RÜSTƏMOV Füzuli Salah oğlu

TAĞIZADƏ Eldar Abdulla oğlu
KƏRİMOV Kazımağa Mövsüm oğlu
HÜSEYNOV Şahlar İsa oğlu

(25.12.1965, Tərtər r-nunun Hüsənli k. – 26.2.1992, Xocalı) – Azərbaycanın Milli Qəhrəmanı (25.2.1997, ölümündən sonra).

1978 ildən Xocalıda, babası Kərim kişinin himayəsində yaşayıb. Buradakı səkkizillik məktəbi bitirib. 2 saylı Xocalı üzümçülük sovxozunda, 1990 ildən usə toxuculuq fabrikində işləyib.
Dağlıq Qarabağ hadisələri başlayan ilk günlərdən silah götürərək torpaqlarımızın müdafiəsinə qalxıb. 1990 ildə ermənilərin Xankəndinə gedişinin qarşısını almaq üçün Xocalı aeroportunu partlatmaq lazım gəlirdi. Əməliyyatı həyata keçirmək üçün 4 nəfərdən ibarət qrup ayrılıb. Qrupun tərkibində F.Rüstəmov da var idi. Əməliyyat uğurla başa çatdırılır.
Xocalı özünümüdafiə dəstəsi yaradılanda əvvəlcə orada, sonra isə hərbi batalyonda xidmətini davam etdirib. Azərbaycanın Milli Qəhrəmanı A.Quliyevin yaralı vəziyyətdə döyüş meydanından çıxarılması onun hünəri sayəsində mümkün olub. Faciə zamanı üç dəfə Xocalıya girərək qadın, uşaq və yaralıları təhlükəsiz zonaya çıxarıb. Son anda özü düşmən gülləsinə tuş gəlib. Tərtər rayonunun Hüsənli kəndində dəfn edilib.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 244

***

Bacısı Fiqurə Rüstəmovanın  dediklərindən:
“Qardaşım daxilən çox narahat uşaq idi. Bizim əslimiz Qərbi Azərbaycandan – Dərələyəz mahalındandır. Babalarımız orada min bir əziyyətlə qurub-yaratdığı evini qoyub Xocalıya pənah gətirib. Ona görə də Füzulinin qəlbində ermənilərə nifrət elə uşaq vaxtlarında yaranmışdı. Hələ uşaqlıqda erməni kəndlərindən yolu düşərkən dəfələrlə onlarla mübahisəsi düşmüşdü. Ermənilər Füzulini görəndə bilmirdilər harada qaçıb gizlənsinlər. Hər vəchlə onu şərləyib tutdurmağa,  yaxud aradan götürməyə çalışırdılar. Ancaq Füzuli  onlara elə də asanlıqla təslim olan uşaq deyildi. Hələ Xocalıda könüllü dəstə yaranmamışdı. Öz yoldaşları ilə bir neçə dəfə erməni postlarına hücum edib oranı dağıtmışdı. Buna görə Füzulini həbs etdilər. 4 aydan sonra şərti azadlığa buraxdılar. Xocalıda ilk könüllü özünümüdafiə dəstəsi yaradılanda ilk yazılanlardan biri oldu. O bir yerdə dayanmırdı, gecəsi-gündüzü yox idi. Xocalının hər cığırına, hər daşına bələd oğul idi. Faciə zamanı nə qədər Xocalı sakininə kömək etdi. Sonda isə özü şəhidlik zirvəsinə yüksəldi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Xocalı yanğısı hələ uzun illər qəlbimizi göynədəcək.”
Əd.: “Xocalı yaddaşı”, Bakı, 2017, s. 133