Murmansk azərbaycanlıları Milli Qurtuluş Gününü və Rusiya Gününü qeyd ediblər

Qələbə daim bizimlə olsun, Gürcüstan və Azərbaycan dostluğu əbədi yaşasın!
Azərbaycan ombudsmanı 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar beynəlxalq qurumlara bəyanat ünvanlayıb
Milli Depozit Mərkəzinin Müşahidə Şurası yenidən formalaşdırılıb

Murmanskdakı “Azərbaycan” Milli-Mədəni Muxtariyyəti və Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçiriblər.

Tədbirdə əslən azərbaycanlı olan müəssisə, təşkilat və idarə rəhbərləri, vilayət administrasiyasının, ziyalıların, gənclərin və KİV-lərin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat yolunun və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən fotokadrlar nümayiş etdirilib.

Murmanskdakı “Azərbaycan” Milli-Mədəni Muxtariyyətinin sədri, regionun İctimai Palatasının üzvü Afil Hüseynov qeyd edib ki, böyük şəxsiyyət Heydər Əliyevin həyat yolu xalqa və Vətənə xidmətin rəmzidir. Məhz onun rəhbərliyi dövründə Azərbaycan Sovet İttifaqının inkişaf etmiş respublikalarından birinə çevrilib. Ötən əsrin 70-ci illəri tariximizə tərəqqi və yüksəliş illəri kimi daxil olub. Sonralar Sovet İttifaqının ali rəhbərliyində təmsil olunan Heydər Əliyev Azərbaycanın inkişafı üçün də mühüm qərarlar qəbul edib. Amma o, vəzifədən kənarlaşdırılandan sonra ölkəmiz müxtəlif problemlərlə üzləşib, Dağlıq Qarabağda separatizm meyilləri güclənib. Hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı parçalanmaqdan xilas edib, dövlətçiliyimizi qoruyub saxlayıb. O, həyatdan köçüb getsə də, xatirəsi əbədiyaşardır. Heydər Əliyevin xidmətləri göz qabağındadır. Məhz bu səbəbdən biz Azərbaycanın Milli Qurtuluş Gününü bayram edirik.

Vilayət diaspor təşkilatı sədrinin müavini Hüseynəli Hüseynov deyib: “Ümummilli Liderin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı zamanın və xalqın tələbi idi. O dövrdə Heydər Əliyevin qətiyyəti, cəsarəti və siyasi nüfuzu olmasaydı, ölkə müstəqilliyini itirə bilərdi. 1993-2003-cü illər Azərbaycan tarixinə sabitlik və inkişaf illəri kimi daxil olub. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycan Respublikasının ən böyük sərvəti onun müstəqilliyidir, bu gün inkişaf edən və güclənən Azərbaycan Heydər Əliyevin xatirəsinə ehtiramın ən gözəl təsdiqidir. Biz bu yolla gedəcəyik. Heydər Əliyev siyasəti daim Azərbaycanda yaşayacaq. Biz bu yoldan dönməyəcəyik, Heydər Əliyev siyasətinə həmişə sadiq qalacağıq”.

Tədbir iştirakçıları Azərbaycan dövlətinin təşəkkülündə Heydər Əliyevin xidmətlərini qeyd edərək bildiriblər ki, müasir müstəqil Azərbaycanın banisi olan Ulu Öndərin başladığı işlər bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

RAGB-nin fəalı Elvira Hüseynova tədbirdə çıxış edərək vurğulayıb ki, bu günlər Rusiyanın əsas bayramlarından biri – Rusiya Günü də qeyd olunur. Həmin bayram Rusiya Federasiyasında milli birliyin, bu ölkənin indisinə və gələcəyinə görə ümumi məsuliyyətin rəmzidir.

Murmanskdakı “Azərbaycan” Milli-Mədəni Muxtariyyətinin və RAGB-nin yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürov AZƏRTAC-a bildirib ki, tədbir iştirakçılarına Azərbaycan və Rusiya haqqında kitablar, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış materiallar, AZƏRTAC-ın saytında, “Baku” jurnalında dərc olunmuş materiallar və s. təqdim edilib.