NOVRUZOV Ələsgər Xanlar oğlu

RZAYEV Rövşən Abdulla oğlu
HƏSƏNOV İlham Gülbala oğlu
QASIMOV İxtiyar Qasım oğlu

(1.8.1949, Laçın r-nunun Kürdhacı k. – 26.2.1992, Xankəndi ş.) – Azərbaycanın Milli Qəhrəmanı (25.2.1997, ölümündən sonra).

1966 ildə orta məktəbi bitirib. Ermənistan SSR-in Leninakan şəhərində hərbi xidmətdə olub (1968-1970). Şuşa Pedaqoji Texnikumunu bitirib (1971). Bir müddət doğma kəndində ixtisası üzrə çalışıb. 1979 ildə Xocalı şəhərinə köçərək, 1 saylı məktəbdə müəllim işləyib. 1988 il hadisələri başlayanda gizli şəkildə yaradılmış Xocalının Müdafiə Şurasının ilk beş üzvündən biri də olub. Elan edilməmiş müharibə qızışdıqca, ermənilər azğınlaşdıqca onlara qarşı keçirilən əks-əməliyyatlarda həmişə fərqlənib, demək olar ki, ən cəsur döyüşçülərdən biri olub. 30-40 nəfərlik silahlı dəstəyə başçılıq edib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə həmişəki kimi yenə də öz döyüşçüləri ilə postda idi. Ermənilər onun rəhbərlik etdiyi dəstənin tutduğu mövqeyə nə qədər mərmi yağdırsa da, onlar postu təslim etməyiblər. Lakin qüvvələrin bərabərsizliyi və döyüş sursatının tükənməsi öz işini görüb. Düşmən cəsur döyüşçünü böyük çətinliklə əsir götürüb və Xankəndində min bir işgəncə ilə qətlə yetirilib. Ailəli idi. Üç övladı həyatda yadigar qalıb. Ölümündən sonra Məhəmməd Əsədov adına mükafata layiq görülüb. Doğma kəndi Kürdhacıda dəfn edilib

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 232

***

Müəllim yoldaşı və silahdaşı Murad Şükürlünun  dediklərindən:
“Ələsgər müəllimlə biz Xocalıda  1 saylı məktəbdə bir yerdə işləmişik. Onun əsli Laçın rayonundan idi. Sonradan bizim kəndə köçüb gəlmişdi. Elə gəldiyi ilk gündən də özünə böyük hörmət qazanmışdı. Hündür, cüssəli bədəni vardı. Onun dərs dediyi uşaqlar idmandan rayonda, hətta  DQMV-də birinci yerləri tutmuşdular. Hadisələr başlayanda  Xocalıda Müdafiə şurası yaradıldı. Ələsgər ilk üzv yazılanlardan oldu. Çox vətənpərvər insan idi. O vaxtı mən Xocalı özünümüdafiə taboru yarananda ora silah-sursat daşıyırdım. Onun dəstəsində 30-35 döyüşçü var idi. Hamısı da biri-birindən mərd, cəsur uşaqlar idi. Faciə günü onun dəstəsinin onlarla insanın təhlükəsiz əraziyə çıxarılmasında böyük xidmətləri oldu. Gülləsi bitməsəydi o özünü ələ verən insan deyildi.  Allah Ələsgər müəllimə rəhmət eləsin. Övladları ilə arada zəngləşir, görüşürük. Hərəsi bir yerdə çalışır.”
Əd.: “Xocalı yaddaşı”, Bakı, 2017, s. 131