“Nazirliyimizin fəaliyyətində əsas prioritet gənclərin məşğulluq probleminin həllidir”

Dağlıq Qarabağ münaqişəsinin həllində kompromislərin axtarışı Qazaxıstanın ATƏT-dəki sədrliyinin prioriteti olacaq
“Azərbaycanda analoqu olmayan yeni təşkilat yaradacağıq”
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində son nöqtə… yaxınlaşır?

Azad Rəhimov bir sıra kütləvi informasiya vasitələrinə müsahibə verib. APA-nın məlumatına görə, nazir müsahibədə Gənclər Günü ilə yanaşı digər Gənclər məsələlərə də toxunub.
– 2009-cu il gənclər siyasəti sahəsində hansı prioritetlər əsas götürüləcək?
– Bu il ötən ildə olduğu kimi nazirliyimizin fəaliyyətdə əsas prioritet gənclərin məşğulluğudur. Bu problem ölkənin əsas problemlərindən biridir. Bilirsiniz ki, ölkə əhalisinin 60 faizini 35-dək yaş qrupuna daxil olan insanlar təşkil edir. Bu təbəqə sayca ən böyük təbəqədir. Gənclər ən əsas problemi məşğulluq probleminin həllidir. Mən dəfələrlə qeyd etmişəm ki, nazirlik iş yeri açmır. Lakin nazirliyin köməyi ilə İqtisad Universitetində yaradılan karyera mərkəzinin fəaliyyətə başlamasından bir neçə gün sonra 700 nəfər məzun işlə təmin olundu. Bu istiqamətdə işlər davam edəcək. İl ərzində həm karyera mərkəzləri, həm resurs mərkəzləri, həm də tələbələr üçün sahibkarlıq festivalları keçiriləcək.
– Ötən il nazirlik bir neçə böyük sammit keçirmişdi. Bu il də belə sammitlərin keçirilməsi nəzərdə tutulurmu?
– Bu ilin dekabrında Gənclər və İdman Nazirliyi Təhsil Nazirli və TQDK ilə birgə Beynəlxalq Elm Olimpiadası keçirəcək. Keçən il bu olimpiada 85 ölkənin nümayəndələrinin iştirakı ilə Koreyada keçirilmişdi. Builki olimpiadada 50-dən artıq ölkənin nümayəndəsi iştirak edəcək. Bu çərçivədə 500-dən çox uşağın Bakıya gəlməsi nəzərdə tutulur. Olimpiada keçiriləcək zalın tərtibatı, sualların hazırlanması və nəticələrin yoxlanması çox mühüm işdir. İnanırıq ki, Beynəlxalq Elm Olimpiadasını yüksək səviyyədə təşkil edə biləcəyik.
– Yerli təşkilatlar və beynəlxalq qurumlar da artıq Azərbaycanda QİÇS və narkomaniya daşıyıcılarının gəncləşməsini etiraf edirlər. Hazırda ölkədə nə qədər narkoman var və nazirlik bu bəlanın qarşısını almaq üçün hansı işlər görür?
– Bu xəstəliklərin cavanlaşması prosesi təkcə Azərbaycanda deyil, bütün dünyada gedir. Çünki bununla bağlı ciddi maarifləndirmə işi kifayət qədər aparılmır. Bu istiqamətdə işimizi daha fəal aparmalıyıq. Tək Bakı şəhərində deyil, rayonlarda da gənclər bu xəstəliklərin bütün mərhələləri barədə məlumatlandırılmalıdır. Biz məşhur idmançıları bu kampaniyaya cəlb edirik. Gənclərə onların çıxışları broşura və kitabçalardan dah çox təsir edir. Narkomanlarla bağlı araşdırmaları biz özümüz apara bilmərik. Biz bu rəqəmləri müxtəlif qurumlardan əldə edirik. Bəzi məlumatlara görə, narkomaniyaya qoşulan gənclərin sayı 30 mindən çoxdur. Lakin bu yalnız rəsmi qeydiyyatda olan narkomanların sayıdır.
– Belə fikirlər səslənir ki, televiziyalar sosial reklamları vermək istəmirlər. Nazirlik telekanallarla belə reklamların efirdə sayının çoxalması ilə bağlı danışıqlar aparacaqlarmı?
– Bizim kanallarla heç bir problemimiz yoxdur. Bizim sosial reklamlarımız telekanallarda gedir və onlar tərəfindən normal qarşılanır. Amma kanalların əksəriyyəti özəl kanallardır. Ona görə də onları pulsuz sosial reklam verməyə məcbur etmək çox çətindir. Bununla bağlı qanun olsa və bu qanunda sosial reklamların verilmə qaydası göstərilsə, telekanallar sosial reklamları verməyə etiraz etməzlər.
– “Gənclər şəhərciyi” və Gənclər Sarayı layihəsinin reallaşdırılması bu il mümkün olacaqmı?
– 2007 və 2008-ci illərlə müqayisədə bu il maliyyə baxımından daha çətin il olacaq. Əgər biz əvvəlki iki ildə buna nail olmadıqsa, inanmıram ki, bu il nəyəsə nail olaq. Bu, sırf maliyyə ilə bağlıdır. Nə investisiya proqramında, nə də nazirliyin büdcəsində bu qədər maliyyə yoxdur ki, biz evlər tikək. Sadəcə, nazirliyin Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmək imkanı var və biz bu müraciəti etmişik. Həqiqətən də çox qısa müddətdə Hövsanda 3 hektar ərazi ayırdılar. O ərazidə hansısa bir şirkət bizimlə birlikdə bu evləri tikməlidir. Biz nazirlik kimi bu torpağı təklif edə, kommunikasiya xətlərini çəkə bilərik, şirkət isə evləri tikə bilər. Düşünürük ki, bu evlər havayı paylanmayacaq. İpoteka ilə veriləcək, lakin bu ipotekalar uzunmüddətli, ilkin ödənişsiz və çox aşağı faizlə olmalıdır. Hazırda 60 minə yaxın gənc ailə ev şəraitini dəyişmək istəyir. Onların çoxunun evi yoxdur, yataqxanalarda qalırlar. Amma son ildə Bakıda evlərin tikintisi dayanıb. Bu sözsüz ki, dünyada olan iqtisadi böhranla bağlıdır. Digər sahələrdə olmasa da, tikinti sahəsində biz bu böhranı hiss edəcəyik.
– Bu il nazirlik gənclər təşkilatlarının neçə layihəsini maliyyələşdirmək fikrindədir?
– Layihələrin sayını hələlik dəqiq deyə bilmərəm. Bu məsələ fevralın 2-də nazirliyin nəzdində fəaliyyət göstərən İctimai Şuranın iclasında müzakirə olunacaq. Düşünürəm ki, 40-a qədər layihə maliyyələşdiriləcək. İlin birinci yarısında layihələrin maliyyələşməsinə 100 min manat sərf olunacaq. Maliyyə imkanlarımız olsa, ilin ikinci yarısında bu məsələ yenidən gündəmə gələcək və biz digər layihələri də maliyyələşdirəcəyik. Məsələ bundadır ki, 2007-2008-ci illərdə nazirliyin bu layihələri həyata keçirməyə imkanı olmadı. Ona görə də istəyirik ki, bu il gənclər təşkilatlarına olan “borc”larımızı qaytaraq. 
– Ötən il nazirlik “Eurovision” yarışmasına yaxından dəstək verirdi. Amma bu il bu dəstək o qədər də hiss olunmur. Bu nə ilə əlaqədardır?
– Ötən il Azərbaycan “Eurovision” müsabiqəsində birinci dəfə iştirak edirdi. Ona görə də biz istədik ki, Azərbaycanı gözəl təqdim edək. Biz göstərmək istədik ki, Azərbaycan belə böyük şouları təşkil edə bilər. Ona görə də müsabiqənin milli finalına Avropa Yayım Şurasının “Eurovision” üzrə rəhbərini, Sertap Ereneri, Ruslananı və Mariya Şerifoviçi dəvət etdik. Bu il daha buna ehtiyac yoxdur. Bu il də məqsədimiz odur ki, gözəl bir şou hazırlayaq, bizim nümayəndə yüksək səviyyədə çıxış edə bilsin. Biz əsas diqqəti buna verməliyik, nəinki özümüzü göstərməyə və dünyaya tanıtdırmağa. Ən çox şansı olan namizəd bir də görürsən ki, 15-ci yerə düşür. Kimə ki, heç inanmırlar, o birinci yerə çıxır. Bu da ondan irəli gəlir ki, səsvermədə Portuqaliyadan Polşaya qədər, Litvadan Maltaya qədər Avropada yaşayan insanlar iştirak edirlər. Ona gərə də çalışmaq lazımdır ki, bizim çıxışımız yüksək səviyyəli olsun.
– Gənclərin xaricdə təhsili ilə bağlı bu il hansı yeniliklər ola bilər?
– Hər il ən azı min nəfərin təhsil xərclərini dövlət ödəyə bilər. Amma ötən il təhsil komissiyasına cəmi 120 nəfər sənədlərini təqdim edib. Qalan 880 yer isə boş qalıb. Maliyyə imkanlarımız var idi, dövlət bu maliyyəni ödəməyə hazır idi, amma müraciət edən olmadı. Biz onun tərəfdarıyıq ki, bizim tələbələrimiz nüfuzlu ali məktəblərə daxil olsunlar. Qazaxıstanla müqayisədə bizim tələblərimiz 7-8 dəfə az xaricə ölkələrin ali məktəblərinə daxil olurlar. Ola bilsin ki, bəziləri bilmir ki, dövlət tərəfindən belə dəstək var. 2012-ci ilədək hər il 1000 tələbənin maliyyəsini dövlət ödəməyə hazırdır. Onların sonradan işlə təminatı ilə bağlı da heç bir problem yoxdur. Nazirlik tələbələrin Avropada olan təşkilatlarını da tam dəstəkləyir.
– Olimpiya çempionlarına həddən ziyadə qiymətli hədiyyələrin verilməsi idmançılar daha yeni nailiyyətlər qazanmaq həvəsini söndürə bilər. Bununla bağlı hər hansı bir məhdudiyyət qoyula bilərmi?
– İnsanların xarakteri müxtəlifdir. O sevinci ki, onlar ölkəyə bağışlayırlar, o əziyyəti ki, təlim toplantılarında çəkirlər, onlara verilən pullar halaldır. Mən inanıram ki, onlar daha da çox məşq edəcəklər və həmin anları yenidən yaşamaq istəyəcəklər. Belə yüksək mükafatlar veriləcəyini heç bir idmançı gözləmirdi. Mən istərdim ki, pul o idmançıların xarakterini dəyişməsin. Qalan işlər bizi narahat etmir.
– Ordudakı gənclərin vətənpərvərlik ruhu sizi qane edirmi? Erməni hərbçiləri tərəfindən əsir götürülən Azərbaycan əsgərləri ilə bağlı yayılan məlumatlar, ordudakı intihar halları bu sahədə vəziyyətin o qədər də qənaətbəxş olmadığını göstərir.
– Ordu böyük olanda belə hallara da rast gəlmək mümkündür. Mən hərbi hissələrdə olmağı xoşlayıram, amma olduğum hərbi hissələrdə belə hallarla rastlaşmamışam. Komandirləri ən çox narahat edən əsgərlərin riyazi biliklərinin aşağı olmasıdır.
– Bu il nazirliyin 15 yaşı qeyd olunacaq. Ad gününüzü necə qeyd etmək istəyirsiniz?
– Hələlik bununla bağlı plan cızmamışıq. Bu çox gözəl sualdır. Qeyd etməli nailiyyətlərimiz həqiqətən də var.