MƏQSƏDLƏRİMİZ

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası

Müasir dövrdə “üçüncü sektorun” mövcudluğu, onun fəaliyyəti ölkədə demokratiyanın və vətəndaş cəmiyyətinin inkişaf səviyyəsini müəyyən edən əsas amillərdən biri kimi qəbul olunur. Azərbaycanda bu sahədə müəyyən nailiyyətlərin olmasına baxmayaraq, bir sıra problemlərin mövcudluğu istisna edilmir. Bu da öz növbəsində QHT-lərin ölkədə inkişaf etmiş vətəndaş cəmiyyətinin formalaşması prosesinə təsir edən real qüvvəyə çevrilməsinə mane olur.

QHT-lərin zəif inkişafı və xarici donorlardan maliyyə asılılığı, onların siyasiləşməsinə, fəaliyyət sahələri seçiminin məhdudlaşmasına, mühüm sosial məsələlərin həllində lazımi dərəcədə iştirak edə bilməməsinə səbəb olur.

Hazırda ölkəmizdə vətəndaş cəmiyyətinin əsasının formalaşması prosesinin mühüm subyektləri kimi dövlət orqanlarının, biznes strukturlarının, QHT və KİV-in birgə fəaliyyətinin strategiyasının hazırlanması vacib sayılan amillərdəndir.

Bu strategiyanın prioriteti kimi, Azərbaycanda təşkilatı nöqteyi -nəzərdən güclü, maliyyə cəhətdən müstəqil “üçüncü sektorun” yaranması üçün dövlət orqanları və yerli biznes-strukturları tərəfindən QHT sektoruna köməyin forma və metodlarının müəyyən olunmasıdır. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafında maraqlı olan təşkilatların geniş koalisiyası, sözügedən məsələnin həllində tərəfdaş kimi çıxış edə bilər. Bu hərəkatın potensial iştirakçısı olaraq müstəqil QHT-lərlə yanaşı, sahibkarlar assosiasiyaları, bələdiyyə qurumları, humanitar, sosial və ictimai problemlərlə məşğul olan digər dövlət təşkilatları da iştirak edə bilərlər.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiyasiyası (AVCİYA) təşkilatı struktur kimi quruma daxil olan iştirakçıların fəalliyyətini koordinasiya etməyi planlaşdırır.

Assosiasiyanın yaradılmasında məqsəd

AVCİYA-nın yaradılmasında əsas məqsəd Assosiasiyaya daxil olan qeyri-hökumət təşkilatlarının və üçüncü sektorun digər nümayəndələrinin fəaliyyətinin əlaqələndirilməsi vasitəsi ilə ölkədə vətəndaş cəmiyyətinin yaradılması prosesinə yardım göstərməkdir. Belə ki, Assosiasiyaya daxil olan QHT-lər ixtisaslaşdıqları sahələrdə mövcud olan problemlərə cəmiyyətin diqqətini cəlb etməyi, vətəndaşların onların həllində iştirakını, bu sferalarda gedən proseslərin maksimal şəffaflığını öz qarşılarına məqsəd kimi qoyurlar. Bu məqsədlərə nail olmaq üçün isə çox hallarda hansısa konkret QHT-nin göstərdiyi səylər bəzən az olur, işin effektiv olması üçün prosesə daha böyük qüvvələrin cəlb edilməsinə ehtiyac yaranır. AVCİYA-nın əsas məqsədlərindən biri də məhz Assosiasiyaya üzv olan QHT-lərin qüvvəsi hesabına müxtəlif sahələrdə mövcud problemlərin üzə çıxarılması, cəmiyyətə çatdırılması və həlli üzrə kompleks tədbirlər həyata keçirməkdir.

Assosiasiyanın məqsədlərindən biri də vətəndaş cəmiyyətinin bütün iştirakçıları (hökumət, cəmiyyət, üçüncü sektor və s.) arasında dialoqun yaradılmasına kömək etməkdir. Biz anlayırıq ki, təkcə QHT-lərin fəaliyyəti hesabına Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması qeyri-mümkündür. Vətəndaş cəmiyyətinin əsaslarından biri konsensus və qarşılıqlı hörmətdir. Buna isə cəmiyyətin müxtəlif üzvləri, eləcə də vətəndaş cəmiyyətinin iştirakçıları arasında dialoq qurmadan nail olmaq mümkün deyil. Assosiasiya imkanı daxilində bu dialoqun təmin edilməsinə çalışır. Təbii ki, ictimai təşkilatlar, mərkəzi və yerli icra hakimiyyətləri, yerli idarəetmə orqanları arasında dialoqu və əməkdaşlığı vətəndaş cəmiyyətinin digər mühüm bir elementi olan kütləvi informasiya vasitələrinin iştirakı olmadan qurmaq mümkün deyil. KİV-lər bir növ cəmiyyətin müxtəlif təbəqələri arasında körpü rolunu oynamaqdan əlavə, həm də respublikada həyata keçirilən çoxsaylı proqram və tədbirlərin geniş kütləyə çatdırılması funksiyasını yerinə yetirərək, onların şəffaf olması və insanların məlumatlandırılması kimi mühüm bir funksiyanı yerinə yetirirlər. Assosiasiya və ona üzv olan qeyri-hökumət təşkilatları üçüncü sektorla KİV arasında tərəfdaşlıq münasibətlərinin formalaşmasına yardım göstərməyə çalışır.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası olaraq biz həmçinin vətəndaş cəmiyyətinin inkişafına lazım olan normativ-hüquqi bazanın yaradılmasına, QHT-lərin fəaliyyəti üçün əlverişli maliyyə-kredit, vergi və gömrük mühitinin formalaşmasına çalışırıq. Bütün yuxarıda göstərilənlər ümumiləşdirilsə, Assosiasiyanın əsas məqsədləri sırasına vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi; korrupsiya halları ilə mübarizə üçün sosial əməkdaşlığın yaradılması; regionların və yerli idarəçiliyin sosial-ictimai inkişafına dəstək; islah əmək müəssisələri sisteminin təkmilləşdirilməsi; miqrant, qaçqın, məcburi köçkünlərin problemlərinin həllinə yardım; ekoloji təhsilin artırılması daxil edilə bilər. Aydındır ki, bunlar bir gün və ya bir il ərzində həll ediləsi mümkün olan məsələlər deyil. Lakin assosiasiya olaraq vətəndaş cəmiyyəti qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün bütün imkanlardan istifadə edir.

Fəaliyyətin əsas istiqamətləri

– İctimai təşkilatlar, mərkəzi və yerli icra hakimiyyətləri, yerli idarəetmə orqanları arasında konstruktiv, birgə fəaliyyətin təşkili;

– Vətəndaş cəmiyyətinin formalaşması üçün lazımi normativ-hüquqi bazanın yaradılmasında aktiv iştirak;

– QHT-lər və müstəqil KİV-lər arasında qarşılıqlı faydalı əməkdaşlığın təşkili;

– Sosial-humanitar məsələlərin həllinə özəl sektorun cəlb olunması;

– Vətəndaş təşəbbüsünə dəstək, əhalinin vətəndaş cəmiyyətinin əsaslarının formalaşmasında aktiv iştiraka cəlb olunması, volonter hərəkatın formalaşması;

– QHT-lərin fəaliyyəti üçün maliyyə-kredit, vergi, gömrük və digər məsələlərdə əlverişli mühitin yaradılmasına kömək;

– Fəaliyyətdə olan və yeni yaranan QHT-lərə hüquqi, təşkilati, informasiya dəstəyinin göstərilməsi;

– QHT sektorunda fəaliyyət göstərən kadrların hazırlanması sisteminin təşkil olunması; QHT əməkdaşlarının hüquqlarının müdafiəsi;

Fəaliyyətin prioritet istiqamətləri:

– vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi;

– korrupsiya halları ilə mübarizə üçün sosial əməkdaşlığın yaradılması;

– regionların və yerli idarəçiliyin sosial-ictimai inkişafına dəstək;

– islah əmək müəssisələri sisteminin təkmilləşdirilməsi;

– miqrant, qaçqın, məcburi köçkünlərin problemlərinin həllinə yardım;

– ekoloji maarifləndirmə

COMMENTS