıq dili olur, sonra o dil ədəbi mərhələyə gəlir çıxır.

Fuad Babayev: Burada boşluqlar hansılardır?

Qüdsiyyə Qəmbərova: Mən 2004-cü ildə Nəsiminin dili mövzusunda dissertasiyamı müdafiə edəndə, bildim ki, məndən iki ay əvvəl bir nəfər də Nəsimi dili ilə bağlı müdafiə edibdir. Yəni həmin il biz ilk dəfə dil mövzusunda müdafə etmişik. Mən 1991-ci ildə Bakı Dövlət Universitetini bitirmişəm. Tələbə olan zaman əlimə “Azərbaycan dilçilik nəzəriyyəsi” adlı bir kitab keçmişdi. Orada Ağamusa müəllim yazırdı ki, Nəsiminin dilində Azərbaycan dilinin dialekt faktlarını aşkara çıxarmaq ədəbi dilin həmin dövrdə əsasını müəyyənləşdirməyə imkan verər. Maraqlandım və gördüm ki, o vaxta qədər heç kim bu barədə dissertasiya yazmayıb. Mən həmin mövzunu götürdüm, diplom işi yazdım və aspiranturaya qəbul olandan sonra həmin mövzunu sistemli şəkildə  davam etdirdim. Doğrudur, ədəbiyyatçılar yeri gəldikcə o dövrün dilinə dair müəyyən fikirlər söyləyiblər, amma bu vaxta kimi kimsə sistemli tədqiqat işi aparmamışdı.

Fürudin Qurbansoy: Cahangir Qəhrəmanovun kitabını çıxmaq şərti ilə.

Qüdsiyyə Qəmbərova: Bəli. Cahangir müəllim tekstoloji baxımdan Nəsimi əlyazmalarının müxtəlif variantlarını tutuşdurmuşdu, üç cildlik kitab buraxmışdı,  adı isə “Nəsimi “Divan”ının leksikası” idi.

 

 

Fürudin Qurbansoy: O istədi ki Nəsiminin dili ilə bağlı hər şeyi əhatə etsin, təbii ki hamısını əhatə edə bilməzdi. Kitab çap olunmuşdu, amma bu adam o dövrdə Quran elmlərini  bilmirdi və əhatəsində olan adamlara bunu deməyə cürət etməzdi, çünki sovet dövrü idi.

Qüdsiyyə Qəmbərova: Doktorluq işimlə bağlı onun əlyazmasına baxmışam, oxumuşam. Min səhifədən çoxdur. Əslində böyük bir işdir, lakin Cahangir müəllim “Nəsimi “Divan”ının leksikası”nı lüğət kimi buraxıb. Amma o dissertasiya işi əlyazma hüqüqunda hələ də qalır, və çap olunmayıb.

Dilçilik İnstitutunda məndən sonra üç nəfər də Nəsimi mövzusunda müdafiə edibdir. Cəmi beş nəfər Nəsimi ilə bağlı böyük həcmdə sistematik tədqiqat aparmışıq. Amma Nəsimi hamının maraq obyektində olan bir şairdir. Güman edirəm ki, Nəsiminin tədqiqatı bundan sonra da davam edəcək. Məsələn, bizdə Nəsimi ili çərçivəsində belə düşünürlər ki, Nəsimi ilə bağlı yaradıcı heyəti bir yerə toplasınlar. Mən Mövsüm müəllimlə görüşüb bu barədə danışdım, dedim ki, əgər mənə etimad edərsinizsə, bu işdə nə lazımdır edə bilərəm. Məsələn, nədən başlamaq istəyirdim. Özümün bir planım var. Plan nədən ibarətdir? Fikirləşirəm ki, birinci növbədə Nəsiminin akademik oxusundan başlamaq lazımdır. Çünki Nəsiminin qəzəllərini çox adam oxuya bilmir. Bunu oxuya bilmirsə, deməli mənasını da başa düşmür. Daha sonra Nəsiminin xaricdəki tədqiqatlarından tutmuş Azərbaycanda da istərdim ki, onun tədqiqatları yenilənsin, baxılsın, yeni maraqlı məsələlər orada qaldırılsın.

 

Təmkin Məmmədli: Belə bir mövqe də var ki, Nəsiminin təkcə şeirləri deyil, nəsrlə də yazıları var. Bu məsələ araşdırılıb?

Qüdsiyyə Qəmbərova: Nəsrlə yoxdur. Bundan başqa onun əlyazmalarının yenidən nəşri, sonra onun mətn dilçiliyi ilə bağlı məsələlərə yenidən baxılması da bu plana daxildir, çünki Mövsüm müəllim özü mətnşünasdır və bizə bu mənada kömək edə bilər. Nəsimi tədqiqatları davam etməlidir. Həm də bunu sistemli şəkildə elmi yaradıcılığa yeni başlayan nəslə ötürmək lazımır ki, onlar bu işi davam etdirsinlər, çünki bu, bizim mədəniyyətdir, ədəbi dilin tarixidir.

Fürudin Qurbansoy: Mənə elə gəlir ki, Nəsimi ilə savadlı və ərəb, fars dilini bilən adamlar məşğul olmalıdır. Təəssüflər olsun ki, bu belə olmayıb. Nəsiminin tutaq ki, “Türk Divanı” ilə türk dilindən başqa dil bilməyən, həm də onu da öz ləhcəsində bilən adamlar məşğul olub. Əsas boşluq nədədir? Nəsimi ilə müasir oxucular arasında sanki dəmir örtük var, bir-birlərini görmürlər, başa düşmürlər. Amma əsas da Nəsiminin fəlsəfəsidir. Adama ilk baxışda elə gəlir ki, bu nə qəribə, nə mənasız bir fəlsəfədir. Tutaq ki, insanın qaşı nun hərfinə oxşasın, saçı lam hərfinə oxşasın, ağzı  mim hərfinə oxşasın, dişi şi hərfinə oxşasın. İlk baxışdan gülməli görsənir, lakin dərinliyinə gedəndə, həm də birinci dəfə əlbəttə “Cavidaninamə”ni öyrəndikdən sonra görürsən ki, belə deyil. Bir də ki, “Cavidannamə” yox, hər yerdə belə yazırlar, amma əsərin adı “Cavidaninamə”dir. Yəni, Fəzlullah Nəiminin həmin əsəri ilə tanış olmamışdan, onu öyrənməmişdən  əvvəl Nəsimini tədqiq edirlər, ona görə də Nəsimi nə filoloji baxımdan, nə də fəlsəfi baxımdan düz öyrənilməyib.

Fuad Babayev: Nazim Hikmət Moskvada dəfn olunub, Məhəmməd Əmin Rəsulzadə Türkiyədə, Fətəli Xan Xoyski Tiflisdə. Suiriyada baş verən hadisələr və o hadisələrin xeyli hissəsinin bilavasitə Hələbdə cərəyan etməsi bizi narahat edir. Bəzən kvadrokopterlə, dronla göstərirlər, görürük ki, şəhərin çox hissəsi dağılıb. Bəlkə Nəsiminin məzarı da dağılıb, biz bilmirik.

Fürudin Qurbansoy: Nəsiminin məzarı dağılıb.

Fuad Babayev: Yəni onun yerini təsbit etmək mümkündür?

Fürudin Qurbansoy: 2015-ci ildə İŞİD qüvvələri oranı dağıdıb. Təbii ki, küçə məlumdur.

Fuad Babayev: Məzarın Azərbaycana gətirlməsi imkanlaır ilə bağlı nə demək olar?

Fürudin Qurbansoy: Nəsimini edam etdilər, dərisini soydular, başını, əllərini kəsdilər, əllərini, ayaqlarını, başını  ayrı-ayrı adamlara “təbərrük” göndərdilər. Təbii ki, sonra bir yerə yığıb Nəsimini şəhər darvazasının yanında dəfn ediblər. Yəni, sonradan görünür ki, ailə onu öz həyətində dəfn edib və Nəsiminin familiyasını daşıyan adamlar o həyətdə də nəsillikcə yaşayıblar. Axıra qədər də o qəbri qoruyurdular. 1973-cü ildə UNESCO tədbirləri olanda buradan ora böyük nümayəndə heyyəti getdi. Orada Suriya höküməti də həmin məqbərəyə baxanlara maaş verirdi.

Fuad Babayev: Gətirilməsinə necə baxırsınız?

Fürudin Qurbansoy: Gətirilməsə daha yaxşıdır. Nəyə görə? Nəsiminin onsuz da burada hörməti, izzəti, heykəli var, bir dənə məqbərənin olması heç nəyi dəyişdirmir. Amma Suriyada onun məzarının bərpa olunması birinci növbədə tarixi gerçəkliyi həqiqətdə olduğu kimi saxlayar ki, Nəsiminin qəbri bu yerdədir, bu  yerdə həlak olub, həm də dəhşətli şəkildə edam olunub. Amma burada Nəsiminin məqbərəsi olsa, əlli ildən sonra yaddan çıxacaq ki, Nəsimini harada edam ediblər.

Qüdsiyyə Qəmbərova: Mən Fürudun müəllimin sözü ilə razılaşıram. Əslində, hamı istəyər ki, Nəsiminin qəbri burada olsun, amma bizim ziyalılarımızın daha böyük miqyaslı olmasıni göstərmək üçün Nəsiminin qəbrinin yerində qalması məsləhətdir. Ancaq yaxşı olar ki, Azərbaycan hökuməti Nəsiminin qəbrinin orada bərpasına kömək etsin. 2009-cu ildə Nəsiminin 640 illliyi idi. Hələb şəhərinin meri Bakıya gəlmişdi. Akademiyanın Rəyasət Heyətində gözəl bir tədbir keçirildi.  Həmin o tədbirdə İraqdan böyük bir nümayəndə heyəti də var idi. O adam çıxışının əvvəlində dedi ki, mən 600 il bundan əvvəl olmuş hadisəyə görə, ədalətsizliyə görə Azərbaycan xalqından üzr istəyirəm. Bu hamıya şox təsir etdi. Elə Rasim Balayev də o konfransda iştirak edirdi. Azərbaycan ziyalılarının bu qədər böyük əhatədə, böyük dünya görüşündə olub başqa müsəlman xalqlarının da mədəniyyətlərinə müəyyən müsbət mənada təsirinə görə o qəbrin orada qalıb bərpa olunması bizim orada bir nöqtəmizin olması demək olar. Bu da bir siyasətdir. Orada bizim mədəni abidələrimizi qorumaq daha yaxşı olardı.

 

Hazırladılar: Mehman İbrahimov, Aydan Abaslı, 1905.az