Mədəniyyət naziri “Ümumdünya Yaradıcı İqtisadiyyat Konfransı 2021” çərçivəsində keçirilən Nazirlər Panelində iştirak edib

Vladimir Solovyov: Hiss edirdim ki, Prezident İlham Əliyev gün ərzində mətbuatı şəxsən izləyir
Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Aşıq Ələsgər–200” adlı virtual sərgi hazırlanıb
Gələn ilin dövlət büdcəsi qəbul edilib

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov dekabrın 9-da Dubay şəhərində “Ümumdünya Yaradıcı İqtisadiyyat Konfransı 2021” çərçivəsində keçirilən Nazirlər Panelində iştirak edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirə Birləşmiş Ərəb Əmirliklərinin mədəniyyət naziri xanım Noura Bint Mohammed Əl-Kaabi, İndoneziyanın turizm və yaradıcı iqtisadiyyat naziri və digər ölkələrin nazirlikləri qatılıb.

Paneldə çıxış edən nazir Anar Kərimov müasir dövrdə yeni qlobal trend kimi yaradıcılıq, eləcə də yaradıcı iqtisadiyyatın əhəmiyyətini vurğulayıb, “Dayanıqlı inkişaf naminə Yaradıcı İqtisadiyyat İli” ərzində ölkədə həyata keçirilən fəaliyyətlər barədə görüş iştirakçılarını məlumatlandırıb.

Nazir Anar Kərimov mədəniyyət sahəsinin, eləcə də mədəniyyət və yaradıcı sənayelərin (MYS-lərin) innovativ və dayanıqlı inkişafını hədəfləyən Milli Mədəniyyət Strategiyası, MYS-lər üzrə geniş məlumatlandırma, təbliğat və təşviqat işini həyata keçirən “Kreativ Azərbaycan” platforması, nazirliyin dəstəyi ilə yeni yaradılan Azərbaycan Yaradıcı Sənayelər Federasiyası barədə danışıb.

Çıxış zamanı həmçinin 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan ərazilərin azad olunması ilə həmin ərazilərdə mədəni həyatın, eləcə də yaradıcılıq ənənələrinin yenidən dirçəldilməsi, Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan olunması və yenidən regionun yaradıcı mərkəzinə çevrilməsi imkanları barədə fikirlər səsləndirilib.

Eyni zamanda, yerli və beynəlxalq tərəfdaşlarla araşdırma və planlaşdırma işləri, birgə layihələr, o cümlədən özəl sektorla birgə əməkdaşlıq, qeyri-hökumət təşkilatlarının dəstəklənməsi istiqamətində görülən işlər barədə məlumat verilib.

AZƏRTAC