Minskdə görkəmli şair və dramaturq Hüseyn Cavidin 135 illik yubileyi qeyd edilib

“GÖYÇAY ENSİKLOPEDİYASI” HAZIRLANIR
Aİ səfiri: “Azərbaycanla imzalanması planlaşdırılan saziş yeni imkanlar açacaq”
AŞPA-da Ermənistan üzrə həmməruzəçi: Azərbaycanlılar minalanmış əraziyə necə qayıdacaqlar?

Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında diplomatik münasibətlərin yaranmasının 25 illiyi ilə əlaqədar səfirlik tərəfindən il ərzində bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır.

Tədbirlərə səfirlik tərəfindən Minsk Dövlət Linqvistik Universitetinin konfrans zalında Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi, görkəmli şair və dramaturq Hüseyn Cavidin 135 illik yubiley gecəsinin keçirilməsi ilə başlanılıb. Səfirlik Prezident İlham Əliyevin göstərişlərinin icrasını təmin etmək məqsədilə ölkələrimiz arasında siyasi, iqtisadi münasibətlərlə yanaşı, mədəni əlaqələrin inkişafına da xüsusi diqqət yetirir.

Yubiley gecəsində Belarus Yazıçılar İttifaqının sədri Nikolay Çerqinets, Belarusda səfərdə olan Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın başçılıq etdiyi nümayəndə heyəti, Azərbaycan şairlərinin, o cümlədən Leyla Əliyevanın şeirlərini Belarus dilinə tərcümə edən belaruslu şairə-tərcüməçi Tatyana Sivets, Belarusun Azərbaycandakı keçmiş səfiri Nikolay Patskeviç, Çin, Türkiyə, Qırğızıstan, Türkmənistan və Moldovanın Belarusdakı səfirləri, BMT-nin Beynəlxalq Miqrasiya Komitəsinin Belarusdakı nümayəndəliyinin rəhbəri, Belarusun Mədəniyyət Nazirliyinin əməkdaşı və yerli KİV-in nümayəndələri və iştirak ediblər.

Tədbirdən əvvəl Azərbaycan Dillər Universiteti ilə Minsk Dövlət Linqvistik Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Səfir Lətif Qəndilov böyük ədib Hüseyn Cavidin həyat və fəlsəfi baxışları ilə bağlı çıxış edərək, sevginin, gözəlliyin və mənəvi saflığın carçısı olan Cavidin xalqımızın milli düşüncə tərzinin formalaşdırılmasında dərin izlər buraxdığını vurğulayıb. O bildirib ki, Hüseyn Cavid öz əsərlərində yalnız İslam dünyasına aid olan məsələləri deyil, həm də ümumbəşəri məsələləri qaldıraraq, qoca Şərqin müdrikliklərini açıb göstərə bilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən hələ 1982-ci ildə Hüseyn Cavidin nəşinin Sibirdən Azərbaycana gətirilərək Naxçıvanda dəfn olunması milli mədəniyyətimizin tarixinə böyük hörmət və ehtiramın əlaməti olduğu qeyd edilib. Milli ənənələrə və dəyərlərə sadiq olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Hüseyn Cavidin 135 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı Sərəncam imzaladığı diqqətə çatdırılıb.

Belarus Yazıçılar İttifaqının sədri N.Çerqinets çıxışı zamanı Azərbaycan xalqının beynəlmiləlçiliyə və ümumbəşəri dəyərlərə sadiq olduğunu qeyd edərək Hüseyn Cavid yaradıcılığının fəlsəfi aspektlərinə toxunub.

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla Hüseyn Cavidin yaradıcılığında Azərbaycan xalqının mənəvi dəyərlərindən olan tolerantlığın və multikulturalizmin öz əksini tapdığını bildirib.

Belaruslu şairə-tərcüməçi Tatyana Sivets Hüseyn Cavidin Belarus dilinə yeni tərcümə etdiyi şeirlərini oxuyub.

Belarusun Azərbaycandakı keçmiş səfiri Nikolay Patskeviç Azərbaycanda işlədi dövrün onun üçün unudulmaz olduğunu, Azərbaycan xalqının mədəniyyətini və incəsənətini sevdiyini bildirib.

Sonra səfirlik əməkdaşlarının, Azərbaycan diasporunun üzvlərinin və universitetin tələbələrinin ifasında tədbir iştirakçılarına Hüseyn Cavidin rus dilinə tərcümə edilmiş şeirləri təqdim olunub.

Minsk Dövlət Linqvistik Universitetinin azərbaycanlı tələbəsi Lamiyə Əlbabayeva “Sarı gəlin” mahnısını ifa etdikdən sonra Minskdə fəaliyyət göstərən “Sarı gəlin” rəqs qrupu “Azərbaycan maralı” rəqsini təqdim edib.

Sonda Belarus Prezident Simfonik Orkestrinin bir qrup solistinin canlı ifasında Üzeyir Hacıbəylinin, Niyazinin, Tofiq Quliyevin, Sultan Hacıbəyovun əsərlərindən ibarət klassik musiqi nümunələri səsləndirilib.

Diplomatik münasibətlərin 25 illiyi çərçivəsində səfirlik tərəfindən dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illiyi və Novruz bayramına həsr olunmuş tədbirlərin keçirilməsi, xatirə nişanlarının və xüsusi poçt markasının buraxılması planlaşdırılır.

Tədbir Belarusun yerli KİV-də geniş işıqlandırılıb.

Emil Hüseynli, AZƏRTAC-ın xüsusi müxbiri

Minsk