“The Jerusalem Post”: Azərbaycan və EXPO-2025: daha yaxşı gələcəyə təminat verən iddialı layihə

İşğal altındakı ərazilərdə qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması ilə bağlı beynəlxalq konfrans keçirilir
Məhərrəm Zülfüqarlı: “Əldə edilən razılaşmaların ardıcıl olaraq icra edilməsi hər iki dövlətin mənafeyinə uyğundur”
Türkiyədə Azərbaycanın xarici işlər nazirinin də iştirakı ilə 5-ci üçtərəfli görüşü keçiriləcək

İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qutun “Azərbaycan və EXPO-2025: daha yaxşı gələcəyə təminat verən iddialı layihə” sərlövhəli məqaləsi nüfuzlu “The Jerusalem Post” qəzetində dərc edilib. AZƏRTAC məqaləni təqdim edir.

Azərbaycan-İsrail əlaqələri

Bu il biz İsrail Dövləti ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünü qeyd etdik. İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Bu da həqiqətdir ki, bu gün Avrasiyada İsraillə belə yaxın və belə isti münasibətləri olan ölkə yoxdur. Diplomatik münasibətlərin 25 illik tarixi ərzində hər iki dövlət strateji münasibətlərinin zəruriliyini və həyatiliyini sübut edib. Dost ölkələrimiz – İsrail ilə Azərbaycan, həqiqətən, əsl və etibarlı strateji tərəfdaşlardır. Azərbaycanlılar və yəhudilər, əslində, yalnız birgə yaşamırlar, onlar həm də əsl dostlar kimi birgə inkişaf edir və əlaqələrini möhkəmləndirirlər.

Başqa mədəniyyətlərdən fərqli olaraq, azərbaycanlılar heç vaxt yəhudilərə yad və özgə kimi baxmayıblar. Azərbaycanda yaşayan köklü yəhudilər Azərbaycan ilə İsrail arasında iqtisadi və hətta geosiyasi əməkdaşlığı inkişaf etdirmək üçün böyük iş görürlər. Yəhudilər Azərbaycanda heç vaxt ayrı-seçkilik, təzyiq, təhqir, qırğın və ya antisemit hərəkətlərlə rastlaşmayıblar. Azərbaycana səfər etmiş hər bir yəhudi təsdiqləyə bilər ki, burada yaşayan yəhudilər sərbəst şəkildə sinaqoqa gedə, milli geyimlərində şəhərdə gəzə bilər. Halbuki inkişaf etmiş Qərb ölkələrində bu, təhlükəlidir.

Eyni zamanda, rəsmi Bakı dəfələrlə antisemitizm təzahürlərini pisləyib və bu gün Azərbaycan, doğrudan da, bütün dünya üçün həyati əhəmiyyət kəsb edən multikulturalizmin mərkəzinin gözəl nümunəsidir. Ona görə də Azərbaycan yəhudiləri Azərbaycanı sevir və İsrail ilə Azərbaycan arasında geosiyasi, iqtisadi və humanitar əməkdaşlığın möhkəmləndirilməsinə böyük töhfə verir, bununla fəxr edirlər.

İsrailin doqquzuncu Prezidenti Şimon Peres Azərbaycana tarixi səfəri zamanı deyib: “Bilirəm ki, Azərbaycanın siyasəti sülh, dostluq, tərəqqi siyasətidir, amma bu siyasət həm də müstəqillik siyasətidir. Nadir coğrafi mövqeyinizlə, şübhəm yoxdur ki, siz dünyanın bu guşəsində aparıcı bir ölkəsiniz və bundan sonra da aparıcı olacaqsınız”.

Keçən il Bakıya rəsmi səfərində İsrail-Azərbaycan əlaqələrindən danışan İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu bu əlaqələrin dünyaya nümunə ola biləcəyini vurğulayaraq deyib: “Dünya dözümsüzlüyü və şər əməlləri çox görüb, amma müsəlmanlarla yəhudilər arasında münasibətlərin ən yaxşı nümunəsi, baxın, burada, Azərbaycandadır”.

Mən burada Azərbaycan Prezidenti İlham Əliyevin sözlərini də misal gətirə bilərəm: “Azərbaycan və yəhudi xalqları əsrlər boyu köhnə qonşular kimi sülh şəraitində yaşayıb, bu dostluq və qardaşlıq münasibətləri ölkələrimiz arasında bu gün də davam edir. Azərbaycandakı yəhudi icması ikitərəfli əlaqələrimizin möhkəmləndirilməsinə fəal kömək edir. Azərbaycanda bu gün yeddi sinaqoq fəaliyyət göstərir, onlardan beşi paytaxt Bakı şəhərindədir, burada yəhudi məktəbləri də var. Son illərdə Azərbaycan və İsrail arasındakı münasibətlər hər iki ölkəyə bir çox faydalar gətirmişdir”.

Azərbaycan həmişə İsraili cəlb edib, təkcə ona görə yox ki, bu ölkədə antisemitizm yoxdur, həm də ona görə ki, Bakı hər yerdə antisemitizm təzahürlərini dəfələrlə pisləyib. Azərbaycan bu gün Avropa ilə Asiyanı birləşdirən böyük bir regionda əsas siyasi, iqtisadi və geostrateji aktordur. Bu gün rəsmi Bakının İsraildə diplomatik missiyası olmasa belə, Azərbaycanın bir çox yüksək rəsmi nümayəndə heyətləri İsrailə səfər edib, bundan da çox İsrail nümayəndə heyəti Bakıda səfərdə olub. Qarşılıqlı mübadilə səfərlərinin mövcud iqtisadi əməkdaşlığın təşviqində xüsusi əhəmiyyəti var – İsrail Azərbaycan neftini alır, özü isə Azərbaycanda kənd təsərrüfatına və sənayeyə sərmayə qoyur, Azərbaycan ətraf mühitin qorunmasında, telekommunikasiya, turizm, təhsil, mədəniyyət və başqa sahələrdə qarşılıqlı mübadiləyə ciddi maraq göstərir.

Azərbaycan əsilli İsrail vətəndaşı olaraq, mən fəxrlə deyə bilərəm ki, bu gün Azərbaycan rəhbərliyi müasir Azərbaycan cəmiyyətinin ayrılmaz bir hissəsi olan yəhudi icmasına yüksək hörmət və diqqət göstərir. Prezident İlham Əliyevin himayəsi ilə burada iki sinaqoq, Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi tikilib istifadəyə verilib. Azərbaycanda yəhudi muzeyinin tikintisi planlaşdırılır, bu da Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq.

Qubadakı qədim Qırmızı Qəsəbə İsrailin xaricində yəhudilərin yığcam yaşadığı yeganə qəsəbədir və bu, Azərbaycanın qürurudur. Bu bölgədə yəhudilər və azərbaycanlılar əsrlər boyu dinc şəraitdə yaşayırlar. Azərbaycan sivilizasiyalararası və dinlərarası dialoqun əsl modelidir. Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin əsas sütunlarının tərkib hissəsidir.

Azərbaycan multikulturalizm və tolerantlıq ənənələrini inkişaf etdirmək və gücləndirmək istiqamətində zəruri siyasi və sosial şərait yaratmaq və inkişaf etdirmək üçün daim səy göstərir.

Enerji təhlükəsizliyi məsələləri və Cənubi Qafqazda həll olunmamış münaqişələr üzrə analitik və tədqiqatçı Giorgia Pilar Giorgi deyir: “Azərbaycan müxtəlif millətlərə və dinlərə mənsub insanlar arasında dinc yanaşı yaşama nümunəsi kimi tanınır. Azərbaycan hökuməti həmişə fərqli dini qruplardan olan insanların bir arada yaşamasını təbliğ edib və onların öz inanclarını ifadə etmək azadlıqları Konstitusiya səviyyəsində tanınır”.

Bu da təsadüfi deyil ki, Katolik Kilsəsinin lideri, Roma Papası Fransisk 2016-cı ildə nisbətən kiçik katolik icması olan bir ölkəni, Azərbaycanı rəsmi səfər üçün seçdi və müxtəlif etnik və dini mənşəli insanların sülh və ardıcıl bərabərliyini, qarşılıqlı hörmət və anlayış əsasında birlikdə yaşama sənətinin ən yaxşı ənənəsini təmin etmək üçün Azərbaycan hökumətinin həyata keçirdiyi siyasətə hörmət edərək onu yüksək qiymətləndirdi.

Azərbaycanda iqtisadi və siyasi təkamül

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Bu il iqtisadi islahatlarla bağlı çox ciddi addımlar atılmışdır. Strateji Yol xəritələrinin icrası təmin edilir. Sahibkarlığın inkişafı təmin edilir. İnvestisiya təşviqi mexanizmi tam işə düşmüşdür. Onu qeyd etməliyəm ki, 200-dən çox investisiya təşviqi sənədi verilmişdir. Bu layihə, bu istiqamət çərçivəsində ölkəmizə özəl sektor tərəfindən 1,7 milyard manat həcmində investisiya qoyuluşu təmin ediləcək”.

Qeyd etmək lazımdır ki, İsrail dünya bazarında Azərbaycan neftinin əsas alıcılarından biri olsa da, rəsmi Bakı ilə iqtisadi və siyasi münasibətlərinin yeni yollarını axtarır. İsrail tərəfindən istehlak edilən neftin əhəmiyyətli bir hissəsi (təxminən 40 faizi) Bakı-Tbilisi-Ceyhan (BTC) böyük neft ixrac boru kəməri vasitəsilə əldə olunur. Azərbaycan Avropa və Qərb bazarlarına enerji şaxələndirilməsi və təhlükəsizliyi üçün əsas ölkə kimi xidmət edir. Çünki Azərbaycan regionda yalnız əsas enerji və nəqliyyat mərkəzi deyil, həmçinin Avropaya enerjini alternativ yollarla nəql edən əsas neft və qaz istehsalçısıdır. Azərbaycan Xəzər dənizindən hasil etdiyi nefti ABŞ-ın Alyaska boru kəmərindən sonra dünyanın ən böyük neft kəməri olan Bakı-Tbilisi-Ceyhan vasitəsilə Gürcüstan ərazisindən Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına nəql edir.

Daha vacibi odur ki, Azərbaycan və onun Qərb tərəfdaşları artıq Azərbaycanın böyük qaz ehtiyatlarını birbaşa Avropaya nəql edəcək Cənub Qaz Dəhlizi boru kəmərləri şəbəkəsində tikinti işlərinə başlayıb ki, bu da təbii qazın Avropaya tədarük mənbələrinin şaxələndirilməsini təmin edəcək. Azərbaycan tranzit və ticarətin inkişafı üçün regional əlaqələr təşəbbüslərindən istifadə etməyə çalışır. Xüsusilə, ölkə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin sponsorlarından biridir.

Şərq ilə Qərbi, yəni, Pekini Londonla birləşdirən ən qısa dəmir yolu xətti – Bakı-Tbilisi-Qars marşrutu Azərbaycan və Türkiyə prezidentlərinin, Gürcüstanın Baş nazirinin, bu marşrutdan faydalanmağı planlaşdıran Qazaxıstan, Özbəkistan və digər qonşu ölkələrdən olan yüksək səviyyəli nümayəndələrin iştirakı ilə 2017-ci il oktyabrın 30-da açıldı.

Azərbaycanın təşəbbüskarı və liderliyi ilə həyata keçirilən Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) və Trans-Adriatik boru kəməri (TAP) kimi digər iddialı strateji layihələr Azərbaycanın “Şahdəniz” qaz yatağından təbii qazı Türkiyəyə və Avropaya çatdıracaq.

Dünya bazarında neftin qiymətinin aşağı olmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı dəyər yaradan iqtisadiyyata çevrilir. Böyükmiqyaslı islahatlar əsasən iqtisadiyyatın şaxələndirilməsinə, ölkənin neft və qaz gəlirlərindən asılılığının azaldılmasına, qeyri-neft sektorunun və ölkənin ixrac imkanlarının daha da yaxşılaşdırılmasına yönəlib.

Niyə “EXPO-2025”?

Milli kommunikasiya strategiyası çərçivəsində və beynəlxalq arenada öz imicini gücləndirmək arzusunda olan bir ölkə kimi Azərbaycan 2000-ci ildən EXPO hərəkatının fəal üzvüdür.

Azərbaycan pavilyonları son üç sərgidə – 2015-ci ildə pavilyonunu üç milyondan çox insanın ziyarət etdiyi Milanda, 2016-cı ildə Antalyada və 2017-ci ildə Astanada mükafatlar qazanıb.

“Beynəlxalq Sərgilər Bürosunun işinə sadə töhfəmizin bu cür qiymətləndirilməsindən qürur duyuruq”, – deyə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu yaxınlarda Parisdə paytaxt Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması münasibətilə Azərbaycanın təşkil etdiyi milli qəbulda qeyd edib. Birinci vitse-prezident deyib: “Ümumdünya sərgisi bütün mədəniyyətlərə bərabərlik və hörmət prinsipinə əsaslanan müxtəlifliyi sərgiləmək üçün bir platformadır. Bu sərgilər qlobal müzakirələr və əməkdaşlıq üçün bütün beynəlxalq ictimaiyyəti nadir bir məkanda bir araya gətirir. Buna görə də inanıram ki, Azərbaycan bu universal platformaya ev sahibliyi etmək üçün ən yaxşı məkanlardan biridir”.

Niyə Azərbaycan “EXPO-2025”də maraqlıdır?

– Turizm potensialından daha yaxşı yararlanan Azərbaycanın tarixi, mədəniyyəti və qonaqpərvərliyi;

– Digər ölkələr üçün rahat və maraqlı coğrafi mövqeyi;

– Bakıda keçirilən Qlobal Humanitar Forum, birinci Avropa Oyunları, Dördüncü İslam Həmrəyliyi Oyunları, Dünya Şahmat Olimpiadası, 2016-cı ildən bəri keçirilən Formula-1 Bakı Qran-Prisi, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, “Bakı Prosesi”, Dünya Dini Liderlərinin Sammiti kimi genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübə.

– Azərbaycan dünya ictimaiyyətinə göstərmək istəyir ki, 26 illik müstəqillik tarixi, güclü iqtisadi potensialı, siyasi sabitliyi, yüksək səviyyəli təhlükəsizliyə malik gənc bir ölkə olaraq EXPO kimi böyük tədbirlərə ev sahibliyi etməyə qadirdir.

Azərbaycanın əvvəlki illərdə həm beynəlxalq, həm də ixtisaslaşdırılmış EXPO-larda qazandığı təcrübə (Azərbaycanın “Milan EXPO-2015” və “Astana EXPO-2017” sərgilərində təqdim etdiyi pavilyonlar xüsusi mükafatlara layiq görülüb) “EXPO-2025” Ümumdünya Sərgisinin Bakıda uğurla keçiriləcəyi potensialdan xəbər verir.

Azərbaycan “Bakı EXPO-2025” Ümumdünya Sərgisi üçün seçdiyi “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusu ümumbəşəri əhəmiyyət daşıyır. Azərbaycanın əlavə olaraq təqdim etdiyi üç alt mövzu – İstedad, Sağlamlıq və Nailiyyət Birləşmiş Millətlər Təşkilatının təqdim etdiyi 17 Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqəlidir.

“Bakı EXPO-2025” üçün nəzərdə tutulmuş ərazi Bakı şəhərinin şərq hissəsində yerləşir. Şəhərin iki qəsəbəsi arasında yeni ərazidə salınacaq və 200 hektar sahəni əhatə edəcək bu məkan tam yenidən qurulmuş nəqliyyat infrastrukturu ilə Bakı şəhərinin davamı da hesab oluna bilər. Bura dünyada yeni şəhər parkı olması ilə yanaşı, eyni zamanda, ölkə əhalisi və şəhərə təşrif buyuran qonaqlar üçün də əvəzsiz miras olacaq.

“Bakı EXPO-2025” üçün seçilən mövzunun Azərbaycan Respublikasının dövlət gerbi olan səkkizbucaqlı ulduz şəklində olan fiziki təcəssümü Azərbaycan xalqının etnik müxtəlifliyini və Odlar yurdu hesab olunan Azərbaycanda müxtəlif dini etiqadlara və etnik qruplara məxsus insanların birgəyaşayışı üçün nümunəvi model olmasını simvolizə edir.

Azərbaycanı bütün dünyada tanıdan xalçaların həndəsi naxışları isə ərazidə yaradılan meydanların və istirahət yerlərinin dizaynına xüsusi gözəllik verəcək. Ərazinin mərkəzində yerləşəcək əsas bina – Azərbaycan Milli Pavilyonu park və ərazini gəzən qonaqlar üçün əsl ziyarət məkanı olacaq.

Bakı Ümumdünya EXPO-su Azərbaycana və dünyaya nə bəxş edəcək?

Ümumdünya EXPO-suna sahiblik etməklə Azərbaycan mühüm mənfəət əldə edəcək. Sərgiyə 18 milyon ziyarətçi qatılacaq, yeni iş yerləri açılacaq, yeni işgüzar münasibətlər formalaşacaq, ölkədə biznes sərmayələri üçün infrastrukturun və turizm sahəsinin inkişafı baxımından faydalı olacaq.

Sərgi ümumdünya EXPO-ların coğrafiyasını yeni regionda, yeni ərazidə genişləndirməklə yanaşı, gənc müstəqil ölkələrə özünü dünyaya daha yaxşı tanıtmaq baxımından yeni platforma kimi gözəl imkan yaradacaq.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Parisdə keçirilən qəbuldakı çıxışında deyib ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra biz dərhal müstəqil dövlət kimi mövcudluğumuza real təhlükə yaradan böyük siyasi, iqtisadi və humanitar çağırışlarla üzləşdik. Bunlardan ən ciddisi qonşu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü idi və bunun nəticəsində ölkəmizin ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayon işğal olunmuşdur və işğal hələ də davam edir.

Birinci vitse-prezident qeyd edib ki, Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın ərazisindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamələr yerinə yetirilməlidir və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır.

“Bizim “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusu həqiqətən hamını narahat edən bir məsələdir. Bu mövzu dövrümüzün əsas çağırışını – texnologiyanın və artan bağlılığın bəşəriyyətə təsirini əhatə edir”, – deyə Mehriban Əliyeva bildirib.

Birinci vitse-prezident deyib: “Bakı EXPO-2025” sərgisində düşünürük ki, texnologiyadan daha uzağa baxmaq, diqqətimizi rəhbərlərdən sıravi vətəndaşlara yönəldərək iqtisadiyyatların, cəmiyyətlərin və yaradıcılığın aparıcı qüvvəsi olan insanlar üzərində cəmləşdirmək mühüm əhəmiyyət kəsb edəcək.

Biz insanları – dünyada ən güclü resurs olan insan kapitalını universal müzakirəyə çıxaracağıq. Bakıda keçiriləcək Ümumdünya Sərgisi Beynəlxalq Sərgilər Bürosuna yeni bazarda yeni auditoriya ilə təmasa girmək imkanı verəcək”.

Mehriban Əliyeva qeyd edib ki, Azərbaycan yüksələn xətlə inkişaf edən dövlətdir və indi ölkəmizin iddiası 2025-ci ildə Ümumdünya Sərgisinə ev sahibliyi etmək və bütün dünyanı qəbul etmək hüququnu qazanmaqdır. Biz sərgi məkanının yaradılmasına və istismarına bütün lazımi vəsaiti ayırmağa, həmçinin inkişaf etməkdə olan ölkələrin sərgidə iştirakını dəstəkləməyə hazırıq. Bu, həmçinin bütün gənc, müstəqil ölkələr üçün çox güclü bir stimul olacaqdır.

Azərbaycanın Birinci vitse-prezidenti çıxışını bu sözlərlə bitirib: “Bakı sərgisi 26 illik müstəqillik dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlərin tanıdılması üçün daha bir imkan olacaqdır. 2025-ci ildə Ümumdünya Sərgisini təşkil etmək bizim səmimi istəyimizdir. Əgər bu şərəfə layiq görüləriksə, biz bütün dünyanı Azərbaycanda və gözəl şəhərimiz olan Bakıda qürurla qarşılayacağıq.

Gəlin, dostumuz və strateji tərəfdaşımız olan Azərbaycan Respublikasına uğurlar diləyək və arzu edək ki, Bakı şəhəri səsvermədə uğurlu nəticələr əldə etsin və dünyanın ən böyük beynəlxalq tədbirlərindən biri olan Ümumdünya EXPO-sunun Odlar yurdu – Azərbaycanda keçirilməsinə layiq olduğu hüququnu qazansın.