“Paşinyan kifayət qədər alçaldıldı, öz çirkin əməllərinə görə cəzalandırıldı, faktiki olaraq, diz çökdü, mənim bütün şərtlərimi qəbul etdi”. Bunu Prezident İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib: “Noyabrın 9-da imzalanmış birgə bəyanat, faktiki olaraq, Ermənistanın sülh kapitulyasiya aktı idi. Necə ki, vaxtilə İkinci Dünya müharibəsi başa çatandan sonra Hitlerin əlaltıları müttəfiq ölkələrin hərbi rəhbərlərinin qarşısında kapitulyasiya aktını imzalamışlar, mən də deyirdim ki, eyni qaydada Paşinyan canlı formatda, videokonfrans şəklində kapitulyasiya aktını imzalamalıdır. Amma açığını deyim, ondan sonra Rusiya Prezidenti Vladimir Putin məndən xahiş etdi ki, mən bu məsələdə çox da təkid etməyim. Mən hesab etdim ki, onsuz da Paşinyan kifayət qədər alçaldıldı, öz çirkin əməllərinə görə cəzalandırıldı, faktiki olaraq, diz çökdü, mənim bütün şərtlərimi qəbul etdi”.
- “Azərbaycan xalqının birlik nümayiş etdirməsi, heç bir təxribata uymadan Azərbaycan Prezidentinin ətrafında birləşməsi məhz Ermənistanı kapitulyasiyaya gətirib çıxardı”
AVCİYA-nın vitse-prezidenti, tarix elmləri doktoru, professor, siyasi icmalçı Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin hitlerçilərlə, faşistlərlə heç bir fərqi yoxdur: “Erməni faşizmi ilə Hitler, yaxud İtaliyanın Mussoloni faşizminin heç bir fərqi yoxdur. Faşizm irqçilik, qatı millətçilik deməkdir. Biri var öz millətini sevmək, başqa millətlərə hörmət etmək, bir də var yalnız öz millətini sevmək və başqa millətlərə qarşı müharibə elan etmək. Ermənistanda sırf faşizm ideologiyası hökm sürür. Ermənistanda tarixən yaşayan bütün xalqları deportasiya etdilər, hətta onlara arxa-dayaq olan, ermənilərə dövlət quran rusların özlərini də qovdular. Onlar monoetnik bir dövlət yaradıblar, Ermənistan faşist dövlətidir. Ona görə də faşist dövlətinin hərbi-siyasi rəhbərliyini, Paşinyanı ayağımıza gətirib diz çökdürərək qol çəkdirmək lazım idi. Bunu Prezidentimiz də dedi. Bunu etməyə bizim gücümüz də kifayət qədər idi. Rusiya Prezidentinin xahişi ilə bu təslimçilik aktına pandemiya ilə əlaqədar olaraq Paşinyan onlayn konfransdan sonra qol çəkdi. Onun da kapitulyasiya aktına hansı şəraitdə qol çəkdiyi məlumdur, bu da Paşinyanın sonunu gətirdi. Paşinyan da Hitler əlaltıları kimi diz çöküb kapitulyasiya aktını imzaladı. Bu gün Paşinyana cinayət işi açılıb, Ermənistan cəmiyyəti onun istefasını tələb edir. Biz özümüz də insanlarımızı öldürən, kəndlərimizi, şəhərlərimizi viran qoyan, Xocalı soyqırımını törədən erməni faşizminin əvvəlki və indiki rəhbərlərinə qarşı cinayət işi açıb, onları beynəlxalq məhkəməyə verəcəyik. Necə ki, alman faşistləri, Hitler əlaltıları üzərində Nürnberq məhkəməsi qurulmuşdu, erməni faşistləri üzərində də o cür məhkəmələr qurulacaq. Paşinyan da, Ermənistanın ondan əvvəlki rəhbərliyi də faşizmə qulluq edib və onların hitlerçilərdən heç bir fərqi olmadığı kimi, bunlar da hitlerçilərin taleyini yaşayıb təslimçilik aktına imza atdılar” – deyə M.Zülfüqarlı qeyd etdi.
M.Zülfüqarlının sözlərinə görə, xaricdə oturan bəzi qüvvələr var ki, onlar Azərbaycanı Ermənistanın vəziyyətinə salmaq üçün cani-dildən çalışıblar, amma buna nail ola bilməyiblər. “Məhz Azərbaycan xalqının birlik nümayiş etdirməsi, heç bir təxribata uymadan Azərbaycan Prezidentinin ətrafında birləşməsi məhz Ermənistanı kapitulyasiyaya gətirib çıxardı. Bəziləri sülhməramlılarla bağlı müəyyən fikirlər səsləndirirlər. Məlumdur ki, Azərbaycan dövləti öz torpaqlarının çox böyük bir hissəsini öz hərbi gücü vasitəsilə işğaldan azad edib. Cənab Prezident öz müsahibələrində qeyd edirdi ki, biz istənilən vaxt müharibəni dayandıra bilərik, amma gərək Ermənistan baza prinsiplərinə əməl etsin. Yəni torpaqları danışıqlar yolu ilə azad etsinlər. Rusiyanın araya girməsi və Ermənistanın işğalda olan digər ərazilərimizin konkret qrafik üzrə qaytaracağı barədə öhdəlik götürməsi dünyaya bir daha Azərbaycanın sülhə sədaqətli olduğunu göstərdi. Qardaş Türkiyə ilə birlikdə Rusiya tərəfindən monitorinq də aparılacaq. Yadda saxlamaq lazımdır ki, Rusiyanın Ermənistanla münasibətləri əvvəlkindən qat-qat fərqlidir. Əvvəl tutaq ki, Ermənistan belə hesab edirdi ki, nə etsə, arxasında Rusiya dayanacaq, amma Rusiya da artıq dəyişib, Qafqazdakı siyasətinə yenidən baxır, Türkiyə və Azərbaycanla əməkdaşlığa üstünlük verir. Bu ona görə də Azərbaycanın böyük qələbəsi, Paşinyanın isə kapitulyasiyasıdır. Dekabrın 1-nə qədər artıq üç rayonumuz da işğaldan azad edildikdən sonra Azərbaycanda artıq Dağlıq Qarabağ problemi olmayacaq, biz bu problemin üzərindən xətt çəkdik. Üstəgəl də biz Qazaxın işğalda olan kəndlərini geri alacağıq, eyni zamanda, Naxçıvana quru yol çəkiləcək. Bu, Azərbaycanın böyük qələbəsidir. Kim Azərbaycanı ürəkdən sevir, buna sevinir, kim ki, sevinmir, onlar da təxribatçılıqla məşğul olur və cavabları da layiqincə verilir” – deyə M.Zülfüqarlı qeyd etdi.
Bakı xəbər