Milli Məclis sədrinin birinci müavini İƏT MDİHK-in rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Pandemiya dövründə qan donoru olmaq üçün tələblər açıqlanıb
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan nadir xalça aşkara çıxarılıb
Prezident İlham Əliyev 15 İyun – Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Sentyabrın 23-də Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Saed Mohammed Abdulla Omair Alğfelinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qonaqları salamlayan Əli Hüseynli İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının bir sıra münaqişələrlə səmərəli məşğul olduğunu qeyd edib, komissiyanın Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti zamanı insan hüquqları pozuntusu faktlarını araşdırmaq üçün ölkəmizə səfərini yüksək qiymətləndirib.

Milli Məclis sədrinin birinci müavini vurğulayıb ki, Qarabağ münaqişəsi artıq mövcud deyil, çünki Azərbaycan beynəlxalq hüquqa əsasən, məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin də tələblərinə uyğun olaraq torpaqlarını Ermənistanın işğalından azad edib. Əli Hüseynli Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri faktları ilə bağlı respublikanın hüquq-mühafizə orqanlarının apardığı təhqiqatlarda, həm də beynəlxalq təşkilatların hesabatlarında tutarlı faktların mövcud olduğunu qeyd edib.

Görüşdə iştirak edən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc İƏT və onun qurumlarının Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı ədalətli və birmənalı mövqeyindən, həm təşkilatın, həm də üzv dövlətlərin erməni təcavüzünü qətiyyətlə pisləməsindən, işğalçı qüvvələrin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz çıxmasının tələb edilməsindən razılıqla söz açıb. Bildirilib ki, Azərbaycan da öz növbəsində İƏT ölkələrinin başlıca problemlərinə dair aparılan müzakirələrdə, qərar və qətnamələrin qəbul edilməsində daim konstruktiv və birmənalı mövqe sərgiləyib, İslam ölkələri ilə bütün sahələrdə əməkdaşlığa böyük önəm verib.

İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədri Saed Mohammed Abdulla Omair Alğfeli öz növbəsində səfər çərçivəsində Ermənistan işğalından azad olunmuş ərazilərimizə səfər edəcəklərini bildirib və faktaraşdırıcı missiya həyata keçirəcəkləri barədə məlumat verib.

Söhbət zamanı İƏT MDİHK-nın sədr müavini Hacı Ali Açıkgül, komissiya katibliyinin icraçı direktoru Butt Marghub Salim, həmçinin Ombudsman Aparatının rəhbəri, İƏT MDİHK-nın üzvü Aydın Səfixanlı missiyanın görəcəyi işlər, aparacağı araşdırmalar barədə danışıblar. Qeyd edilib ki, hesabat hazır olandan sonra dünya ictimaiyyətinə təqdim ediləcək.

AZƏRTAC