AŞ PA Azərbaycanın xeyrinə qərar qəbul edib

Minalanmış ərazilərin xəritəsi məsələsi MDB PA-da qaldırılıb
ABŞ-ın “The Daily Caller” qəzetində Ermənistanın işğalçılıq siyasətinə dair məqalə dərc olunub
“Sərsəng – humanitar faciənin qarşısının alınması ” layihəsi üzrə Dəyirmi masanın gündəliyi

AŞ PA-nın Sədarət Komitəsində Sərsəng su anbarı ilə bağlı qətnamə təklifi təsdiqlənib.

AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, AVCİYA-nın prezidenti Elxan Süleymanovun verdiyi məlumata görə, AŞ PA-nın Sədarət Komitəsi dünən axşam “Azərbaycanın işğal altında olan ərazisindəki Sərsəng su anbarının təhlükəli vəziyyətinin yarada biləcəyi humanitar fəlakətə dair” qətnamə təklifini təsdiqləyib və baxılmaq üçün Büroya göndərib.

Sədarət Komitəsi eyni zamanda Büroya tövsiyə edib ki, qətnamə layihəsi məruzəçi təyin edilmək üçün Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsinə göndərilsin.

Elxan Süleymanov eyni zamanda qeyd edib ki, adı çəkilən qətnamə təklifi onun təşəbbüsü ilə iyun ayının 25-də Avropanın 18 ölkəsini təmsil edən 45 deputatın imzası ilə təqdim edilib.
Deputat sənədin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq bildirib ki, orada Assambleya işğal edilmiş Azərbaycan ərazilərində yerləşən su təchizatı və irriqasiya sistemlərinin beynəlxalq hüququn fundamental prinsipləri pozulmaqla, Ermənistan tərəfindən qeyri-qanuni blokada edilməsini kəskin şəkildə pisləyir və Ermənistanın gücdən bu şəkildə sui-istifadə etməsini qeyri-insani davranış hesab edir.

Eyni zamanda, Assambleya Ermənistan hərbi qüvvələrini su anbarı və bütün əlaqəli irriqasiya sistemləri üzərindəki qeyri-qanuni nəzarəti əvvəlki beynəlxalq qətnamələrə uyğun şəkildə Azərbaycan hakimiyyətinə təhvil verməyə çağırır.

Qətnamə hər hansı hərbi təxribat planlarının qarşısını almaq və cari şərtlərdə kütləvi insan itkilərinə səbəb olacaq hər hansı qəza və ya təbii fəlakətə hazır olmaq məqsədilə beynəlxalq ictimaiyyəti dərhal tədbir görməyə səsləyir.

AVCİYA-nın prezidenti bildirib: “Şübhəsiz ki, Sədarət Komitəsinin qətnamə layihəsini təsdiqləməsi çox vacib addımdır və bir qayda olaraq onun Büroya tövsiyələri geri qaytarılmır”. O, əlavə etdi ki, prosedur qaydalarına əsasən, Sosial Məsələlər Komitəsində təyin ediləcək məruzəçi məsələ ilə bağlı məruzə hazırlayacaq və bu məruzə AŞPA-nın plenar iclasında müzakirə edəcək.

Elxan Süleymanov xüsusi olaraq vurğulayıb ki, AVCİYA üç ay əvvəl Sərsəng su anbarı ilə bağlı genişmiqyaslı layihə həyata keçirməyə başlayıb. AŞPA-da qətnamə təklifinin qəbul edilməsi də bu layihənin tərkib hissəsidir.

Sonda Elxan Süleymanov AVCİYA-nın Sərsəng su anbarındakı mövcud vəziyyətlə bağlı Tərtərdə 7 sentyabrda beynəlxalq konfrans keçirəcəyini bildirib və bu tədbirdə məruzə ilə yerli ekspertlərlə yanaşı 3 xarici ekspertin də çıxış edəcəyini diqqətə çəkib.

O dedi ki, konfransda tək ölkə media nümayəndələrinin deyil, eyni zamanda çoxsaylı Qərbi Avropa ölkələrini təmsil edən tanınmış xarici jurnalistlər iştirak edəcəklər və biz konfransda səslənən fikirlərin dünya mediasında geniş işıqlandırılmasına nail olacağıq.(trend)