NOVRUZ OLDU…

Ağ Ev: “Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın nəzarətinə qaytarılmalıdır”
İslam mədəniyyətinin inkişafında Azərbaycan alimlərinin roluna dair müzakirələr aparılıb
Məşhur türk müğənnidən Azərbaycana dəstək

Novruzun yaranması, tarixi kökləri və gələcəyini tarix üzrə fəlsəfə doktorları Bəhmən Faziloğlu, İlhamə Məmmədova ilə birlikdə müzakirə etdik.

Fuad Babayev: Adi insanlar Novruzun mənşəyi ilə bağlı nəyi bilməlidirlər? biz onunla bağlı hansı təhriflərə yol veririk?

İlhamə Məmmədova: İlk növbədə Novruzun kökünü araşdırmalıyıq. Bilməliyik ki, bayramın tarixi nə zamandan başlayır, onu keçirməkdə məqsəd nədir. Babalarımızın bayram adət – ənənələri ilə indiyə gəlib çatan adətlər arasında nə kimi fərq var. Təəssüf ki, indi bayramı süniləşdirilər, bayağılaşdırırlar. Sovet dövründə bayram qadağan olunmuşdu, amma ailələr onu daha canlı keçirirdi. Böyüklərin yanına gedərdilər, kasıblara əl tutardılar, köməyə ehtiyacı olanlara kömək edərdilər. İndi belə hallara az rast gəlinir.

Bəhmən Faziloğlu: Mühitimiz və yaş həddi Novruza olan münasibəti müəyyənləşdirir. Uşaqlar onu daha coşqu və təntənə ilə qarşılayırlar. Yaşlı insanlar isə daha adi yanaşırlar. Novruzla bağlı XX əsrin birinci yarısında tədqiqatlar aparılmayıb, II yarısında isə etnoqrafik və folklor tədqiqatları çox az saydadır. Məsələn, Məmməd Dadaşzadə “Orta əsr Azərbaycan mənəvi mədəniyyəti” kitabında Novruza müəyyən bir hissə ayırıb. Ümumiyyətlə, bu sahədə tək-tük nümunələr saymaq olar. Belə olan halda da həqiqətləri ortaya çıxartmaq çox çətindir. Novruz təxminən 1990-cı illərdən sonra geniş tədqiq olunmağa başlayıb. Yəni, 30 ildir tədqiq olunan bir mövzu üçün yekun qərar vermək çox çətindir. Novruzla bağlı özümün qurduğum təsnifatı sizinlə bölüşmək istəyirəm.

Tarixən Azərbaycanda sentyabr ayının 21-22-də, payızda gecə-gündüz bərabərliyi dövründə Mehrikan-Məhsul bayramı, noyabrın 8-də Qırovdüşən və ya Kövsəc mərasimi, 21 noyabr-21 dekabr tarixlərində Azər ayının 9-cu günü (30 noyabr – 1 dekabr) Azər bayramı qeyd olunardı. Xalq təqviminə görə Böyük Çillə, yəni Qaraqış 22 dekabrdan 1-2 fevraladək 40 gün, Kiçik Çillə, yəni Yalquzaq ayı 1-2 fevraldan 22 fevraladək 20 gün davam edir, bu günlər müxtəlif mərasimlərlə qeyd olunardı. Məsələn, 6-10 fevralı tarixlərində Xıdır Nəbi mərasimi keçirilərdi, elə indi də bir sıra bölgələrimizdə bu mərasim təntənə ilə qeyd olunur. Xalq təqviminə görə, qışın son ayı, yəni Boz ay (Alaçalpo, Ağlar-gülər)  22 fevralda başlayaraq, Novruza qədər sürür.

Novruz astronomik bayramdır, bu bayramın mahiyyətini dərk etmək üçün astronomik prosesləri izləmək vacibdir. Qış gündönümündə Günəş Zodiakın ən dərin guşəsinə – Oğlaq (Təkə) bürcünə girir. Dekabrın 22-dən sonra Günəşin Cənub yarımkürəsindən Şimal yarımkürəsinə doğru hərəkəti başlayır. Novruza qədər son 50 gündə, yəni 7 çərşənbə müddətində Günəşin Qoç bürcünə doğru hərəkəti daha açıq-aydın hiss olunur. Xüsusilə 4 doğru çərşənbə müddətində Günəşin hərəkəti hiss olunur; havanın istiliyi artır, buzlar əriyir, yaşıllıq artır. Kiçik Çillədən sonra ilk çərşənbə günündən növbəti çərşənbə gününə qədər Günəş Şimal yarımkürəsinə doğru eyni məsafə qət edir. Biz isə çərşənbə günü ərəfəsində çərşənbə axşamı günü bayramı, yəni çərşənbəni qeyd edirik.

Əslində Novruzun 7 çərşənbəsi var; 3 oğru (oğru çərşənbə, oğru buğ, oğru üskü) və 3 doğru (doğru çərşənbə, doğru buğ, doğru üskü) çərşənbə, bir də ilaxır çərşənbə. Tez-tez sual verirlər ki, biz niyə Od, Su, Yel, Torpaq çərşənbəsi deyirik? Bəzən bir sözün işlənməsini qadağan etməyə, Novruzla bağlı müzakirələri monopoliyaya almağa cəhd göstərirlər. Novruzla bağlı çox variantlılıq mövcuddur. Bu bayramın rəngarəngliyindən, mahiyyətindən irəli gəlir. Yəni, el arasında bir bayram müxtəlif cür adlandırıla bilər. Məsələn, Od çərşənbəsi “Addı çərşənbə”, “İkinci çərşənbə”, “Xəbərçi çərşənbə”, “Üskü çərşənbə” də adlanır. Yaxud, Su çərşənbəsi xalq arasında  “Əzəl çərşənbə”, “Gözəl çərşənbə”, “Sular Novruzu”, “Gül çərşənbə” kimi də tanınır.

Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20 və ya 21-də) keçirilir. İl təzələnir, Günəş Yeri – Cənub və Şimal yarımkürələrini eyni səviyyədə işıqlandırır, gecə-gündüz bərabərliyi yaranır.

Təxminən aprel ayının 15-nə kimi “Qarının borcu” olur, may ayının əvvəlində Xıdır İlyas mərasimindən az sonra sürülər yaylağa gedir. Bax, beləcə, 365 gün tamamlanır və Novruzda il təhvil olunur. Bu bütöv bir sistemi təşkil edir.

İlhamə Məmmədova: Səfəvilər dövründə Səddə, Abrizekan kimi bayramlar daha çox idi. Adları fars kökənli olsa da, bizim xalqa məxsusdur. Səddə – 100 deməkdir. Yəni, Novruza 50 gün qalmış bu bayramı keçirirdilər. Bir növ Novruza hazırlıq xarakteri daşıyırdı. 50 gün gecə, 50 gün gündüz birlikdə 100 edir. Zaman keçdikcə, belə bayramlar yaddaşlardan silinib, qalan yeganə Novruz bayramıdır. Bu da təbiətlə bağlıdır.

Bəhmən Faziloğlu: Bəzi bayramların, mərasimlərin adları fars-ərəb dillərində olsa da xalq arasında paralel adlar işlədilib. Fikrimcə, bu, Novruz bayramının təxminən son min ildə, məhz İslam dininin yayıldığı dövrdə şəkillənməsi ilə sıx bağlıdır. Yəni, Novruz Azərbaycan ərazisində mövcud olmuş dövlətlər – Səlcuqilər, Atabəylər, Hülakilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər dövründə daha da sistemləşmiş və dövlətçiliklə sıx bağlı olmuşdur. Səlcuqi hökmdarı Sultan Məlikşah Cəlalüdövlənin hakimiyyəti illərində (təxminən 1076-1083) Cəlaliyyə təqvim islahatı həyata keçirilib və bu bayram məhz həmin illərdən Novruz adlanıb. Təqvim islahat prosesində məşhur vəzir Nizamülmülk və bir sıra münəccimlər iştirak edib və komissiyanın rəyinə əsasən əvvəllər Hut (Balıq) bürcündə qeyd olunan bayram Qoç bürcünə keçirilib. Nəzərə alaq ki, türk-müsəlman dövlətlərində fars və ərəb dilləri saraylarda geniş işlənib. Novruzla, bir sıra digər bayramlarla bağlı adların bəzən fars və ərəb dillərində olması məhz saraylardan gəlirdi. Dövlətçiliklə bağlı olduğundan məhz Novruzda, yəni astroloji və təsərrüfat ilinin başlanğıcında vergi dəftərləri yenilənirdi, orta əsr dövlətlərində növbəti vergi yığılması, payızda, təsərrüfat ilinin sonunda, məhsul yığımı zamanı olurdu. Məhz Novruzda hərb və sülh məsələləri ilə əlaqədar qərarlar verilirdi. Novruzu hökmdarlar təntənəli qeyd edərdilər, meydan tamaşaları təşkil olunardı. Bunu təsdiqləyən bir çox tarixi mənbələr var.

Fuad Babayev: Tez-tez eşidirik ki, Novruzun bizim dinimizlə əlaqəsi yoxdur, hətta anti İslam bayramıdır. Novruzun üzərindən bu ittihamı götürmək üçün hansı izahatı verərdiniz?

İlhamə Məmmədova: Biz piktoqrafik yazılara baxanda görürük ki, qədim insanların odla, təsərrüfatla bağlı görüşlərində Baharın müəyyən elementləri var. İnsanlar təbiətlə bağlı müşahidələr aparıblar. Soyuq qışdan bezən insanlar yazın gəlişinə azarkeşlik ediblər, seviniblər. Sonradan yaranan səmavi dinlər bu bayramı müəyyən çərçivəyə salıblar. Məsələn, atəşpərəstlər bu bayramı sistemləşdiriblər. Zərdüşt peyğəmbər təqvim tərtib edib və həmin təqvimdə ilin birinci günü çərşənbə gününə düşdüyü üçün ondan bir gün öncə çərşənbə axşamını böyük bir bayram ediblər. Sonrakı dinlər də öz növbəsində bu bayrama öz qatqılarını qatıblar. Novruz bayramına İslam dininin də təsirləri var. Məsələn, Novruzda açılan süfrəyə Əli süfrəsi, Əli bayramı, Əlinin taxta çıxdığı gün deyirlər. Dinlərin ona qatqısı olsa da, əslində astronimik bayramdır.

Ülviyyə Tahirqızı: Əli bəy Hüseynzadə əsərlərində Növruzu şamanizm və tanrıçılıqla əlaqələndirib. O yazırdı ki, qədim türklərdə od, ocağa tapınma var idi, amma zərdüştlükdən fərqli olaraq od onlar üçün ilahi deyildi. Çərşənbələrdə biz odun üstündən atılırıq. Atəşə sitayiş edənlər isə müqəddəs oda hətta ağızlarını bağlayıb yaxınlaşırlar. Belə olan təqdirdə Novruzun zərdüştlüklə əlaqələndirmək nə dərəcədə doğrudur?

Bəhmən Faziloğlu:  Novruzun zərdüştlük dövründə sistemləşməsi ilə razı deyiləm. Novruz zərdüştlük dövründə sistemləşməyib. Bu proses son min il ərzində olub. Məhz bu dövr ərzində yaranmış dövlətlər bu bayramın ərsəyə gəlməsində xüsusi rol oynayıblar. Yadda saxlamaq lazımdır ki, siyasi konyukturanın razılığı olmadan hər hansı bir bayramın yaşaması və davam etməsi qeyri-mümkündür. Şimali Azərbaycan arasında zərdüştlük heç də dərin kök salmayıb. Zərdüştlükdə səkkiz, Novruzda isə 4 ünsürdən söhbət gedir. Üstəlik, burada odun üstündən tullanma var, zərdüştlükdə isə od müqəddəsdir. Novruza münasibətdə inanclar ən axırıncı yerdədir. Zərdüştlük, Xristianlıq, İslam Novruzu öz bildiyi kimi təqdim etməyə çalışır. Məsələn, Xristianlar Novruz vaxtına düşən Pasxanın yəhudilərin Pasxe bayramından fərqlənməsi üçün onların bayramından 10 gün sonra keçirilməsi haqda 325 ci ildə qərar qəbul edirlər. Pasxa və Novruz gün dönümü ilə bağlıdır. İsa peyğəmbərin mövludu da böyük çillənin başlandığı dövrə düşür.

Fuad Babayev: Azərbaycan ədəbiyyatı, filmləri, teatrı Novruz haqda informasiyanı çatdıra bilibmi? Bu sahədə hansı boşluqlar var?

İlhamə Məmmədova: 2008 – ci ildə nəşr olunmuş “Novruz ensiklopediyası” var, amma onu vərəqləyən oxucu kütləsi məhduddur. Fikrimcə, televiziyaların məzmunu dəyişməlidir. Mən hətta iştirak etdiyim Novruz çərşənbələri ilə bağlı verilişə axıra qədər baxa bilmədim. Çəkiliş gedib, qonaqlar danışıblar. Amma onu elə bərbad formada montaj ediblər ki…

Ülviyyə Tahirqızı: Çox zaman bayram ərəfələrində Novruzu boykot elementlərinə rast gəlinir. Necə bilirsiniz, Novruzu boykot etmək kimin işinə yarıyır? Və ya bu qədim bayramı məhv etmək istəyinin qarşısını almaq üçün nə kimi tədbirlər görülməlidir?

Bəhmən Faziloğlu:  Belə çağırışları təsadüfi saymıram. Bilməyərəkdən edənlər var, amma daha çox bilərəkdən, məqsədyönlü şəkildə edilir ki, bu da radikal dini qrupların maraq dairəsindədir. İnsanlarımız bu sahədə ayıq-sayıq olmalıdırlar. Əgər Növruz İslama zidd olsaydı, o, 1400 il qalmazdı. Novruz kimi xöş, müsbət emosiyalar paylayan bayramı insanların qeyd etməsi lazımdır və vacibdir.

Ülviyyə Tahirqızı: Zərdüştilərin çoxluq təşkil etdiyi Hindistan coğrafiyasında Novruz varmı?

Bəhmən Faziloğlu: Hindistanda Novruz bayramına yaxınlaşan bayram və ya Novruz deyilən bir şey yoxdur. Yeganə yaz bayramı Hori adlanır və şudraların bayramıdır. Orda cəmi iki fəsil: yağışlı və yağışsız dövr var.

Fuad Babayev:  Şıxəli Qurbanov fenomeni ilə bağlı nə demək olar?

Bəhmən Faziloğlu: Novruz bayramı həmişə olub. Şıxəli Qurbanov isə onu dövlət səviyyəsinə qaldırdı. Bu 60-cı illərdə müəyyən qədər canlanma yaratdı. Amma elmi tədqiqatla bağlı heç nə deyə bilmərəm.

Bəhmən Faziloğlu: Novruzu strukturlaşdırmış səlcuqilər müsəlman idilər. Ondan sonra qurulan Ağqoyunlu, Qaraqoyunlu dövlətlərində, eləcə də Osmanlı imperiysında Novruz qeyd edilirdi.

Ülviyyə Tahirqızı: Bildiyim qədər Novruz Osmanlı xanədanının o qədər də maraq dairəsində olmayıb.

Bəhmən Faziloğlu: Türkiyədə hazırda Novruz bayramına bir qədər ehtiyatlı münasibət bəsləyirlər. Çünki bu bayramı özününküləşdirməyə çalışan dağıdıcı qüvvələr var. Amma orta əsrlərdə Osmanlı imperatorlarının Novruz bayramını həddən artıq təntənə ilə keçirməsinə dair faktlar var.

Fuad Babayev: “Bayram təsərrüfatı”mıza əl gəzdirməyin vaxtı gəlməyibmi? Azərbaycan bayramların sayına görə öncül ölkələrdən biridir. Bunun üçün bir konsepsiyaya ehtiyac varmı?

İlhamə Məmmədova: Bu bayramlar tariximizdir və biz bunları yaşamışıq. Novruzu da, Sovet dövründə 8 martı da qeyd eləmişik… Hansı birindən imtina edək ki bu bizim milli dəyərimiz deyil. Dünyada çox xalqlar var, müxtəlif bayramları qeyd edirlər. Biz də ancaq öz yaşadığımız tarixləri qeyd edirik. Lakin, bizim üçün bu günlərin başında gələn ən əziz bayram Novruzdur. Elə bayram deyəndə Novruz nəzərdə tutulub həmişə. Bəzən elə ad da çəkilməyib, sadəcə bayram deyilib. Yadımdadır ki, çillə bayramını qeyd edərdilər, yaydan hazırlaşardılar. Məxsusi onun üçün qarpız da saxlayırdılar.

Fuad Babayev: Novruzu bəyənmək istəməyənlər də var, Hellouni həvəslə qeyd edənlər də. Bu proses  hansısa bayramın sıradan çıxması ilə nəticələnə bilməz ki?

İlhamə Məmmədova: Mümkündür. Çünki, öncə qeyd etdiyim kimi, Səfəvilər dövründə də çoxlu bayramlar olub, zaman keçdikcə unudulub. Əvvəl kənd yerlərində insanlar qohum qonşu ilə birlikdə yaşayardılar, bayramı da birgə qeyd edərdilər. Amma indi uca binalarda yaşayan insanlar belə yaşaya bilmir. Yaşam yerinin dəyişməsi, bir sıra adətlərin sıradan çıxmasına gətirir, sanki ələnir. Məsələn, əvvəl yalnız bayramda yeyilən şəkərbura, paxlava, Novruz çərəzləri indi bütün mağazalarda var.

Bəhmən Faziloğlu: Novruz bayramı daha çox kənd həyatı ilə bağlıdır. Şəhərdə, məsələn, tonqal qalayıb üstündən atılmaq olmur. Amma Novruzu, onun ənənələrini yaşatmaq vacibdir. Məsələn, Hindistanda ən aşağı varnanın Hori bayramı bu gün dünyada keçirilir. Və ya Avropada qeyd olunan Helloin – cadugərlər bayramı bütün dünyaya yayılıb. Təbii ki, arxasında biznes maraqları durur. Bizim Novruz bayramını da eləcə biznes reallıqlarına uyğunlaşdırmaq lazımdır.

Hazırladı: Ülviyyə Tahirqızı, 1905.az