İtkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar əməliyyat müşavirəsi keçirilib

Beynəlxalq elmi konfrans türk-müsəlman xalqlarına qarşı soyqırımlarına dair yeni tarixi faktların üzə çıxarılmasına xidmət edir
Dünyanı heyrətə gətirən 10 səs – “Turetski xoru” Heydər Əliyev Mərkəzində çıxış edib
Şər-böhtan kampaniyası iflasa uğradı

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar yanvarın 3-də Fövqəladə Hallar Nazirliyində (FHN) fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevin rəhbərliyi ilə əməliyyat müşavirəsi keçirilib. Əməliyyat müşavirəsində axtarış-xilasetmə işlərinə cəlb olunmuş qurumların rəhbər şəxsləri iştirak edib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, əməliyyat müşavirəsində alpinistlərin axtarışları ilə əlaqədar bu günədək görülən işlər təhlil olunub, növbəti günlərdə görüləcək işlər nəzərdən keçirilib və müvafiq göstərişlər verilib.

Qeyd olunub ki, son günlər meteoroloji şəraitin kəskin pisləşməsini (1,4 metrədək qarın yağması, temperaturun aşağı enməsi, güclü küləyin əsməsi, görüntü məsafəsinin azalması) nəzərə alaraq, axtarış-xilasetmə tədbirləri məhdudiyyətlə, lakin fasiləsiz aparılır.

Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərində nazirliyin peşəkar xilasedicilərdən ibarət dəstələri (müvafiq geyim, rabitə vasitələri və digər xilasetmə ləvazimatları ilə təchiz olunub), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlərdən və yerli sakinlərdən ibarət könüllü dəstələr iştirak edir. Meteoroloji şəraitdən asılı olaraq Fövqəladə Hallar Nazirliyinin helikopteri əməliyyata cəlb olunur.

Müşavirədə qarşıda duran digər məsələlər də müzakirə edilib.

Əməliyyat müşavirəsində bir daha təəssüf hissi ilə qeyd olunub ki, əməliyyat barədə məlumatların mütəmadi yenilənməsinə, əməliyyat şəraitinin mürəkkəbliyinə və ən əsası yaranmış vəziyyətin həssaslığına baxmayaraq, bəzi xəbər saytları həqiqəti əks etdirməyən, xüsusilə də əməliyyatda iştirak edən dövlət qurumlarının fəaliyyəti ilə bağlı doğru olmayan məlumatlar yayır.

Fövqəladə Hallar Nazirliyi kütləvi informasiya vasitələrinə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə müraciət edərək nazirliyin fəaliyyəti, xüsusilə də baş verən hadisələrlə bağlı rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə çağırır və bu cür məlumat yayanlara diqqətli olmağı, yaranmış vəziyyətə anlayışla yanaşmağı tövsiyə edir.