POSTMÜHARİBƏ DÖVRÜ. UŞAQ PSİXOLOGİYASI

“Tarixi Azərbaycan dövlətləri” kitabı ingilis dilində yenidən nəşr olunub
Ağ Ev: İşğal edilmiş ərazilər Azərbaycana qaytarılsın
Sərsəng su anbarı ilə bağlı beynəlxalq təşkilatlara ünvanlanan müraciətlərin təqdimatı keçirilib

Psixoloqlar Vüsalə Əmiraslanova və Bahar Bəylərova-Ələkbərova ilə postmüharibə dövrünün psixologiyası barədə danışdıq.

Fuad  Babayev: Bizim müzəffər Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə böyük Qələbə qazanıb. Eyni zamanda 3 minə yaxın şəhidimiz var. Bu şəhidlərin bir çoxu hələ ailə həyatı qurmağa imkan tapmayan insanlar idi. Allah şəhidlərimizə rəhmət etsin! Bütün qazilərimiz tezliklə sağlamlıqlarına qovuşsun. Biz Qələbə əldə etmişik. Amma unutmayaq ki, atasını itirmiş uşaqlar da var. Psixoloqlar atasını itirmiş və yaxud atası əlil olmuş uşaqlar üçün nə edirlər? Cəmiyyət olaraq bizim üzərimizə hansı vəzifələr düşür?

Vüsalə Əmiraslanova: 27 sentyabrda biz Bakıda deyildik. İnternetə məhdudiyyət qoyulduğu üçün bizim hadisələrdən də xəbərimiz yox idi. Amma sonradan müharibənin başlanmasını və torpaqlarımızın işğaldan azad olunması barədə məlumat əldə etdik. Bakıya qayıtdıqdan sonra biz psixoloqlar könüllü olaraq goranboylu psixoloq rəfiqəm ilə həmin bölgəyə getdik.

Fuad  Babayev: Kim idi həmin psixoloq?

Vüsalə Əmiraslanova: Fəridə Əliyeva. Yəni biz heç bir yardım və təmənna güdmədən oktyabrın 10-da şəhid ailəlrinə psixoloji yardım göstərmək üçün Goranboya getdik.  Fürsətdən istifadə edib bizim cəbhə bölgəsinə getməyimizə yardım göstərmiş Goranboy Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Əkbər Yusifova, Yeni  Azərbaycan  Partiyası Goranboy Rayon Təşkilatından Həsən Şirinova və Fəridə Əliyevaya, eləcə də Çernobıl Əlillər Cəmiyyətinin Goranboy  şöbəsinin  sədri Namiq Məmmədova minnətdarlığımı çatdırıram. Biz 1 gün ərzində 14 şəhid ailəsində olduq. Şəhid ailələrinin bu faciəyə münasibəti fərqli idi. Elə valideyn var ki, o övladının şəhid olmasına hazır idi, elə ailə var idi ki, övladının müharibəyə getməsindən xəbərsiz olub. Bu ailələrin əsas istəyi övladlarına layiq olduğu dəyər və qiymət verilməsidir. Söhbət maddi yox, mənəvi dəyərdən gedir. Bizim həmin dövrdə şəhid ailələri ilə görüşməyimiz onlara böyük dəstək oldu.  Həmin ailələr artıq bizim Ahəng Psixoloji Reabilitasiya Mərkəzinə müraciət edir. Hər gün bizim Mərkəzə danışığında qüsur yaranan və ya reablitasiyaya ehtiyacı olan ən azı 5 əsgər gəlir. Biz əlimizdıən gələn köməyi onlara göstəririk. Biz müharibə dövründə çətinliklə də olsa Naftalanda əsgərlərlə görüşdük. Onların ruh yüksəkliyini sözlə ifadə etmək mümkün deyil. Bundan başqa biz Bərdədə Tərtərdən gələnlərlə, Gəncədə isə raket zərbələrindən sonra evləri dağılan ailələrlə görüşmüşük. İndi də həmin ailələrlə onlayn və ya əyani konsultasiyalarımız davam edir.

Bahar Bəylərova-Ələkbərova: Mən Gəncədəki hadisə baş verən zaman oradakı uşaqların telefon nömrələrini əldə etdim. Həmin uşaqların özləri və valideynlərinin hamısı ilə bir-bir əlaqə saxladım. Hər hansı gərginlik və psixoloji dəstəyə ehtiyac olacağı təqdirdə mənimlə əlaqə saxlaya bilmələri üçün öz telefon nömrəmi onlara verdim. Mən Gəncəyə getmək istəsəm də bizi ora buraxmadılar. Həmin dövrdə internet də olmadığı üçün yeganə ünsiyyət vasitəsi telefon idi. Daha sonra biz “2783 Can” adlı xeyriyyə fondu yaratdıq. Düzdür artıq şəhidlərimizin sayı daha çoxdur. Mən həmin fondun psixoloquyam. Qazi, əsgər və şəhid ailələrinin telefon nömrələri mənə göndərilir. Onlar istədikləri və hazır olduqları zaman biz fəaliyyətə başlayırıq. Çünki Azərbaycanda psixoloqa müraciət etmək anlayışı tam formalaşmayıb. Mən artıq bir əsgərlə çalışıram. Biz müxtəlif pasiyentlərlə ünsiyyətdə oluruq. Amma əsgər, qazi və ya şəhid ailələrinin üzvü ilə çalışmaq çox fərqlidir. Bir əsgərlə psixoloji söhbət aparmaq, ona yardımçı olmaq başqa bir hissdir.

Söhbəti uşaqların üzərinə gətirmək istəyirəm. Misal üçün 44 gün müharibədə və tərxis olunana qədər hərbi xidmətdə olan ata 90 gündən sonra evə qayıdıb. Artıq həmiş şəxs əvvəlki insan deyil. O artıq hər bir kiçik şey üstündə əsəbiləşən, gecə yuxusuzluğundan əziyyət çəkən insana çevrilib. Həmin şəxs televiziyada xəbər eşidəndə paranoyaya qapılır, bədəni qıc olur, onu tər basır.

Fuad Babayev: Bütün bunlar da həmin atanın övladlarının gözü qarşısında baş verir. 

Bahar Bəylərova-Ələkbərova: Bəli, uşaqların, həyat yoldaşının gözü qarşısında baş verir. Biz uşaqlardan danışanda ilkin amil valideynlərdir. Yəni valideynlərin münasibəti və davranışı uşaqların yetişməsində əsas rol oynayır. Mən rayonda yaşayan bir neçə şəxsin telefon zəngini gözləyirəm. Çünki psixolaqla ünsuyyəti onların özü istəməlidir. Ona görə biz həmin insanlarla ehtiyatla davranırıq.

Fuad Babayev: Bizim insanlarımız stomatoloqa, kardioloqa, estetik əməliyyatlarla bağlı həkimlərə həvəslə müraciət edirlər. Amma onlar bəzən psixoloqa, psixoterapevtə ehtiyaclarının olmasını etiraf etməkdə çətinlik çəkirlər. Siz qeyd etdiniz ki, həmin şəxslərin müraciət etməsini gözləyirsiniz. Nə olmalıdır ki, onlar Sizə müraciət etsin?

Bahar Bəylərova-Ələkbərova: Matəmdə olan şəxslərin yas müddəti bitənə kimi gözləmək lazımdır.

Fuad Babayev: Söhbət 40 günlük yasdan  gedir?

Bahar Bəylərova-Ələkbərova: 40 günlük və ya həmin şəxsin içində yasın bitməsini gözləməliyik. Həmin müddət bitəndən sonra biz özümüz onların evinə gedəcəyik. Gəlin etiraf edək ki, biz fiziki ağrılarımızla bağlı həkimə də son mərhələdə gedirik.

Vüsalə Əmiraslanova: Burada başqa bir məqam da var. Psixoloq yanına gələnlər bir günün içində müalicə olunmaq istəyirlər ki, bu da mümkün olan iş deyil. İnsan nə isə əldə etmək üçün əziyyət çəkməlidir, səbirli olmalıdır. Mənim yanıma gələn pasiyentlərə ilk sualım onların bura yönləndirilmələri, yoxsa özlərinin müstəqil olaraq gəlmələri ilə bağlı olur. Əgər şəxs özü bizə müraciət edirsə, bu artıq uğurun 50 faizi deməkdir. Psixoloqa inam, psixoloqu qəbul etmək bizim işimizdə çox mühümdür. İkinci mərhələdə qiymət məsələsində razılıq əldə ediləndən sonra müalicənin müddəti müəyyənləşdirilir. Psixologiya mənim ikinci təhsilimdir. Mənim birinci ixtisasım pedoqogika, ingilis dili müəllimi olub. Özüm ilk dəfə psixoloqa gedəndə mənə deyilən bir söz həyatımda çox böyük rol oynadı. Psixoloqum dedi ki, özü də ideal deyil. Ondan sonra fikirləşdim ki, axı mən niyə insanlarda və özümdə ideal axtarmalıyam. Məndə də, qarşı tərəfdə də problem ola bilər. Məni ən çox narahat edən məsələ pasiyentlərin özlərini gəldikləri yerdə rahat hiss etməməsidir. Misal üçün mən rəhbərlik etdiyim Ahəng Psixoloji Reablitasiya Mərkəzində nəhayət ki, özümün istədiyim rejimi yarada bilmişəm.

Bir də uşaqlarla bağlı bir məsələni qeyd etmək istəyirəm. Biz şəhid ailələrində olanda müşahidə etdik ki, atasının rəhmətə getdiyini bilən uşaqlar daha çox sarsılmış vəziyyətdə idilər. Bizim şəhidlərin yeri cənnətdir. Amma 3-12 yaşlı uşaqlar atalarının yas mərasimini, ağlaşmaları görməməlidir. Atalarının yas mərasimlərini görməyən uşaqların isə özünəməxsus gözəl dünyalarının olmasını müşahidə etdim.

Bahar Bəylərova-Ələkbərova: Uşaqlara atalarının şəhid olması deyilməli və izah olunmalıdır ki, onların valideyni gəlməyəcək. Yas mərasimlərində yaşanan səhnələri təbii ki, uşaq görməməlidir.

Vüsalə Əmiraslanova: Övladı şəhid olan nənəyə, həyat yoldaşını itirən ananın özünə təsəlli verən lazımdır. Onlar atalarının ölümünü uşağa necə izah edəcəklər?

Fuad Babayev: Uşağa atasının şəhid olması deyilməməlidir?

Vüsalə Əmiraslanova: Deyilməlidir. Qətiyyən uşağı aldatmaq olmaz. Mən təklif etmişdim ki, bu funksiyanı Bakıdan bölgələrə gedən psixoloqlar həyata keçirsin. Yəni ailəyə şəhid gələn kimi uşaqlarla bu barədə psixoloqlar danışsın. Təəssüf ki, bu təklifi realizə etməyə imkan olmadı.

Bahar Bəylərova-Ələkbərova: Mən hətta valideynini itirmiş uşaqlarla öz evimdə məşğul olmağa hazır idim. Amma heç yerdən razılıq ala bilmədim.

Fuad Babayev: Siz öz evinizdə maksimum 2-3 uşaqla məşğul ola bilərdiniz. Axı atasını itirmiş yüzlərlə uşaq var.

Bahar Bəylərova-Ələkbərova: Əgər bu məsəlyə kompleks yanaşılsaydı, biz psixoloqlar onun öhdəsindən gələ bilərdik.

Fuad Babayev: Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı kimi psixoloqları birləşdirən hər hansı bir təşkilat var?

Bahar Bəylərova-Ələkbərova: Psixoloqlar Birliyivar.

Fuad Babayev: Onun fəaliyyəti hiss olunur?

Vüsalə Əmiraslanova: Adı var, mən görməmişəm.

Bahar Bəylərova-Ələkbərova: Mən də görməmişəm.

Bahar Bəylərova-Ələkbərova: Ayrı-ayrılıqda psixoloq komandalarından müxtəlif təkliflər gəldi. Amma bu məsələdə vahid idarəetmə lazım idi. Psixoloqların vahid mövqeyi televiziya və radioda da deyilməli idi.

Fuad Babayev: Müharibə dövründə internet və sosial şəbəkələr məhdudlaşdırıldı. Bəs postmüharibə dövründə psixoloqlarımız nə etməlidir?

Vüsalə Əmiraslanova: Hər bir dövlət qurumunun əlində şəhidlərin siyahısı və onların ailələri haqqında məlumat var. Yəni heç kimi gözləməyə ehtiyac yoxdur.  Misal üçün mən bu gün Xaçmazdan gələn 2 qaziyə  təmənnasız yardım etmişəm. Amma pasiyent psixoloqun yanına davamlı gəlməyi özü istəməlidir. Əgər şəhid uşaqları ilə işləmək üçün hər hansı qurumun yaranmasını gözləsək intiharların sayı artacaq.

Bahar Bəylərova-Ələkbərova: İnsanların özündə daxili motivasiya ilə işləmək lazımdır ki, onlar həyata qayıtsınlar. Hər psixoloqa, onların işlədiyi metodikaya bələd olmadığımız üçün vahid idarəetmə və qurumda birləşmək lazımdır. Yanlış metodika ilə çalışmaq pasiyenti tamam başqa istiqamətə apara bilər. Seçilmiş metodikaya da yaradıcı yanaşmaq lazımdır. Əsgər və qazi ilə, onların ailəsi ilə işləmək üçün proqramlar, metodikalar hazırlanmalıdır. Heç bir psixoloq özbaşına metodika seçə bilməz. Bizdə tədqiqat və eksperiment olmadığı üçün elm inkişaf etmir. Mənim yaratdığım Psixologiya tədqiqi və tədqiqatlar institutu hələlilik rəqəmsal platformadadır. Metodikamızın nəticəsində nə əldə etdiyimizi öyrənmək üçün bizə müraciət edən pasiyentlərin əvvəldə və sondakı vəzyyəti ölçülür. Misal üçün bizə müraciət edən əsgərlə çalışanda 2 seansdan sonra onda elə dəyişiklik oldu ki, şəxsən mən özüm şoka düşdüm.

Təmkin Məmmədli: Müharibəni yaşamış uşaqlarda hansı simptomlar nəzərə çarpır?

Bahar Bəylərova-Ələkbərova: Uşaqlarda qorxu, təşviş,inamsızlıq, özünü günahlandırmaq kimi simptomları müşahidə edirik. Misal üçün sən ananı əsəbiləşdirdiyin üçün o xəstələndi. Hər dəfə ana xəstələnəndə uşaq özünü günahlandırır. Valideynlərin davranışında yanlışlıqlar həddən çoxdur. Başqa bir nümunə göstərim. Atanı incitdiyiniz üçün o evə gec gəlir. Bu artıq uşaq üçün travmadır. Uşağın səsini kəsmək üçün böyüklər yalan danışmamalıdır.

Vüsalə Əmiraslanova: Elə ona görə yas mərasimində elə ailələrin uşaqla yanlış davranışına yol vermək olmaz.

Bahar Bəylərova-Ələkbərova: Müharibə şəhid övladları ilə yanaşı valideyn itkisinə məruz qalmayan uşaqlar üçün da təsirsiz ötüşmədi.Mən 4 yaşındakı övladıma dünyadan köçməyin, şəhidliyin nə olduğunu izah etmək məcburiyyətində qaldım. Uşaqlara münasibətdə düzgün davranmaq bizim əlimizdədir. Televiziya verilişlərindəki ağlaşma səviyyəsindəki təbliğat çox yanlışdır.

Fuad Babayev: Televiziya verilişlərindəki əsgər və şəhid ailələri ilə bağlı əsas çatışmazlıqları necə xarakterizə edərdiniz?

Bahar Bəylərova-Ələkbərova: Jurnalist şəhid övladından atasının necə ata olmasını soruşur. Uşaq da ağlaya-ağlaya atası haqqında danışır. Belə müsahibə götürmək olmaz.

Vüsalə Əmiraslanova: Bəlkə xatırlayarsınız,  Gəncədə partlayış nəticəsində anası dağıntılar altında həlak olmuş uşaqdan müsahibə alırdılar. Müsahibənin maraqlı alınması üçün səhnələşdirilmiş partlayış effekti ilə uşağın qorxudulmasını görəndə mən dəhşətə gəldim.

Bahar Bəylərova-Ələkbərova: Travma nəticəsində danışa bilməyən uşağın yanında xəstəxanada onun yaxınlarından müsahibə götürürlər və yaxud şəhidinhəyat yoldaşımdan soruşurlar ki, necə ailə başçısı idi. Bu sualla jurnalistlər nəyə nail olmaq istəyirlər?!

Vüsalə Əmiraslanova: Uşaqları lap yaxın zonaya salmağın özü də məqsədəuyğun deyil.Mən özüm heç vaxt evdə pasiyent qəbul etmirəm. Bir dəfə mənə çox yaxın olan xanımın övladını evdə qəbul etmişəm. Təsəvvür edin, uşağı görən kimi məlum oldu ki, onda davranış pozuntusu var. Qızımın oyuncaqlarını görən uşağın ilk reaksiyası bilirsiniz necə oldu? Dedi ki, onda heç bu oyuncaqlardan yoxdur. Uşaq hər şeyi müqayisə etməyə başladı. Bundan sonra mən onu qəbul etmədim. Çünki o mənə xalası kimi baxacaq.

Bahar Bəylərova-Ələkbərova: Bizdə psixoloqa müraciətin özündə yanlışlıq var. İnsan fiziki bədən və ruhdan ibarətdir. Bizim mühitdə fiziki bədənə daha çox əhəmiyyət verilir. Psixoloqa müraciət arxa plana keçib. Ruh anlayışı itib. Amma psixologiya ruh haqqında elmdir. Xarici görünüşün qulluğa ehtiyacı olduğu kimi, ruhun da baxıma ehtiyacı var. Bizdə çox şey dəbə bağlıdır. Çox zaman psixoloqa müraciət də dəb xətrinə olur. Biz “Valideynlik məktəbi” adlı layihə çərçivəsində iki cütlüyün bir-biri ilə tanış olmasındakı travmaları, hamiləlik dönəmindəki tərbiyəni 0-6 yaş arası və 7-14 yaş arası 4 qrupla çalışaraq tədqiq etdik. Düzgün övlad tərbiyəsini, uşağın psixologiyasında, bədənində və beynində baş verənləri öyrənmək valideynlərin psixoloji durumunda dəyişiklik yaratdı. Uşağın dinlədiyi musiqi, necə geyinməsi kimi amillər çox vacibdir.

Fuad Babayev: Postmüharibə dövründə uşaqlarımızı qorumaq üçün peşəkar psixoloq olaraq siz sıravi vətəndaşlara nə məsləhət verə bilərsiniz?

Vüsalə Əmiraslanova: Xatırlayırsınızsa, keçən il bir Bakı məktəblisi intihar etdi (Bakıdakı 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın 2019-cu ildə baş vermiş intihar hadisəsi nəzərdə tutulur – red.). Əgər valideyn başqa bir uşağın şəxsiyyətini alçaldacaq ifadə işlədərsə təbii ki, onun övladı da öz həmyaşıdına elə münasibət bəsləyəcək.

Bahar Bəylərova-Ələkbərova: Böyüklərin başqa insanlar haqqında danışanda alçaldıcı ayamalar işlətməsi də psixoloji şiddət sayılır. Valideyn uşağın oyuncaqla davranışına da diqqət yetirməlidir. Valideynin özünün uşaqla davranışında korreksiya aparmalıdır. Valideynlərin tərbiyəsinə baxıldıqdan sonra başqa məsələlər də öz yoluna düşəcək. Bütün insanlar böyrəyin, mədənin necə fəaliyyət göstərdiyini bildiyi kimi, beynin fəaliyyətini də bilməlidir. Bütün valideynlər bilməlidir ki, ana bətnində beynin ən sürətli inkişafı gedir. Daha sonra 0-1 yaş arasında beyində fantastik inkişaf gedir. Neyronlararası sinapsların əlaqəsi, yəni görmə, eşitmə, danışıq və s. nəzərdə tuturam. Misal üçün empatiya ananın təması və ananın hissi ilə 2 aylıq çağada formalaşır. Yəni ilk növbədə insanlar valideynliyə hazırlanmalıdırlar. Valideyn bilməlidir ki, uşağı neçə aylıq olanda onunla necə rəftar etməlidir. Bir insanın söz bazasının 80 faizi 3 yaşına qədər formalaşır. Əgər təməl varsa 7 yaşından sonra məktəb onun üzərində nə isə edə bilər. 7-8 yaşında insan şəxsiyyətinin 80 faizi, beynin formalaşmasın isə 75 faizi tamamlanır. Buna görə də ilk növbədə valideynlər üçün məktəb açılmalıdır. Bullinqə (uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranış – red.) məruz qalan və bullinq edən yeniyetmələr haqqında nə bilirik. Yeniyetmələrdə ancaq hormon dəyişikliyindən danışırlar. Yeniyetməlik dövründə beynin ön hissəsi formalaşmağa başlayır. İnsan həyatında sinapslarda budanma, yəni hansı fəaliyyət və bacarıqların qalması da məhz yeniyetməlik dövründə baş verir.

Hazırladı: Təmkin Məmmədli, 1905. az

Söhbət 3 fevral 2021-ci il tarixində baş tutub.

Materialda zn.ua saytının fotosundan istifadə edilmişdir.