Nizami ili

Nyu-Yorkda BMT Baş Assambleyasının ümumi siyasi diskussiyaları keçirilib
ANAMA: Şuşaya atılmış raket “İskəndər-M”dir
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda zəlzələdən zərərçəkmiş ailələr üçün tikilən yeni evlərlə tanış olublar

Qəlbini çalışan bu mal, bu dövlət,

Azı bir zillətdir, çoxu fəlakət.

Göydə ol yerdə ol fərqi yoxdu bunun

Torpaqsan yenə də torpaqdır sonun

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev bildirirdi ki, insanlara şeir qədər, ədəbiyyat qədər, mədəniyyət nümunələri qədər güclü təsir edən, yəni insanların mənəviyyatına, tərbiyəsinə, əxlaqına, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur. Ümummilli Liderin hakimiyyətinin hər iki dövrünə nəzər salsaq, bu mühüm məqamın şahidi olarıq ki, daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, ədəbiyyatı, böyük tarixi keçmişi ilə qürur duyduğu və gələcək nəsillərin taleyini düşündüyünə görə doğma Azərbaycanı üçün möhkəm baza formalaşdırıb. Nəzərə alsaq ki, hər bir xalqın varlığı, milli kimliyi ilk növbədə milli-mənəvi dəyərlərində ehtiva olunur, bu halda ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ilk görüşünü məhz ziyalılarla keçirməsinin də nə qədər böyük əhəmiyyətə malik, bugünümüzə və gələcəyimizə hesablanmış mühüm addım olduğunu daha dərindən dərk edə bilərik. Ümummilli Lider tariximizə sahib çıxmağı, tariximizin saxtalaşdırılmasına yol verməməyi qarşıya mühüm vəzifə kimi qoymuşdur. Onun milli-mənəvi, dini dəyərlərimizin, dilimizin qorunması, tariximizin öyrənilməsi və gələcək nəsillərə çatdırılması yönümündə atdığı davamlı addımların miqyası genişdir. Ümummilli Lider, eyni zamanda, gənclərə bu çağırışı edirdi ki, tariximizi, ədəbiyyatımızı yaxşı öyrənin, dilimizi, millimənəvi dəyərlərimizi qoruyun. Son 17 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev 2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında bu kimi məsələlərə ayrı-ayrılıqda diqqət yönəldərək konkret tapşırıqlarını vermişdir. “Müstəqillikdən əvvəl bizi millət kimi qoruyub saxlayan milli dəyərlərimiz, milli ənənələrimiz, ana dilimiz, ədəbiyyatımız, musiqimiz olub” söyləyən dövlətimizin başçısı qeyd etmişdir ki, bu sahəyə dövlət tərəfindən daim diqqət göstərilir. İllik yığıncaqda Prezident həmçinin ədəbiyyat üzrə araşdırmaların davam etdirilməsinin vacibliyini diqqətə çatdırmışdır: «Çünki ədəbiyyatımız dünya ədəbiyyatının inkişafında çox böyük rol oynamışdır. Biz haqlı olaraq bu barədə qürur hissi ilə danışa bilərik.» Cənab İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin «Nəsimi ili», 2021-ci ilin «Nizami Gəncəvi İli» elan edilməsində də məqsəd Nəsimi irsinin, Nizami Gəncəvi yaradıcılığının Azərbaycan xalqının mənəviyyat xəzinəsində rolu və yerini təbliğ etmək, gənc nəslə çatdırmaqdır. Əvvəldə də qeyd etdiyimiz kimi, bu ənənələrin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.

Dahi klassiklərimiz Ü.Hacıbəylinin, M.Maqomayevin, S.Vurğunun, C.Cabbarlının, M.S.Ordubadinin, Aşıq Ələsgərin yubileyləri məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilib, bəzilərinin ev-muzeyləri yaradılıb. Hazırda həmin ev-muzeylərində Azərbaycan xalqının dahi şəxsiyyətlərinin zəngin irsi və yaradıcılığı geniş tədqiq və təbliğ edilir. Dövlətimizin başçısı İlham Əliyevin 2019-cu ili «Nəsimi ili», 2021-ci ili «Nizami Gəncəvi İli» elan etməsi də Ulu Öndərin bu istiqamətdə gördüyü işlərin uğurlu davamıdır. Ümummilli Lider dünya təcrübəsinə istinadən bildirirdi ki, yubileylərin keçirilməsi bir tərəfdən yubilyarın xalq, ölkə, dünya qarşısında xidmətlərini bir daha təbliğ və nümayiş etdirmək, digər tərəfdən müasir nəslin ona bəslədiyi hörmət və ehtiramı bildirmək deməkdir. Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq anadan olmasının 880 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliğinə çox böyük töhfədir. Nizami yaradıcılığı xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. Onun qəhrəmanları ədalət, xalqın xoşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır. Nizami Gəncəvi həm də vətənpərvər şair idi. O, təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, Vətəninin keçmiş günlərini tərənnüm etməyə çalışmışdır. Nizami Gəncəvi yaradıcılığında vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir.

Qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir. Korifey sənətkar öz ənənələri ilə seçilən ədəbi məktəbini yaratmışdır. Nizami Gəncəvinin dünyanın ən zəngin kitabxanalarını bəzəyən əsərləri Şərqdə incəsənətin, xüsusən də miniatür sənətinin inkişafına təkan vermişdir.

Qədim Gəncədə dünyaya göz açan Azərbaycan şairi, Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi Nizami ömrü boyu bu şəhərdə yaşamışdır. Nizami təhsilini Gəncə mədrəsələrində almışdır. Ərəb və fars dillərini mükəmməl bilirdi. Nizami təvazökar, əməksevər, gözütox, başqaları ilə mülayim rəftar edən insani ləyaqət sahibi hesab edir, hamını belə olmağa səsləyirdi. Onun lirik şeirlərində zülmə, haqsızlığa, ədalətsizliyə dərin nifrət və etiraz var idi.

Nizami Gəncəvi lirik şeirlərin, “Xəmsə” (“Beşlik”) adı ilə məşhur olan “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə” poemalarının müəllifidir. Nizami Gəncəvidən sonra Şərgin bir çox böyük şairləri onun təsiri ilə Xəmsələr yazmışdır. Siz yəqin ki, Nizami poemalarından götürülmüş “Nuşirəvan və bayquşların söhbəti”, “Sultan Səncər və qarı”, “Kərpic kəsən kişinin dastanı”, “Ağıllı çoban”, “Şah və xidmətçi”, “Xeyir və Şər”, “İsgəndər və çoban” və digər mənzum hekayələri ilə tanışsınız.

Cəsarəti, hünəri, mərdliyi dönə-dönə tərənnüm edən şair “mərd olmaq yaxşıdır dünyada hər an, mərdlik ilə çatar arzuya insan” deyir. Xalqımız Nizaminin xatirəsini məhəbbətlə yad edir. Bakıda və Gəncədə Nizaminin abidəsi ucaldılmışdır.

1947-ci ildə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 750-ci ildönümünə həsr edilmiş Nizami məqbərəsi tikilib. Məqbərə şairin vətəni Gəncə şəhərinin yaxınlığında yerləşir. 1991-ci ildə məqbərə kompleksi yenidən qurulub, məqbərə 20 metr hündürlüyündədir və ətrafında park salınıb. Məqbərənin yaxınlığında ölməz şairin yaratdığı əsərləri tərənnüm edən tunc abidə ucalır. 2012-ci il aprelin 20-də Heydər Əliyev Fondunun dəstəyi ilə İtaliyanın paytaxtı Roma şəhərindəki məşhur “Villa Borghese” parkında Nizami Gəncəvinin abidəsi açılıb.

İlyas Yusif oğlu Nizami 1141-ci ildə Azərbaycanın ən qədim şəhərlərindən Gəncədə anadan olmuşdur. Şairin yazdığına görə onun anası Azərbaycanda yaşayan kürd tayfalarından birinin başçısının qızı imiş. Şairin babası Zəki Müəyyəddinin alim və ya şair olması ehtimal olunur. Mükəmməl bilmək ona qədim dünya və orta əsrlərdə yaranmış bütün elmi və ədəbi məxəzlərlə tanış olmaq imkanı verdi.

Nizami həm o zaman Gəncədə yaşayan məşhur alimlərdən dərs almış, həm də həyatdan, xalq kütlələrindən, dünyagörmüş, təcrübəli və bilikli qocalardan öyrənərək, öz biliyini dərinləşdirmişdir.

Nizami Gəncəvinin məqbərəsində 1947-ci ildə aparılan qazıntı işləri zamanı onun sinə daşı tapılmışdır. Həmin daşda onun 1209-cu il mart ayının 12-də dünyasını dəyişdiyi yazılıb Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Dövlət başçısı qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib.Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilib. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaradıb. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirib. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açıb.

Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilib. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilib.

Müəllif: Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi: Şirinzadə Lalə