Məhərrəm Zülfüqarlı: Azad edilmiş rayonlarda yeni toraq islahatlarının keçirilməsi olduqca vacibdir

Sumqayıt Kimya Sənaye Parkında əlvan metallar və ferroərintilər zavodunun açılışı olub
Bakıda Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim-məşqlərə başlayıb
Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib

Məhərrəm Zülfüqarlı: “Azad edilmiş rayonlarımızda torpaq islahatlarının aparılması ilə bağlı mexanizmlər və meyarlar hazırlanarkən çox diqqətli olmaq tələb olunur”

Bildiyimiz kimi, ölkəmizdə torpaq islahatları həyata keçirilsə də, işğaldan azad edilən ərazilərimizdə torpaq islahatı baş verməyib. Hazırda ərazilərimiz düşmən tapdağından azad edilib və azad edilən rayon və kəndlərimizdə torpaq islahatlarının aparılmasını zəruridir.  

Baş nazir Əli Əsədovun sədrliyilə Nazirlər Kabinetinin müşavirəsində Prezident İlham Əliyevin sədrliyilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı tərəfindən verilən tapşırıqların icrası və qarşıda duran vəzifələr müzakirə olunub.

Nazirlər Kabinetindən bildirilib ki, Baş nazir Əli Əsədov 2020-ci ilin əsas hadisəsi kimi xalqımızın Vətən müharibəsindəki qələbəsini vurğulayıb, gündəlikdə duran məsələlər – ötən ilin yekunları, makroiqtisadi göstəricilər, islahatların gedişi, qeyri-neft sektorundakı vəziyyət, pandemiyanın yaratdığı problemlər və onların aradan qaldırılması haqda çıxış edib.

Yekun çıxışında Baş nazir Əli Əsədov qeyd edib ki, Prezidentin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilər üzrə Strateji Fəaliyyət Planı hazırlanır və bütün ərazilərin və şəhərlərin bərpası vahid konsepsiya əsasında həyata keçiriləcək.

Baş nazir Prezidentin tapşırıqları əsasında növbəti il üçün müəyyənləşdirilmiş prioritetləri səsləndirib.

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə torpaq islahatının aparılması üçün yeni mexanizm və meyarlar işlənib hazırlanmalıdır.

“…artıq hökumət bununla bağlı qərar qəbul edib”

Məsələyə münasibət bildirən AVCİYA-nın vitse-prezidenti Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, azad edilmiş rayonlarda yeni toraq islahatlarının keçirilməsi və bunun üçün mexanizmlərin, meyarların müəyyən olunması olduqca vacibdir və bunun üçün də artıq hökumət işlərə başlayıb. “İşğaldan azad edilən ərazilərimizdə torpaq islahatları aparılmadığı üçün ölkə başçısının tapşırığına əsasən, bu ərazilərimizdə torpaq islahatlarının aparılması ilə bağlı meyarların müəyyən edilməsi çox vacibdir. Azad olunmuş ərazilərimizdə torpaq islahatları aparılması reallaşacaq. Hesab edirəm ki, burada bələdiyyə seçkilərinin keçirilməsi də çox vacibdir. Bilirsiniz ki, Azərbaycanın digər rayonlarında 1999-cu ildən bələdiyyə seçkiləri keçirilsə də, ərazilərimiz işğalda olduğu üçün burada bələdiyyə seçkiləri də keçirilməyib. Azad olunmuş ərazilərimizdə bələdiyyələrin də formalaşdırılmasına ehtiyac var. Bunlar hamısı işğaldan azad olunmuş ərazilərimizin bərpası və inkişafı üçün zəruridir, xüsusən də torpaq islahatları məsələsi. Azad edilmiş rayonlarımızda torpaq islahatlarının aparılması ilə bağlı mexanizmlər və meyarlar hazırlanarkən çox diqqətli olmaq tələb olunur. Hesab edirəm ki, hökumət bu istiqamətdə mexanizm və meyarlar hazırlayacaq. Bir məsələ var. Mən dəfələrlə keçmiş köçkünlərlə söhbət etmişəm, onların əksəriyyətinin öz kəndində, rayonunda əmlakı, torpaq sahəsi olub, amma onların çoxu deyir ki, bütün sənədləri orada qoyub gəlmişik. Yəni o adamların sənədləri də itib. Onların əmlakının, torpaqlarının sənədlərinin bərpa olunması prosesinin özü böyük vaxt tələb edir. Ona görə də Prezidentin tapşırığına əsasən, azad edilmiş ərazilərimizdə aparılacaq torpaq islahatı çox zəruri məsələdir. Əhali psixoloji baxımdan öz rayonlarına, kəndlərinə köçməyə hazırdır. Bu ərazilər tamamilə minalardan təmizlənəndən  sonra əhali oranı dirçəltməyə, bərpa etməyə getmək istəyir. Söhbət ondan gedir ki, həmin ərazilərdən düşmən tərəfindən köçkün salınan azərbaycanlıların əmlak hüquqi bərpa olunmalıdır. Bu da Nazirlər Kabinetindən və digər əlaqədar qurumlardan gərgin fəaliyyət tələb edir. Torpaq islahatlarının həyata keçirilməsi üçün mexanizm və meyar elə müəyyən edilməlidir ki, insanlar orada heç bir problemlə üzləşməsinlər, onlar haqq etdiklərini əldə etsinlər. Hesab edirəm ki, bu il həyata keçirilməli olan ən vacib işlərdən biri azad olunmuş ərazilərimizdə torpaq islahatlarının aparılmasıdır ki, artıq hökumət bununla bağlı qərar qəbul edib”.

M.Zülfüqarlının fikrincə, bu yöndə işlər həddindən artıq sürətlənməlidir ki, əhali öz yurdlarına qayıtdıqdan sonra öz torpağına sahib ola bilsin və heç bir çətinliklə üzləşməsin. Onun sözlərinə görə, Prezidentin hökumətin qarşısına qoyduğu bütün işlər zamanında qüsursuz icra olunmalıdır ki, insanlarımız öz torpaqlarına qayıtdıqdan sonra torpaqlarından istifadə edə, orada işlər görə bilsin, əkib-biçsin, məhsul götürsün, bəziləri sahibkarlığı, kənd təsərrüfatını inkişaf etdirsin. O, həmçinin, vurğuladı ki, pay torpaqlarının bölünməsində ədalət prinsipləri mütləq şəkildə gözlənilməlidir.

Bakı-Xəbər