“The National Interest”: “Amerikaya Azərbaycan kimi strateji tərəfdaşlar lazımdır”

BMT builki Beynəlxalq Qız Uşaqları Gününü “Qızların gələcəyi vizyonu” mövzusunda qeyd edir
XİN başçısı: “Dünya ictimaiyyətinin reaksiya verməməsi ermənilərdə hər şeyin mümkünlüyü illüziyasını yaradıb”
Prezident İlham Əliyev: BMT ilə əməkdaşlıq Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır

Amerikada çıxan “The National Interest” nəşrində “İrs” fondu yanında Duqlas və Sara Ellisonlar adına Xarici Siyasət Araşdırmaları Mərkəzinin direktoru Lyuk Koffinin “Amerikaya Azərbaycan kimi strateji tərəfdaşlar lazımdır” sərlövhəli məqaləsi dərc edilib. Müəllif yazır ki, Cənubi Qafqazda yerləşən kiçik, lakin mühüm bir ölkə olan Azərbaycan ABŞ siyasətçilərinin daha artıq diqqətinə layiqdir və Vaşinqton bu ölkəyə diqqəti artırmalıdır.

Koffi qeyd edir ki, ABŞ ilə Azərbaycan arasında münasibətlər hələ Birinci Dünya müharibəsindən sonra, Azərbaycan Xalq Cümhuriyyəti dövründə keçirilmiş Paris Sülh Konfransı zamanı yaranıb. Həmin konfransında Azərbaycan nümayəndə heyəti ilə görüşmüş Prezident Vudro Vilson bir neçə ildən sonra San-Fransiskoda bir çıxışında o görüşü xatırlayaraq deyib: “Bir dəfə Azərbaycandan bizə çox maraqlı və ləyaqətli bir qrup centlmen gəlmişdi. Onların azadlıq ideyaları, hüquqlar və ədalət barədə danışdıqlarını mən dərhal anladım, onlarla biz eyni dildə danışırdıq”.

Ekspert təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın inkişafında Azərbaycanın rolundan söhbət açaraq yazır ki, Azərbaycan terrorizmə qarşı mübarizə işinə sanballı töhfə verib. Əfqanıstanda xidmət edən azərbaycanlı hərbi qulluqçular heyətinin sayı bu yaxınlarda artırılaraq 120 nəfərə çatıb. Bu, ilk baxışdan o qədər də böyük rəqəm deyil, lakin qeyd etmək lazımdır ki, bu rəqəm 26 başqa ölkənin, o cümlədən NATO üzvləri olan İspaniya, Niderland və Norveç kimi ölkələrin Əfqanıstandakı qoşunlarının sayından çoxdur.

Azərbaycan diplomatiya sahəsində də pozitiv töhfə verib. Yaxın gələcəkdə Azərbaycanda amerikalı və rusiyalı hərbi sərkərdələr arasında yüksək səviyyəli üçüncü görüş keçiriləcək. NATO Birləşmiş Silahlı Qüvvələrinin Ali Baş Komandanı və eyni zamanda ABŞ-ın Avropadakı Ali Hərbi Komandanı olan general Kertis Skaparrotti Bakıda Rusiya Silahlı Qüvvələrinin Qərargah rəisi Valeri Gerasimovla görüşəcək. Koffi vurğulayır ki, ABŞ-Rusiya münasibətlərində yaranmış soyuqluğu nəzərə alsaq, bu cür görüşlər çox faydalı və əhəmiyyətlidir.

Ekspert daha sonra Azərbaycanda mövcud tolerantlıq və multikulturalizm ənənələrindən söhbət açır. O qeyd edir ki, bu ölkənin əhalisinin əksəriyyəti müsəlman olsa da, Azərbaycan dünyəvi dövlətdir. Azərbaycanın İsrail ilə çox sıx münasibətləri var. Azərbaycanda yerləşən Qırmızı Qəsəbə dünyada İsrailin hüdudlarından kənarda yerləşən yeganə yaşayış məntəqəsidir ki, onun əhalisinin əksəriyyəti yəhudilərdir. Qeyd etmək lazımdır ki, İsrailin idxal etdiyi neftin 40 faizi Azərbaycandan alınır. Bundan əlavə, ekspert yazır ki, Xəzərdə ən böyük liman olan Bakı Avropa ilə Mərkəzi Asiya arasında daşınan yüklər üçün nəqliyyat qovşağıdır.

İlk neft quyusu 1846-cı ildə Bakının yaxınlığında qazılıb. Bu səbəbdən Bakı şəhəri regionun neft-qaz sahəsi üçün xüsusi əhəmiyyət kəsb edirdi. Amerikanın energetika şirkətləri 1990-cı illərdən başlayaraq Azərbaycanda neft və qazın kəşfiyyatı və hasilatı ilə məşğul olur. İqtisadi baxımdan, xüsusən enerji sektorunda Azərbaycan regionda mühüm aktor kimi qalacaq. ABŞ və Rusiya hərbi komandanlarının yaxın vaxtlarda keçirilmiş görüşləri göstərdi ki, Azərbaycan həm də Qərb ilə Şərq arasında qərəzsiz vasitəçi kimi mühüm rol oynayır. Amerikaya Azərbaycan kimi tərəfdaşlar lazımdır.

Koffi “The National Interest” nəşrində dərc edilmiş məqaləsinin sonunda yazır ki, əgər Amerikanın siyasi kursunda düzgün tədbirlər görülərsə, onda ABŞ ilə Azərbaycan arasında münasibətlərin bundan sonrakı inkişafı hər iki ölkə üçün qarşılıqlı sərfəli olacaq.

Yusif Babanlı, AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton