Türk Şurasının Zirvə görüşünün koronavirusa həsr olunması böyük hadisədir

XİN nümayəndəsi Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib
Avropa Komissiyası: Azərbaycanın işğal olunmuş ərazilərində kommersiya fəaliyyəti cinayət məsuliyyəti yaradır
Azərbaycan Respublikasının Milli Məclisi Fransa Senatının qərəzli qətnaməsi ilə əlaqədar bəyanat qəbul edib

Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub.

Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev qeyd etdi ki, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş görüşünü keçirir: “Bildiyiniz kimi, keçən ilin oktyabrında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü Bakıda keçirildi. Azərbaycan bu Zirvə görüşündə sədrliyi öz üzərinə götürdü. Dərhal Azərbaycan sədr ölkə kimi fəaliyyətə başladı. Sədrlik etdiyimiz dövrdə dünyada təşkilatın nüfuzunun daha da artırılması, ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində səylər göstəririk. Koronavirus xəstəliyi sərhəd tanımayaraq dünya boyunca yayılmış və faciəvi nəticələrə gətirib çıxarmışdır. Pandemiya səbəbindən ölkələrimizdə və dünyada həyatını itirənlərə rəhmət diləyir, onların yaxınlarına başsağlığı verir və yoluxanların tezliklə şəfa tapmasını arzulayıram.

Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirir. Bu, bizim nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürüdür. Bizi birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır.

Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi oluruq. Pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı vardır”

Ölkə başçısı onu da qeyd edib ki, fövqəladə Zirvə görüşünün əsas məqsədi milli səviyyədə atdığımız addımlara dair təcrübə mübadiləsinin aparılması, lazım olan anda bir-birimizə dəstək göstərilməsi və xalqlarımız arasında həmrəyliyin möhkəmləndirilməsidir: “Mövcud qlobal pandemiya şəraitində Türk Şurasının üzv dövlətləri özlərinə qapanmayıblar. Təşkilat olaraq Türk Şurası digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdır. Azərbaycan ayrı-ayrı ölkələrə də öz dəstəyini göstərməkdədir”.

Bütün bu deyilənlərlə yanaşı, sözügedən Zirvə görüşündə dünyada ilk dəfə olaraq koronavirusla mübarizənin müzakirə olunması Türk Şurasının beynəlxalq nüfuzuna necə təsir edəcək?

  • “Müzakirələrin koronavirusa həsr olunması vacib hadisədir”

Məsələyə münasibət bildirən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlının sözlərinə görə, sözügedən müzakirələr Türk Şurasının beynəlxalq nüfuzunun artmasına təkan verəcək: “Məsələ ondadır ki, koronavirus pandemiyası ortaya çıxandan sonra bir sıra ölkələr, o cümlədən, özünü demokratik sayan dövlətlər fərdi mübarizəyə başladılar. Hətta Avropa İttifaqı ölkələri də öz sərhədlərinə çəkilərək mübarizəni fərdi şəkildə aparmağa başladılar. Bu mənada, Türk Şurasının Zirvə görüşünün koronavirusa həsr olunması böyük hadisədir. Türk dövlətlərinin pandemiya ilə mübarizədə bir-birinə dəstək verməsu, hətta pandemiya yayılarkən Türkiyə Prezidentinin Azərbaycana gələrək bir sıra sənədlərə imza atması, sərhədlərlə bağlı müzakirələrin aparılması ciddi faktordur. Bütün bunlar onu göstərir ki, Azərbaycan da daxil olmaqla, türk dövlətlərini birləşdirən Türk Şurası bu sahədə öz üzvlərinə dəstək verən ilk beynəlxalq qurumdur. Hesab edirəm ki, bu, Türk Şurasının beynəlxalq miqyasda nüfuzunu artıracaq. O baxımdan, müzakirələrin koronavirusa həsr olunması vacib hadisədir”.