Məhərrəm Zülfüqarlı: “Ermənistanın sülhə hazır olması ilə bağlı yayılan informasiyalar onu göstərir ki, Azərbaycan öz uğurlarını daha da artırıb”

Xarici pasportların alınmasına və itirilməsinə görə olan rüsumlar artırılır
Şamaxının millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəblərə qəbul olunmuş şamaxılı gənclərlə görüşüb
Minalanmış ərazilərin xəritəsi məsələsi MDB PA-da qaldırılıb

Bir neçə gündür ki, Ermənistan mətbuatı hökumətin Moskvanın himayəsi altında Azərbaycanla sülh sazişi imzalamağı planlaşdırdığını bildirir. Görünür bu, Ermənistan baş nazirinin, daha sonra isə yeni xarici işlər nazirinin Moskvaya səfərlərində əsas mövzu olub.

Bu arada Ermənistanın “Past” nəşri öz mənbələrinə istinadən yazır ki, hökumət aparatında və XİN-də sülh sazişinin bağlanması üçün fəal hazırlıq işləri aparılır: “Xarici İşlər Nazirliyindəki mənbələrin məlumatına görə, Nikol Paşinyanın tapşırığı ilə nazirliyin ekspertləri və beynəlxalq hüquq üzrə mütəxəssislər qrupu son günlər hökumət aparatı ilə birlikdə hərtərəfli araşdırmalar aparır və analoji sənədlərin presedentlərini tapmağa, həmçinin imzalanmadan öncə mümkün danışıqlar prosesinə hazır olmağa çalışırlar. Əsasən tam paket hazırlamaq tapşırılıb: danışıqlar zamanı erməni tərəfin konkret hansı təklif və tələbləri təqdim edəcəyi, həmçinin tərəflər arasında hansı kompromislərin olacağı barədə”.

Bununla belə, erməni tərəfi güman edir ki, sənəd layihəsinin ilkin müzakirəsinə oktyabrda başlanıla bilər.

Nəzərə alsaq ki, son vaxtlar Ermənistanla Türkiyə arasında münasibətlərin yoluna qoyulması ilə bağlı qarşılıqlı siyasi mesajlar verilir, Paşinyan hökumətin iclaslarında Azərbaycanla münasibətlərin tənzimlənməsi ilə bağlı bəzi eyhamlar səsləndirir, o baxımdan Ermənistanın sülh sazişinə hazırlığı barədə deyilənlər nə dərəcədə realdır?

  • “… yenə də burada müəyyən əsəb müharibəsi gedəcək”

Məsələyə münasibət bildirən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlının fikrincə, son vaxtlar bu istiqamətdə bəzi proseslərin getdiyi hiss olunur: “Son vaxtlar proseslərin artıq Azərbaycanın xeyrinə dəyişdiyi müşahidə olunur. Məsələn, bu gün mətbuatda Qazaxın Əskipara kəndində bayraq asmaq üçün dirəyin qoyulduğu haqda informasiyalar yayılıb. Bundan başqa, Paşinyanın açıqlamaları, Azərbaycan-Rusiya təmaslarında olan intensivlik onu göstərir ki, artıq sülh sazişinin imzalanmasına müəyyən hazırlıq gedir. Lakin yenə də burada müəyyən əsəb müharibəsi gedəcək. Ona görə ki, imzalanacaq sazişdə nəyisə bir qədər öz xeyirlərinə təmin etmək və yaxud da Rusiyanın mənafeyinin nəzərə alınması kimi məsələlər var. Ancaq bütün hallarda, Azərbaycan qalib dövlət olaraq o prosesdə öndə gedir. Ermənistanın da həm sərhədlərdə, həm Qarabağ məsələsində güzəştə gedəcəyi və sazişə imza atacağı artıq get-gedə məlum olur. Ancaq burada bizim vətəndaşlar səbrsizlik göstərirlər. Bəzən diletantcasına bəyan edirlər ki, niyə biz Şuşadan sonra Xankəndiyə daxil olmadıq, niyə rus sülhməramlılarını çağırdıq və s. Hesab edirəm ki, bu cür yanaşmalar doğru deyil. Ona görə ki, Azərbaycan ötən il misilsiz uğur əldə etdi. Ötən ilin bu vaxtı belə bir uğur əldə edəcəyimizi heç ağlımıza gətirməzdik. Ancaq bir ildən sonra bu cür böyük dəyişikliklər və indi də Ermənistanın sülhə hazır olması ilə bağlı yayılan informasiyalar onu göstərir ki, Azərbaycan öz uğurlarını daha da artırıb”.

Bu baxımdan professor hesab edir ki, müsbət gözləntilər var.

Bakı xəbər