Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Əmmanda İordaniya rəsmiləri ilə görüşüblər

Ümummilli lider Heydər Əliyevin vəfatından 16 il ötür
“Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (XVII əsr–XVIII əsrin ilk dörddəbiri)” kitabının təqdimatı olub
Məhərrəm Zülfüqarlı: Ermənistanı müdafiə edən insan haqları təşkilatından ədalət gözləməyə dəyməz

İordaniya Kralı II Abdullahın dəvəti ilə Əmmanda səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) ali səviyyəli nümayəndə heyəti İordaniya Şahzadəsi Əl Hassan bin Talal, Senatın sədri Faisal El-Fayez və xarici işlər naziri Ayman Safadi ilə görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, NGBM nümayəndə heyətinə ərəb dünyasının siyasətçiləri ilə yanaşı, Serbiya, Bolqarıstan, Ukrayna, Xorvatiya və Latviyanın sabiq prezidentləri Boris Tadiç, Petar Stoyanov, Viktor Yuşenko, İvo Yosipoviç, Valdis Zatlers, həmçinin Çexiya, Bosniya və Herseqovinanın sabiq baş nazirləri Jan Fişer, Zlatko Laqumciya və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov daxildir.

İordaniya rəsmiləri ilə görüşlərdə əsasən İsrail-Fələstin sülh danışıqları və NGBM-nin bu prosesə verə biləcəyi töhfələr müzakirə olunub. Qeyd olunub ki, bölgədə sülhün bərqərar olması İsrail-Fələstin probleminin həllindən asılıdır. Həmçinin bölgədəki böhranlar, onların həlli istiqamətində göstərilən səylər, Suriya qaçqınları, terrorla mübarizə məsələləri barədə fikir mübadiləsi aparılıb.

Görüşlərdə martın 15-dən 17-dək Bakıda keçiriləcək VI Qlobal Bakı Forumuna hazırlıq və İordaniya rəsmilərinin Forumda iştirakı məsələləri geniş müzakirə olunub.

Qeyd edək ki, I Qlobal Bakı Forumunda İordaniya Kraliçası Nur iştirak edib. Növbəti forumlarda isə ölkə Senatın sədri, üzvləri və sabiq baş nazirlərdən ibarət nümayəndə heyəti ilə təmsil olunub.

Xatırladaq ki, Yaxın Şərqdə dialoqun təşviq edilməsi məqsədilə Əmmanda səfərdə olan NGBM-nin nümayəndə heyətini Kral II Abdullah da qəbul edib.