Kamil Səlimov: “Xocalı hadisələrində bilavasitə məsuliyyət daşıyan və əməllərində terrorçuluq olan 27 cinayətkar var”

Prezident İlham Əliyev: Cocuq Mərcanlının və Şıxarxın timsalında dövlətimizin, xalqımızın iradəsini göstəririk
Dünya mediası Sərsəng su anbarının qəzalı vəziyyətdə olmasından yazır
İsveçrənin mobil operatoru Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən şirkətlə əməkdaşlığı dayandırıb

Həmsöhbətimiz hüquq elmləri doktoru, professor Kamil Səlimovdur.

 – Bizim hüquqşünaslarımız bəzən elə terminologiya ilə danışırlar ki, özlərindən başqa heç kəs onların dediklərini başa düşmür. Sizcə, hüquqşünaslarımız soyqırım, erməni təcavüzü, deportasiya ilə bağlı Azərbaycan həqiqətlərini adi insanların başa düşdükləri tərzdə çatdıra bilirlərmi?

– Bu mövzular vahid bir tam təşkil etsələr də, hərəsi müstəqil istiqamətdir. Və əgər bunları qarışdırsaq, adi insanlar ümumiyyətlə, söhbətin nədən getdiyini anlamayacaqlar. Bizdə elə əsas problem də ondan ibarətdir ki, biz bunları qarışdıranda, onun əsas məğzini tuta bilmirik. Doğrudur, bunlar əslində xalqımızın başına gəlmiş bəlalardır. Buna görə də həmin problemlərdən danışanda əvvəlcə strategiyanı müəyyənləşdirib, sonra taktiki elementləri icra etməliyik. Bu məsələdə strategiyamız birdir: Ermənistanın Azərbaycana təcavüzünü aradan qaldırmaq, işğal edilmiş torpaqlarımızı azad etmək. Taktiki elementlər isə yerdə qalan məsələlərdir. Siz soyqırım məsələsini qeyd etdiniz. Bu məsələ haqqında çox danışılıb və deyilib. Bizim rəqiblərimiz “erməni soyqırımı”nı yüz ildir müzakirə edir və bu məsələni qaldırırlar. Və atdıqları hər bir addımı nəyə isə bağlayırlar. 2015-ci ildə qondarma “erməni soyqırımı”nın 100 illiyində istəklərinə nail olmaq üçün onlar erməni diasporunun iştirakı ilə bütün dünyada 380 təşkilat yaradıblar və geniş fəaliyyət göstərirlər. Elə bu təşkilatların səyi ilə bir neçə il öncə Fransanın “erməni soyqrımı”nı tanıması və müvafiq qanun qəbul etməsi, Türkiyə və Azərbaycanın Fransa ilə diplomatik toqquşmalarının olması hamımızın yadındadır. İndiki vəziyyət isə tufanqabağı sakitliyi xatırladır. Onların fəaliyyətinin qarşısını almaq üçün biz həm beynəlxalq hüquq müstəvisində, həm də siyasi müstəvidə əks tədbirlər aparmalıyıq. Təəssüf ki, soyqırım məsələsi ilə həm Azərbaycanda, həm də Türkiyədə uzun müddət ərzində yalnız tarixçilər məşğul olublar. Bəlkə elə buna görə də hüquqşünaslar bu məsələlərlə bağlı danışanda yalnız elmi istilahlardan, terminlərdən istifadə etmək məcburiyyətində qalırlar. O başqa məsələdir ki, bizim bəzi mütəxəssislərimiz yeri gəldi-gəlmədi terminlərlə, hüquqi kateqoriyalarla danışmağı sevirlər.

– Kamil müəllim, “erməni soyqırımı” ilə bağlı danışdınız. Ermənilərin ətrafında çox hay-küy qaldırdıqları və bəzi dövlətlərin soyqırım kimi tanıdıqları bu hadisənin hüququ əsası varmı?

– Ümumiyyətlə, son dövrlərdə bir sıra ölkələrin parlamentləri keçmişin bəzi faciəli hadisələrini qaldırır və baxılan problemin tarixi gerçəklik olub-olmamasını açmadan onu soyqırım kimi tanıyan parlament qətnaməsi qəbul edirlər. Bu isə nəticə etibarilə vaxtilə baş vermiş hadisələr zəminində ədavəti daha da qızışdırır, yeni münaqişələrin meydana çıxmasını şərtləndirir. Düşünülməmiş qərarlar qəbul edən ölkələrin parlamentləri isə bir növ bu münaqişələri stimullaşdıran qüvvəyə çevrilirlər. Bir çox dünya ölkələri parlamentlərinin fəal surətdə tanıdıqları “erməni soyqırımı” belə hadisələrdən biridir. Ermənilərin 1915-ci il hadisələrini soyqırım kimi tanınması tələbinin heç bir hüquqi əsası yoxdur. Çünki 9 dekabr 1948-ci il tarixli “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalandırılma” Konvensiyası 1951-ci ildə qüvvəyə minib. Konvensiyanın XIII maddəsinə görə, yalnız onun qüvvəyə mindiyi 1951-ci ildən sonrakı fəaliyyətlərinə görə insanlar məsuliyyət daşıya bilərlər. Hüquqşünasların əksəriyyəti bu fikri dəstəkləyirlər. Buna görə də bizim fikrimizcə, beynəlxalq hüquqda “soyqırım” anlayışının mövcud olmadığı dövrdə milli və etnik zəmində baş verən hadisələr soyqırım aktı sayıla bilməz. Beynəlxalq Cinayət Məhkəməsinin 1998-ci il tarixli Roma Statutunda nullum crimen sine lege (hərfi mənada: qanunlar susursa, cinayət yoxdur) prinsipi öz əksini tapıb. Orada qeyd olunur: “Bu Statuta görə, Statutun qəbul olunduğu dövrə qədər olan əməllərinə görə, insanlar cinayət məsuliyyəti daşımırlar”. Osmanlı imperiyasında XX əsrin əvvəllərində guya “erməni soyqırımı” olduğunu iddia edənlərə cavab verərkən Türkiyə nümayəndələri Roma prinsipinə çox tez-tez istinad edirlər.

– Amma Almaniyada faşistlərin yəhudilərə qarşı törətdikləri soyqırım (Xolokost) da qeyd etdiyiniz Konvensiya qəbul olunmamış baş verib. Lakin bununla belə, soyqırım kimi tanınır.

 Məsələ orasındadır ki, yəhudilərə qarşı soyqırımı faktını Beynəlxalq məhkəmə tanıyıb.

– Qeyd etdiyiniz kimi, bir çox ölkələr öz vətəndaşlarına qarşı tarixin hansısa məqamında soyqırımı törədildiyini iddia edirlər. Sizə elə gəlmirmi ki, bu soyqırımların tanınması beynəlxalq təhlükəsizlik sistemində xaosa və nəticə etibarilə onun çökməsinə səbəb ola bilər?

– Tamamilə razıyam. Təsəvvür edin, tədqiqatlara görə, tarixin son 5600 ili ərzində 14500 müharibə olub. Yaxud başqa bir tədqiqata əsasən, son 3400 il ərzində yalnız 286 il əmin-amanlıq içində keçib. Xalq təfəkkürü öz mif, əfsanə, folklor, ədəbiyyat və tarixi abidələrində müharibələrdəki qələbə və məğlubiyyətlərini, əzilmələrini, “düşmən obrazlarını”, müxtəlif etnoslar arasındakı münaqişə stereotipini yaşadır. Bütün bunlar nifrət hissinin alovlanmasında, etnik qarşıdurmalarda istifadə oluna bilər. Xüsusilə də qondarma “erməni soyqırımı”nın tanınması zəncirvari reaksiyya səbəb ola bilər. 21 noyabr 202-ci ildə Ukrayna Ali Radası 1932-1933-illərdə 3-6 milyon nəfərin aclıqdan qırılmasını soyqırım aktı kimi qəbul edən qətnaməyə səs verib. Polşa Seymi 1940-cı ildə Katın kəndi yaxınlığında NKVD tərəfindən polyak zabitlərin güllələnməsi faktını soyqırım kimi tanıması haqqında Rusiya hökumətinə qətnamə yollayıb. Rusiya Federasiyasında Çeçenistan prezidenti Cohar Dudayevin hakimiyyəti dövründə bu respublikada ruslara qarşı soyqırımı törədildiyini iddia edir. Adıgeylər Rusiya imperiyasının XVIII əsrdəki istilası zamanı soyqırıma məruz qaldıqlarını bildirirlər. 2006-cı ildə Krım tatarlarının qurultayı onların 1944-cü ildə Krımdan sürgün olunmalarını soyqırım kimi dəyərləndirirlər. Fransa-Əlcəzair müharibəsində 1 milyon insanın həlak olduğu qeyd edilir. Təbii ki, bu məsələ də Əlcəzair nümayəndələri tərəfindən Fransanın soyqırım aktını tanıması şəklində qoyulur. Hindilərə qarşı soyqırım ifadəsindən də bir sıra tarixçi və siyasətçilər istifadə edirlər. Bu və ya digər tarixi münaqişəni soyqırım aktı kimi qəbul edən parlament qərarları beynəlxalq təhlükəsizlik sistemi üçün böyük təhlükədir. Ona görə də qeyd etdiyim Konvensiyada bildirilir ki, bu sənədin qəbul edilməsindən əvvəlki soyqırımlar qəbul edilməməlidir. 1949-cu ildən sonra baş verən soyqırım hadisələrinin tanınması üçün beynəlxalq məhkəmənin qərarı lazımdır.

– Təəssüf ki, XX əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı ilə bağlı da belə bir qərar yoxdur…

– Bunun müəyyən bir proseduru var. Xocalı hadisələri ilə bağlı biz öz məhkəmələrimizə müraciət etməli və soyqırım hadisəsinin baş verməsi ilə bağlı qərar çıxarılmalıdır. Bundan sonra beynəlxalq cinayət məhkəməsinə müraciət etməliyik ki, Xocalı soyqırımının baş verməsi haqqında qərar çıxarsın. Amma bunun üçün biz Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olmalıyıq. Ermənistanla müharibə şəraitində yaşayan dövlət olduğundan, Azərbaycan hələlik haqlı olaraq bu məhkəmənin üzvü deyil. Dünyanın müxtəlif bölgələrində müharibə aparan Amerika Birləşmiş Ştatları da bu məhkəmənin üzvü deyil. Biz çox vaxt Xocalı hadisələrini siyasi baxımdan qiymətləndiririk və onun tanınmasına çalışırıq. Artıq bir sıra dövlətlər də Xocalıda ermənilərin soyqırım törətdiklərini tanıyıblar. Amma həm də nəzərə almaq lazımdır ki, Xocalı hadisələrində bilavasitə məsuliyyət daşıyan və əməllərində terrorçuluq olan 27 cinayətkar var. Günahsız insanlar həmin şəxslər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Ona görə də bizim xüsusi orqanlar həmin cinayət törədən şəxslərin siyahısını həmin dövlətlərə təqdim etməlidir. Bu cinayətkarlar həmin dövlətlərə daxil olduqda həbs olunub, Azərbaycana ekstradisiya edilməlidir.

Gündüz Nəsibov,

1905.az