Bu gün Dubayda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası işə başlayacaq

İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə iştirak edib
Prezident İlham Əliyev Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi ilə tanış olub
Haaqada Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası təşkil edilib

Bu gün Dubayda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28 öz işinə başlayacaq.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kyoto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub.

AZƏRTAC BMT-nin saytına istinadən xəbər verir ki, Dubayda keçiriləcək tədbirə 100-dən çox dövlət və hökumət başçısı, eləcə də ümumilikdə 60 mindən çox nümayəndənin qatılacağı gözlənilir. Azərbaycanın genişmiqyaslı tədbirdə böyük nümayəndə heyəti ilə iştirakı ölkəmizin ekologiya və iqlim sahəsində nailiyyətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından vacibdir.

Azərbaycan ilk dəfə sözügedən tədbir çərçivəsində öz pavilyonu ilə təmsil olunacaq. 254 kvadratmetrlik ərazidə qurulmuş pavilyonda ölkəmizin iqlim dəyişmələri ilə mübarizə sahəsində gördüyü işlər, yumşaldılma və adaptasiya tədbirlərini özündə əks etdirən virtual eksponatların nümayişi ilə yanaşı müxtəlif yerli, regional və beynəlxalq təşkilatlar ilə birgə paralel görüş (side event) və seminarlarının keçirilməsi də planlaşdırılır.

Ölkəmiz 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyasının 35 faiz azaldılması, 2050-ci ildə isə bu hədəfin 40 faizə çatdırılacağına dair öhdəliyi təsdiqləyib. 2015-ci ildə qəbul edilən Paris Sazişi üzrə öhdəlikləri yerinə yetirmək və bu istiqamətdə aktiv fəaliyyət göstərmək Azərbaycan hökuməti üçün prioritet məsələdir.

BMT-nin İqlim Dəyişmələri Konfransının 28-ci sessiyası insanları tədbirlər, sərgi və qlobal təşəbbüslər vasitəsilə iqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə istiqamətində birləşdirən platformaya çevriləcək.

AZƏRTAC