Nuşirəvan Məhərrəmli: “ABŞ-ın təkliflərini baxılmaq üçün daha yuxarı instansiyaya göndərmişik”

“Nazirliyimizin fəaliyyətində əsas prioritet gənclərin məşğulluq probleminin həllidir”
Səməd Seyidov: “AŞ PA-nın münaqişələrlə bağlı yeni alt komitəsi Dağlıq Qarabağ problemini də araşdıracaq”
Oruc Zalov: “İctimai polislə sovet dövrünün “drujinaçılar”ı arasında heç bir oxşarlıq yoxdur”

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlinin APA-ya müsahibəsi

– ABŞ Yayım Şurası təmsilçilərinin Bakıya səfəri zamanı hansı məsələlər müzakirə olunub?

– ABŞ Yayım Şurası xarici radiostansiyaların Azərbaycanda yayımının əvvəlki varianta qaytarılmasını təklif edir. Amma biz Milli Televiziya və Radio Şurası olaraq, öz mövqeyimizi ortaya qoymuşuq. Azərbaycan qanunvericiliyi buna imkan vermir. ABŞ Yayım Şurası bu məsələni dövlətlərarası müqavilə əsasında həll etmək istəyir. Onlar bizə təkliflər paketi təqdim etdilər. Həmin təkliflər paketində xarici radiostansiyaların əvvəlki formatda yayımını istəyir, bunun əvəzində isə Azərbaycan radiolarının Amerikada yayımı ilə bağlı məsələ qaldırıblar. Amma bu, məsələnin bərabər əsaslarla həlli deyil. Çünki Azərbaycan tərəfindən öhdəliyi Azərbaycan hökuməti götürür, Amerikada isə bu işi özəl şirkətlər həyata keçirir. Onlar özəl şirkətlərə həmin yayımı təşkil etməyi tövsiyə edəcəklər. Təbii ki, biz də bu məsələni araşdırırıq. Dövlətlərarası müqavilə olduğu üçün layihəni daha yuxarı instansiyaya göndərmişik. Onlar da baxsınlar, qiymətləndirsinlər, sonra qərar verəcəyik. 

– ABŞ səfiri Ann Dersi də açıqlamasında qeyd edib ki, Yayım Şurası beynəlxalq və ikitərəfli sazişin ilkin versiyasını Azərbaycan hökumətinə təqdim edib. Sizcə, bu versiya dəstəklənə bilərmi?

– Bu artıq MTRŞ-yə aid olan məsələ deyil. MTRŞ öz səlahiyyətləri çərçivəsində qanunvericiliyə əsaslanaraq, Azərbaycan ərazisində xarici radiostansiyaların, xarici televiziya kanallarının yayımını düzgün saymır. Çünki hər hansı dövlətə imtiyazlı şərait yaradıb, digər dövlətlərə yaratmamaq olmaz. Bütün ölkələr üçün bərabər şərait yaratmaq lazımdır. Hüquqda qeyri-müəyyənlik olmamalıdır. Bu bizim mövqeyimizdir. Digər tərəfdən, əgər dövlət özü bu məsələyə qərar verib, öhdəlik götürərsə, təbii ki, biz bu məsələyə baxa bilərik.

– Ümumiyyətlə, Azərbaycan yayımçılarının Amerikada Azərbaycan və ingilis dillərində yayım həyata keçirməsi dövlətimiz üçün nə dərəcədə əhəmiyyətli ola bilər?

– Bu məsələni dövlətlər özləri həll etməlidirlər. Dövlətlərarası müqavilə imzalanarsa və dövlətlər öhdəliklər götürərsə, təbii biz bu məsələyə baxa bilərik.

– Son vaxtlar parlament üzvləri MTRŞ-nin ünvanına bəzi iradlar bildiriblər. Bu iradlara münasibətiniz necədir?

– Millət vəkilləri qanunvericilik orqanını təmsil edirlər. Yaxşı olardı ki, haranı təmsil etdiklərini bir daha xatırlasınlar. Qanunların əsas, ali olduğunu hamımız qəbul etməliyik. Qanunlarımızda nə yazılıbsa, biz onu həyata keçirməliyik. Təəssüf edirəm ki, millət vəkilləri qanunların icrasına qarşı çıxırlar. Bu doğru deyil.

– Xarici radiostansiyalarla bağlı olduğu kimi, filmlərin türk dilində yayımı da yenidən gündəmə gələ bilərmi? Millət vəkilləri bildiriblər ki, bir millətin iki dili ola bilməz, bu, Türkiyə ilə Azərbaycan arasında olan münasibətlərə təsir edəcək…

– Bunlar əsassız fikirlərdir. Biz hüquqi dövlətdə yaşayırıq. Öz fəaliyyətimizi də qanunlar əsasında qururuq. Millət vəkilləri bunu yaxşı anlamalıdırlar. Onlar sübut etsələr ki, türk dili ilə Azərbaycan dili eynidir və bunun üçün hər hansı bir hüquqi sənəd var, buyursunlar, ortalığa qoysunlar. Biz Azərbaycan Konstitusiyasına uyğun hərəkət edirik. Konstitusiyaya görə, Azərbaycan Respublikasında dövlət dili Azərbaycan dilidir. “Dövlət dili haqqında” qanunda da açıq yazılıb ki, Azərbaycanda efirdə gedən bütün verilişlər Azərbaycanın dil normalarına uyğun həyata keçirilməlidir. Biz özfəaliyyətlə məşğul olmuruq. Çox təəssüf ki, bəzi millət vəkilləri və bəzi insanlar sadəcə, bunu özfəaliyyət kimi başa düşürlər. /APA/