Londonda “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyi çapdan çıxıb

Blinkenin Prezident İlham Əliyevə telefon zənginin pərdəarxası – Elxan Süleymanovun yazısı
“Ermənistanın vurduğu zərərə görə beynəlxalq məhkəmələrdə cavab verməsi ərazilərimizin işğalına son qoyulmasının vacib aspektlərindən biridir” -Elxan Süleymanov
12 noyabr – Konstitusiya Günüdür

Milli Məclisin deputatı, tanınmış yazıçı-publisist Elmira Axundovanın “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyi Londonda işıq üzü görüb. Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə “TEAS Press” nəşriyyatında çapdan çıxan üçcildlikdə dahi şəxsiyyətin həyat və fəaliyyətinin müxtəlif dövrləri haqqında maraqlı faktlar, müsahibələr, arxiv materialları əksini tapıb.

AZƏRTAC xəbər verir ki, TEAS-ın təşkilatçılığı ilə Britaniya parlamentində kitabın təqdimat mərasimi keçirilib. Tədbirdə Britaniya parlamentinin Lordlar və Nümayəndələr palatalarının üzvləri, diplomatik korpusun nümayəndələri, ictimai xadimlər, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Britaniya parlamentinin nümayəndəsi Bob Bləkmən çıxış edərək dahi şəxsiyyət Heydər Əliyev haqqında yazılan kitabın təqdimat mərasimində iştirakdan məmnunluğunu ifadə edib. O, bütün dünyada olduğu kimi, Britaniyada da dahi şəxsiyyət və siyasi xadim kimi məşhur olan Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev haqqında kitabın Londonda nəşr edilməsini yüksək qiymətləndirib.

TEAS-ın London üzrə direktoru Cek Peqoraro Cəmiyyətin fəaliyyəti və gördüyü işlər haqqında məlumat verib. Azərbaycanın ümummilli lideri Heydər Əliyev haqqında yazılan kitabın Londonda işıq üzü görməsini yüksək qiymətləndirən C.Peqoraro bu mühüm tədbirə təşkilatçılıq etməkdən məmnunluğunu bildirib.

Böyük Britaniyanın tanınmış tədqiqatçısı Tamara Draqadze Ümummilli Liderlə görüşlərini yada salıb, xatirələrini bölüşüb. Çıxışında 1990-cı illərin əvvəllərində regionda mövcud mürəkkəb siyasi vəziyyətə toxunan T.Draqadze Heydər Əliyevin zəngin siyasi təcrübəsi və düşünülmüş addımları sayəsində ölkəmizdə sabitliyin bərqərar olduğunu diqqətə çatdırıb. O, Ulu Öndərin dünyada tanınmış siyasi xadimlər arasında layiqli yer tutduğunu vurğulayıb, belə dahi şəxsiyyət yetirdiyi üçün Azərbaycan xalqının xoşbəxt olduğunu qeyd edib.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə ulu öndər Heydər Əliyevin həyat yolundan və zəngin siyasi fəaliyyətindən, dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətlərindən söz açıb. Qeyd edib ki, məhz Heydər Əliyevin siyasi uzaqgörənliyi və xalqına sevgisi nəticəsində Azərbaycan dövlətçiliyini qoruyub saxlamaq və möhkəmləndirmək mümkün olub. Səfir bu gün həyata keçirilən siyasi kursun Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik ənənələrini möhkəmləndirdiyini və Azərbaycanın daha da gücləndirilməsinə gətirib çıxardığını vurğulayıb.

Ulu Öndərin həyat və fəaliyyəti barədə sanballı tədqiqat əsərinin müəllifi Elmira Axundova Heydər Əliyev şəxsiyyətinin təşəkkülündən, liderlərin necə yetişməsindən, Ümummilli Liderimizin fenomenini şərtləndirən xarakterik xüsusiyyətlərindən söz açıb: “Heydər adının mənası öndə gedən, igid deməkdir və çox vaxt ad insanın taleyini müəyyən edir”.

E.Axundova bildirib ki, dahi rəhbərdə liderlik keyfiyyətləri hələ uşaq ikən özünü büruzə verib və o, qeyri-adi şəxsiyyət kimi formalaşanadək həmişə hər yerdə – həm təhsildə, həm idmanda, həm teatra olan həvəsdə, gördüyü hər bir işdə birinci olub. Bir nömrəli beynəlmiləl məktəbin Azərbaycan bölməsində təhsil alan Heydər Əliyev rus dilini müstəqil öyrənməyə başlayıb, həmişə rus bölməsindəki yaşıdları ilə ünsiyyətə can atıb, rus dilində saysız-hesabsız bədii ədəbiyyat oxuyub. Hələ məktəb illərində hamının lider kimi qəbul etdiyi Heydər Əliyevi həmişə başqa şagirdlərə örnək göstərilməsindən ətraflı söhbət açan yazıçı bildirib ki, gəncin əsgəri duruşu, idmançı görkəmi, dözümlülüyü bədən tərbiyəsi hərbi təlim müəllimlərini həmişə heyran qoyurdu. Sinif yoldaşlarının danışdıqlarına görə, hərbi təlim rəhbəri Akim Abbasov həmişə ona deyirdi: “Sənin böyük gələcəyin var, general olacaqsan”. Yeri gəlmişkən, günlərin bir günü məktəbə atasının kitelində gəldikdən sonra Heydər Əliyevi çox vaxt “general” deyə çağırırdılar.

Ümummilli Liderin gənclik illərindən bir çox maraqlı epizodlardan söz açan E.Axundova qeyd edib ki, Heydər Əliyev lider olmaq istəyənlər üçün əla örnəkdir: “Liderlik Heydər Əliyevin alın yazısı idi. Onun xarakteri əsl liderlərə xas idi. Tale onu dəfələrlə sınağa çəksə də, o, hər bir sınağın odundan-alovundan cəsarətlə çıxıb və daha yüksəklərə qalxıb. O demək olar, həmişə zəfər çalırdı. Lakin uğursuzluqlar da olurdu. Heydər Əliyev bu uğursuzluqlara elə cəsarətlə sinə gərirdi ki, son nəticədə hər şey onun xeyrinə qurtarırdı. Ən başlıcası isə tarixi missiyasını – Azərbaycanı xilas etmək missiyasını həyata keçirdi”.

Çıxışlardan sonra tədbir sual-cavab sessiyası ilə davam edib.

Sonda tarzən Rafiq Rüstəmovun ifasında Azərbaycan milli musiqisinin nümunələri, muğamlarımız səsləndirilib.

Orxan İsmayılov, AZƏRTAC-ın xüsusi müxbiri

London