Məhərrəm Zülfüqarlı: “Bu baxımdan, dövlətin məlum qərarı əvəzolunmaz sosial əhəmiyyətə malikdir”

Prezident Sabunçu və Suraxanı rayonlarında yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub
Azərbaycanda seçicilərin dəqiq sayı məlum oldu
“Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərimizin rolu” mövzusunda tədbir keçirilib

Nazirlər Kabinetinin qərarı ilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin ödədikləri təhsil haqları geri qaytarılacaq. Bunu Təhsil nazirinin müavini İdris İsayev deyib.

Onun sözlərinə görə, bu, dövlətin humanist yanaşmasıdır: “Elə tələbə var ki, o, sosial baxımdan həssas tələbə kateqoriyasına aiddir, amma təhsil haqqının bir hissəsini apreldə ödəyib. Ədalətli yanaşma bundan ibarətdir ki, vəsaiti ödəyib-ödəməməsindən asılı olmayaraq, dövlət həmin vəsaiti belə tələbələr üçün ödəyəcək. Artıq ödənilmiş vəsaitlər növbəti semestrlər üzrə təhsil müəssisəsi tərəfindən təhsil haqqı kimi əvəzlənə və nəzərə alına bilər”.

İ.İsayev onu da qeyd edib ki, təhsil səviyyəsini bitirmək üzrə olan tələbələrin də təhsil haqları geri qaytarılacaq: “Ola bilər ki, tələbə 4-cü kursda oxuyur və artıq təhsil haqqını ödəyib. Onların da təhsil haqqı geri qaytarılacaq. Çünki bu tələbələrin ailələrinin gəlirləri təhsil haqlarını ödəməyə imkan vermir. Onlar bu vəsaitləri ya kredit, ya da yaxın qohumlarından, tanışlarından aldıqları vəsait hesabına ödəyirlər. Dövlətin humanist yanaşması ondan ibarətdir ki, tələbənin təhsil haqqını ödəyib-ödəməməsindən asılı olmayaraq, bu vəsait qarşılanır”.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Nazirlər Kabinetinin qərarı ilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Tələbənin təhsil haqqı xərcinin 50 faizi 2019-2020-ci ilin yaz semestri üzrə, 50 faizi isə 2020-2021-ci tədris ilinin payız semestri üzrə elektron qaydada ödəniləcək.

Son qərar Azərbaycan hökuməti tərəfindən növbəti sosialyönümlü bir addımdır. O baxımdan bunun sosial əhəmiyyətini ekspertlər necə dəyərləndirirlər?

“Universitet müəllimi olaraq dəfələrlə şahidi olmuşam ki, bəzi ailələr təhsil haqqını ödəməkdə çətinlik çəkirlər”

Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri, təhsil eksperti Məhərrəm Zülfüqarlının fikrincə, sözügedən qərarın böyük sosial əhəmiyyəti var: “Son bir ildə dövlət sifarişi ilə təhsil alanların sayı artır. Koronavirusla əlaqədar olaraq dövlət həssas qrupa aid tələbələrin təhsil haqlarını öz üzərinə götürür. Bu, kifayət qədər böyük köməkdir və vacib sosial əhəmiyyətə malikdir. Bu tərəfdən də təhsil haqqını ödəyən həmin ailələrin pulu geri qaytarılacaq. Universitet müəllimi olaraq dəfələrlə şahidi olmuşam ki, bəzi ailələr təhsil haqqını ödəməkdə çətinlik çəkirlər. Hətta təhsil haqqını aylara bölürlər ki, hissə-hissə ödəsinlər. Elə tələbələr olub ki, təhsil haqqını ödəmədiklərinə görə ali məktəbdən xaric olunublar. Bu baxımdan, dövlətin məlum qərarı əvəzolunmaz sosial əhəmiyyətə malikdir. Sosial baxımdan həssas ailələr üçün bu böyük köməkdir. Həm yaranan sıxıntıdan çıxmaq, həm də uşaqlarının təhsilini davam etdirmək sahəsində dövlətin atdığı addım təqdirəlayiqdir. Ona görə də bunun əhəmiyyətini yüksək qiymətləndirirəm”.

baki-xeber