MƏMMƏDOV Mövsüm Şahin oğlu

SARIYEV Zaur Rəşid oğlu
İBRAHİMOV Nurəddin İslam oğlu
ÇOBANOV Şamoy Məhyəddin oğlu
(6.6.1967, Xocalı r-nunun Kosalar k.) – Azərbaycanın Milli Qəhrəmanı (25.2.1997).

1967-ci il iyunun 6-da Xocalı rayonunun Kosalar kandində dünyaya göz açmışdır. Canhasan kənd ibtidai məktəbini bitirdikdən sonra, orta təhsilini 1984-cü ildə doğma kəndində başa vurmuşdur. 1985-ci ildə ordu sıralarına çağırılmışdır. 1987-ci ildə ordudan tərxis olunaraq, Vətənə dönmüşdür. O, 1988-ci ildə Şuşa Elektrik Şəbəkəsi Birliyində əmək fəaliyyətinə başlayır. 1990-cı ildə isə həyatını  daxili işlər orqanlarına bağlayır. O vaxtlar Azərbaycanda vəziyyət getdikcə ağırlaşırdı. Ermənilərin torpaq iddiası, yaraqlıların arası kəsilməyən hücumları ölkədə sabitliyi pozmuşdu. Belə bir vaxtda Dağlıq Qarabağda və ətraf rayonlarda yerli polis işçilərinə böyük ehtiyac duyulurdu. Elə bu səbəbdən sərhədyanı bölgələrdə yeni-yeni polis bölmələri yaradılmağa başladı. Belə bölmələrdən biri də Xocalı rayonunun Meşəli kəndində yaradıldı. Mövsüm Məmmədov Vətənin dar günündə öz fəaliyyətini daxili işlər orqanlarında davam etdirməyi özünə borc bildi. O, 1992-93-cü illərdə erməni işğalçılarına qarşı aparılan hərbi əməliyyatlarda mərdliklə vuruşmuş və Xocalı soyqırımı zamanı dinc əhalinin xilas edilməsində böyük sücaət göstərmişdir.1994-cü ildə Şuşa Rayon Polis Şöbəsinin Post-Patrul Xidməti bölüyünə komandir təyin edilmişdir.
M.Məmmədov hansı vəzifədə işləməsindən asılı olmayaraq, həmişə öz işinin öhdəsindən layiqincə gəlmişdir. Elə buna görə də1994-ci ildə onu PPX-nin komandiri vəzifəsinə irəli çəkirlər.
M.Məmmədov 1998-ci ildə DİN-nin Polis Akademiyasını bitirmişdir. O, indi Şuşa Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsində çalışır. Polis polkovnik-leytenantıdır.
Ailəlidir. İki övladı var.
Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli 553 saylı fərmanı ilə Məmmədov Mövsüm Şahin oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 200
***
Mövsüm Məmmədovun dediklərindən:
“Bu gün dövlətimiz və ordumuz 1992-ci ildəkinə bənzəmir. Düşmən də artıq hiss edir ki, qarşısında indi qüdrətli, müasir silahlarla təchiz edilmiş bir ordu dayanır. Bunu aprel döyüşləri bir daha sübut etdi. Fəxr və qürur hissi keçirirəm ki, bu gün də cəbhə xəttində Vətənin keşiyindəyəm. Ali Baş komandanın əmrini səbirsizliklə gözləyirik ki, torpaqlarımızı düşmən tapdağından azad edək. İşimlə əlaqədar olaraq döyüş yoldaşlarımla tez-tez görüşməsək də, arada vaxt edib telefonla əlaqə saxlayırıq. Xocalı faciəsi bizim yaralı yerimizdir. Mən o torpaqlarda doğulub, boya-başa çatmışam. Hər il fevral ayı gələndə elə bilirəm o faciə bu gün olub. İllər keçsə də, nəsillər dəyişsə də Xocalı faciəsi bizim qəlbimizi yandıracaq. Qisas almağın zamanıdır. Biz üzərimizə düşən ləkəni yalnız öz torpaqlarımızı işğaldan azad edəndən sonra silə bilərik. Bax o zaman orada şəhid olanların ruhları da şad olacaq, bizim ürəyimiz də sakit olacaq. Mənim üçün Vətənsiz yaşamaq ölümdən betərdir.”
Əd.: “Xocalı yaddaşı”, Bakı, 2017, s. 127