Ermənistanın işğal etdiyi Qarabağdan xaricə daşıdığı dəyərli tarix və mədəniyyət nümunələrinin qaytarılma problemi…

ÜST: koronavirusa gündəlik yoluxmanın ən yüksək göstərici qeydə alınıb
Human Rights Watch Dağlıq Qarabağda münaqişə zamanı məktəblərə edilən hücumlarla bağlı araşdırma yayıb
Prezident İlham Əliyevin iştirakı ilə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib

1988-ci ildən başlayaraq sistemli şəkildə tarixi Azərbaycan ərazisi olan Ermənistandan azərbaycanlıların deportasiyası, Dağlıq Qarabağ və ona bitişik ərazilərdə soyqırımların, işğal və qarətlərin həyata keçirilməsi getdikcə geniş vüsət almağa başladı.

Ölkədə baş vermiş siyasi xaosdan istifadə edən Ermənistan Azərbaycanın 20% ərazisini işğal etdi. İşğal nəticəsində böyük zərər görmüş sferalardan biri də zəngin maddi mədəniyyət abidələri olub. Mədəni irs nümunələrini ayrı-ayrı xalqlar yaradır. Lakin həmin sərvətlər yalnız konkret xalqlara mənsub olmaqla qalmır, bəşəriləşir. Qarabağ müharibəsi dövründə Ermənistan Azərbaycanın çoxsaylı tarixi və mədəniyyət nümunəsini ya məhv edib, ya da xaricə aparıb. Xaricdə onların təqdimatı zamanı onu ermənilərin adına yazmağa çalışırlar. Ancaq mədəni abidələrin çoxu erməni vandalları tərəfindən məhv edilib. Bununla bağlı çoxsaylı fakt var.

  • Ermənilər tarixi abidələri məqsədli şəkildə dağıdıblar

1993-cü ildə Ermənistan Dağlıq Qarabağ ətrafında yerləşən 7 rayonu da işğal edəndən sonra həmin ərazilərdə yerləşən tarixi mədəniyyət nümunələri ya məhv edilib, ya da ermənilər özününküləşdirməyə çalışıblar. Məsələn, Azərbaycanın Ağdam rayonunun Boyəhmədli kəndində 2 min yaşı olan heykəl var. Hələ 1970-ci illərdə həmin abidə araşdırılıb, kitablarda əksini tapıb. Azərbaycan xalqının ən qiymətli mədəni sərvətlərindən biri kimi qiymətləndirilən həmin abidə, eyni zamanda, bütün bəşəriyyətə aiddir. Çünki 2 min yaşı olan mədəni irs abidəsi hansı coğrafiyada yerləşməsindən asılı olmayaraq, bəşəri irs abidəsi kimi qiymətləndirilir. Ermənilər həmin abidəni məqsədli şəkildə dağıdıblar. Həmin abidə və onun ətrafındakı digər qədim daş heykəllər erməni işğalçıları tərəfindən dağıdılıb.

  • İşğala qədər Qarabağda 22 muzey olub

Bütövlükdə, ermənilər sözügedən sahədə çox böyük vandallıqlar törədiblər. Hansı ki, onlar müqayisəedilməz dərəcədə böyükdür. Məsələ ondadır ki, Azərbaycanın Ermənistan və ona havadarlıq edən dövlətlər tərəfindən zəbt edilmiş ərazilərində 22 muzey, 6 rəsm qalereyası var idi. Bu muzeylərdə qədim və orta əsrlərə aid minlərlə qiymətli sənət nümunəsi qorunurdu. Onların bəziləri müharibə atəşləri ilə dağıdılaraq məhv edilib. Ancaq onların  böyük əksəriyyəti oğurlanıb və ya erməniləşdirilib. Son 28 il 6 ay erməni işğalı altında olan Şuşa şəhəri Azərbaycanın əsas klassik mədəniyyət mərkəzlərindən biri idi. Şuşaya abidə, muzey şəhəri deyilirdi. Təkcə bu şəhərdə Azərbaycanın 9 nadir muzeyi vardı. Lakin həmin muzeylərdən əlavə, ayrı-ayrı insanların mənzillərində xalq sənətinin gözəl nümunələri olan minlərlə Azərbaycan xalçası vardı. Şuşa 1992-ci ilin 8 mayında işğal edildikdən sonra həmin xalçalar oğurlandı, dünya bazarlarına çıxarıld. Ən yaxşı halda isə hansısa xarici muzeylərdə erməni xalçası kimi qeydiyyata salındı. İşğalçı dövlətin mədəni irsə münasibətdəki ən qəbuledilməz fəaliyyətlərindən biri də dini abidələr və məzarlıqlarla bağlıdır. Erməni vandalları xüsusən İslam irsini özündə əks etdirən abidələrə yönəlik daha amansız və daha qəddar olublar. Məscidlərin əksəriyyəti erməni işğalçıları tərəfindən dağıdılıb.

  • 192 ziyarətgah dağıdılıb

Məlumat üçün qeyd edək ki, işğalçı Ermənistan tərəfindən 403 tarixi dini abidə, 67 məscid, 144 məbəd, 192 ziyarətgah dağıdılıb. Yüzlərlə qəbiristanlıq yerlə-yeksan edilib, hətta qəbir daşları belə oğurlanıb. Gör, bunlar necə vəhşidilər ki, məzarlıqları belə açıblar. Mədəni irsə münasibətdə işğalçı Ermənistan uzun illərdən bəri dağıdıcılıq siyasəti aparıb. Həmin sərvətləri qanunsuz ticarətə yönəltmək xətti tutub. Mədəni irslə bağlı sistemli saxtalaşdırma siyasəti həyata keçirilib. Bu, ilk növbədə, qədim tarix göstəricisi olan abidələrə yönəlib. Həm də bu gedişatda ermənilər yalnız sırf Azərbaycan abidələrini deyil, tarixən Azərbaycan ərazisində yaşamış digər xalqların da abidələrini, hətta qəbirlərini özününküləşdirməyə çalışıblar. Məqsəd guya bu torpaqlarda çoxdan yaşadıqlarını sübut etmək üçün mənbələr yaratmaqdan ibarətdir. Həm də bunu ermənilər yalnız işğal dövründə deyil, elə ardıcıl şəkildə həmişə davam etdiriblər. Məsələn, Azərbaycanın Gəncə şəhərinin yaxınlığında XIX əsrdən etibarən alman icmasının kompakt yaşadığı Yelenendorf şəhəri var idi. Həmin ərazidəki kəndlərdə almanlarla yanaşı, azərbaycanlılar, ermənilər də yaşayırdı. İndi Göygöl adlanan o şəhərin müxtəlif kəndlərində xeyli tarixi qəbiristanlıq var. Oraya köçüb gəlmiş ermənilər, sən demə, xəlvəti olaraq bu ərazilərdəki alman məzarlarını erməniləşdirməklə məşğul olurmuşlar. Yəni ermənilərin ayağı hara dəyibsə, orada saxtakarlıq işi ilə məşğul olublar. Hər şeyi öz adlarına çıxarmağa cəhd ediblər. Qeyd edək ki, 1980-ci illərin sonlarında Ermənistandan 200 mindən artıq azərbaycanlı deportasiya edildikdən sonra Göygöl rayonundakı erməni ailələri də Azərbaycandan getmək zərurəti ilə üzləşiblər. Onları ifşa edən əcaib faktlar ortaya çıxıb. Tam erməniləşdirməyə imkan tapdıqları alman qəbirləri çox idi. Bir sıra alman qəbirləri də vardı ki, məzar daşının bir tərəfində almanca yazılar pozularaq erməni mətni ilə əvəz edilib. Lakin daşların digər üzündə hələ dəyişdirilməyə imkan tapılmamış köhnə, alman səliqəsi ilə yazılmış mətnlər qalır. Yalan, saxtakarlıq, oğurluq, dağıdıcılıq dünyanın hər yerində qəbuledilməzdir. Ancaq bu arzuolunmaz əməllər mədəni irsə tətbiq ediləndə ikiqat, üçqat dözülməzdir. Ona görə də biz hamımız mədəni irsə qarşı belə hallarla mübarizəni müştərək və daha qətiyyətlə aparmalıyıq. Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyil. Çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir. Əhaliyə vurulmuş mənəvi-psixoloji zərbə ilə yanaşı, ilkin hesablamalara görə, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan iqtisadiyyatına 300 milyard dollardan çox ziyan dəyib.

  • 927 kitabxana və orada saxlanan 4,6 milyon nüsxə kitab talan və məhv edilib

Bir məqamı da qeyd edək ki, arxiv və kitabxanaların məhv edilməsi erməni vəhşiliyinin əsasını təşkil edir. Çünki kitabxanalar hər millətin, dövlətin şah damarıdır. Qədim dövrlərdən günümüzədək toplanmış, qorunmuş maddi və mənəvi irs məhz kitabxana və arxivlərdə mühafizə edilir. Görkəmli ABŞ kitabxanaşünası Corc Şira qeyd edir ki, bir xalqı məhv etmək üçün onun kitabxanalarını yer üzündən silmək kifayət edər. Erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azəarbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 9 Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 927 kitabxana və orada saxlanan 4,6 milyon nüsxə kitab talan və məhv edilib. Bundan başqa, 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri işğal zonasında qalıb. Bunlarla yanaşı, işğal olunmuş ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, 808 klub, 4 teatr və 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi qalıb. Təqribi hesablamalara görə, Azərbaycanın kitabxana-informasiya sahəsinə 20 milyon 815 min ABŞ dolları həcmində maddi ziyan dəyib. 

  • Təzminat davası açılmalıdır

Dünya təcrübəsindən bəllidir ki, müxtəlif münaqişələr, müharibələr zamanı maddi və mənəvi ziyan çəkmiş dövlətlər, millətlər müəyyən zaman kəsiyindən sonra öz milli sərvətlərinə sahib çıxmaq üçün beynəlxalq hüquq normaları əsasında təzminat davası açaraq həm maddi dəstəyin əldə olunmasında, həm də mirasın geri qaytarılmasında müsbət nəticələr əldə ediblər. Məsələn, I və II Dünya müharibələri zamanı Yunanıstana dəymiş maddi və mənəvi ziyana görə Almaniya dövləti tərəfindən 1960-cı ildə qarşı tərəfə 115 milyon alman markası ödənilib. Lakin bununla tam razılaşmayan yunan hökuməti Almaniyadan II Dünya müharibəsi dövründə baş verən müharibə üçün 309,5 milyard avro və I Dünya müharibəsi üçün 9,2 milyard avro tələb edib. Yunanıstan, həmçinin, müharibə illərində həlak olanlar və əlillər üçün 107,2 milyard avro təzminat istəyir.

Azərbaycan hökumətinin bu beynəlxalq hüquq və qanunlar çərçivəsində Qarabağın işğalı zamanı talanmış və qətlə yetirilmiş insanlar, irsimiz haqqında Ermənistan dövləti qarşısında təzminat davası açmaq zamanı yetişib. Talan edilən tarixi və mədəni abidələrin geri qaytarılması ilə bağlı beynəlxalq qurumlar səviyyəsində məsələnin gündəmə gətirilməsinin perspektivlərini ekspertlər necə dəyərləndirirlər? Bunun üçün nə kimi işlər görülməlidir?

Azərbaycan beynəlxalq qurumlar qarşısında həmin abidələrin geri qaytarılması ilə bağlı məsələ qaldırmalıdır 

Məsələyə münasibət bildirən AVCİYA-nın vitse-prezidenti, tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlının sözlərinə görə, buna nail olmaq çox çətin olsa da mümkündür: “Azərbaycan tarixində müxtəlif vaxtlarda işğallar olub. Nəticədə Azərbaycanın mədəni abidələrinin bir hissəsi dağıdılıb, digər hissəsi talan edilərək müxtəlif yerlərdə saxlanır. Məsələn, Rusiyanın Ermitaj muzeyində Ərdəbildən çoxlu sayda maddi mədəniyyət abidəmiz saxlanır. Qiymətli qədim kitablar Qriboyedovun rəhbərliyi altında aparılıb. Bununla belə, Gəncə qapısı Kutaisi yaxınlığında monastırda saxlanır. Ermənistanda da bizim çoxsaylı tarixi abidəmiz var. Ermənilər həmin abidələrin bir çoxunu, xüsusən də xalçaları öz adlarına yazırlar. Hansı ki, həmin xalçaların hamısı Azərbaycana məxsusdur. Bunu mütəxəssislər də təsdiq edirlər. Bir maraqlı tarixi faktı qeyd etmək istəyirəm. Qaraqoyunlu Qara Yusifin vaxtında Üçkilsə deyilən yerdə Qaraqoyunlu Cahan Şah ermənilərə kilsə tikilməsinə icazə verib. O dövrdə belə biz onlara qarşı tolerant olmuşuq. Ancaq ermənilər bu tolerantlıqdan bizə qarşı sui-istifadə ediblər. İndinin özündə belə Həqiqi təxəllüsü ilə yazmış Cahan Şahın divanı saxlanır. Hələ sovet dövründə tədqiqatçılar onun surətini Azərbaycana gətirdilər. Ancaq bizim mədəniyyət abidəmizin əsli Ermənistanda saxlanır. Çoxlu sayda belə fakt göstərmək olar. Ermənistan 90-cı illərdə Azərbaycanın 20 faiz ərazisini işğal edəndən sonra mədəni irsimizə aid abidələrin bir hissəsini məhv etdi, digər hissəsini taladı. İndi Azərbaycan beynəlxalq qurumlar qarşısında həmin abidələrin geri qaytarılması ilə bağlı məsələ qaldırmalıdır. Ancaq bu çox çətin olacaq. Ona görə ki, biz bu həqiqətləri bilsək də, digər dövlətlər bilmək istəmirlər. Ermənistanı hər vasitə ilə himayə etmək siyasəti yürüdürlər. Ötən 44 gün ərzində biz bunu bir daha gördük. Dünyaya biz həqiqəti çatdırsaq da, bir sıra dövlətlərin qulağı kar, gözləri kor oldu. Məsələn, Fransa kimi dövlətin adını çəkmək olar. Hansı ki, Fransa 1993-cü ildə 4 qətnaməyə imza atıb. Ermənistan Azərbaycan ərazilərini işğal etsə də, bu dövləti işğalçı kimi təqdim etmədilər. O baxımdan tarixi abidələrimizi geri qaytarmaq çətin olacaq, amma biz bununla bağlı çalışmalıyıq”.

Vidadi ORDAHALLI

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.