İlham Əliyev Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak edib

MSK: Seçkiqabağı təşviqat üçün ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq KİV-lərin adları açıqlanıb
20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarella açılışda iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak edib.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına yaşayış məhəlləsi barədə məlumat verdi.

Bildirildi ki, ümumi sahəsi 2,6 hektara yaxın olan yaşayış məhəlləsinin yerləşdiyi ərazi çay və dağ mənzərəsi ilə əhatə olunub. Məhəllə şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun salınacaq. Bu məhəllədə binaların üçmərtəbəli və dördmərtəbəli olması planlaşdırılır. Ümumilikdə məhəllədə 156 mənzilin tikintisi nəzərdə tutulur. Mənzillərdən 48-nin ikiotaqlı, 68-nin üçotaqlı, 20-sinin dördotaqlı və 20-sinin isə beşotaqlı olması planlaşdırılır. Binaların inşasında müasir memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunacaq.

Məhəllədə idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması, geniş yaşıllıq zolaqlarının salınması nəzərdə tutulur. Bütün binalar daimi su, elektrik və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii inşaat materiallarından istifadə olunacaq.

Dövlətimizin başçısı Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin təməlini qoydu.

President.az