Milli Azərbaycan Tarixi Muzeyi 100 illik yubileyinə hazırlaşır

Dünya üzrə məcburi köçkünlərin sayı rekord həddə çatıb
Vətən müharibəsindən qayıdan hərbçilərlə bağlı komissiya işə başlayıb
Birinci vitse-prezident Mehriban Əliyeva 12 şəhid hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verib

Ölkəmizin ilk və ən böyük muzeyi olan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin 2020-ci il iyunun 15-də 100 yaşı tamam olur.

Muzeydən AZƏRTAC-a bildirilib ki, yarandığı ilk gündən mədəni-maarif və elmi-tədqiqat müəssisəsi kimi fəaliyyət göstərən muzey Azərbaycan xalqının tarixini əks etdirən maddi sərvətin ekspozisiya və sərgilərdə nümayişi və təbliği, eləcə də onların toplanması, mühafizəsi, tədqiqi və nəşri ilə məşğul olub. Muzeyin fondlarında və əksəriyyəti nadir kitablardan ibarət zəngin kitabxanasında 300 mindən artıq maddi abidə qorunur. Müxtəlif ekspedisiyaların nəticələri, gərgin axtarışlardan sonra əldə edilən qiymətli arxeoloji, etnoqrafik, numizmatik, sənədli materiallar ekspozisiyada nümayiş etdirilir və xalqımızın özünəməxsus çoxəsrlik mədəniyyətinə və tarixinə şahidlik edir.

2005-2007-ci illərdə Prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə dünya standartları səviyyəsində təmir və bərpa olunan muzeydə Azərbaycan tarixinin 1920-ci ilədək dövrünü əks etdirən yeni ekspozisiya qurulub. Bununla yanaşı, muzeyin 8 zalında onun yerləşdiyi binanın sahibi, məşhur neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyi də fəaliyyət göstərir. Həm ekspozisiya, həm də xatirə muzeyindəki materiallar buraya gələn yerli və xarici turistləri Azərbaycan xalqının keçdiyi tarixi yol, zəngin dövlətçilik ənənələri ilə tanış edir.

Bütün fəaliyyəti ərzində dünyanın müxtəlif muzeyləri ilə əməkdaşlıq edən, sərgilərdə, elmi forumlarda iştirak edən Tarix Muzeyi müstəqillik illərində də bu ənənəni yaşadır. Muzey Rusiya, Türkiyə, ABŞ, Almaniya, Çin, Norveç, Çexiya, Qazaxıstan və başqa ölkələrdə səyyar sərgilərlə çıxış edib.

AMEA Rəyasət Heyətinin aprelin 3-də keçirilən iclaslında bu nüfuzlu mədəniyyət ocağının çoxşaxəli fəaliyyəti və Azərbaycan elminə verdiyi töhfələr nəzərə alınaraq qərar qəbul edilib. Qərarda muzeyin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı təsdiq olunub.