Milli Məclisin deputatları Avronest Parlament Assambleyasının komitə iclaslarında iştirak ediblər

Rio-de-Janeyro 2025-ci il üçün Dünya Kitab Paytaxtı elan edilib
BORÇALI SÖHBƏTLƏRİ: “Borçalı ədəbi mühiti: dünən və bu gün”
Azad olunmuş ərazilərdəki abidələrlə bağlı “Yol Xəritəsi” hazırlanıb

Avropa Parlamentində Avronest Parlament Assambleyasının komitə iclasları keçirilib.

AZƏRTAC xəbər verir ki, iclaslarda Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Sahibə Qafarovanın başçılığı ilə azərbaycanlı deputatlar da iştirak ediblər.

Avronest Parlament Assambleyasının iqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Avropa İttifaqı siyasəti ilə uyğunlaşma və sosial məsələlər, işlə təminetmə, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitələrinin birgə iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Sahibə Qafarovanın məruzəsi dinlənilib.

Avropa Parlamentinin üzvü Mariya Qrapininin və Sahibə Qafarovanın birgə hazırladıqları “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində təhsildə innovasiyalar və təhsil islahatları: çağırışlar və fürsətlər” adlı məruzə Azərbaycan nümayəndə heyətinin rəhbəri tərəfindən təqdim edilib. İlk təqdimatı keçirilən məruzənin bu ilin sonunda Avronest Parlament Assambleyasının növbəti plenar sessiyasında qəbul edilməsi gözlənilir.

Avronest Parlament Assambleyasının digər iki – siyasi məsələlər, insan hüquqları və demokratiya, eləcə də enerji təhlükəsizliyi komitələrinin birgə iclasında hər bir komitə üçün hazırlanmış qətnamə layihələri Avropa Parlamenti və Şərq Tərəfdaşlığı ölkələri parlamentlərinin üzvləri, eləcə də Avropa Komissiyasının müvafiq bölmələrinin rəhbərlərinin və ekspertlərin iştirakı ilə müzakirə edilib.

İclaslarda nümayəndə heyətinin rəhbəri ilə yanaşı, Milli Məclisin deputatları Cavanşir Feyziyev, Məlahət İbrahimqızı, Azər Kərimli və Tahir Mirkişili də iştirak ediblər. Deputatlarımız iclaslar çərçivəsində Avropa Parlamentindən və Şərq Tərəfdaşlığı üzrə digər ölkələrdən olan həmkarları ilə fikir mübadiləsi aparıb, məruzələrə edilmiş vacib əlavə və dəyişikliklərlə bağlı mövqelərini bildiriblər.

Bu komitələrin iclasları cari ilin mayında keçirilməsi nəzərdə tutulan Avropa Parlamenti seçkilərindən əvvəl Avronest Parlament Assambleyasının sonuncu iclasları olub.