Milli Məclisin sədri Sahibə Qafarova Ermənistan parlamentinin spikerinin iddialarına cavab verib

AVCİYA Seçki Qərargahının Mətbuat Xidmətinin məlumatı
ÜST: koronavirusa gündəlik yoluxmanın ən yüksək göstərici qeydə alınıb
Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilən MDB PA Şurasının iclasında Ermənistan parlamentinin spikeri Alen Simonyanın iddialarına cavab verib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədrindən sonra çıxış edən A.Simonyan guya Azərbaycanın atəşkəs rejimini pozması haqqında iddialar irəli sürüb. Azərbaycan parlamentinin rəhbəri Sahibə Qafarova isə yenidən söz alaraq bildirib ki, Ermənistan spikerinin iddiaları həqiqətə uyğun deyil. Azərbaycan Müdafiə Nazirliyi artıq bəyan edib ki, ölkəmizin suveren ərazisi olan Qarabağda mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır. Lakin buna baxmayaraq, martın 26-sı səhər saatlarında qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib. Dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib.

Milli Məclisin sədri bir daha qeyd edib ki, Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata sadiqdir. Lakin həmin Bəyanatın 4-cü bəndinə uyğun olaraq, Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam olaraq çıxarılması indiyə qədər icra edilməyib. Buna görə də Bəyanatın müddəalarını pozan Azərbaycan deyil, məhz Ermənistandır.

Sahibə Qafarova, həmçinin deyib ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan üçtərəfli Bəyanata uyğun olaraq bütün hərbi əsirləri Ermənistana təhvil verib. 2020-ci il 10 noyabr tarixli Bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisinə daxil olan erməni hərbi birləşmələrinin üzvləri Cenevrə Konvensiyasına uyğun olaraq hərbi əsir kimi tanınmır.

Sahibə Qafarova bir daha bəyan edib ki, Azərbaycan münasibətlərin normallaşması ilə bağlı Ermənistana 5 maddədən ibarət sənəd göndərib və qarşı tərəfdən cavab gözləyir.

AZƏRTAC