İşğalçı rejimin Xankəndi hava limanını istifadəyə vermək planları ilə bağlı AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin bəyanatı

Ermənistana məxsus PUA məhv edilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin açılışında iştirak ediblər
Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüş keçirilib

Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti Dağlıq Qarabağın separatçı rejimi tərəfindən Xankəndi (Xocalı) aeroportunun istifadəyə verilməsi barədə yayılan məlumata cavab olaraq bəyanatla çıxış edib. Bəyanatın mətni Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanovun qərargahından redaksiyamıza daxil olub.

İşğalçı rejimin Xankəndi hava limanını istifadəyə vermək  planları ilə bağlı AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin 

bəyanatı

Son vaxtlar Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf 7 rayon daxil olmaqla 20% ərazisini işğal altında saxlayan Ermənistan və onun formalaşdırdığı  qondarma “Dağlıq Qarabağ Respublikası” separatçı rejimi Azərbaycanın işğal altında olan ərazilərində qanunsuz olaraq inşa edilmiş Xankəndi (Xocalı) aeroportunu istismara verdikləri barədə məlumatlar yayıb.

AvroNest PA-da Azərbaycan nümayəndə heyəti bununla bağlı bir daha vurğula
yır ki, Azərbaycanın ərazi bütövlüyü beynəlxalq ictimaiyyət tərəfindən tanınıb. Mövcud beynəlxalq hüququn imperative normalarına əsasən silahlı təcavüz və işğal vasitəsi ilə ərazilərin əldə edilməsi heç bir halda qanuni sayıla bilməz. Digər tərəfdən, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul etdiyi 822, 854, 873, 884 saylı qətnamələrində “Azərbaycan Respublikasının Dağlıq Qarabağ region” ifadəsini işlətməklə bir daha Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu və Azərbaycanın ayrılmaz tərkib hissəsi olaraq qaldığını təsdiqləmişdir. Analoji yaxınlaşma Avropa Parlamenti, AŞPA, ATƏT PA və digər beynəlxalq təşkilatların  sənədlərində də öz əksini tapıb. Odur ki, Azərbaycan tərəfinin icazəsi olmadan işğal altında olan ərazilərdə hər hansı bir fəaliyyətin həyata keçirilməsi mövcud beynəlxalq hüquq normalarına zidd olmaqla bərabər, Azərbaycan Respublikasına münasibətdə dövlət suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin kobud şəkildə pozulmasıdır.

Qeyd edilənlərdən aydındır ki, Dağlıq Qarabağın səması Azərbaycanın hava məkanının ayrılmaz tərkib hissəsidir və işğalçı rejim Dağlıq Qarabağ səmasında mülki aviasiyanın uçuşunu həyata keçirəcəyi halda Mülki Aviasiyaya dair 1944-cü il Çikaqo Konvensiyasını pozmuş olacaq. Bu hava məkanında uçuşlar ancaq Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının razılığı ilə həyata keçirilə bilər və bu hava məkanından istifadə edilməsinə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından başqa heç bir qurum icazə verə bilməz. Bu baxımdan hər hansı beynəlxalq təşkilatın Xankəndi (Xocalı) aeroportunun istifadəsi ilə bağlı işğalçı rejimə sertifikat verə bilməz. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) və Avropa Mülki Aviasiya Konfransı (ECAC) məsələ ilə bağlı açıq mövqe nümayiş etdirməlidirlər.

AvroNest PA-da Azərbaycan nümayəndə heyəti vurğulayır ki, beynəlxalq ictimaiyyətin ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olunması və bu məqsədə çatmaq üçün münaqişə tərəfləri arasında qarşılıqlı etimad mühiti formalaşdırmaq istiqamətində səylər göstərdiyi bir zamanda, işğalçı rejimin qanunsuz olaraq Xankəndi (Xocalı) aeroportunu istismara verməsi cəhdləri təxribat xarakteri daşıyır və Ermənistan tərəfinin münaqişənin nizamlanmasında maraqlı olmadığını sübuta yetirir.

Qeyd edilənlərlə bağlı bəyan edirik ki, işğalçı rejimin Xankəndi (Xocalı) aeroportunu istismara verməsi cəhdləri tərəflər arasında etibarsızlıq atmosferinin gərginləşməsinə yol açır, danışıqlar prosesinə dağıdıcı təsir göstərərək, Dağlıq Qarabağın statusunun dəyişdirilməsinə dair iddiaların reallaşdırılmasına və işğal cinayətlərinin beynəlxalq səviyyədə qanuniləşdirilməsinə xidmət edir.

Elxan Süleymanov,

AvroNest PA-da Azərbaycan

nümayəndə heyətinin  rəhbəri