“Meta Platforms Inc.” kompaniyasının mütəxəssisləri hazırladıqları superkompüterin dünyada ən sürətli olacağını iddia edirlər

Milli Kitabxanada “Görkəmli satirik şair – Mirzə Ələkbər Sabir” adlı elektron məlumat bazası təqdim olunub
Qələbə daim bizimlə olsun, Gürcüstan və Azərbaycan dostluğu əbədi yaşasın!
Azərbaycan Sahibkarlar Konfederasiyası Brüsseldə keçirilən konfransda təmsil olunub

Feysbuk sosial şəbəkəsinin sahibi “Meta Platforms Inc.” kompaniyasının mütəxəssisləri hazırladıqları superkompüterin dünyada ən sürətli olacağını iddia edirlər.

AZƏRTAC “The Wall Street Journal” nəşrinə istinadla xəbər verir ki, ikiillik əməyin nəticəsi olan “AI Research SuperCluster” (RSC) superkompüterinin hazırlanması üzrə layihəyə “Nvidia Inc.” və “Pure Storage Inc.” tərəfdaş kompaniyalarının analitikləri də daxil olmaqla, yüzlərlə mütəxəssis cəlb edilib.

“Meta-kainatda lazım olacaq həllər böyük hesablama gücü tələb edir və RSC trilyonlarla nümunəni analiz edə, yüzlərlə dili başa düşə biləcək yeni süni intellekt modelləri hazırlamağa imkan verəcək”, – deyə kompaniyanın rəhbəri Mark Sukerberq bildirib.

Cari ilin yay aylarında tam hazır vəziyyətə gətiriləcək superkompüterin 16 minə yaxın qrafik prosessoru olacaq və o, dünyanın ən sürətli kompüterinə çevriləcək.

“Meta” mütəxəssisləri superkompüter vasitəsilə yüzlərcə dillə işləyə, mətnləri, şəkilləri və videoları eyni vaxtda təhlil edə biləcək süni intellekt modelləri hazırlamağı düşünürlər. Yeni texnologiya, həmçinin kompaniyaya zərərli kontenti asanlıqla tanımağa və insan kimi düşünən süni intellekt modelləri yaratmağa kömək edəcək.

AZƏRTAC