Parlament şəhid ailələrinə verilən müavinətin təqaüdlə əvəzlənməsini təsdiqləyib

Prezident Ankarada Anıtqəbiri ziyarət edib
Prezident İlham Əliyev 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
Bu gün Dubayda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası işə başlayacaq

Milli Məclisin bu gün keçirilən iclasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, sənəd barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev məlumat verib.

Komitə sədri bildirib ki, təklif edilən dəyişikliyə əsasən, şəhid ailəsi statusunu almış ailənin üzvlərinə mənzil, kommunal xidmətlərindən, telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) və şəhər sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qayda və məbləğdə müavinət verilməsi ilə bağlı müddəa sənəddən çıxarılır.

Bundan əlavə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara şəhər və şəhərətrafı nəqliyyat vasitələrindən (taksidən başqa) istifadə üçün müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunmuş qayda və məbləğdə müavinət verilməsi ilə bağlı müddəa da sənəddən çıxarılır.

Qeyd edək ki, qanun layihəsi “Sosial müavinətlər haqqında” 2020-ci il 29 dekabr tarixli 241-VIQD nömrəli qanuna və Azərbaycan Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1223 saylı Fərmanına əsasən hazırlanıb.

Həmin qanunvericilik aktlarına əsasən, şəhid ailəsi üzvləri üçün nəzərdə tutulan müavinət Azərbaycan Prezidentinin təqaüdü ilə birləşdirilib və təqaüdün məbləği 300 manatdan 500 manata çatdırılıb.

Şəhid ailəsi üzvləri üçün kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət təqaüdlə əvəz olunduğu üçün müvafiq dəyişiklik təklif olunur. Həmçinin mövcud qanunvericiliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar tam dövlət təminatında olduqları üçün qanunda müvafiq dəyişiklik təklif olunub.

Qanunlara dəyişiklik layihələri səsverməyə çıxarılaraq qəbul edilib.

Report