NƏSİBOV Mərifət Əhməd oğlu

YƏHYAYEV Elşad Məmmədhənifə oğlu
MIRZƏYEV Murad Telman oğlu
HÜSEYNOV Tofiq Mirsiyab oğlu

NƏSİBOV Mərifət Əhməd oğlu (22.5.1972, Qazax r-nunun Məzəm k. – 28.1.1992, Qazax r-nunun Quşçu Ayrım k.) – Azərbaycanın Milli Qəhrəmanı (7.7.1992, ölümündən sonra).

 1972-ci il mayın 22-də Qazax rayonunun Məzəm kəndində dünyaya göz açmışdır. O, 1979-cu ildə burada məktəbə getmiş, 1989-cu ildə isə Aşağı Əskipara kənd orta məktəbini bitirmişdir. 1990-cı ildə Qazax rayon Hərbi Komissarlığının göndərişi ilə sürücülük peşəsinə yiyələnmişdir. Elə həmin il hərbi xidmətə çağırılmışdır. Sovet Ordusu sıralarında bir il xidmət etdikdən sonra Vətənə qayıtmış və könüllü olaraq Milli Orduya yazılmışdır. M.Nəsibov ilk gündən torpaqlarımızın müdafiəsində fəal iştirak etmiş, şəxsi igidlik və fədakarlıq nümunəsi göstərmişdir. Mərifət Nəsibov torpağa, döyüş dostlarına çox sadiq bir gənc idi. O, həmişə öndə gedir, Qazax rayonunun Ermənistanla sərhəd kəndlərini cəsur bir əsgər kimi qoruyurdu.

1992-ci il yanvar ayının 28-i… M. Nəsibovun son döyüşü… O, Qazax rayonunun Quşçu Ayrım kəndində gedən mövqe döyüşləri zamanı qəhrəmancasına həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı fərmanı ilə Nəsibov Mərifət Əhməd oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Qazax rayonunun Məzəm kəndində dəfn edilmişdir.

Qazax rayonundakı H.Əliyev adına parkda adına bulaq tikilmişdir.

 

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 227