






Aprel döyüşlərində cəbhədə bizə zəfərlər qazandıran Azərbaycan əsgərinin gücü və qüdrəti onu da çox qürurlandırmışdı. Amma həmin vaxt 16 yaşı olan Sulduzun döyüşlərə qatılmaq imkanı yox idi. Arzusu tez zamanda əsgərliyə getmək, orduda xidmət edib peşəkar hərbçi olmaq və mənfur düşməni torpaqlarımızdan qovmaq idi. Bu imkanı ona Vətən müharibəsi qazandırdı.
AZƏRTAC xəbər verir ki, Sulduz Həbibov Xüsusi Təyinatlı Qüvvələr (XTQ) mənsubu kimi Şuşaya kimi mərdliklə döyüşüb və 20 yaşında “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb.
Xüsusi Təyinatlı Qüvvələrin təlimlərində silahdaşlarının döyüş qabiliyyətini mənimsəyən Sulduz Vətən müharibəsi başlayan kimi qarşıya qoyulan döyüş tapşırıqlarının icrası üçün hərbi əməliyyatlarda yaxından iştirak edir: “Döyüş yolum Füzuli şəhərindən başladı”.
Şuşaya kimi igidliklə döyüşən Sulduz Həbibov noyabrın 6-da Şuşa qalası ətrafında yaralanaraq döyüş meydanından təxliyə olunur: “2020-ci il noyabrın 6-da Şuşa qalası istiqamətində yaralandım və təxliyə olundum. Qələbə xəbərini də hospitalda eşitdim, həmin an keçirdiyim hissləri sözlə ifadə edə bilmirəm…”.
Həmin günlərdə ürəyi cəbhədən gələn xəbərlərlə döyünən ailələrdən biri də Həbibovlar ailəsi idi. Anası Nazlı Həbibova deyir ki, oğlumdan 24 gün idi xəbər yox idi: “Sulduz əsgərliyə getdiyi vaxtlarda elə hərbidə qalmağı düşünürdü. Məktəb vaxtı da hərbi sahə ilə çox maraqlanırdı. Müharibə başlayan vaxtlarda bir az ondan xəbər olmadı. Hər valideyn kimi biz də narahat olduq, ondan sonra Sulduzun yaralanmaq xəbərini eşitdik. Oğlumla fəxr edirəm, çünki oğlum qəhrəmandır, “Azərbaycan Bayrağı” ordeni alıb”.
Orta məktəb illərində Sulduzun sinif rəhbəri Fuad Nəsirov deyir ki, şagirdi həmişə fərqlənib. O, “Şahin hərbi idman oyunları”nda məktəbimizə uğurlar qazandırıb. Həmin yarışlarda bayraqdar kimi həmişə öndə gedirdi. Digər dərslərə nisbətən hərbi dərsə marağı çox idi. Məktəbimiz hərbi yarışlarda iştirak edəndə Sulduz kapitan idi, bayraqdarımız idi, bayraq daim onun əlində olurdu. Qismət oldu sonda dövlət başçımız da ona “Azərbaycan Bayrağı” ordeni verdi. Mən öz şagirdlərimə dərs keçəndə, Vətən mövzusu gələndə birinci Sulduzun adını çəkirəm”.
Vətən müharibəsi bitdikdən sonra Ali Baş Komandanın sərəncamları ilə hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Sulduz Anar oğlu Həbibov “Azərbaycan Bayrağı” ordeni ilə yanaşı, Vətən uğrunda, Füzulinin, Cəbrayılın, Xocavəndin, Kəlbəcərin və Şuşanın azad olunmasına görə medalları ilə təltif olunur.
Qeyd edək ki, qəhrəmanımız Sulduz Həbibov Lənkəranda yerləşən regional “ASAN xidmət” mərkəzində çalışır. Ailəlidir, bir övladı var.
AZƏRTAC